• cümə, 29 Mart, 19:28
  • Baku Bakı 14°C

Kollecdən universitetə

24.11.17 10:30 15336
Kollecdən universitetə
Gələcəkdə ali təhsil proqramlarının orta ixtisas təhsilində (kollec) tətbiqi nəzərdə tutulur. Trend-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev "Ali təhsildən gözləntilər" mövzusunda keçirilən seminarda deyib. Onun sözlərinə görə, hazırda ixtisasların təsnifatı hazırlanır: "Gələcəkdə ali təhsildə olan ixtisasların təsnifatı kolleclərdə olan ixtisasların təsnifatına transformasiya olunmalıdır. Təbii ki, hər iki təsnifat eyni olmalıdır. Məqsəd bakalavr ali təhsilinə rəvan keçidi təmin etməkdir. Gərək proqramlar elə uzlaşsın ki, orta ixtisas təhsilindən ali təhsilə keçid olduqda onların qazandıqları kreditlər ali təhsildə tanınsın və ali təhsildə onların normativ təhsil müddətləri azalsın".
Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü deyir ki, bu yenilik bütün kollec bitirənlərə şamil olunmamalıdır: "Müəyyən bir ixtisas üzrə kolleci bitirənlər tam ali təhsilli yox, orta ixtisas təhsilli hesab olunurlar. Yeni sistem isə orta təhsillilərə ali məktəbdə ixtisaslarını tamamlama imkanı verir. Amma bu, bütün kollec bitirmiş məzunlara şamil edilməməlidir. Bu şans kollecdə oxuduğu müddət ərzində yaxşı oxuyan və oranı yüksək balla bitirənlərə verilməlidir. Yəni konkret olaraq bir çərçivə qoyulmalıdır ki, bu şansdan kimlər istifadə edə bilər”. M.Mürşüdlü deyir ki, təklif olunan variant kolleclərdə təlim keyfiyyətinin artırılmasını təmin edəcəkdir. Tələbələr başa düşəcəklər ki, kolleci bitirdikdən sonra ali məktəb oxumaq şansları daha yüksəkdir. Beləcə, təhsilə, oxuduqları ixtisasa daha məsuliyyətli yanaşacaqlar. Bu cür sistem Sovet dövründə də var idi. Kolleci bitirənlər ali məktəblərə imtahansız qəbul olub, təhsillərini ali səviyyədə davam etdirə bilirdilər. Düşünürəm ki, müasir dövrdə bunu etmək daha əhəmiyyətli olacaq. Çünki bu həm də, hər bir vətəndaşın ali təhsil almaq hüququnun pozulmamağıdır, fasiləsiz təhsilin təmin edilməsi deməkdir”.
Müsahibimiz deyir ki, bu qaydanı bütün ixtisaslar üzrə etmək mümkün deyil: "Bəzi ixtisaslar var ki, onlara xüsusi diqqət etmək lazımdır. Bu təsnifatı bütün ixtisaslar üzrə aparmaq imkanımız yoxdur. Kolleclərin verdiyi ixtisas tam mükəmməl səviyyədə deyil. Orta ixtisas proqramı çərçivəsində aldığı təhsilin keyfiyyəti məzunun buraxılış imtahanı göstəricilərində bəlli olur”.
Təhsil eksperti, pedaqoji elmlər doktoru Hümeyir Əhmədov bildirir ki, bu təcrübə digər ölkələrdə də tətbiq olunur: "Dünya ölkələrində də belə bir sistem var. Məsələn, kollec bitirənlər üçün ali təhsil müddəti 6 ay azaldılır. Amma burda bir sual yaranır. Kollecə gələn şagird 9 illik, yoxsa 11 illik məktəb bazası ilə gəlir? Yəni həm 11 illik məktəb bazasını, həm də ixtisası üzrə kollec təhsili alıbsa, demək ki, bu şəxs 11 illik məktəb bazası ilə birbaşa universitetə gələndən çox bilir. Belə bir müqayisə aparaq: İki nəfər eyni ildə Azərbaycan Tibb Universitetinə qəbul olur. Bunlardan biri məktəbi bu il bitirib, digəri isə tibb kollecinin məzunudur. Sizcə hansı çox bilər? ...Bu kimi məsələlərə diqqət etmək lazımdır. Mexanizmin həyata keçirilməsi məsələsinə gəlincə isə, yəqin ki, bu barədə hökumətin müəyyən bir göstərişi olacaq”.
Ekspert deyir ki, kollecdə keçilən dərsin hansı səviyyədə qavranıldığını da öyrənmək lazımdır: "Kollecin tədris etdiyi fənlərlə, universitetdə keçilən dərslər arasındakı fərqlər müəyyən olunmalıdır. Fənlər eyni olarsa, bu zaman kollec bitirən tələbənin həmin fənni nə dərəcədə bildiyini test etmək lazımdır. Əgər tələbənin bilik səviyyəsi yaxşı olarsa, həmin fənni bir də təkrar universitetdə oxumağına ehtiyac olmaz”.
Təhsil eksperti Nadir İsrafilov deyir ki, gələcəkdə universitetlərdə və kolleclərdə olan ixtisasların uyğunlaşdırılması ilə bağlı mülahizələri heç şübhəsiz ki, orta ixtisas təhsilindən ali təhsilə keçidi optimallaşdırmaq və təkrarlığı aradan qaldırmaqla növbəti bakalavr pilləsində təhsil müddətinin azaldılmasına hesablanıb: "Məsələnin maraqlı və düşündürücü cəhəti də məhz ondan ibarətdir ki, orta ixtisas təhsilindən ali təhsilə keçid olduqda orta ixtisas pilləsində qazanılan kreditlərin ali təhsildə tanınması üçün proqramlar necə uzlaşdırılacaq? Başqa sözlə, bu, ixtisasların hansı səviyyədə təsnif olunacağından asılı olan bir məsələdir və ixtisasların təsnifatı hazırlandıqdan və müzakirəyə çıxarıldıqdan sonra daha konkret bir fikir söyləmək olar. O ki, qaldı qaldırılan məsələyə ümumi yanaşmaya əlbəttə təhsil şəbəkəsinin rasionallaşdırılması və optimallaşdırılması, xüsusilə də təhsildə fasiləsizliyin təmin edilməsi və ali təhsilin hamı üçün əlçatan olması baxımından belə bir addım atılmasını ancaq təqdirəlayiq hal kimi dəyərləndirmək olar”.
Ekspert bildirir ki, elə sahələr, ixtisaslar var ki, orda ali təhsilə ehtiyac yoxdur. Onu orta ixtisas təhsili ilə də yola vermək olur. Amma elə sahələr də var ki, orada sırf ali təhsil tələb olunur: "Bizim təhsil siyasətimizdə fasiləsiz təhsil nəzərdə tutulub. Bakalavrdan sonra magistr təhsili, ondan sonra akademik təhsil gəlir. Bu baxımdan, kimsə orta ixtisas təhsili alıb, bu sahədə çalışıb, indi isə ali təhsilini inkişaf etdirməyi qarşısına məqsəd kimi qoyubsa, ona bunun üçün şərait yaradılmalı, şübhəsiz ki, stimullaşdırıcı güzəştlər olmalıdır. Bir var, şagird orta məktəbdən gəlib ali məktəbə qəbul olur, bir də var, kollecdən gəlib. Onun ixtisası üzrə baza təhsili var. Bu baxımdan, orta ixtisas təhsili alanlar üçün ali təhsil müəssisələrində tədris ili ərzində aldıqları təhsilə müvafiq olaraq azaldılması daha məntiqə uyğundur”.
Müsahibimiz qeyd edir ki, eksternat təhsillə bağlı belə bir təcrübə var: "Proqram materialını vaxtından əvvəl yerinə yetirən istedadlı uşaqları, məsələn, beşinci sinifdən altıncı sinfi oxumadan yeddinci sinfə keçirirdilər. Qızıl medalçılar ali təhsil müəssisələrinə bir imtahan verib qəbul olduğu halda, digərləri dörd fəndən imtahan verirdi. İndi də kolleclərdə təhsil alanların fundamental təhsilini nəzərə alaraq, onlara ali məktəblərdə gələcək təhsillərini inkişaf etdirə bilmələri üçün fərq qoymaq, güzəştlər etmək vacib məsələdir. Kolleclərdə təhsil alanlara ali təhsil müəssisələrinə qəbul olarkən güzəştlərin edilməsi onları həvəsləndirəcək. Bu məsələlər üzərində iş gedir, peşə təhsilinin də üç pilləli olması təklif olunur. İlk peşə təhsili, ümumi peşə təhsili və həmin təhsilin ali səviyyədə inkişaf etdirilməsi mərhələsi. Bu məsələlər, şübhəsiz ki, təhsilin ümumi inkişafına xidmət edir. Bunlar kortəbii şəkildə yaranmır, təbii ki, beynəlxalq təcrübəyə əsaslanır”.
Günel Azadə
banner

Oxşar Xəbərlər