• cümə, 29 Mart, 16:21
  • Baku Bakı 14°C

Kommunal borclarla bağlı vaxtından əvvəl edilən xəbərdarlıqlar...

16.02.19 10:30 2404
Kommunal borclarla bağlı vaxtından əvvəl edilən xəbərdarlıqlar...
Kommunal borcların vaxtında ödənilməsi vətəndaş məsuliyyətinin göstərici sayılır. Əslində kommunal borcları vaxtlı-vaxtında ödəmək həm də bir mədəniyyət formasıdır. Son vaxtlar biz cəmiyyətdə də vətəndaş məsuliyyəti artır, kommunal borcların ödənilməsi mədəni dəyərə çevrilir. Ancaq bəzən də olur ki, vətəndaş kommunal borcunu vaxtlı-vaxtında ödəsə də, rəsmi qurum tərəfindən bürokratik əngəllə, daha doğrusu yersiz xəbərdarlıqla üzləşir. Redaksiyamıza edilən şikayət də məhz bu yöndədir.

Belə ki, şikayətçi bildirir ki, məvacibini hər ayın əvvəlində aldığı üçün kommunal borcları da həmin vaxt edir. Borcu ödədikdən bir neçə gün sonra – hər ayın 5-7-si tarixlərində isə borclarla bağlı növbəti bildirişi alır. Borcun ödənilməsi üçün bir ay vaxtı olsa da, rəsmi qurum bu vaxt tamam olmamış, mənzilə borcun dərhal ödənilməsi ilə bağlı bildiriş göndərir. Şikayətçiyə belə bildiriş "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən göndərilib. Artıq bir neçə aydır ki, bu xəbərdarlıqlar davam edir. Hələ üstəlik, evə zəng edib "bu gün borcu ödəməsəniz işığınızı kəsəcəyik” hədəsi də edilir. Məsələni araşdırmaq qərarına gəldik.

"Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevlə əlaqə saxladıq. Qurum rəsmisi bildirdi ki, belə hallarda vətəndaş müvafiq rayon üzrə işıq idarəsinə müraciət etməlidir: "Bu problem müxtəlif səbəbdən qaynaqlana bilər. Belə hallarda məsələ fərdi qaydada araşdırılmalıdır. Yaxşı olar ki, neqativ halla qarşılaşan vətəndaş yaşadığı rayon üzrə müvafiq işıq idarəsinə müraciət etsin və abonent kodunu təqdim etsin. Bu halda abonentin kodu üzrə araşdırılma aparılır və problemin səbəbi aydınlaşır. Çünki qeyd etdiyim kimi, problem müxtəlif səbəblərdən yarana bilir və hamıya aid edilmir”.

Ekspert İlqar Hüseynlisöylədi ki, adətən, belə problemlərlə bina evlərində yaşayan sakinlər daha çox rastlaşırlar: "Bildiyiniz kimi, ölkə üzrə istər özəl, istərsə də dövlət sektorunda çalışan vətəndaşlarının əmək haqları, adətən, hər ayın sonu verilir. Bu mənada vətəndaşlar da öz xərclərini buna uyğun şəkildə həyata keçirirlər. Kommunal borclar da istisna deyil. Əslində belə problemlə rastlaşanlar heç də az deyil. "Azərişıq” ASC-nin, digər qurumların əməkdaşları bina sakinlərinə müxtəlif xəbərdarlıqlar edirlər. Xəbərdarlığın müddəti də adətən 3-5 gün olur. Vətəndaşa, borc ödənilməyəcəyi təqdirdə, işığın kəsiləcəyini söyləyirlər. Bütün bunlar tamamilə qanunsuz addımdır. Əslində vətəndaşın üzərinə düşən vəzifə, bir ay müddətində sərf etdiyi enerjinin ödənişini həyata keçirməkdir. Əgər vətəndaş bu müddət ərzində ödənişi həyata keçirmirsə, onun üçün əlavə vaxt müəyyənləşdirilir. Əgər bu davamlı olarsa, məhkəmə qaydası ilə həmin vəsaitin alınması ilə bağlı vəsatət qaldırılır. Bildiriş veriləndən sonrakı bir ay müddətində vətəndaşı narahat etmək olmaz. Bu, tamamilə qanunsuzdur və vətəndaşın haqlı etirazına səbəb olur. Yalnız o müddət bitdikdən sonra xəbərdarlıq oluna bilər. Xəbərdarlıq müddətinə gəlincə isə bununla bağlı hər hansı qanunvericilik təşəbbüsləri və normativləri yoxdur. Bu müddət 10 gündən bir ay müddəti əhatə edə bilər”.

Sosioloq Lalə Mehralı bildirdi ki, kommunal xidmətlərə görə ödənilən borc, bildiriş təqdim edildikdən sonrakı bir ay müddətinə ödənilməlidir: "Orda hətta göstərilir ki, bu ayın 14-də sənə qəbz təqdim edilibsə, gələn ayın 14-ə qədər borcu ödəməlisən. Əgər borcunu ödəmirsənsə, xəbərdarlıq olunur. Xəbərdarlıq edilir və bundan sonrakı 5 gün ərzində ödə niş olmursa, o vaxt işığı kəsirlər. Yəni bu qayda və müddət bütün kommunal xidmət sferasında - "Azərişıq”, "Azəriqaz”, "Azərsu”da keçərlidir”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər