• cümə axşamı, 28 mart, 16:33
  • Baku Bakı 16°C

Kolxoz-sovxoz yox, kiçik torpaq sahələrinin birləşməsi

07.06.16 10:52 2350
Kolxoz-sovxoz yox, kiçik torpaq sahələrinin birləşməsi
Yeni iqtisadi reallıqlar ölkəmizdə kənd təsərrüfatının inkişafının vacibliyini ortaya qoydu. Bu inkişafa nail olmaq üçün isə hökumətin həyata keçirdiyi müxtəlif layihələr, irəli sürdüyü təkliflər var. Kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsi üçün irəli sürülən təkliflərdən biri də kiçik həcmdə olan torpaq sahələrinin birgə əkinə cəlb edilməsi ilə bağlıdır.
"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə də belə bir təkliflə çıxış edib. Report.az-ın məlumatına görə, Ə.Əhmədzadə bildirib ki, məhsuldarlığın artırılması və məhsulun yetişdirilməsi zamanı yaranan problemlərin öhdəsindən gəlmək üçün kiçik pay torpaqlarına sahib olan şəxslər birgə təsərrüfat yaratmalıdırlar: "Rayonlarda kənd sakinləri müxtəlif həcmdə 3-5 hektar pay torpaqlarına malikdirlər. Kimi pambıq, kimi isə tərəvəz əkir, lakin hər biri onun yetişdirilməsində əziyyət çəkir. Ona görə də kəndlilər birləşməli və becərmə zamanı problem yaranmaması üçün eyni məhsulu yetişdirməlidirlər".
Ə.Əhmədzadə məsələnin digər həlli üsulu kimi əlavə suvarılan torpaqların əkinçilik dövriyyəsinə daxil olunmasını təklif edib: "Bu torpaqların hesabına yeni texnologiyaya əsaslanmış təsərrüfatlar yarada bilərik. Hazırda bu proses həyata keçirilir. Məsələn, İmişli, Saatlı, Ağcabədidə belə təsərrüfatlar mövcuddur".
Lakin o da faktdır ki, əhali öz toprağını yalnız özü becərməyə meyillidir və indiyə qədər kütləvi şəkildə ərazilərin könüllü birləşdirilməsi aparılmayıb. Belə olan təqdirdə bu birləşdirmə necə aparılacaq? İnzibati, yoxsa könüllü yolla?
"Kəndlilər torpaqların birləşməsində maraqlı deyillər”
Millət vəkili Vahid Əhmədov qəzetimizə açıqlamasında bildirdi ki, bir neçə gün öncə "Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun qəbul edilib. Burada məqsəd iri fermer təsərrüfatlarının yaradılmasıdır. Heç bir məcburi birləşmədən söhbət getmir: "Bu, könüllü birləşmə olmalıdır. Çünki kiçik torpaq sahələrinin əkilib-becərilməsi o qədər də effektli nəticə vermir, əksinə, zərərlə başa gəlir. Ona görə də iri fermer təsərrüfatlarının yaranması üçün çalışırıq. Beyləqan-İmişli zonasında iri fermer təsərrüfatları yaradılıb. Əvvəllər həmin yerdə hər hektardan 20-22 sentner taxıl alınırdısa, indi bu rəqəm 55-56 olub. Hazırda Quba-Xaçmaz zonasında belə fermer təsərrüfatlarının yaradılması üzərində işlər gedir. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi böyük iş aparır.
Həyətyanı torpaqları demirik. Həyətyanı torpaqlarda ailənin nə isə əkib-becərməsi rahatdır. Amma kəndli 1-3 hektarda olan pay torpağını əkib-becərməkdə çətinlik çəkir, əkdikdə isə gəlirliliyi aşağı olur. Ona görə də könüllü birləşməyə ehtiyac var. İri fermer təsərrüfatları olduqda hansısa texnika cəlb edildikdə maliyyə bir neçə təsərrüfat sahibi arasında bölüşdürülür. Bəzən elə başa düşülür ki, birləşmə deyəndə kolxoz- sovxoz nəzərdə tutulur. Amma qətiyyən ondan söhbət getmir. Söhbət insanların öz aralarında könüllü birləşib, yaxşı məhsuldarlıq əldə etmələri üçün birgə işləmələrindən gedir”.
Millət vəkili deyir ki, kəndlilər torpaqların birləşməsində o qədər də maraqlı deyillər. Burada marağı artırmaq üçün dövlət tərəfindən müəyyən addımlar atılır: "Bu prosesi izləyirəm. Dövlət müəyyən qədər köməklik göstərir. Texnikada güzəştlər edilir. Aqrolizinq yaradılır, güzəştlər edilir. Köməklik lazımdır. Hər rayonun icra hakimiyyəti, yeni yaradılan kənd təsərrüfatı idarələri bu işlə məşğul olmalıdırlar. İnsanlar bilməlidirlər ki, yüksək məhduldarlıq əldə etmək üçün torpağı tək becərmək çətin olacaq”.
