• cümə, 29 Mart, 15:37
  • Baku Bakı 14°C

Kompüterlər bizi idarə etsə nə baş verər?

19.11.18 13:00 1216
Kompüterlər bizi idarə etsə nə baş verər?
Polina Baxtina Moskvada doğulub. Moskva Poliqrafiya Universitetini qrafik rəssam ixtisası ilə bitirib. 10-a yaxın teatr tamaşasında teatr rəssamı kimi çalışıb. Xeyli sayda kitaba illüstrasiyalar işləyib. XIII "Praqa Kvadrinale 2015: səhnə mühəndisliyə və səhnəqrafiya” beynəlxalq sərginin qızıl medalını qazanıb. "Le Cirque de Charles la Tannes” Müstəqil yaradıcı qrupun baş rəssamıdır.
Yan Kalnberzin Latviyalı inqilabçı-bolşevik, dövlət xadimi, Latviya Kommunist partiyası Mərkəzi Komitəsinin birinci katibi Yan Kalnberzinin nəvəsidir. Moskvada doğulub. Rusiya Dövlət Texnoloji Universitetində təhsil alıb. Təhsil illərindən qrafik dizayn, animasiya, videooqrafika, vidceyinq, Videomappinglə, qrafik oyunlarla maraqlanıb və bu istiqamətdə çalışıb. Video rəssam, qrafik rəssam kimi teatrlarda bir çox ənənəvi və eksperimental tamaşalarda iştirak eib. Polina Baxtina ilə birgə hazırladıqları "Meyerxoldun yuxusu” installyasiyası (https://www.youtube.com/watch?v=Uv_k3Vq4gEw) xüsusi diqqət çəkib.
Müasir teatrın dili necə zənginləşir? Yeni texnologiyalar teatra hansı imkanlar və məhdudiyyətlər gətirir? Oktyabrda keçirilən Tbilisi Səhnəqrafiya biennalesinə qatılarkən maraq etdiyim mövzular bunlar idi. Rusiyalı teatr rəssamı, illustrator Polina Baxtina və videorəssam Yan Kalnberzinlə müsahibəni də bu mövzular üzərində qurduq.
– Video rəssam… Bu peşə bizim teatr üçün yenidir. Gəlin lap əvvəldən başlayaq ki, oxuculara da aydın olsun. Deyək ki, müasir incəsənətdə video rəssam video art istiqamətində çalışan yaradıcı şəxsdir. Bəs teatrda video rəssam kimdir və onun işi nədən ibarətdir?
– Yan Kalnberzin: Belə deyək, musiqiçi abstrakt və ya zamanla ölçülmüş səslərlə necə işləyirsə, video rəssam da elə işləyir. Lakin video rəssamın süjetlə işləməyi vacib deyil, vacib olan onun kadrı, hərəkəti hiss etməsidir. Bəzən səndən bunların bir məna kəsb etməsi və dramaturji gedişlərə uzlaşması tələb olunur… Teatrda isə çox zaman əksi olur. Dramaturji süjetin kadr arxasında olması istənilir. Video isə vurğu edən, təkan verici, tamaşaçını emosional cəhətdən kökləyən bir element kimi lazım olur. Teatrda işləyən video rəssam daim düşünməlidir ki, o solo skripka deyil, o, dəstəkverici əlavə bir elementdir və daim ətrafda baş verənləri diqqətdə saxlamalıdır. Bunu başa düşəndə bahalı olmayan sadə vasitələrlə də bəs edir. Vacib deyil ki mürəkkəb detalları "render” edəsən. Anlayırsan ki, sadəcə emosional vurğunu qüvvətləndirməlisən, hansısa işıq və təsvir, hərəkət imkanları ilə aktyoru kölgədə qoymalı deyilsən. Bütün komponentlər – işıq, səs, aktyorlar – birgə işləsin deyə, sənə çox dəqiq sinxronizasiya lazımdır. Məsələn, video effektlərlə səhnəyə bir dəyənək atmısansa, onu aktyor tutmalıdır, bu effektin iqnor olunması məkanın canlılığını və genişlənməsini korlayır. Bunun üçün hamı oyuna qoşulmalıdır.
– Səhnəqrafiyaya yeni texnologiyaların tətbiqində – virtual məkan yaradılması, video tətbiqetmələr və s. – imkanlar və məhdudiyyətlər nələrdir?
– Polina Baxtina: İmkanlar hüdudsuzdur. İlk növbədə bu sərfəlidir, çünki, birbaşa maliyyə resurslarına qənaətdir. Vaxtilə müxtəlif yumşaq dekordan arxa fondan istifadə edən ənənəvi rejissorlar indi videoproyeksiyaya keçməyə başlayıblar. İlk növbədə, ona görə ki, düşündüyün səhnəqrafiya, eskiz və tamaşaçıların görəcəyi səhnə quruluşu arasında vasitəçiyə ehtiyac yoxdur. İkincisi isə odur ki, proeksiya ilə tamaşa zamanı arxa fonu istədiyin qədər dəyişmək mümkündür. Üstəlik, bu arxa fonlar dinamik ola bilər. Bu isə səhnədə hüdudsuz sərbəstlik yaradır, üstəlik, baha da deyil, lazım olan tək şey video proeksiya aparatı və ağ fondur.
Qaldı məhdudiyyətlər yaratmasına… Məhdudiyyətlər həmişə birdir – konsepsiya. Yəni müasir texnologiyalar da düşündüyün konsepsiyaya yararlı ola bilmir. Bundan başqa, burada risk 50-50-yədir. Elementar problem yarana bilər, kinnekt işləməz, proyeksiya aparatı xarab olar və ya xırda texniki bir nasazlıq tamaşanı korlayar. Bunları nəzərə almaq lazımdır. Mənim təcrübəmdə belə tamaşa olmuşdu, tamamən texnologiyalar üzərində qurulmuş "Oyuncaq ev” tamaşası. Orada interaktiv videoekran var idi. Tamaşadakı Dvoretskiy adlı personaj yalnız videoda görünürdü. Və bu, əsas personaj idi. O olmasa, demək ki, tamaşa da yoxdur. Biz premyeradan sistemi yoxlayanda aşkar etdik ki, pult idarəetməsini zaldan keçiriblər. Dediyim kimi, bu videoproeksiya olmadan tamaşa alınmazdı. Təsəvvür edin ki, problem aradan qaldırmaq üçün tamaşanı iki saat gecikdirməli olduq. Yəni, bu texnologiyalardan istifadə edirsinizsə onu dəfələrlə yoxlamalısınız.
Rusiyada Axe adlı mühəndis teatrı var. Onların bütün tamaşaları yeni texnologiyalar üzərində qurulub. Onların ustad dərslərində oldum. Çox maraqlı bir fikir oldu: Məhz texniki problem yarananda tamaşa başlayır; Aktyor improvizə etməli olur. Deməli texniki problem yaradıcı imkana da keçə bilər.
– Cənab Yan, Polina xanım, necə düşünürsünüz, sizcə, müasir texnologiyaların, vizual virtual effektlərin, video tətbiqetmələrin teatra gəlişi tamaşaçıların qavrayışına yeni nə əlavə etdi?
– Polina Baxtina: Biz inanılmaz texniki inkişaf epoxasını yaşayırıq. Bu, bizim temporitmimizə, informasiya qəbul etmə sürətimizə, qavrayışın səviyyəsinə və dərinliyinə təsir edir. Teatrın da bu prosesdən keçməsində təəccüblü heç nə yoxdur. İnternet, mobil telefonlar və s. bizim həyatımıza məişətimizə necə daxil olubsa, necə qavranılırsa, teatrda da elədir.
– Video tətbiqetmələr, virtual imkanlar üçölçülü məkan yarada bilir. Hansı ki tamaşaçı özünü bu məkanda, oyunun içində hiss edə bilər. Teatr buna can atıb həmişə. Amma bu həldə tamaşaçıda bir virtuallıq hissi olur. O virtuallıq ki onun, məsələn, qeyri cavabdehlik kimi cəhəti var. Sizcə, bu video virtual həll teatrın "Canlı ünsiyyət” kimi əsas keyfiyyətini dağıtmır ki? Bu haqda düşünüb özünüzə hansısa sərhədlər qoyursunuzmu?
Yan Kalnberzin: – Bu, ağrılı bir məsələdir. Məsələn, tutaq ki, bu sərhədlər yoxdursa və ortaya anlaşılmaz, cansız, ölü, amma yeni bir şey çıxırsa, bu bir müasir rəssam kimi mənə maraqlıdır, yenidir, bunu öyrənmək sınaqdan keçirmək olar. Amma digər tərəfdən teatr ənənəvi sənətdir və ən başlıcası insan haqdadır, "insana insan lazımdır” prinsipi ilə işləyir və səhnədə ən vacibi insandır.
Müasir incəsənət posthumanizm mərhələsinə keçir. "Kompüterlər daha da inkişaf etsə və bizdən ağıllı olub bizi idarə etsə nə baş verəcək? Cansız materiya necə fikirləşəcək və nələr düşünəcək?” Bunlar müasir sənətin əsas diskurslarındandır. Teatr üçünsə əsas diskurs əvvəlki kimi insan, onun hiss və emosiyalarıdır. Onun ölçü meyarı insandır. Bu baxımdan bir ziddiyyət var. Amma digər tərəfdən cəsarətlə irəli baxan insanlarla – rejissorlarla posthumanistik əhvalatlara fokuslanmaq olar. Amma ənənəvi tərzdə işləyən, rəssamı işçi kimi görən rejissorlarla öz rəssam ambisiyalarını kənara qoyub, uyğun həllər axtarırsan. Çünki bu mürəkkəb prosesdir, prosesdə iştirak edənlər çoxdur və bir rəssam kimi sən əsas deyilsən.
– Polina Baxtina: Bu suala ümumi cavab vermək çətindir, çünki məsələ virtual məkanın yaradılmasında proyeksiyaların işlədilməsində deyil, necə işlədilməsindədir. Yoxsa bunu teatrın istənilən komponentinə aid edə bilərik. İşığa da, musiqiyə də. Müxtəlif effekt verə bilər. Videosəhnəqrafiya virtual reallıq da işıq kimi bir vasitədir.
Lakin yenə də, rəssam üçün o sərhəddi qoymaq, duymaq çox vacibdir. Əgər konsepsiyanı bu texnologiyalarsız etmək mümkündürsə, dəb xatirinə onlara qaçmaq lazım deyil. Aktuallıq onda deyil ki, biz indi kinekt, ayfon işlədirik, aktuallıq yalnız konsepsiyanın tələbi ola bilər.
– Video rəssamın prosesdə iştirakı maraqlıdır. İş prosesinin əvvəlindənmi video rəssam iştirak edir, yoxsa ona sonda hazır işə əlavə effektlər artırılması üçünmü müraciət olunur?
– Yan Kalnberzin: Əgər rejissor video rəssamı işçi kimi qəbul etmirsə, onunla bölüşürsə, mütəmadi ünsiyyətdə olursa, belə rejissor video rəssamı əvvəldən dəvət edir, onu komandaya daxil edir və gələcək tamaşanın müzakirəsinə o da qoşulur. Çünki video rəssam çox yaxşı bədii həll təklif edə bilər. Pis rejissor odur ki, video rəssamı montyor kimi çağırır. Və ya rejissor ona nə lazım olduğunu dəqiq bilirsə, bu başqa məsələdir. Yəni bu artıq onun işidir. Bədii həllə o, cavabdehdir. Uğurlu da ola bilər, uğursuz da. Əgər rejissor rəssamı əməkdaşlığa dəvət edirsə, rəssam da cavabdehlik daşıyır. Birlikdə düşünür, nələrisə sınaqdan keçirirsiniz. Uğurlu alınarsa hər kəs qazanacaq.
– Maraqlıdır: teatr rejissorları ilə video rəssam arasında yaranan ənənəvi problem nədir?
– Yan Kalnberzin: Problem odur ki, teatr rejissorları texniki imkanları yaxşı bilmirlər, müasir incəsənətlə yaxından tanış deyillər, instalyasiyalarla, video-artla maraqlanmırlar, nəyin aktual, nəyin dəbdə olduğunu bilmirlər. Onlar süjetin inkişafı və ssenari çərçivəsində düşünürlər, ondan kənara çıxa bilmirlər. Tutaq ki, deyirlər: "Burda aktyor dayanacaq, bura mənə nəsə lazımdır, boş görünməsin”. Orada problem boş görünməkdə deyil. O hissə ya aktual olmalıdır, ya da orada əlacsız vəziyyət yaranacaq. Məsələn, dəbdə olan bir mövzuda "High-tec”dən, gələcəkdən, robotlardan danışan tamaşaya 80-lərin sovet elmi fantastikasından video yerləşdirmək olmaz. Bu, gülməli görünəcək.
– Polina Baxtina: İlk növbədə səhnə rəssamı ilə rejissorun münasibətlərindən danışmalıyıq. Bu kompromis, bir ideyaya köklənmə tələb edən məqamdır. Hər bir ittifaq özünəməxsusdur, unikaldır. Çox vaxt komandadakılar uzun müddət işlədiyim adamlardır. Və bir-birimizi bir kəlmədən anlayırıq. Bu, mürəkkəb prosesdir, çox insanlar birgə işləyir, hər kəsin bir ambisiyası var. Amma bu məsələ hər işdə bir başqa cürdür. Hansısa ümumi qayda, resept yoxdur. Əsas odur ki, nəticədə balans hiss olunsun. Ümumiyyətlə, ən yaxşı səhnəqrafiya gözəçarpmayan, hiss olunmayan səhnəqrafiyadır. Lakin bununla belə, o səhnə həllini tamaşadan çıxarsan, tamaşa çökə bilər. Bax yaxşı səhnəqrafiya budur.
– Praktikanızda belə hal olubmu ki, sizin işiniz – səhnə həlli rejissorun quruluşunu üstələsin, dominant olsun?
– Polina Baxtina: Məndə belə bir hal olub. Artıq kifayət qədər köhnə tamaşadır. Bu, mənim ilk işlərimdən biri idi. Tamaşa "Bərbər qadın” adlanırdı. O tamaşada səhnə həlli tamamən tamaşanı diktə edirdi – ideyani, aktyor işini və s. Bu vizual həll əsas məqama çevrilmişdi. Mənim də, dostlarımın da təcrübəsində belə hallar çox olur. Çünki, teatr artıq doqmatik "Rejissor teatrı” qəlibindən qopur. Rejisor allahdır, hər kəs ona tabe olmalıdır deyə bir şey yoxdur. Əlbəttə, rejissor təşkilatçıdır, ümumi mənzərənin qoruyucusudur, lakin get-gedə tamhüquqlu bir əməkdaşlıqdan danışmalıyıq, həmmüəlliflikdən danışmalıyıq. Ümumiyyətlə, əsas quruluş üçün təkanverici impuls bəstəkardan da gələ bilər, rəssamda, səhnəqrafiya rəssamından da gələ bilər, o cümlədən videorəssamdan da. Müxtəlif tərəflərdən. Bu teatrın sərhədlərini genişləndirir. Vizual dil, bədii dil olduqca vacibdir və maraqlıdır…
Söhbətləşdi: Aliyə
banner

Oxşar Xəbərlər