• çərşənbə, 24 Aprel, 23:10
  • Baku Bakı 23°C

“Kommersant” növbəti dəfə Paşinyanı lağa qoydu

20.05.20 16:36 850
“Kommersant” növbəti dəfə Paşinyanı lağa qoydu
Avrasiya İqtisadi İttifaqında ziddiyyətlər artır

Rusiyanın himayəsi ilə qurulan Avrasiya İqtisadi İttifaqında ciddi problemlər yaşanır. Bu problemlər təşkilatın sonuncu iclasında qabarıq şəkildə üzə çıxıb. Mayın 19-da keçirilən sammiti şərh edən Rusiya nəşrləri yazır ki, fikir ayrılıqlarının yarandığını prezident Vladimir Putin da etiraf edib. Bildirilir ki, bir tərəfdə Rusiya, Qazaxıstan və Qırğızıstan, digər tərəfdə Belarus və Ermənistan durur. Təşkilatın mayın 19-da keçirilən video toplantısında Avrasiya İqtisadi İttifaqının 2025-ci ilə qədər inkişaf strategiyası layihəsi müzakirəyə çıxarılıb. Rusiya, Qazaxıstan və Qırğızıstan onu dəstəkləsə də, Belarus və Ermənistan bu layihəyə qarşı çıxıblar. Əsas istəkləri də Rusiyanın onlara satdığı qazın qiymətinin aşağı salınmasıdır. Rusiya prezidenti Vladimir Putin də qaz məsələsinin strategiyadankənar müzakirəyə çıxarılmasını təklif edib. İclası açan Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, qaz məsələsi hələ də həllini tapmayıb: "Hamını qane edə biləcək yekun qərarı artıq bir neçə ildir ki, həll edə bilmirik. Və problemlərin aktuallığı mütəmadi olaraq qalxır”.
"Ermənistan üçün tez bir zamanda ümumi qaz bazarının formalaşmasının vacibliyi, bu gün xüsusilə kəskin formada hiss olunur”. Bunu isə Avrasiya İttifaqının Ali Avrasiya İqtisadi Şurasının iclasında çıxışı zamanı Ermənistan baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, diskriminasiya prinsiplərindən uzaq vahid enerji resursları bazarının mövcudluğu, Avrasiya İttifaqı ölkələrinin inteqrasiyasının əsaslarından birini təşkil etməlidir.
O, vahid enerji bazarı olmadan inteqrasiya proseslərində keyfiyyətli inkişafın olmayacağını bildirib. Vahid bazarın formalaşması ilə bağlı təklifi Belarus prezidenti Aleksandr Lukaşenko da dəstəkləyib. Rusiya prezidenti Vladimir Putin isə cavabında Avrasiya İttifaqında qaz tranziti üçün vahid tarifin inteqrasiyanın indiki səviyyəsində tətbiq edilə bilməyəcəyini deyib: "Erməni və belaruslu dostlarımızın qaz tranziti və daşınması ilə bağlı təklif etdiyi vahid tarifə gəlincə, hesab edirik ki, vahid tarif yalnız vahid büdcəsi və vahid vergi ödəniş sistemi olan bazarda reallaşa bilər. Avrasiya İttifaqı, hələlik, dərin səviyyəli inteqrasiyaya çatmayıb”. O, Ermənistan və Belarusun qaz qiymətlərinin formalaşdırılmasına dair Avrasiya İttifaqı ölkələrinin "ümumi formulu”nu qəbul etmədiyini bildirib.
"Vestnik Kafkaza”nın əməkdaşı ilə söhbətində Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı analitiki İqor Yuşkov bildirib ki, Paşinyan və Lukaşenkonun Aİİ-nin Strategiyasının dalana dirənməsinə səbəb olmaları, Rusiyaya qazın qiymətinə görə təzyiq göstərməsi ilə bağlıdır: "Onlar qazın qiymətinin aşağı salınmasına çalışırlar. Ötən ay Ermənistan "Qazprom”a məktub ünvanlayaraq Avropada qazın qiymətinin aşağı düşdüyünü əsas gətirərək, onlar üçün də qiymətin aşağı salınmasını istəyiblər. Belarus isə qazın daşınması formulunun dəyişməsini istəyir”. İqor Yuşkov bildirib ki, əvvəllər belə söhbətlər ortaya çıxmırdı, çünki Rusiya qazı Ermənistan və Belarus üçün əlverişli idi. "Hətta ilin əvvəlində Avropada qiymətlər Belarusdan da yüksək idi. Bu səbəbdən də Minsk ilin sonuna kimi qiymətin hər min kub metrə görə 127 dollar civarında saxlanması barədə müqavilənin uzadılmasına razılıq verdi. Avropada qiymətlər 2021-ci ildə, ola bilsin, 165 dollardan da yuxarı qalsın. Lakin indi Belarus və Ermənistan vahid cəbhədən çıxış edirlər və Avropada qiymətlərin aşağı olduğuna istinad edirlər. Ermənistan koronvirus pandemiyası səbəbindən çətin iqtisadi duruma düşdüyünü irəli sürərək, qiymətlərin aşağı salınmasını istəyir. Əslində dialoq, razılaşmaların hansısa detallarından və incəliklərindən getmir. Sadəcə, Minsk və Yerevan ucuz qaz istəyir. Putin də onlara rədd cavabı verib. Açıq şəkildə bildirib ki, Rusiya regionları üçün müəyyən olunan tarifləri Belarus və Ermənistan əldə edə bilməyəcək”. Qeyd edək ki, Minsk hər min kub metrə görə Rusiyaya 127, Yerevan isə 165 dollar ödəyir.
"Kommersant” isə sammitlə bağlı Ermənistan baş nazirini ələ salan material dərc edib. Onu adi elementar video görüntü qaydalarını bilməməkdə günahlandırıblar. "Əminəm ki, bu iradlar xırdadır və gələn dəfə biz erməni baş naziri tam şəkildə ekranda gərə biləcəyik”, -deyə Rusiya nəşri yazıb. "Mokskovski komsomolets” qəzeti isə yazır ki, Putin Belarus və Ermənistanın qaz hücumunu dəf edə bildi. Rusiyanın qazın qiymətini aşağı salmağa razı olmadığını bildirən müəllif, Aİİ üzrə tərəfdaşların Rusiyaya qarşı təzyiqlərindən bəhs edib. Müəllif yazır ki, Belarus prezidenti sammitin adi qaydada keçirilməsinə çalışsa da, üzv dövlətlər pandemiya səbəbindən buna risk etməyiblər. Ermənistan və Qazaxıstan liderləri səfər etməyə hazır olsalar da, Rusiya prezidenti buna qəti şəkildə etiraz edib. Bəllidir ki, V.Putin karantin dövründə yalnız bir dəfə Novo-Oqarevodakı iqamətgahını tərk edib. O da mayın 9-da. Ölkədə karantin tədbirləri yumşalsa da, görüşlərini video formatda davam etdirməkdədir.
"UDF.by” nəşri isə Belarus və Ermənistan arasındakı əvvəllər yaşanan gərginlikləri xatırladır. Bildirilir ki, vaxtilə iki ölkə Belarusun Azərbaycana silah satması ilə bağlı münaqişə yaşadılar: "Sonra isə yeni bir münaqişə ortaya çıxdı. Ermənistan hakimiyyət orqanları hesab edirdilər ki, Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının yeni rəhbəri onların nümayəndəsi olacaq. Lakin Lukaşenko bildirdi ki, əlifba sırası ilə quruma rəhbər onlardan olmalıdır. Bundan sonra Lukaşenko Azərbaycan səfiri ilə görüşündə Belarus-Azərbaycan münasibətlərini müzakirə edib. Nəticədə iki ölkə arasında qarşıdurma pik həddə çatdı. Nikol Paşinyan açıq şəkildə belaruslu həmkarını ittiham etməkdən çəkinmədi. Belarus XİN isə cavabında erməni baş nazirə bildirdi ki, küçə demokratiyası qaydalarını böyük siyasətə gətirmək mümkün deyil. Ekspertlər belə bir fikir səsləndirirlər ki, Lukaşenko Paşinyanı özünə bərabər lider saymır.
Bir il bundan əvvəl kimin ağlına gələrdi ki, Belarus və Ermənistan hakimiyyət orqanları Rusiyaya birgə təzyiq göstərmək üçün birləşə bilərlər. Bu hal bir daha bir həqiqəti təsdiq edir - əbədi düşmənlər yoxdur, maraqlar var”.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər