• şənbə, 20 Aprel, 04:50
  • Baku Bakı 15°C

Kolumbiya Xocalı soyqırımı ilə bağlı qərar qəbul etdi

01.08.13 16:08 1639
Kolumbiya Xocalı soyqırımı ilə bağlı qərar qəbul etdi
İyulun 30-da Kolumbiya Respublikası Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər və Milli Müdafiə Məsələləri Üzrə II Komitəsi Ermənistan-Azərbaycan münaqişəsi və Xocalı soyqırımına dair qərar qəbul edib.
Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı Səfirliyindən APA-ya verilən məlumata görə, Kolumbiya Konqresinin Nümayəndələr Palatasının sədri Hernan Penaqos Xiraldo tərəfindən irəli sürülən “Ermənistan-Azərbaycan münaqişəsi” adlı qərar layihəsi Palatanın II Komitəsində səsverməyə qoyulub və yekdilliklə qəbul edilib.
Sözügedən sənəd Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayonun Ermənistan tərəfindən işğal olunması, bu hərbi işğal nəticəsində Azərbaycan əhalisinə qarşı törədilmiş cinayətlər, o cümlədən dinc əhalinin öldürülməsi və əlil edilməsi, Azərbaycan vətəndaşlarının hüquqlarının pozulması, xüsusilə Xocalıda baş vermiş soyqırım aktı və tərəflər arasında bərqərar edilmiş atəşkəs rejimin pozulması qətiyyətlə pislənilib.
Qərarda həmçinin, Azərbaycan və Ermənistanın beynəlxalq miqyasda tanınmış sərhədlərinə hörmət prinsiplərini rəhbər tutaraq, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsi barədə Ermənistan hökumətinə çağırış ifadə edilib.
Hernan Penaqos Xiraldo tərəfindən komitə üzvləri üçün hazırlanan altı səhifəlik icmalda Dağlıq Qarabağ münaqişəsi, eləcə də Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi və bu işğalın regionda sülhə və əmin-amanlığa təhdid olması, rəsmi Yerevanın təcavüzkar siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlının öz yurdlarından qaçqın və məcburi köçkün düşməsi barədə ətraflı məlumat verilib və pislənilib.
İcmalda münaqişənin tarixinə nəzər salınır və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımın ağır nəticələri barədə məlumat verilir. İcmalın sonunda Hernan Penaqos Xiraldo Azərbaycanın Dağlıq Qarabağ regionunun və ətraf rayonlarının Ermənistan tərəfindən işğalının xronologiyasını verir və adıçəkilən işğalın qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə barədə faktları diqqətə çatdırır.
banner

Oxşar Xəbərlər