Kənd təsərrüfatının inkişafında böyük maneələrdən biri
İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, kəndlini inzibati yolla torpaqlarını birləşdirməyə məcbur etməkdən söhbət gedə bilməz: "Çünki Azərbaycanda torpaqların özəlləşdirilməsi, hasarlanması ilə bağlı torpaq islahatları 1995-ci ildə keçirilib. O zaman torpaqlar yeni mülkiyyətçilərinə paylanılıb. Hər bir Azərbaycan vətəndaşı torpağı üzərində sahibkarlıq hüququna malikdir. Məsələ ondadır ki, Azərbaycanda kənd təsərrüfatının inkişafında böyük maneələrdən biri çox kiçik torpaq sahələrinin, ailə təsərrüfatlarının əkib-becərilməsi nəticəsində gəlir əldə edilməməsidir. Kəndlinin maliyyə imkanları məhduddur, torpaqları azdır, eyni zamanda, bazara çıxış imkanları yoxdur. Bu isə gəlirliliyi kifayət qədər aşağı salır ki, nəticədə bir çox hallarda bu torpaqlar istifadəsiz qalır, alternativ gəlir mənbələrinə müraciət edilir. Məsələn, kənddən Bakıya gəlib tikinti sektorunda çalışırdılar, torpaqları isə istifadəsiz qalırdı”.
R.Həsənov bildirdi ki, beynəlxaq praktikada kənd təsərrüfatı istehsalının təxminən 89 faizi kooperativ fermer təsərrüfatları tərəfindən həyata keçirilir. Amma Azərbaycanda kənd təsərrüfatı istehsalının 70 faizdən çoxu ailə təsərrüfatlarının payına düşür: "Kiçik ailə təsərrüfatlarının məhsuldarlığı, innovasiyanı tətbiq etmək imkanları, maliyyə əlçatanlığı aşağıdır. Bu isə kənd təsərrüfatının gəlirsizliyinə gətirib çıxarır. Təsadüfi deyil ki, ölkə əhalisinin məşğul əhalisinin 37-38 faizinin fəaliyyət göstərdiyi sferanın ölkə iqtisadiyyatında payı 6 faizdən aşağıdır. Gəlir baxımından da kənd təsərrüfatında çalışanlar ən az gəlirli kateqoriyaya malikdir”.
Kənd təsərrüfatının daha gəlirli sferaya çevrilməsi şəraiti
İqtisadçının sözlərinə görə, uzun müddətdir kooperativlər haqqında qanunun qəbulu təklif edilirdi. Bu isə bir neçə gün əvvəl qəbul olundu: "Təsərrüfat, torpaq sahibləri öz güclərini, imkanlarını, təcrübələrini birləşdirərək daha böyük təsərrüfatçılıq modelinə keçsinlər. Kooperativ təsərrüfat o deməkdir ki, normal münasibətlər formalaşarsa və eyni zamanda güclər birləşdirilərsə, bu təsərrüfatın daha çox istehsal imkanları olur. Hansısa formada kənd təsərrüfatı təyinatlı sənaye məhsulu istehsal etmək, bazara çıxmaq, özlərinin nəqliyyatı, daha aşağı faizli kreditlərə müraciət imkanları olur. Bu isə imkan verir ki, kənd təsərrüfatının ekstensiv inkişaf modelindən intensiv inkişaf modelinə keçidində bir mərhələ yaransın. Son illər bu istiqamətdə müəyyən qədər işlər görülüb. İri fermer təsərrüfatları öz istehsallarında innovasiyanın imkanlarından istifadə etməyə çalışırlar, daha müasir istehsal prosesi qururlar. Bu da məhsuldarlıq, gəlirlilik baxımından nəticəsini verir. Amma kiçik təsərrüfatların bu imkanları olmadığı üçün onlar üçün yalnız birləşmə vacib idi”.
R.Həsənov qeyd etdi ki, birləşmə ilə bağlı əhalinin maarifləndirilməsinə ehtiyac var: "Düşünürəm ki, qanunvericilik bazasının olması nəticəsində birləşmə bundan sonrakı dövrdə daha asan olacaq. Eyni zamanda, bu istiqamətdə ciddi maarifləndirməyə də ehtiyac var. İnsanlar əslində bu birləşmənin hansı anlam daşıdığını, hansı üstünlükləri olduğunu bilməlidirlər. Düşünürəm ki, bu zaman çərçivəsində artıq Azərbaycanda kənd təsərrüfatı kooperasiyalarının formalaşdırılması bir dönüş nöqtəsi olacaq, kənd təsərrüfatının daha gəlirli sferaya çevrilməsi şəraiti yaradılacaq”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər