• cümə, 19 Aprel, 03:07
  • Baku Bakı 18°C

Komitə sədri nöqsanlardan danışdı: “Ödəmələr reallığı əks etdirmir”

13.11.13 13:04 1303
Komitə sədri nöqsanlardan danışdı: “Ödəmələr reallığı əks etdirmir”
“Dövlət Sosial Müdafiə Fondunun bütün gəlirlərində dövlət büdcəsindən transfertin həcmi 2013-cü ildə 40,9% olmuşdursa, 2014-cü il üçün bu göstərici 38,99% təşkil edəcək”. Lent.az-ın məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirib.
Komitə sədri bildirib ki, inzibati-hüquqi tədbirlər nəticəsində ölkə üzrə sosial sığortaya cəlb olunanların sayı 650 min nəfər artaraq, indi 2 milyon 600 min nəfərə çatıb: “Bu o deməkdir ki, Dövlət Sosial Müdafiə Fondunda yığım imkanları artıb və ölkədə daha geniş miqyaslı ehtiyat mənbələri mövcuddur. Elə ona görə də gələn il bu illə müqayisədə sosial sığorta yığımları təxminən 15% çox proqnozlaşdırılıb. Yığımla bağlı ehtiyat mənbələrindən söhbət edərkən bir məqamı da demək istəyirəm. Təsəvvür edin ki, böyük tikinti şirkətlərinin ümumi pul dövriyyəsi haradasa deyək ki, 1 milyon manatı ötür, amma bu halda əmək haqqı fondu heç 50 min manat belə təşkil etmir. Fikrimizcə, dövriyyə 1 milyondursa, burada mütləq heç olmasa əmək haqqı fondunun 12-15 faizindən söhbət getməlidir. Müqayisə üçün deyim ki, başqa ölkələrin, Türkiyənin, Şərqi Avropa ölkələrinin, hətta post sovet məkanında olan dövlətlərin təcrübəsi də bu rəqəmlərin reallıqdan qat-qat aşağı olduğunu təsdiq edir. Rəqəmlər ciddi düşünməyə əsas verir və zənnimcə direktiv sənədlər qəbul etməyə, məsələyə gələcəkdə hökumət səviyyəsində bir daha baxmağa ehtiyac duyulur”.
H. Rəcəblinin sözlərinə görə, burada Vergilər Nazirliyinin, Fondun və Əmək Müfəttişliyinin birgə fəaliyyətinə böyük ehtiyac var. Məsələyə münasibət kampaniya xarakteri daşımamalı, əmək müqavilələrinin vaxtında bağlanması idarə-müəssisələrə, sahibkarlara başlıca tələblərdən biri olmalıdır. Bu eyni zamanda sosial sığortadan yayındırılan minlərlə vətəndaşın, fiziki şəxslərin pensiya təminatında müstəsna rol oynaya bilər. Sosial Müdafiə Fonduna cəlb olunmaların artması ilə yanaşı biz bu vəsaitlərin, daha səmərəli xərclənməsi məsələsini də gündəmdə saxlamalıyıq. Yadınızdadırsa, mən çıxışlarımda fermerlərin, kənddə çalışanların sosial sığortaya cəlb olunmamasından tez-tez danışırdım. Nəticədə nə oldu, çox cüzi miqdarda vəsait ödəyən kənd təsərrüfatı işçisi, ödədiyindən bəzən 50 dəfədən çox pensiya ala bildi. Bu bir tərəfdən yaxşı olsa da, digər tərəfdən ödəmələr simvolik olur, reallığı əks etdirmir, nəticədə israfçılığa gətirib çıxarır. Digər paradoks. Son illər əlilliyə görə əmək pensiyasına çıxanların sayı günbəgün çox yüksək templərlə artır. Yuvarlaqlaşdırılmış rəqəmlərə diqqət yetirsək: Əlilliyə görə əmək pensiyası alanların 2008 ildə – 286 min; 2009 ildə – 302 min; 2010 ildə – 312 min; 2011 ildə – 325 min; 2012 ildə – 332 min; 2013 ildə – 338 min; 2014 ildə isə – 346 min təşkil edəcəyi gözlənilir. Beləliklə 6 ilə təxminən 61 min artım. Əgər bunu ölkədə bütövlükdə əlillərin artım tempi ilə müqayisə etsək bu heç bir məntiqə sığmır. Ona görə də, hesab edirəm ki, bu məsələlər diqqət mərkəzində olmalıdır”.
banner

Oxşar Xəbərlər