Kompleksləri necə aşmalı? - Gənclərə məsləhət
Hər bir insanın daxilində bəzi hallarda onun uğur
qazanması üçün ona mane olan sədlər olur. Burada özünəinam daha çox rol
oynayır. Biz özümüzə daha çox inana bilsək, daha çox uğur qazana bilərik. Bizə
mane olan "qüvvəyə” kompleks deyilir. Komplekslərimiz bizi cəmiyyətdən ayırır,
insanlarla ünsiyyətimizə əngəl törədir. Əgər
kompleksləri aşa bilməsək, uğur əldə etməyimiz də çətin olar. Amma çox
adamı – xüsusilə gəncləri bu sual düşündürür: Komplekslərimizi necə aşaq? Elə
bu sual ətrafında psixoloq Nizami Orucovla
danışdıq.
Müsahibimiz deyir ki, ilk olaraq komplekslərin
yaranma səbəblərini aydınlaşdırmaq lazımdır: "Bəzən bizə elə gəlir ki,
ətrafdakıların xoşuna gəlmirik, gördüyümüz iş rəhbərliyi qane etmir, yaxud əks
cinsin nümayəndələri bizi xarici görünüşümüzə görə bəyənmirlər. Hətta
bəzən elə gəlir ki, dostlarımız
arxamızca danışırlar. Burda əsas sözün nədən ibarət olduğuna diqqət yetirdiniz?
Bəli, əsas söz "ELƏ GƏLİR”di. Təbii ki, bu düşüncələrin başqa real səbəbləri də
ola bilər, lakin bir çox hallarda onları yaradan məhz daxilimizdəki
komplekslərdir. Bu kompleksləri aşa bilməyimiz üçün biz səy göstərməliyik.
Özünü aşağı qiymətləndirmə, hər şeydən şübhələnmək, özünə inamsızlıq - məhz bu
keyfiyyətlər komplekslərin yaranması üçün şərait yaradırlar, bunun da səbəbkarı
özümüzük. Komplekslərlə mübarizə aparmağın yeganə üsulu özümüzü
dəyişdirməkdir”.
Psixoloq bildirir ki, hər kəs özünə belə bir sual
verməlidir: Bu həyatda həm zahiri görünüşü, həm karyerası, həm ailə həyatı, həm
dostları ideal olan bir insan var? Müsahibimiz deyir ki, elə "bəxtəvər”i tapmaq
çətin məsələdir: "Hər bir insanın hansısa çatışmazlıqları var. Və insanların
bir qismi çatışmazlıqlara fikir vermədikləri halda, digərləri ancaq bu
problemlər haqqında düşünürlər. Bununla kifayətlənməyərək, ətrafdakı insanların
da diqqətini öz zəif tərəflərinə yönəltməyə çalışırlar. Buna görə də, səmimi
şəkildə özümüzə etiraf etməliyik: "Təkcə mən belə deyiləm, çatışmazlıqlar,
nöqsanlar hər bir insanda var və bu normal haldır”. Bunu etiraf və dərk etmək
insana rahatlıq və güc verəcək”.
"Komplekslərə qalib gəlmək yolunda əsas addımlardan biri məhz qorxudan azad
olmaqdan keçir” deyən psixoloq, ən əsası
da "ictimai düşüncə” qorxusundan danışdı: "Məgər, biz bütün həyatımızı
"başqaları nə düşünəcək” fikri ilə yaşamalı, hər bir addımımızı buna görə
atmalıyıq? Təbii ki, yox! İstənilən halda, özünüzü ifadə etməkdən çəkinməyin,
səhv etməkdən qorxmayın. Ətrafdakı hər kəsin xoşuna gəlməyə çalışmayın, bu
mümkünsüz bir şeydir! Məhz bunlara riayət etməyə başladığınız andan etibarən,
komplekslərin ağır yükündən azad olmağa başladığınızı hiss edəcəksiniz. Özünüzə
inanın. "Mən bacarıram, məndə hər şey alınacaq!” bu şüar həyat fəlsəfənizə çevrilməlidir.
Özünüzə bu həyatda hər şeyin mümkün olduğunu aşılayın. Həmçinin, öz həyatınızdan
"məni sevmirlər”, "məni başa düşmürlər”, "mənə qiymət verən yoxdur” və s.
sözləri çıxarın. Fəal şəkildə hərəkət etmək lazımdır.
Özünüzə kömək etmək üçün psixoloqa müraciət edə bilər, həmçinin müxtəlif
treninqlərdə iştirak edə bilərsiniz”.
N.Orucov deyir ki, yaxın insanlarınızdan birinci mənfi, sonra isə müsbət
cəhətlərinizi sadalamaqlarını xahiş edin: "Sizi əmin edirəm ki, özünüz də nə
qədər çoxlu müsbət cəhətlərə malik olduğunuzu, eyni zamanda, ətrafdakı
insanların gözündə heç də düşündüyünüz kimi "mənfi” görünmədiyinizi biləcəksiniz.
Həyatı sevmək lazımdır. Həyat çox gözəldir! Bunu əsla unutmayın! Hər açılan
sabaha təbəssüm edin. Ətrafdakı insanları gülümsəyərək qarşılayın. Güzgünün
qarşısına keçin. Oradan sizə baxan insana gülümsəyin! Unutmayın, həyat, zaman
çox sürətlə keçir! Bu gözəl həyatı kədərə, dərdə xərcləməyə dəyməz.
Komplekslərlə mübarizə asan və xoş hisslərlə dolu olmalıdır, belə olan halda,
bütün pis anların və hisslərin həyatınızdan çıxıb getdiyini hiss edəcəksiniz”.
Günel Azadə