Kolbasaların tərkibi və dadı dəyişəcək
Azərbaycanda
ət məhsulları ilə bağlı standartlara dəyişiklik edilir. Milli standartlar
beynəlxalq standartlara uyğunlaşdırılır. Bunun üçün ət məhsulları
istehsalçılarının xahişi ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsi tərəfindən işçi qrupu yaradılıb və milli standartlarda olan
boşluqlar araşdırılıb. Həmçinin kolbasa və sosiskaların tərkibinə əlavələrin
edilməsi onun saxlama müddətinin artmasına da səbəb olacaq. Standartlara edilən
dəyişikliyin iyunun 15-nə kimi qəbul və tətbiq ediləcəyi gözlənilir.
Edilən
dəyişiklikdən sonra kolbasanın dadında, keyfiyyətində, qiymətində və tərkibindəki ətin miqdarında hər hansı bir fərqin olub-olmayacağını
öyrənməyə çalışdıq.
Ət məhsullarımızın xarici bazara çıxış potensialı
yüksəkdir
Standartlaşdırma,
Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) İctimaiyyətlə əlaqələr
şöbəsinin müdiriFazil
Talıblı deyir ki, milli
standartlar mütəmadi olaraq beynəlxalq standartlara uyğunlaşdırılır: "Bu gün prezident
tərəfindən qoyulan ciddi vəzifələrdən biri də Azərbaycanın yerli
məhsullarının xarici bazara çıxışını
təmin etməkdir. Azərbaycanda ət məhsulları istehsalı çox geniş bazardır. Ət
məhsulu istehsalçıları və sahibkarlar müasir texnologiyaların tətbiqi ilə
beynəlxalq standartlara cavab verən yeni istehsal müəssisələri yaradıblar. Ölkəmizdə
olan ət məhsullarının xarici bazara çıxış potensialı yüksək qiymətləndirilir.
Bu baxımdan da məhz bu məhsulların istehsalçıları ilə Dövlət Komitəsinin ekspertləri arasında keçirilən görüşlərdə, texniki
komitələrin işində, müzakirələrdə ət məhsullarının standartlarına yenidən
baxılması aktual hesab edildi. Xarici bazara çıxış, rəqabət qabiliyyətini artırmaq
üçün məhsullarımızın tərkibinin beynəlxalq standartlara uyğunlaşması məsələsi
ortaya qoyuldu”.
F.Talıblı
qeyd edir ki, bu sahədə dövlətlərarası standartlar mövcuddur ki, həmin
standartlarda məhsulun tərkibinə müxtəlif növ tərəvəz məhsulları vurulur: "Bu, onun
keyfiyyətini, saxlanma müddətini artırmaqla bərabər, məhsulun rəqabət
qabiliyyətini də yüksəldir. Bu baxımdan, biz hesab edirik ki, normativ sənəd
hazırlanarkən müvafiq qurumlar tərəfindən araşdırılır, laborator analizlər
aparılır. Hər bir standartın tətbiqi böyük bir elmi araşdırmanın nəticələrinə
söykənir. Nümunələr götürülərək məhsulun tərkibi yoxlanılır. İnsan orqanizminə
təsiri araşdırılır. Və əgər sağlamlığa mənfi təsiri yoxdursa, həmin
standartların tətbiqi ilə məhsulun istehsalına icazə verilir” .
Kolbasanın
tərkibində edilən bu dəyişikliklərin ondakı ətin miqdarına və bazardakı satış
qiymətinə necə təsir edəcəyini soruşduq. Şöbə müdiri bildirdi ki, kolbasanın tərkibində ətin, suyun və digər
xammalların müəyyən kütlə payı var: "Başqa xammal daxil edildikdə, təbii ki,
müəyyən dəyişikliklər olacaq. Amma bu, ətin yox, digər xammalların kütlə payının
azalması hesabına olacaq. Standartlar təsdiq edildikdən sonra biz bunu mətbuata
təqdim edəcəyik. Həmin standartlarda konkret olaraq hər şey aydın yazılacaq. Keyfiyyətli,
orqanik cəhətdən təmiz kənd təsərrüfatı məhsulları
istehsalında Azərbaycan öncül ölkələrdəndir. Bizdə yetişdirilən tərəvəzlərin
həm keyfiyyəti, həm onun satış qiyməti elə baha deyil ki, bu, hazırlanacaq
məhsulun qiymətinə təsir etsin. Əksinə, bu proses satışı stimullaşdıra bilər.
