• çərşənbə axşamı, 23 aprel, 23:56
  • Baku Bakı 20°C

Kolleclərin universitetlərə verilməsi təhsilimizin dünyaya inteqrasiyasıdır

08.05.15 07:42 2053
Kolleclərin universitetlərə verilməsi təhsilimizin dünyaya inteqrasiyasıdır
Ekspertlər bu sistemə keçidin yüksək ixtisaslı kadrların yetişdirilməsi üçün böyük əhəmiyyəti olduğunu bildirirlər
Dünyanın aparıcı univeristetlərinin tərkibində kolleclərin fəaliyyət göstərməsi ənənəsi var. Hətta həmin kolleclərin təhsil proqramları da nəzdində yerləşdikləri ali məktəblərin proqramlarına yaxındır. Bu isə kollecdə oxuyan tələbələrin daha yaxşı təhsil almasına gətirib çıxarır. Azərbaycan təhsilində də bu təcrübəyə keçid edilir. Belə ki, ölkəmizdə kolleclərin ali məktəblərin nəzdinə keçirilməsi prosesinə başlanacaq.
Bu haqda təhsil naziri Mikayıl Cabbarov “Xəzər Avropa Klubu”nun üzvləri ilə görüşündə deyib. Nazirin sözlərinə görə, bu, bir tərəfdən resurslardan daha faydalı istifadəni təmin edə, digər tərəfdən orta ixtisas təhsili müəssisələrində təhsilin keyfiyyətinin və onlara marağın artırılmasına xidmət edə bilər. O bildirib ki, burada ixtisaslara da önəm veriləcək.
“Bu bizim arzumuz yox, dünya təhsilinə inteqrasiyadır”
Təhsil eksperti Əjdər Ağayev qəzetimizə açıqlamasında bildirdi ki, kolleclərin universitetlərin nəzdinə keçirilməsi təhsil sisteminin dünyaya inteqrasiyasıdır: “Orta ixtisas məktəbləri yaranan dövrlərdə Bakı Dövlət Universitetindən başqa ali məktəb yox idi. Çevik müəllim kadrları hazırlamaq üçün orta ixtisas məktəbləri o dövr, müharibə dövrü üçün çox vacib idi. Amma indiki inkişaf səviyyəsində dünyada kollec anlayışı sıxışdırılır və universitetlərin imkanları genişləndirilir. Universitetlərin orta məktəbi, kolleci, peşə məktəbi, laboratoriyası və s. var. Biz də dünyaya inteqrasiya edirik. Ona görə də kolleclərin universitetlərə birləşdirilməsi təbii haldır və zamanın tələbidir. Bundan sonra yarımçıq təhsil və diplom alan olmayacaq. Hamı ali təhsil müəssisəsindən diplom alacaq. Bircə problem iş yeri təminatı ilə bağlıdır. Əgər o da olsa, düşünürəm ki, bu başlanğıcın çox əhəmiyyətli nəticələrini görə biləcəyik. Dünyanın bir çox yerlərində elədir. Təhsilin inkişafı üzrə dövlət startegiyasında da təhsilin yeni keyfiyyət mərhələsinə keçid var. Orada dünya təcrübəsinin öyrənilməsi və inteqrasiyanın sürətlənməsi nəzərdə tutulur. Bu il 12 illik təhsilə keçirik. Bu bizim arzumuz yox, dünya təhsilinə inteqrasiyadır. Dünya 12 illik təhsil sisteminə keçirsə, bizim burada 11 illik təhsildə qalmağımız düz deyil. Azərbaycanda 11 il oxuyan şəxsin təhsili digər ölkədə artıq tam orta təhsil hesab olunmaya bilər. Standartlara uyğunlaşmalıyıq ki, dünyaya inteqrasiya edək”.
Ekspertin sözlərinə görə, bu sistemə keçidin özəlliklərindən biri də kolleci yüksək qiymətlə bitirənlərin sonradan həmin müəssisədə ali təhsil almaq imkanının olmasıdır: “Orada belə bir şey var ki, orta ixtisas məktəbini əla qiymətlərlə bitirənlər birbaşa universitetin üçüncü kursuna qəbul ola biləcəklər. Yeni sistemin belə imkanları varq. Bu sistem həm də insanların böyük marağına səbəb olacaq. Kolleci bitirəndən sonra həm işləyə biləcək, həm də əgər kolleci yaxşı qiymətlə başa vurubsa, universitetdə təhsil ala biləcək. Əsas müsbət yönümü də ali təhsil almaq şansının yaradılması ilə bağlıdır”.
Ə.Ağayev deyir ki, kolleclər öz istiqamətlərinə uyğun universitetlərin nəzdində fəaliyyət göstərəcəklər: “Kolleclərin özlərinin ixtisas istiqamətləri var və həmin istiqamətə uyğun universitetlərə veriləcəklər. Pedaqoji təmayüllü kolleclər bu tipli universitetlərin nəzdində fəaliyyət göstərəcək. Mühəndislik təmayüllüdürsə, Memarlıq və İnşaat Universitetinə veriləcək və s”.
Universitetlərin hamısında kollec yaratmaq olmaz
Ə.Ağayev bildirdi ki, əgər növbəti təhsil ilindən bu sistemə başlanılsa, tam tətbiqi 4-5 il zaman aparacaq: “Onun üçün proqram tərtib olunmalı, uyğunlaşdırma aparılmalı, tədris avadanlıqları müəyyənləşdirilməli, yeni tələblər üzrə informasiya texnologiyalarından istifadə imkanları yaradılmalıdır. Universitetin nəzdinə keçdiyi üçün orada təhsil verəcək kadrlar lazımdır. 4-5 il bu sistemin təkmilləşdirilməsinə və hamı tərəfindən qəbul olunan formasına çatmağa vaxt gedəcək”.
Ekspert qeyd etdi ki, hər bir universitetin öz tərkibində kollec yaratmaq ixtiyarı var. Amma biz təhsil sistemimizdə artıq olan kollecləri ləğv edib, universitetlərin daxilinə yerləşdirdiyimiz üçün bu, univeristetlər üçün hazır baza deməkdir: “Bununla dünya sisteminə keçirik. Dünyanın heç yerində ayrıca ixtisas məktəbi yoxdur. Universitetlərin ayrıca kollec yaratması artıq yeni baza formalaşdırmaq deməkdir. Amma bizim kolleclər hazır bazadır, onları universitetlərin tərkibinə daxil edəcəklər və univeristetlər sadəcə olaraq onları öz təhsil sistemlərinə uyğunlaşdıracaqlar. Universitetlərin hamısında kollec yaratmaq olmaz. İlk öncə öndə olan universitetlərə həvalə ediləcək. Kampusları, böyük şəraiti olan universitetlər bu iş üçün daha yaxşıdır. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Slavyan Universiteti, Dillər Universiteti ola bilər. Özəllərin isə öz daxilində kollec yaradıb-yarada bilməyəcəyi hələ ki sonrakı zamanın məsələsidir. Onların hələ ki belə imkanları olmadığının düşünürəm. Amma dövlət universitetlərində bunu yaratmaq olar. Bu da kifayət edəcək”.
Artıq ölkəmizdə belə təcrübə var
Təhsil eksperti Məhərrəm Zülfüqarlı deyir ki, Turizm və Menecment Universitetində artıq bu ənənə yaradılıb və digər universitetlərdə də yardılsa, yaxşı nəticələr əldə edilə bilər: “Turizm və Menecment Universitetinin nəzdində Turizm Peşə Məktəbi var. Gələcəkdə digər qurumlar da bu cür təhsil sistemindən istifadə edə bilərlər. Təhsilin mərhələli şəkildə bir universitetin daxilində aparılması müsbət haldır. Avropa, Qərb təcrübəsində bu sistem geniş yayılıb. Bizim bu sistemə tam keçməyə nə qədər hazır olduğumuzu deyə bilmərəm. Amma yaxın gələcəkdə bunu tətbiq etmək olar”.
M.Zülfüqarlının sözlərinə görə, kollecin universitet daxilində olması orada təhsil imkanlarının geniş olmasına gətirib çıxarır: “Bu cür sistem kolleclərdə təhsilin keyfiyyətinə də müsbət təsir göstərir. Əgər kollec universitetin nəzdindədirsə, univeristetin potensialından da istifadə edilir, daha yüksək səviyyəli mütəxəssislər oraya cəlb olunur. Kolleci yaxşı qiymətlərlə bitirənlərə isə universitetdə təhsil almaq imkanı yaradılır. Əgər universitetlər öz daxilində kolleclərin fəaliyyət göstərməsin hazırdırlarsa, niyə də olmasın? Özəl universitetlər öz tərkibində kollec yaradıb, tələbə toplaya biləcəksə, buna müsbət yanaşmaq, dəstək olmaq lazımdır. Çünki bu məsələdə qadağaların qoyulması Azərbaycan gənclərinin təhsil üçün Ukrayna, Türkiyə, Gürcüstan kimi yaxın ölkələrə getməsinə şərait yaratmış olur. Bu məsələlərdə dövlət nəzarəti olmaq şərtilə özəl universitetləri sərbəst buraxmaq lazımdır. Dövlət universitetlərin imkanlarını yoxlamalı və bu işi öz üzərlərinə götürə bilib-bilməyəcəklərini müəyyən etməlidir”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər