• çərşənbə, 24 Aprel, 14:34
  • Baku Bakı 27°C

Kolumbiyanın ümidi olan “utancaq oğlan” - Portret

02.06.18 12:00 1556
Kolumbiyanın ümidi olan “utancaq oğlan” - Portret
Futbol üzrə dünya çempionatının startına sayılı günlər qalıb. Bütün dünyanın futbol azarkeşləri Rusiyada keçiriləcək mundialı səbirsizliklə gözləyirlər. Dördilliyin ən möhtəşəm futbol turnirinin sevilməsinin tək səbəbi, heç də burda çıxış edən güclü yığmalar deyil. Dünyanın ortabab milliləri də öz rəngarəng oyunları ilə mundiala həmişə rəng qatıblar. Kolumbiya yığması da bu cür komandalardandır. Futbol həvəskarları hələ də, Rene İqita, Karlos Valderrama kimi oyunçuları xatırlayırlar.
Kolumbiya millisi bu günə kimi 5 dünya çempionatında çıxış edib. Cənubi amerikalıların mundiallarda ən yüksək nəticəsi isə son DÇ-yə təsadüf edib. Kolumbiyalılar Braziliyada təşkil edilən mundialda 1/4 finala kimi irəliləsə də, burda meydan sahiblərinə uduzaraq mübarizəni dayandırdı. Ancaq cənubi amerikalılar öz oyunları ilə hətta bu ölkədən olmayan futbol azarkeşlərinin də könlündə taxt qurdular. Kolumbiya yığmasının ən diqqətçəkən üzvü isə Xames Rodriqes oldu. Xames mundial ərzində vurduğu 6 qolla turnirin ən sərrast futbolçusu oldu və "qızıl buts”a layiq görüldü. Builki DÇ-də Yaponiya, Polşa və Seneqalla bir qrupda mübarizə aparacaq Kolumbiya millisi qrupun favoritidir. Yığmanın əsas "silah”ı isə yenə Xames olacaq. Bu yazıda sizə Kolumbiya millisinin kapitanı, "Bavariya”nın üzvü Xames Rodriqesin həyatından bəhs edəcəyik.


2 yaşında topa toxunuş, 5 yaşında futbolla tanışlıq

Xames David Rodriqes Rubio 1991-ci ilin 12 iyulunda Kolumbiyanın Kukuta şəhərində dünyaya gəlib. Hələ çox kiçik olarkən ailəsi ilə birlikdə Venesuela sərhədinə yaxın İbaque şəhərinə köçürlər. Xamesin uşaqlığının bir hissəsi məhz bu şəhərdə keçib. Onun atası keçmiş futbolçu Vilson Xames Rodriqes Bedoya, anası isə Mariya Del Pilar Rubiodur. Evin tək övladı olması onu ailənin ən sevimli üzvünə çevirib. Xames başqa latın amerikalı ulduzlar kimi nə asfalt meydançalarda corabdan hazırlanmış topla futbol oynayıb, nə də kriminal mühitdə böyüyüb. Heç futbola görə məktəbi də atmayıb. Onun yüksəliş hekayəsi digər latın amerikalı futbolçulardan tam fərqlənir. Yaxşı mənada.

Atasının futbolçu olması bu oyunun qapılarını onun üzünə taybatay açıb. Onun topla tanışlığı cəmi 2 yaşında olub. 5 yaşı olan zaman isə atası onun əlindən tutaraq, Tolima Futbol Akademiyasına aparıb. O, özü bu barədə belə deyir:

"Futbolu həmişə sevmişdim. Lakin cəmi 5 yaşım olanda atam məni Tolima Akademiyasına yazdırdı. Futbola bax, belə başladım”.


Xarakterini formalaşdıran problem

Xames sakit uşaq idi. Lakin onun bu sakitliyinə səbəb xarakteri yox, anadangəlmə qüsuru idi. Onun kəkələmə problemi var idi. Məhz buna görə, danışmağa çox da üstünlük verməzdi. Uşaq komandasında onunla birgə oynamış dostları Xamesin dilindən çox nadir hallarda söz eşitdiklərini deyirlər. Ailəsi onun kəkələmə problemini həll etmək üçün həkim yanına göndərir. Lakin böyüdükdən sonra da onun problemi özünü büruzə verməyə davam edir. Problem onun xarakterinə də təsir edir. Elə məhz bu səbəbdən, Xames bir qədər utancaq biri kimi formalaşır. Bu, onun hər hərəkətində özünü göstərir. Onun kəkələmə problemi hələ də qalmaqdadır. Rodriqes bu problemin öhdəsindən tam gəlmək üçün tez-tez yüksək səslə kitab oxuyur.

Atanın səhvlərindən çıxarılan nəticə

Xames ilbəil özünü inkişaf etdirirdi. Bunda atasının da böyük rolu var idi. Yox, Xames heç də atası Vilsonun oyunlarının videokastelərinə baxıb, ondan nə isə öyrənmirdi. O, atasının səhvlərindən nəticə çıxarırdı.

Vilson Kolumbiyanın ən istedadlı oyunçularından sayılsa da, zədələr və spirtli içkilərə meyillilik onun karyerasını məhv edir. O, öz oğlunun bu səhvləri təkrarlamaması üçün daim ona nəzarət edir. Xamesin özünün dediyi kimi - "İnsanlar həyatda bəzən özlərinin və ya başqasının xətaları ilə öyrənirlər”. O da belə eləmişdi. Ailəsinin tam dəstəyi, ata məsləhətləri və öz gücünə inam, onu futbol karyerasında pillə-pillə irəli aparırdı.

Bu uğurlarda ailəsinin ona olan inamı da böyük rol oynayırdı. Anası Mariya oğlu barəsində "Xames heç vaxt futbolçu olmaq istəməyib, ancaq doğulduğu gündən futbolçudur” deyir.


14 yaşında peşəkar karyerada debüt

Xamesin peşəkar karyerası çox erkən başlayıb. O, 2006-cı ildə Kolumbiya birinci liqa təmsilçisi "Enviqado”ya keçir. Elə həmin ildə, 15 yaşı tamam olmamış peşəkar karyerasında ilk oyununu keçirir. İki il bu komandanın uğurları üçün çalışan Xames, 2008-ci ildə Argentinanın "Banfild” komandasına transfer olunur. Onun ilk legioner karyerası uğurlu alınır. Xamesin oyunu Avropa klublarının diqqətindən yayınmır. "Köhnə qitə” təmsilçilərinin skautları gənc kolumbiyalının istedadı barədə "futbolçu ovçusu” olan klublara məlumat ötürürlər. Ən cəld tərpənən isə "Portu” olur. "Əjdahalar” 2010-cu ildə, cəmi 5,1 milyon avro qarşılığında Xamesi heyətə cəlb edirlər. Rodriqes "Portu”da 3 mövsüm keçirir. İlk ilində komandaya uyğunlaşan gənc yarımmüdafiəçi, növbəti illərdə diqqətləri üzərinə çəkməyə bacarır. Çox çəkmir ki, futbolçu almaqda simiclik etməyən "Monako” gənc kolumbiyalını heyətinə cəlb etmək üçün "Portu”nun "qapısını döyür”. "Knyazlıq klubu” 45 milyon avro qarşılığında Xamesi heyətinə cəlb edir. Rodriqesin Fransa karyerası cəmi bir il çəkir. Yox, o, "Monako”dan heç də zəif oyununa görə ayrılmır. DÇ-2014-dəki parlaq çıxışı onu "ulduz ovçusu” "Real”ın "radar”ına salır. "Monako” "kral klubu”nun 63 milyon funt-sterlinqlik təklifinə "yox” deyə bilmir. Beləliklə, Xames 2014-cü ildə Madrid təmsilçisinin üzvünə çevrilir. O, Kolumbiya futbolu tarixinə bu ölkənin ən bahalı futbolçusu kimi düşür. "Real”ın əsas heyət üzvünə çevrilən Rodriqes, "kral klubu” ilə 2 dəfə Çempionlar Liqasının, 1 dəfə La Liqanın, 2 dəfə UEFA Superkubokunun, 2 dəfə Klublararası dünya çempionatının qalibi olur.

Xamesin "Real”dakı ilk günlərində işləri qaydasında getsə də, sonradan az şans qazanmağa başlayır. Formasının pik nöqtəsində ehtiyatda gün keçirmək istəməyən Rodriqes ayrılmaq qərarına gəlir. Kolumbiyalı futbolçunun xidmətində Avropanın bir neçə nəhəng klubu maraqlı olsa da, "Bavariya” hamıdan qabağa düşür. Münhen təmsilçisi 14 milyon avro qarşılığında Xamesi 2 illik icarəyə götürür. Son mövsümdə "Bavariya”da ilk ilini keçirən yarımmüdafiəçi, bura da erkən uyğunlaşır. Münhen təmsilçisində ümumilikdə 39 oyun keçirən Xames, 8 qola imza atır.


