AZE | RUS | ENG |

Kolleksiyamı zibilliyə atmasınlar

Kolleksiyamı zibilliyə atmasınlar
Haluk Oral: “Mənim üçün özündən əvvəlkilərin iziylə getməmiş, yeni cığır açmış, böyük bir mədəniyyətin təmsilçisi olan yaradıcı insanlar önəmlidir”

Professor Haluk Oral ədəbiyyat aşiqi bir riyaziyyatçı və Türkiyənin ən önəmli avtoqraf kolleksiyaçılarından biridir. Fəqət o, sadəcə Türkiyə ədəbiyyatının görkəmli şair və yazıçılarının imzalı kitab, rəsm ya da məktublarını toplamır, həmçinin o imzaların ardınca gedərək  tarixə işıq sala biləcək hekayələrini araşdırır. H.Oral Boğaziçi universitetində 20 il dərs demiş, həmçinin bir müddət fakültə dekanı vəzifəsini icra etmişdir. Uşaqlığından bəri ədəbiyyat sevdalısıdır. Val, afişa, Çanaqqala sənədləri kimi kolleksiyaları olan, Osmanlı əskinaslarını yığarkən əski Türkcəni öyrənən H.Oralın əsas "işi” isə avtoqrafladır. H.Oral 30 ildən çoxdur ki, Türkiyə ədəbiyyatının şair və yazarlarının imzalı kitab, məktub, rəsm və fotolarını toplayır.  O, Doğan Hızlanın təbirincə desək, "ədəbiyyat arxeoloqu”dur. Çünki kolleksiyasını yığdığı imzalar vasitəsi ilə bizim səthi yanaşdığımız o şeirlərin, hekayələrin sirli məqamlarını, qəhrəmanlarını araşdırır, naməlum məqamları sənədlərlə, kitab ya da məqalələrlə bizlərə təqdim edir. Nəşrə hazırladıqlarını saymasaq (bu günlərdə Nazim Hikmət haqqında bir kitab yazır) 6 kitabı var ki, beşinin tarixçəsi avtoqraflarla başlayıb. Ən son yazdığı – bioqrafiya hesab oluna biləcək "Bir roman qəhrəmanı – Orxan Vəli” adlı kitabıyla 2016 Sədat Səmavi Ədəbiyyat mükafatını almışdır. H.Oralla iki sıra düzülmüş nəhəng kitabxanası, önəmli sənətçilərin yağlı boya rəsmləri, nərddən qazandığı mükafatlarla dolu, pişiyi Ədibə ilə 3-cü baharını yaşadığı evində görüşdük. Əzbər bildiyi 400-ə yaxın şeirdən arabir oxudu və onun nadir kolleksiyası barədə söhbətləşdik.
 
–  Əlinizdə nə qədər imzalı kitab, sənəd var?
–  On minə yaxın. Ömər Seyfəddindən başqa Türkiyə ədəbiyyatındakı hər kəsin imzası var. İmzasını axtarıb tapmadığım heç kim yoxdur, lakin onun imzalı kitab və məktubları tapılmır. 
 
–  Bu imzaları haradan tapırsınız?
–  Bukinistlərdən. Əlbəttə, bir çox dostum da özlərindəki imzalı kitabları hədiyyə ediblər mənə. Rəhmətlik Oğuz Aral bircə "mənim üçün xüsusi önəmi var” dediyi Əziz Nesin kitablarından savayı özündəki bütün imzalı kitabları mənə hədiyyə etmişdi. Səlim İləri də Bahçet Necatigil imzalı kitablarından başqa… Mərhum Ufuk Güldəmirin qızı tələbəmdir. O da bu cür kitablarını mənə göndərib. 
 
–  Bəs xarici şair və yazarların da imzalarını toplayırsınızmı?
–  Xeyr. Xarici imzalardan bircə Nazim Hikmətin də yaxın dostu olan Pablo Nerudanı axtarıb tapmışam. Onun xaricində sadəcə bu torpağın insanları...
 
–  Sevdiyiniz şairlər var?
–  Hər şairin sevdiyim şeiri var. Amma bir şəxsin adını çəkməyim lazımdırsa, Nazim Hikmətin mənim üçün xüsusi yeri var. Həmçinin Yəhya Kamal Bayatlının da. Mənim üçün özündən əvvəlkilərin iziylə getməmiş, yeni cığır açmış, böyük bir mədəniyyətin təmsilçisi olan yaradıcı insanlar önəmlidir. Və də Orxan Vəli – əski mədəniyyəti çox yaxşı bilməsinə rəğmən, böyük bir cəsarətlə fərqli yoldan getməyə çalışmış şairdir. 
 
–  "Şeir tarixçələri” adlı kitabınızdan öyrəndim ki, Əhməd Arif "Hasretinden prangalar eskittim” adlı şeirinin adını bir dostunun müdaxiləsi olmasa, "Dört yanım puşt zulası” qoyacaqmış. Özdəmir Asafın Laviniası, yəni gerçək adıyla Mevhibe Bayat həyatı film olacaq qədər maraqlı və tilsimli bir qadındır. Bəs başqa hansı tarixçələr var?
–  Çoxdur, amma qəfildən düşünəndə ağlıma gəlmir. Baxdığımız hər yerdə maraqlı bir gerçək ortaya çıxır. Ədəbiyyata həyatını verən çox qadın yoxdur, bu cür kişilər də azdır. Eyni qadına birdən çox kişi aşiq ola bilir. Təbii ki, Laviniada da belə cazibə qüvvəsi var idi. Amma həmişə bir pərdənin arxasında idi. Romanmı olar yoxsa başqa bir  janrdamı bilmirəm, fəqət yazacağam. 
 
–  Təxminimə görə söhbətləşdiyiniz yazar və şairlər də var...
–  1984-cü il idi. Kanada doktorantura təhsili alırdım. Türklər bir araya gəlib, şeirlər oxuyurduq. Əli adında biri gəldi və "atamı tanıyırsan?” dedi. "Kimdir?” sualıma "Cahit Külebi” cavabını verdi. Külebinin şeirini dedim, qucaqlaşıb dost olduq. 1986-cı ildə Çernobıl hadisəsi oldu. İstanbula gedəcəyim o yaz Mehmet Əli "Ankaraya atama çay apararsan?” deyə soruşdu. Təbii ki, apardım. Oğlunun dostu olduğum üçün hörmətlə qarşılandım, maraqlı söhbətlər etdikdən sonra məndən bir istəyiniz varmı deyə soruşdu. "Hekayə” adlı şeirinizi mənə öz avtoqrafınızla verərsiniz? soruşdum. Yazdı və üstəlik evdə nə qədər kitabı varsa, imzalayıb mənə verdi. Özləri və uşaqları ilə dost olduğum çox ədəbiyyatçı var. 
 
–   Sizdən sonra bu kolleksiyaya nə olacaq?
–   Uşaqlarım nə istəsə, edə bilərlər. Bircə kolleksiyamı zibilliyə atmasınlar. Əslində, qızımın ədəbiyyata marağı var. Edib Cansevəri çox sevir. Bir kitab hədiyyə etmişdim, əlləri titrədi alanda. Kolleksiyamı belə bir qıza verməyib, kimə verəcəyəm ki? Ancaq hansısa quruma bağışlayacağıma inanmıram, çünki dəyərini bilmirlər. Bukinistə də verilə bilər, ən azından orada dəyərini biləcək birinə satarlar.
 
Söhbətləşdi: Nilay Örnək
Türkiyə türkcəsindən uyğunlaşdıran: Aytac Quliyeva

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6995
GBP 1 İngilis funt sterlinqi 2.4138
TRY 1 Türk lirəsi 0.4229
KWD 1 Küveyt dinarı 5.6700
SEK 1 İsveç kronu 0.2025
EUR 1 Avro 2.1043
CHF 1 İsveçrə frankı 1.7552
USD 1 ABŞ dolları 1.7000