• çərşənbə axşamı, 19 mart, 15:42
  • Baku Bakı 8°C

“Komsomolskaya pravda” Xocalı soyqırımından yazdı

21.02.17 10:00 733
“Komsomolskaya pravda” Xocalı soyqırımından yazdı
Bir neçə gündən sonra əsrin ən dəhşətli faciələrindən biri – Xocalı soyqırımının 25 ili tamam olur. Sözsüz ki, bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olub. XX əsrin sonlarında baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Hər il olduğu kimi, bu ildə soyqırımı ərəfəsində dünya mediası baş verən faciəyə diqqət ayırır. Özü də ən önəmlisi odur ki, ildən-ilə daha çox ölkənin mediası faciəyə obyektiv qiymət verir, cinayətkarların cəzalanmasını tələb edir. Bu günlərdə Rusiyanın nüfuzlu "Komsomolskaya pravda” nəşri də faciə ilə bağlı yazını öz səhifəsində yerləşdirib. Müəllif yazır ki, "hər bir xalqın tarixində unudulması mümkün olmayan faciələr var. "Hernika, Xatın, Lidiçe... Onlarla bir sırada Azərbaycanın Xocalı şəhəri də var. 25 il bundan öncə bu şəhərdə dramatik hadisələr baş verdi və həmin gün Cənubi Qafqazın ən böyük dövlətinin tarixinə qanlı hərflərlə yazıldı”.
Müəllif yazır ki, Dağlıq Qarabağ münaqişəsi həlini tapmayan problemlər sırasındadır. "Bu günə qədər həlini tapmayan münaqişə Qafqaz regionunun əsas problemlərindən biridir. Bu münaqişə bir vaxtlar keçmiş SSRİ-nin tərkibində olan iki qardaş xalqı bir-birinə qan düşməni edib. Dağlıq Qarabağ münaqişəsi danışıqlar mərhələsindədir və bu danışıqlar artıq 25 ildən artıqdır ki, davam edir. Bu münaqişə postsovet məkanında "dondurulmuş münaqişələrdən” hesab edilir. Lakin iki ölkənin cəbhə xəttindəki mövcud vəziyyət daim ətrafa od saça biləcək vulkanın kraterinə bənzəyir”, - deyə məqalədə vurğulanır.
Müəllif yazır ki, 25 il bundan öncə, fevralın 25-dən 26-a keçən gecə Ermənistanın nəzarətində olan silahlı birləşmələr qədim Azərbaycan şəhərinə hücum etdilər: "Qiymət vermək istəməzdik, ancaq fakt faktlığında qalır - millətçilərin əli ilə 613 nəfər qətlə yetirilib. Onların sırasında 106 qadın, 63 uşaq, 70 qoca var. 487 nəfər şikəst edilib, 1275 dinc sakin əsir götürülüb. 155 nəfərin taleyi barədə hələ də hər hansı bir xəbər yoxdur. Hücum nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideyninin itirib. Hər il bütün dünya boyu azərbaycanlılar Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edirlər. Onların qənaətincə, beynəlxalq ictimaiyyət bu faciəvi hadisəyə hüquqi qiymət verməlidir”. Qəzet daha sonra soyqırımı ilə bağlı Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımovdan münasibət öyrənib. O bildirib ki, "bizim dövlət faciə ilə bağlı dünya ictimaiyyətinə həqiqəti çatdırmaq üçün məqsədyönlü və ardıcıl iş aparır. Prezident İlham Əliyev Xocalı faciəni Azərbaycan xalqına qarşı aparılan etnik təmizləmə və genosid siyasətinin qanlı səhifəsi adlandırıb. O zaman Azərbaycan hakimiyyəti bu faciəyə obyektiv və maksimal aşkarlıq verilməsi üçün heç bir səy göstərmədi. Yalnız ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə faciəyə siyasi-hüquqi qiymət verildi. 1994-cü ildə onun təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı soyqırımı kimi elan etdi. Hər il bizim respublikada və dünyanın müxtəlif yerlərində ürək ağrısı ilə bu dəhşətli faciənin ildönümü qeyd edilir”, – deyə baş konsul vurğulayıb.
Konsul əlavə edib ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi əməyi var. Onun təşəbbüsü ilə Fondun vitse-prezidenti Leyla Əliyeva "Xocalıya ədalət” kampaniyası çərçivəsində hər il silsilə tədbirlər keçirir. Məqalədə daha sonra dünyanın məşhur simalarının soyqırımı ilə bağlı söylədikləri fikirlər öz əksini tapıb. "Məsələn, İsrail prezidenti Reuven Rivlin BMT Baş Assambleyasında Xolokost qurbanlarının xatirəsinə həsr olunmuş tədbirdəki çıxışında Xocalı soyqırımını dünya genosidləri və kütləvi qırğınları siyahısına daxil edib. "Biz özümüzdən soruşmalıyıq - genosidlərlə mübarizədə BMT Baş Assambleyası kifayət edirmi? Bu mübarizə Bosniyada genosidlərin qarşısını almaqda effektiv oldumu? Xocalıda insanların qırğınının qarşısını almaqda effektiv oldumu? Biz həddən artıq çox göz yaşı tökürük, lakin az iş görürük”, - deyə qəzet İsrail prezidentindən sitat gətirib. Daha sonra Xocalı faciəsinin soyqırımı kimi qəbul edilməsi ilə bağlı müxtəlif ölkələrin qəbul etdikləri qərar və qətnamələrdən bəhs edilib. Qeyd edilib ki, Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Honduras və ABŞ-ın bir sıra ştatlarının qanunverici orqanları, İslam Əməkdaşlıq Təşkilatı faciəni genosid kimi tanıyıblar.
Yeri gəlmişkən, Xocalı soyqırımı ərəfəsində qardaş Türkiyə mətbuatında da çoxsaylı yazılar dərc olunur və ölkə ictimaiyyətinə faciə ilə bağlı ətraflı məlumat verilir. Məsələn, "Yeni cağ” qəzetinin köşə yazarı Kenan Akın soyqırımı ilə bağlı yazısında ölkə ictimaiyyətini faciəni unutmamağa çağırış edib. "Erməniləri pisləmək hamımızın həm insani, həm də milli vəzifəsidir. Əslində bu qətliamı hər fürsətdə dilə gətirib gündəmdən çıxarmamaq vəzifəsi bizlərin üzərinə düşür” - deyə müəllif yazıb. Bundan əlavə, nüfuzlu "Sözçü” qəzeti yazır ki, Xocalı faciəsi ilə bağlı Türkiyədə təhsil alan azərbaycanlı gənclər "Xocalıya ədalət” həftəsinə başlayıblar. Proqram çərçivəsində Türkiyənin müxtəlif şəhərlərində Xocalı parkları və abidələrinin açılışı olacaq, faciənin qurbanları yad ediləcək. Artıq tədbirlərə start verilib. Nəşrdə belə tədbirlərdən birində çıxış edən Azərbaycanın Türkiyədəki Baş konsulu Məsim Hacıyevin fikirləri yer alıb. "O, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri tərəfindən Xocalı əhalisinin, körpələrin, yaşlıların ağıla sığmayacaq qədər qəddarlıqla öldürüldüyündən və bu cinayətə kifayət qədər hüquqi qiymətin verilmədiyindən danışıb. Baş konsul bu bəşəri cinayətin Türkiyədə tanınması üçün səy göstərdiyini bildirib”, - deyə məqalədə vurğulanıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər