• cümə, 29 Mart, 15:51
  • Baku Bakı 14°C

Kollektiv tənhalıq

26.12.18 16:30 833
Kollektiv tənhalıq
Kollektiv Təhlükəsizlik üzrə Müdafiə Təşkilatına (KTMT) daxil olan altı ölkədən beşi Belarus Təhlükəsizlik Şurasının katibi Stanislav Zasın KTMT-nin baş katibi postuna namizədliyini dəstəkləyib.
Bu barədə Rusiyanın "Kommersant” qəzetində dərc olunan materialda bildirilir. Rusiya XİN-dən isə "Kommersant”a bildiriblər ki, məsələyə dekabrın 27-də - Rusiya prezidenti Vladimir Putinin Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla görüşündə nöqtə qoyula bilər. Təşkilatın mətbuat xidmətinin rəhbəri Vladimir Zaynetdinov bildirib ki, indiyə qədər Belarusun namizədini quruma daxil olan ölkələrdən beşi - Qazaxıstan, Rusiya, Belarus, Qırğızıstan və Tacikistan dəstəkləyib. Adları çəkilən dövlətlərin prezidentləri Zasla görüşdən sonra razılıqlarını veriblər. Qəzetin əldə etdiyi məlumata görə, V.Putin belaruslu namizədi dekabrın 18-də qəbul edib. Maraqlıdır ki, Kremlin saytında bununla bağlı hər hansı bir məlumat yerləşdirilməyib. "Kütləvi informasiya vasitələrində KTMT-nin yeni baş katibinin təyinatı ilə bağlı ziddiyyətli xəbərlərə aydınlıq gətirmək istəyirik. Bəyan edirik ki, Stanislav Zasın namizədliyinin təsdiq olunması proseduru onun hər bir üzv-dövlətlə şəxsən görüşü yolu ilə təşkil edilib”, - deyə V.Zaynetdinov bildirib. Onun sözlərinə görə, dekabrın 12-dən 20-ə kimi belə görüşlər həmçinin Qazaxıstan, Qırğızıstan, Tacikistan və Rusiya prezidentləri ilə keçirilib. "Həmin görüşlərdə Stanislav Zasın namizədliyi dəstəklənib”, - deyə KTMT-nin mətbuat xidmətinin rəhbəri bildirib. Əlavə edib ki, N. Paşinyanla görüş isə qeyri-müəyyən vaxta kimi təxirə salınıb. V.Zaynetdinov əlavə edib ki, KTMT-nin katibliyi KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının sədri, Qırğızıstan prezidenti Sooronbay Jeenbekovun qurumun Nazirlər və Xarici İşlər Şurasında dəyişikliklər edilməsi barədə təklifini qəbul edib. Nəşrdə dərc olunan məqalədə vurğulanır ki, beş ölkə yeni sədr məsələsində razılığa gəliblər və indi kadr məsələsinin həlli erməni tərəfindən asılıdır. Bəlli olduğu kimi, Yerevan KTMT-nin əvvəlki sədri Yuri Xaçaturov barəsində cinayət işi başlatmış, ardınca da onu vəzifəsindən geri çağırmışdı. Daha sonra isə onun başqa şəxslə əvəzlənməsi təklifi ilə çıxış etmişdi. Bu da N.Paşinyanın baş katibliyə öz namizədini irəli sürən Belarus lideri Aleksandr Lukaşenko ilə açıq münaqişəsinə gətirib çıxarmışdı. Bu qarşıdurmada tərəflər Belarusun irəli sürdüyü namizədə dəstək vermişdilər.
"Kommersant” yazır ki, rəsmi Yerevan bu məsələ ilə bağlı pauza götürüb. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyanın sözlərinə görə, Ermənistan üçün bu məsələ tam həllini tapmayıb. N.Paşinyan dekabrın 23-də bildirib ki, hələ ki, S.Zasla görüşü məqsədəuyğun saymır. Onun sözlərinə görə, danışıqlar davam edir. Rusiya XİN-dən məlumatlı mənbə qəzetə bildirib ki, Moskva bu məsələyə Putin-Paşinyan görüşündə nöqtə qoyulacağına ümid edir. "Yeni ili pozitivlə başlamaq arzuolunandır. Kompromis gərəkdir. Erməni tərəfinin ağlına ümid edirik. Yerevanın beş ölkənin prezidentinin fikirlərini nəzərə alacağına inanırıq. Əgər sən təşkilata üzvsənsə, kompromisə hazır olmalısan”, - deyə mənbə bildirib.
Ermənistanın Respublika Partiyasının sədri Aram Sarkisyan isə özünün Facebook səhifəsində bildirib ki, Ermənistan addım-addım NATO ilə əməkdaşlığı aktivləşdirməlidir: "Bu zaman bizə münasibət birmənalı şəkildə dəyişəcək. Əminəm ki, bizə Rusiyanın lazım olduğundan daha çox, biz Rusiyaya lazımıq. Əks təqdirdə Rusiyanın sərhədləri Kransanodar vilayətindən keçəcək”.
Öz növbəsində erməni politoloq Suren Sarkisyan hesab edir ki, Ermənistan KTMT-nin baş katibi vəzifəsini qoruyub saxlaya bilməyəcək. O, jurnalistlərə açıqlamasında deyib ki, bu vəzifəni artıq itiriblər: "Belarus nümayəndəsi artıq KTMT üzvləri ilə görüşlər keçirir və dövlət başçıları da onu rahatlıqla qəbul edirlər. Məncə, onlar öz mövqelərini artıq müəyyən ediblər. Belarusun namizədinin seçimi Ermənistanın ona qarşı veto haqqından istifadə edib-etməyəcəyindən asılı olacaq. Əgər yanvar ayında planlaşdırılan KTMT liderlərinin görüşündə məsələ həll edilməsə, o zaman Rusiya Ermənistanın sədrlik vaxtı bitənə qədər təşkilata rəhbərlik etməyə davam edəcək”. Erməni mediasında da KTMT məsələsi prioritet təşkil edir. "1in.am” saytı yazır ki, baş katib məsələsi ətrafında hadisələrin inkişafı onların xeyrinə deyil: "Bundan əlavə, qazın qiyməti məsələsində də proqnozlar optimist deyil. Böyük ehtimalla "Qazprom” qazın qiymətini qaldıracaq”. Materialda qeyd olunur ki, Paşinyanın bu gün Moskvaya baş tutacaq səfəri seçkilərdən sonra reallaşan ilk səfərdir: "Baxmayaraq ki, Putin seçkidə qələbə münasibətilə Paşinyanı təbrik etməyib”.
"Qraparak” nəşri də yazır ki, Ermənistanla Rusiya arasında münasibətlər hər ötən gün daha da çətinləşir. 8 aydır baş nazir postuna sahib olan N.Paşinyan hələ də rəsmi şəkildə Rusiyaya dəvət olunmayıb, KTMT-dəki problemlər sırasına isə yaxın vaxtlarda qaz da əlavə olunacaq. "Rusiya hələ də Paşinyanı təbrik etməyib. Putinin parlament seçkilərində qələbəyə görə təbrik etməli olmadığı bildirilsə də, 2017-ci il seçkilərində o cəmi bir gün sonra Serj Sarkisyan və Respublikaçılar Partiyasını təbrik etmişdi”, - nəşr qeyd edib.

AZƏR

banner

Oxşar Xəbərlər