• cümə axşamı, 28 mart, 21:46
  • Baku Bakı 13°C

Kollektivlə, yoxsa fərdi işləməli?- Diskussiya

19.05.18 09:30 3264
Kollektivlə, yoxsa fərdi işləməli?- Diskussiya
İşdə uğur qazanmaq, karyera pillələrində uğurla addımlamaq kənardan göründüyü qədər asan deyil. Kimi uğurlu karyeranı ailəsinin dəstəyi, kimi dostlarının, kimisi də kollektivin hesabına qurduğunu deyir. Amma təkbaşına uğur nərdivanlarını "cırmaqlayaraq” çıxanlar da az deyil. Bəs gənclər necə düşünür? Uğura gedən yol fərdi zəhmətdən, yoxsa kollektivin birgə işindən keçir? Sualın cavabını Bakı Slavyan Universitetinin tələbələri ilə müzakirə etdik.

Məhərrəm Ağazadə:
- Kollektiv işləməyin tərəfdarıyam. Çünki hər hansı işi görərkən tək işləməkdənsə, kollektivin fikrini almaq daha uğurlu olar. Birgə fəaliyyət hər zaman daha məhsuldar olur. Təbii ki, kollektivdəki bütün üzvlər işinə məsuliyyətli yanaşsa, iş daha uğurlu olar. Bir nəfərin məsuliyyətsizliyi hamının məsuliyyətsizliyi deməkdir. Çünki komandanın digər üzvlərini öz məsuliyyətsizliyinin qurbanı etmək haqsızlıqdır. Mənfi hal nə qədər çox olsa da, kollektiv şəkildə işləmək hər zaman daha yaxşıdır. Hesab edirəm ki, qrup şəklində görülən işin müsbət tərəfləri çox olur.
İbrahim İbrahimli:
- Mən Məhərrəmdən fərqli olaraq, fərdi iş görməyin tərəfdarıyam. Çünki fərdi işin üstünlüyü odur ki, sən öz istədiklərini həyata keçirirsən. Qıraqdan sənə müdaxilə olmur. İnsan fərdi olaraq nə istədiyini cəmiyyətə ötürməlidir ki, cəmiyyət onun nə istədiyini görsün. Kollektiv işdə isə hər tərəfdən müəyyən fikirlər gəlir, o fikirləri bir-bir seçmək lazımdır. Fikirlər bir-biri ilə üst-üstə düşməyə bilər və bu zaman problem yaranır. Məsələn, mən indi musiqi yazarıyam. Kollektivlə işləsəm, fikir ayrılığı olacaq və uğurlu alınmayacaq. Ona görə də mənim fikrimcə, fərdi işdə daha çox uğur qazanmaq şansın var, nəinki kollektivdə.
İlkanə Həsənova:
- Məncə, hər ikisinin mənfi və müsbət tərəfləri var. İbrahimin fikirləri ilə qətiyyən razılaşmıram. Bir işi kollektivlə işləyəndə daha çox uğur qazanmaq olar. Çünki fərdi işdə bütün məsuliyyət öz üzərində olur, bəzən də çatdıra bilmirsən. Kollektiv isə odur ki, hamı bir yerdə olur və işlər arasında bölgü gedir. Kollektiv işləyəndə mütləq hər bir şəxs məsuliyyətli olmalı, öz məsuliyyətini dərk etməlidir ki, vəzifəsini yerinə yetirə bilsin. Könüllü və kollektiv şəkildə işləməyi daha üstün tuturam. Çünki hər kəs öz işini məsuliyyətli görsə, uğurlu iş yaranar. İş tam vaxtında həll olduqda, göstəricilər də yaxşı olar.
Nəzrin Ələkbərova:
- İlkanənin fikirlərini dəstəkləyirəm. Məncə, bir işin daha keyfiyyətli olması üçün onun kollektiv şəkildə olması daha yaxşıdır. Məsələn, İbrahim deyir ki, mən musiqi yazarıyam, tək işləməyə üstünlük verirəm. O, kollektiv şəkildə işləsə daha uğurlu olar. Yazdığın musiqiyə tək qulaq asmayacaqsan ki. Ətrafdakı insanların da köməyini, fikirlərini alsan, ortaya daha uğurlu iş qoya bilərsən.
Səma Abbaslı:
- Mən də kollektiv işin tərəfdarıyam. İbrahim fərdi gücünə inanır. Düzdür, elə insan var ki, təkbaşına kollektivin bacarmadığını bacarır. Amma güclü fərdlərdən təşkil olunan kollektiv daha uğurlu nəticə ortaya çıxara bilər. Boşuna deməyiblər ki, tək əldən səs çıxmaz. Bir insanın beyni bir istiqamətdə daha çox çalışa bilər. Kollektivdə isə hər beyindən fərqli səs çıxır. O səslər birləşəndə, gözəl iş ortaya çıxır. Amma fərdin öz gücünə inanması da yaxşı haldır.

Məhərrəm Ağazadə:
- Ümumiyyətlə, kollektivin gördüyü iş, tək görülən işdən daha effektlidir. Bu baxımdan onun bir çox müsbət tərəflərini sadalaya bilərəm. Onlardan ən vacib olanı isə işin daha tez və rahat görülməsidir. Çünki kollektivdə hər kəs əlindən gələni etməyə çalışır. Bu, komanda işi olduğu üçün hər kəs istəyir ki, öz komandası digərlərindən daha üstün olsun. Burada həmçinin rəqabət keyfiyyəti də formalaşır. Rəqabət isə hər zaman keyfiyyəti artırır.
Gülnur Qəribova:
- Mən öz potensialıma və gücümə inanıram. Fərdi iş məni qane edirsə, o işi öhdəliyimə götürürəm və onun üzərində tək işləməyi bacarıram. Amma baxır işə... Əgər kollektiv şəkildə daha yaxşı effekt verərsə, bu işi kollektiv görməyə çalışaram. Məncə, bu, işdən asılıdır.
İbrahim İbrahimli:
- Fikirlərinizə hörmətlə yanaşıram. Düzdür, kollektiv iş səmərəli ola bilər. Amma deyirlər ki, bu dövrdə atana belə güvənmə. Kollektiv işdə satqınlıq var. Birlikdə işləyirsən, hansısa uğura nail olursan, kollektivindən bir şəxs səni "satır”, ya paxıllığını çəkir. Kollektiv işləməyin bir zərəri budur ki, iş yoldaşların işin zəif nöqtələrini bilir və sənə ziyan vura bilərlər. Ona görə də heç kimə güvənmək olmaz. Güvəndiyin kollektiv bir gün mütləq səni vuracaq. Amma tək işləyib öz düşüncələrini həyata keçirirsən və heç kimdən də asılı deyilsən. Mənim fikrimcə, öz istədiklərini edə bilməyən insan mübarizədə qalib ola bilməz.
Səma Abbaslı:
- Bizdə kollektiv işlər yaxşı alınmır. Məsələn, qardaşım futbolçudur. Futbolda 11 nəfər bir komanda adına yarışır. Amma oyun zamanı mən yaxşı oynayıramsa, məni bəyənib seçirlər. Buna görə də onlar qarşı komandayla yarışmır, özləri ilə yarışırlar. Həqiqətən bizdə kollektivdə paxıllıq, satqınlıq olur.
Nəzrin:
- Paxıllıq kollektivin günahı deyil. O, insanların insani keyifyyəti ilə bağlıdır. Harda ki kimsə özünü fikirləşir, bu, komanda demək deyil. Bu, insanın öz xarakteridir.
Püstə İmanova:
- Kollektiv işə heç vaxt güvənmirəm, inanmıram. Çünki kollektiv işdə işləyəndə, məsələn, bir iş olur, 10 nəfər işləyir. Elə insan olur ki, kollektivdə özünü ideal sayır, rəhbər də ona üstünlük verir. Mən heç vaxt kollektiv işə güvənmirəm. Əgər kollektiv işdə özünü ideal sayırsansa, onda get işini özün gör. Kollektivdə bir-birini aşağılamaq düzgün deyil. Kollektiv işdə rəhbər hamıya eyni gözlə baxmır.
Gülnur Qəribova:
- Həyat özü bir oyundur. İnsan yaşadığı həyatda həmişə qazanmır, itirir də... Amma biz kollektiv işdə itiririksə, aşağılanırıq. Kollektiv bütün çətinlikləri birlikdə aşmalıdır. İşdə yerin dibinə də bata bilərsən, göyə də çıxa bilərsən.
Lamiyə Əkbərli:
- Əgər istəsən, o uğuru təkbaşına da qazana bilərsən. Mən istəyərəm ki, uğur mənim olsun. Uğurumun kollektivin adına çıxılmasını istəmirəm. Fərqi yoxdur, hansı mövzu olursa-olsun, mən qrupla yox, tək işləməyi sevirəm. Çünki fikirləşirəm ki, qrupla işləmək çətindir. Xüsusilə də qrup tanımadığın adamlardan ibarət olanda. Qrup daxilində hər kəsin öz işi olmalıdır. Yəni düzgün iş bölgüsü aparılmalıdır. Amma buna baxmayaraq, bəzi insanlar var ki, öhdələrinə düşən işi yerinə yetirmək istəmirlər. Bununla da digərləri ya məcbur qalıb onun da işini görməli olurlar, ya da onun ucbatından iş yarımçıq qalır. Uğur qazandıqda isə, uğurunu kollektivlə bölüşməli olursan. Mən uğurumu bölüşmək istəmirəm.
Paşa Quliyev:
- Mən də fərdi işləməyə üstünlük verirəm. Kollektiv iş mənə ancaq mane olar, etmək istədiklərimi sərhədləyə bilər. Mən kollektivdə düzgün işləyə bilmərəm və mənə uğur gətirə bilməz.

Vüsal Məmmədov:
- Kollektivdə sağlam rəqabət olur və bu, paxıllıq deyil, çox yaxşı haldır. Müsbət tərəfləri odur ki, görülən iş bir komanda məhsulu olur. Hər kəs bu komanda daxilində ən yaxşı bildiyi işi edir. Bu da işin keyfiyyətini artırır. Eyni zamanda, insanlara zaman baxımından üstünlük yaradır. Hər kəs bir işin öhdəsindən gəlir və geriyə sadəcə olaraq onu birləşdirmək qalır.

Aygün ƏZİZ
fotolar: Günel AZADƏ


banner

Oxşar Xəbərlər