Milli

Xames millidə ilk oyununu 2011-ci ildə, Boliviyaya qarşı keçirib. Gənc futbolçu həmin matçda son dəqiqədə Radamel Falkaoya verdiyi məhsuldar ötürmə ilə yadda qalır. Görüş 2:1 hesabı ilə Kolumbiyanın xeyrinə başa çatır, Rodriqes isə qarşılaşmanın ən yaxşısı hesab edilir. Xames yığmada ilk qolunu DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Peru ilə keçirilən matçda vurur (1:0).
Yarımmüdafiəçi millinin heyətində DÇ-2014-də parlayır. Braziliyada keçirilən mundialın qrup mərhələsində Yunanıstan (3:0), Fil Dişi Sahili (2:1) və Yaponiyanın (4:1) qapısına bir dəfə yol tapan Xames, yığmanın 1/8 finala çıxmasına töhfə verir. Bu mərhələdə isə Uruqvay səddi onun dublu ilə (2:0) dəf edilir. Xames 1/4 finalda meydan sahibləri və DÇ-nin əsas favoriti olan Braziliyanın da qapısına yol tapır. Lakin onun vurduğu qol həlledici olmur. 2:1 hesabı ilə qalib gələn "sambaçılar” yarımfinala adlayan tərəf olur.

Ailə

Xames çox erkən ailə həyatı qurub. O, ailə başçısı olanda cəmisi 19 yaşı olub. Onun həyat yoldaşı - voleybolçu Daniela Ospina isə 18 yaşında idi. Daniela Xamesin millidəki komanda yoldaşı, qapıçı David Ospinanın bacısıdır. 19 yaşlı Rodriqes əvvəlcə onunla telefon və internet üzərindən əlaqə saxlayırdı. Lakin bu uzun məsafəli əlaqə belə onun Danielaya vurulmasına mane olmur. Onlar 2011-ci ildə ailə həyatı qururlar.

2013-cü ildə Xames-Daniela cütlüyünün bir qız övladı dünyaya gəldi. Lakin erkən yaşda yaranmış məhəbbət çox uzun çəkmir. Cütlük ötən ilin yayında boşandı. Lakin onlar qalmaqalla yox, xoşluqla, dost kimi yollarını ayırıblar.

Xames kriminal ölkə, narkobaronların "at oynatdığı” Kolumbiyada böyüyüb. Özü hər nə qədər kriminal aləmdən uzaq olsa da, futbolçu olan əmisi Arli Rodriqes bunun qurbanı olub. O, cəmisi 19 yaşında, yerli kriminal qruplarından birinin üzvlərinin açdığı 6 güllə yarası ilə dünyasını dəyişib.

Xames məşhur kolumbiyalı futbolçu Radamel Falkao ilə uşaqlıq dostudur. Bunda adıçəkilən oyunçuların atalarının da böyük rolu var. Belə ki, həm Rodriqesin, həm də Radamelin atası vaxtilə futbolçu və dost olublar.

Kolumbiyada Rodriqesin "10 Gold” adlı enerji içkisi buraxılır. Bu marka daim Kolumbiyadakı kasıb uşaqlara dəstək verir.

Hər bir uşaq kimi Xamesin də kumiri olub. Bunlardan biri real, digəri isə xəyalidir. Rodriqes sonradan bir komandada oynayacağı Kriştiano Ronaldonun pərəstişkarı olub. Onun digər qəhrəmanı isə məşhur cizgi film xarakteri "Kapitan Tsubasa” olub.

Xames ali təhsil də alıb. O, futbolçu olmasına baxmayaraq, vaxt tapıb "Universidad Nacional Abierta” ali məktəbini bitirib.

Oyun tərzi

1.80 m boya malik Xamesin doğma mövqeyi yarımmüdafiənin mərkəzidir. Futbolçu orta xəttin cinahlarında da oynaya bilir. Xamesin işlək ayağı soldur.

26 yaşlı futbolçu əsasən, uzaqdan və cərimə zərbələrindən vurduğu qollarla yadda qalıb. İnsafən, bu, onda çox yaxşı alınır. Ən yaxşı qolların nümayiş etdirildiyi videolarda mütləq Xamesin ən azı bir qoluna rast gələ bilərsiniz.
Portret

Hamı onu utancaq biri kimi tanıyıb. Lakin bu, heç də belə deyil. Çox az danışsa da, insanlarla əlaqə yaratmağı, əylənməyi sevir. Fərqləndikdən sonra etdiyi rəqslər də buna sübutdur. Xames hazırda olduğu mövqeyə yüksəlmək üçün bəlkə də, başqa ulduzlar qədər əziyyət çəkməyib. Anasının dediyi kimi, o, futbolçu kimi doğulub. Bu istedadını isə artıq bir dəfə - DÇ-2014-də sübut edib. Lakin son illərdə bir qədər kölgədə qalan yarımmüdafiəçi, öz bacarığını daha bir dəfə göstərməli, elə həmin - 4 il öncəki Xames olduğunu sübut etməlidir. Rusiyada keçiriləcək mundial bu cəhətdən kolumbiyalı üçün əsl sınaq olacaq.
Elnur

banner

Oxşar Xəbərlər