• cümə, 29 Mart, 10:47
  • Baku Bakı 5°C

Kollecin fəaliyyətinə, müəllim əməyinə verilən qiymət - Fotolar

08.06.18 16:01 1485
Kollecin fəaliyyətinə, müəllim əməyinə verilən qiymət - Fotolar
Bakı İdarəetmə və Texnologiya Kollecində (BİTKol) təhsil ekspertləri Nadir İsrafilov, professor Şahlar Əsgərov, fəlsəfə doktoru Etibar Əliyev, "Mektebgushesi.az” portalının təsisçisi və baş redaktoru Məzahir Məmmədlinin iştirakı ilə görüş keçirilib. Görüşdə məqsəd "Mektebgushesi.az” portalında 20 aprel 2018 - 30 may 2018-ci il tarixlərində kolleclər arasında keçirilən "Hansı kollecdə tədris və idarəetmə sizi qane edir” sorğusunun əhəmiyyətini diqqətə çatdırmaq, həmçinin sorğunun nəticələrini elan etmək olub.

Tədbiri giriş sözü ilə kollecin direktoru, filologiya üzrə fəlsəfə doktoru, əməkdar müəllim Faiq Şahbazlı açaraq, rəhbərlik etdiyi təhsil müəssisəsi barədə qonaqlara ətraflı məlumat verib. Təhsil müəssisəsində hazırda 19 ixtisas üzrə kadr hazırlandığını dilə gətirən direktor təəssüflə vurğulayıb ki, ötən il 5 ixtisas üzrə kollecə qəbul dayandırılıb. O, təhsil müəssisəsində 1582 tələbənin təhsil aldığını, 150 müəllimin, 133 nəfər tədris köməkçi heyətin çalışdığını bildirib. Qeyd edib ki, hazırda kollecdə yaz imtahan sessiyasına başlanılıb. Onun sözlərinə görə, kollecin bütün müəllim heyəti ümumilikdə imtahan prosesinin şəffaf, demokratik, obyektiv, ədalətli keçirilməsi üçün səfərbər olunublar.

"Mektebgushesi.az” portalının təsisçisi və baş redaktoru M.Məmmədli keçirilən sorğu barədə daha geniş məlumat verərək bildirib ki, ali məktəblər arasında indiyə qədər bir neçə bu tipli sorğular keçirilib. Lakin orta ixtisas təhsil müəssisələri arasında ilk dəfədir ki, belə sorğu keçirilib. M.Məmmədli sorğunun 37 kollec arasında keçirildiyini diqqətə çatdırıb.

Təhsil eksperti N.İsrafilov kolleclər arasında keçirilən sorğunun ideyasının "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan, "İctimai iştirakçılıq haqqında qanun”dan, təhsildə dövlət siyasətinin prinsiplərindən qaynaqlandığını söyləyib. Bildirib ki, təhsildə dövlət siyasətinin əsas prinsipləri humanistləşmə, demokratikləşmə, şəffaflıq, aşkarlıq və sairdən ibarətdir. O, təhsillə bağlı Milli Məclisdə qəbul edilən qanundan, Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamlardan, həyata keçirilən islahatlardan geniş söhbət açıb.

Tədbirdə təhsil ekspertləri professor Ş.Əsgərov, fəlsəfə doktoru E.Əliyev, həmçinin kollecin müəllimlərindən Rafiq Salahov, Məhbubə Qurbanova, Gültəkin Zeynalova çıxış edərək öz fikirlərini bölüşüblər. Bununla yanaşı, tələbələri maraqlandıran suallar ekspertlər tərəfindən ətraflı cavablandırılıb.

Sonda təhsil eksperti Ş.Əsgərov "Hansı kollecdə tədris və idarəetmə sizi qane edir” sorğusunun nəticələrinə görə II yeri tutan BİTKol-un diplomunu kollecin direktoru F.Şahbazlıya təqdim edib. Direktor bu mükafatı ümumilikdə kollecin fəaliyyətinə, müəllim əməyinə verilən qiymət kimi səciyyələndirib.









banner

Oxşar Xəbərlər