Son nəticə olaraq isə onu deyə bilərəm ki, qiyməti bazar özü tənzimləyəcək ” .
Yaxşı
təklifdir, amma...
Azad İstehlakçılar İctimai Birliyinin
sədri Eyyub Hüseynov bu dəyişikliyin tam tərəfdarı olduğunu dedi: "Lakin bu
məsələdə bir məqamla razılaşmıram ki, standartlar tətbiq edildiyi təqdirdə, kolbasanın
saxlanma müddətini artırmaq niyyətindədirlər. İyirmi ildir mən mübarizə
aparıram ki, dövlət orqanlarının siyasəti mümkün qədər malların yararlılıq müddətinin azalmasına yönəlsin. Çünki
istehsalçılar daim onu istəyirlər ki, malın saxlama müddətini sonsuz edib,
istehlakçıya sırısınlar. Necə ki, mövcud standartların əleyhinə olaraq spirtli
içkiləri, siqaretləri saxlama müddəti müəyyən etmədən bazara çıxarırlar. Bu
yaxınlarda Azərbaycanda keçirilən kənd təsərrüfatı yarmarkasında gürcülər və
belaruslarla ciddi mübahisə etdim. Çünki onlar spirtli içkilərin yararlılıq
müddətini qoymamışdılar. Bu kimi bir sıra malların yararlılıq müddəti sonsuz göstərilir.
Bu isə yolverilməzdir. İllərdir istehsalçılar məni malın yararlılıq müddətini
artırmaq üçün dəfələrlə protokol imzalamağa dəvət ediblər. Bir dəfə də olsun
razı olmamışam. Ölkədə yararlılıq müddəti uzun olan çox sayda mallar var. Bu da
insanların sağlamlığına öz təsirini göstərir. Apteklərdə insanların növbəyə
durması mənim dediklərimin əyani sübutudur. Kolbasaların tərkibinə tərəvəzlərin
vurulmasının tərəfdarı olsam da, edilən dəyişikliklər kolbasanın xarici bazara
çıxış imkanını artırsa da, məhsulun saxlanma müddətinin uzadılmasına qarşıyam”.
Müsahibimizdən bazarda ətin
qiymətinin bu qədər baha olduğu halda nə üçün kolbasanın aşağı qiymətə
satıldığını soruşduq. "Çünki həmin kolbalara vurulan ət Azərbaycana Hindistandan 3 manat 50 qəpiyə gətirilir.
Və kolbasa sexləri də əsas etibarilə o ətlərdən istifadə edir. Lakin müəyyən
mənada biznes qurumlarının toxunulmaz olduğu və harada, necə gəldi kolbasa istehsal
edildiyi bir şəraitdə hər bir ətin, yəni istər it, istər eşşək ətinin onun
tərkibinə vurulması istisna olunmur. Amma bir neçə kolbasa istehsalı ilə məşğul
olan şirkətlər var ki, onlar Azad İstehlakçılar Birliyinin ictimai nəzarəti
altındadır. Bunlar "Sevimli dad”, "Zəhmət-Ruzi” və "Halal nemət, min bərəkət”
kolbasalarıdır. Biz ABŞ-ın inkişaf agentliyinin təklifi ilə həmin müəssisələrə
qida təhlükəsizlik nişanını şamil etmişik. Və düşünürəm ki, bu dəyişiklikdən
sonra bazarda kolbasanın qiymətinin aşağı düşmə ehtimalı var”.
Günel Azadə