Komediya kraliçasının parıltısı və səfaləti - Fotolar
Gözəl
qadın, istedadlı aktrisa, komediyanın kraliçası – Tamara Nosovanı düşünəndə,
kinosevərlərin ağlına maraqlı rollar və nostalji ilə dolu sovet kinosu gəlir.
Tamara Makarovna doğrudan da sovet kinematoqrafiyasının "ulduzu” və heyrətamiz
insan idi. Təəssüf ki, Tamara Nosovanın tərcümeyi-halı ekranlarda göründüyü
kimi, buludsuz deyil.
Onu
«Sovet komediyasının kraliçası» adlandırırlar. Çəkildiyi ən məşhur filmlər
arasında rejissor Eldar Ryazanovun «Karnaval gecəsi», Andrey Tutişkinanın
«Malinovkada toy», Aleksandr Royun «Əyri aynaların krallığı», Viktor Titovun
«Salam, mən sizin xalanızam», Aleksandr Ptuşkonun «İlya Muromes» və başqa
populyar filmlər yer alıb.
Balaca aktrisa və ssenarist
Sovet
kinosunun ulduzu 1927-ci ildə Moskvada dünyaya göz açıb. İlyarımdan sonra isə
Tamaranın anası dünyasını dəyişir. Üç uşaqla tək qalmış və nə edəcəyini bilməyən
ata övladlarını uşaq evinə verir. Onunla görüş 30 ildən sonra - Tamara
Makarovna məşhur və populyar olandan sonra baş verir. Lakin artıq gec idi:
Nosova yeni qohumlarla görüşməkdən imtina edir.
Övladlığa
götürüldüyü ailədə isə qız hamının sevimlisinə çevrilmişdi. Təhsildə əlaçı,
pioner dəstəsinin üzvü, fəal idi. Tamara çalışırdı ki, başladığı bütün işlərdə
müvəffəqiyyət qazansın. İncəsənətə maraq elə məktəb illərində özünü göstərdi.
Tamara Nosova müstəqil şəkildə balaca dram dərnəyi yaratdı. Burada o, ilk dəfə
özünü aktrisa və ssenarist kimi sınadı. Müharibə başlayanda Tamaranın ailəsi
paytaxtdan Moskva ətrafına təxliyə olundu. Məktəbi də elə burada bitirdi.
1945-ci ildə ailəsi geriyə - paytaxt Moskvaya qayıtdı. Burada Tamara Makarovna
Ümumittifaq Kinematoqrafiya İnstitutuna daxil oldu.
Gənc
istedad tez nəzərə çarpdı, lakin onun arzuladığı dramaturji aktrisa ampluası
Nosovaya qismət olmadı. Müəllimlər bir ağızdan təkrarlayırdılar ki, Tamara mütləq
özünü komedik rollarda sınamalıdır. Bir az sonra məlum olur ki, Nosova mürəkkəb
dramatik rollarda çəkilməyə də qadirdir. Tezliklə Tamaranı istedadlı rejissor və
aktyor peşəsini öyrədən müəllim Sergey Qerasimovun tələbəsi müşahidə etdi. Beləliklə,
Nosova haqqında Sergey Appolinarieviç xəbər tutdu və gənc aktrisanı ilk rola təsdiq
etdi. Bu, «Gənc qvardiya» filmindəki Valentina Filatova rolu idi. İlk çəkilişlərdən
dərhal sonra Tamara Makarovna tanınmış rejissorlar – Mixail Çiaureli, Boris
Barneta və başqalarından dəvətlər almağa başladı. Beləcə, Tamara Nosovanın
filmoqrafiyası böyüməyə başlayır. İnstitutu bitirəndən dərhal sonra - 1950-ci
illərdə Nosova «Qızıl ulduzlu kavaler» filmində Anfisa roluna çəkilir. Bu işinə
görə aktrisa Stalin mükafatına layiq görülür.
Aktrisa
Nosovun Aleksandr Fadeyevin romanı əsasında çəkdiyi «Gənc qvardiya» filminə hələ
institutda təhsil alarkən çəkildi. Daha sonra «Berlinin dağılması» filmində rol
aldı. Tamaranı əsasən komedik və satirik rollara dəvət edirdilər. «Müfəttiş»də
Marya Antonovna, «Karnaval gecəsi»ndə katibə Tosya, «Ölü ruhlar»da Koroboçka,
«Salam, mən sizin xalanızam»da Roza Dalvadores – rollarına görə aktrisa daim təbəssümlərlə
qarşılanır. Tamaranın fotoları pərəstişkarlarının otaqlarındakı divarları bəzəyirdi.
Kişilər onun dəlisinə çevrilmişdi. Ancaq aktrisanın kişilərə münasibətdə zövqü
çox fərqli idi.
«Əyri
aynalar krallığı» filmində aktrisa gücünü uşaq filmlərində də sınamaq istəmişdi.
Hər şeyi özü qazanmağa adət etmiş Tamara Nosova nağıl qəhrəmanlarının
personajları üzərində də müstəqil çalışmağa başladı və tezliklə bütün ölkə
ekranlar qarşısından ayrıla bilmədi. Onun çəkildiyi «Dünyanın o başındakı
krallıq», «Əyri aynalar krallığı», «Od, su və mis borular» tamaşaçıları ekran
qarşısında oturmağa vadar edirdi.
Övladsızlıq və yalqızlıq
O,
sovet kinosunda axmaq qadın obrazını yaradan ilk aktrisa idi. Tamara ağzını iri
açır, mavi gözlərini bərəldir və adi sözlər deyirdi. Bunların hamısı o qədər
gülməli görünürdü ki, tamaşaçılar gülməkdən yıxılmaq dərəcəsinə gəlirdilər.
Rejissorlar Tamaranı filmlərində çəkilmək üçün dəvət edirdilər. Axı o, ən
epizodik rolları belə yaddaqalan rollara çevirməkdə usta idi.
Ancaq
Tamara Nosovanın şəxsi həyatı karyerasındakı kimi müvəffəqiyyətli olmadı.
Ona
xüsusi xalq məhəbbətini və şan-şöhrəti «Qızıl ulduzlu kavaler» gətirdi. Filmdə
Nosova baş rolllardan biri olan Anfisanı
canlandırırdı. Əvvəlcədən hamıya məlum idi ki, o, "ulduz” olacaq. Elə həmin
vaxtda Tamara gənc, gözəl diplomatla qarşılaşır və cütlük çox düşünmədən nikaha
girib Vyanaya gedir. Tamaranın əri təyinatını Avstriyaya almışdı. Həyat yoldaşı
həddən artıq qısqanc olduğundan, kino haqqında söhbət belə ola bilməzdi. O istəmirdi
ki, onun sevimli həyat yoldaşı üzdə olsun. Onlar altı il bir yerdə yaşadılar.
Aralarındakı sevgi bitdiyindən, Tamara ərini Avstriyada tək qoyub geri - evinə
döndü. İlk məhəbbət və ilk ailə dağıldığından Tamaraya Moskvaya dönməkdən başqa
çarə qalmamışdı. Amma burada onu yeni rollar gözləyirdi. Həyatındakı
uğursuzluqdan sonra o, «Müfəttiş» filmində Mariya Antonovna rolu ilə təsəlli
tapdı.
Bir
dəfə Yaltada filmin çəkilişində olarkən Tamara tanınmış aktyor nəslindən olan
Yuri Boqolyubovla tanış olur. Onlar həmən ümumi dil tapa bilirlər və tezliklə
birgə yaşamağa başlayırlar. Yuri Boqolyubovla olan nikahı nisbətən uzun sürsə də,
yenə xoşbəxt ola bilmir. Ayrıldıqdan sonra Yuri Qalina adlı qızla tanış olur və
ömrünün sonuna kimi də onunla birgə yaşayır.
Tamara
Makarovnanı öz filmlərinə çəkilməyə dəvət edən yazıçı-nağılbaz Vitaliy
Qubarevla olan üçüncü nikahı, aktrisanın dediyinə görə, xoşbəxt anlarla dolu
olsa da, Tamaranın analığı tərəfindən dağılıb. Yaşlı qadın Tamaranı və onun həyat
yoldaşını hər zaman diqqətdə saxlamağa çalışırdı. Bir dəfə belə güclü təzyiqə
dözməyən cütlük ayrılmaq qərarına gəlir.
Tamara
Nosovanın axırıncı məhəbbəti – rejissor Nikolay Zaseyev də qadına xoşbəxtlik
verə bilmədi. Münasibətlərinin romantik və cazibədar olmasına baxmayaraq,
Nikolay öz qızını və keçmiş həyat yoldaşını atmadı. Sevimli kişi tək deyildi,
onun arvadı və bir qızı vardı. Həyat yoldaşı tələb edirdi ki, Nikolay ailəsinə
dönsün, yoxsa o, həm özünü, həm də qızını qazla zəhərləyəcək. Təhdid və dava
edirdi ki, Nikolay öz sevgilisini atsın. Nosova çox həyəcanlanır və Kolyaya
yalvarırdı ki, arvadının sözünə baxsın və onların yanına qayıtsın. Kolya getmək
istəmirdi, çünki Tamaranı sevirdi. O vaxtlar Nosovanın ən xoşbəxt və gözəl illəri
idi. O, ərinin filmlərində çəkilirdi. «Əyri aynalar krallığı»nda Laska xala
rolunu oynadı.
Bütün
bu acı və sevinclərlə keçən 4 ildən sonra onlar ayrıldılar. Amma Nikolay əvvəlki
kimi Tamaranı sevir və bütün filmlərinə onu çəkilməyə dəvət edirdi. Qadın isə
onun dəvətlərini qəbul etmirdi. Bu nikah da əvvəlki kimi düz altı ilin
tamamında bitdi.
Həyatında
baş verən bu qədər uğursuzluqdan və bütün ümidini itirdikdən sonra Nosova özünü
incəsənətə həsr etdi. Tamara Makarovna övladsızlığa və yalqızlığa düçar oldu.
Akrtisanın səfaləti
Tamara
Makarovnanın ömrünün axırına yaxın başına gələnləri jurnalistlər «Komediya
kraliçasının parıltısı və səfaləti» adlandırırdılar. Ömrünün son illərini
aktrisa çox kasıb yaşayırdı və bundan utanırdı. Bir dəfə o, səhnəyə köhnə gecə
köynəyində və qaloşda çıxdı. Nosovanın əyləncəsi yalnız Dikkensin və Şekspirin
orijinaldan yazılmış kitabları olurdu. Onun səfaləti doğrudan da qorxulu idi –
vaxtilə populyar olan aktrisanın kömək edəcək heç kimi qalmamışdı və qadın cüzi
təqaüdlə çox vaxt ac qalırdı.
1991-ci
ildə aktrisa «Mosfilm»i və Kinoaktyorlar teatrını tərk etdi. Yeni filmlər çəkməyə
imkan olmadığından, aktyor tərkibinin yarısı - 350-700 aktyor bir anda ixtisara
düşdü. Onların arasında Tamara Makarovna da var idi. Öz səfalət halından utanan
aktrisa qohumları və tanışları ilə ünsiyyətdən çəkinirdi. Hətta pərəstişkarları
belə onun səfalət və aclıqla mübarizədə tək qaldığından xəbərsiz idi.
2007-ci
ildə aktrisa insult keçirdi. Qadın sosial müdafiə işçilərindən başqa heç kimlə əlaqə
saxlamadığından, onu 5 gündən sonra acınacaqlı vəziyyətdə tapdılar. Ətrafında
ona kömək edəcək kimsə yox idi. Mənzilin qapısını polislər sındırdı. Yarımcan
qadın döşəmədə uzanmışdı. Onun üzərində tarakan və siçovullar gəzirdi. Onu xəstəxanaya
apardılar. Artıq çox gec olduğundan Tamaranı xilas etmək mümkün olmadı. Aktrisa
2007-ci il martın 25-də, 80-ci ildönümündə dünyasını dəyişdi. Həkimlər ölümün səbəbini
beynin işemik ölümü – insult adlandırdılar. Tamara Nosovanın cənazəsinin külü
Vaqankovski qəbirsanlığındadır. Noyabrın 30-da aktrisanın 90 yaşı tamam olur.
"Şan-şöhrətlə
dolu olan bir ömür səfalət içində sona çatdı” - deyə ölümündən sonra Rusiya mətbuatı
yazırdı. Ən ağrılısı isə, aktrisanın ölümünə pərəstişkarlarından başqa acıyan
doğmasının olmaması idi...
Rusiya mətbuatından tərcümə etdi
Təranə Məhərrəmova