AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Kondisioner işlədərkən gözlənilməli qaydalar

Kondisioner işlədərkən gözlənilməli qaydalar

Təfsilat
01 İyul 2020, 09:30 187
İsti yay günlərində qapalı məkanlarda ən çox ehtiyac duyulan məişət əşyalarından olan kondisionersiz ötüşmək çox çətindir. Lakin ondan istifadə olunması bir sıra sağlamlıq problemləri yaratdığına görə bəzi məsləhətləri nəzərə almaq lazımdır.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun həkim-terapevti Taleh Abbasov AZƏRTAC-a deyib: "Soyuq havanın birbaşa insanın üzərinə vurması əzələlərdə, sümüklərdə və oynaqlarda ağrı yaranmasına səbəb olur. İnsanda xroniki xəstəliklər olduqda sərin havanın həmin xəstəlikləri daha da aktivləşdirməsi nəticəsində başağrısı, burun tutulması və ödemlərin yaranmasına aparıb çıxarır”.

Həkimlərin dediyinə görə, yayda kondisioner olan yerin temperaturu daim nəzarətdə saxlanılmalıdır. Bayırdakı hava ilə kondisioner olan otağın temperatur fərqi 10 dərəcədən çox olmamalıdır. Kondisioner sağlamlıqla əlaqədar problem yaradarsa, ya ondan ümumiyyətlə istifadə etməmək, ya da otaqda və ofisdə nəmləndirici qurğular yerləşdirmək məsləhətdir.
 
 

"Kondisioner allergik xəstəliyi olanlara zərərli təsir göstərir, nəfəs yollarında və ağız boşluğunda quruluq yaradır. Bu, kondisionerdən gələn soyuq hava axının otaqda olan toz, bakteriya və virus qabarcıqlarını sirkulyasiya etməsi nəticəsində nəfəs yollarına düşən allergenlərin sayəsində baş verir”, - deyə həkim-terapevt əlavə edib.

Kondisioner adətən otağın yuxarı hissəsində yerləşdirilməli və hava axını qətiyyən aşağı vurmamalıdır. Hava isti olanda insanın tərli-tərli soyuq hava axınını öz üzərinə yönəltməsi çox təhlükəlidir. Soyuq hava uzun müddət bir yerə təsir edəndə soyuqdəymə xəstəlikləri yarada bilər.

Kondisioner oksigenin miqdarını azaltdığına görə olduğu məkanın havası mütəmadi olaraq dəyişdirilməli və ayda bir dəfə tozu təmizlənməlidir.