• cümə, 29 Mart, 12:19
  • Baku Bakı 14°C

Koçova ailəsinin Sultanı

01.03.18 09:30 1218
Koçova ailəsinin  Sultanı
Türkiyənin məşhur seriallarından olan "Çukur” Azərbaycanda da kifayət qədər tanınır və sevilir. Serialda "koçovalı qadınlar” adı ilə tanınan xanımlar İstanbulun ən qədim məhəllələrindən birində yaşayırlar. Bu məhəllənin idarəçiliyi isə Koçova ailəsinə məxsusdur. Ercan Kesalın canlandırdığı ata İdris obrazının isə özünəməxsus bir fəlsəfəsi var. O deyir ki, pisliyin də bir dərəcəsi var. Koçovalıların evində Türkiyənin tanınmış və sevilən aktrisası Perihan Savaşla birlikdə İrem Altuğ, Zeynep Kumral, Boncuk Yılmazın canlandırdığı bir qadın ortamı var. Onlar hər nə qədər bir ailədə yaşasalar da, təbii ki, son söz Perihan Savaşın canlandırdığı Sultan Koçovalıya məxsusdur. O, hər kəsi idarə edir. Perihan Savaşın müsahibəsini təqdim edirik.
- Xoş gəldiniz, Perihan xanım. Bu qədər fasilədən sonra yəqin ki, çəkiliş prosesi üçün darıxmışdınız?
- Uzun zaman idi ki, gözəl bir layihə təklifi gözlədiyim. Belə bir seriala təklifi alanda düşünmədən razılıq verdim və həsrətində olduğum çəkiliş proseslərinə qovuşdum. Çox darıxmışdım. Sənət adamları işləmədikcə, yığılıb qalan təcrübələri olur və onlardan istifadə etməyə can atır.
- İlk çəkiliş günü necə, həyəcan keçiribsinizmi?
- Əlbəttə. Mən hər hansı obrazı canlandıracağım zaman, onun həyəcanını mütləq yaşayıram. Həyəcanın olmamağı mümkünsüz. Teatrda da, filmdə də, serialda da belədir. Məncə, aktrisa o həyəcanı yaşamalıdır.

- "Çukur”un məhəlləsini necə dəyərləndirirsiniz?
- Mən də bir məhəllədə doğulub boya-başa çatmışam. Ona görə məhəllə mədəniyyətini çox yaxşı bilirəm. Məhəllə mühitində sizi ən arxa küçədəki insanlar belə tanıyır. Məsələn, küçədə oynayarkən arxa küçələrə getdiyimizdə, həmin məhəllənin sakini bizə "haydı evinizə gedin” deyərdi. Bizə adımızla səslənərdilər. "Çukur” serialında da elə bir mədəniyyət var. Bir çox insanın özünü bu serialda tapacağına inanıram.

- Sultan yetim qız olub və indi çox qəddarlaşıb. Onun emosiyaları uşaqlığı ilə bağlıdır? Bir də bu obrazın hansı xüsusiyyətləri sizə daha çox bənzəyir?
- Onun uşaqlarını qoruması mənə çox bənzəyir. Ayaqlarının üzərində duran sağlam bir qadındır. Mən də onun kimiyəm, ancaq Sultan daha sərtdir. Elə olmağı lazımdır. Düzdür, bəlkə də ailə şəraiti görməyib, yetim olub. Sonra da sevdiyi ilə evlənib. Ancaq indi Sultan evin hakimidir və onun qanunları keçərlidir. Ona görə də evdə Sultan bir dənədir.

- Sözü qanun hesab edilən bir qadını oynamaq yəqin ki, çox zövqvericidir?
- Çox gözəl hissdir. Evdəki insanların bir anda Sultan, ya da nənə deyərək müraciət etməsi mənə xoş gəlir. Uşaqlara "nənənizdən qorxursunuzmu” deyə sual verirlər. Onlar da cavabında deyir ki, qorxmuruq, ancaq nənəmizə hörmət edirik. Görün bu nə gözəl bir sözdür. Bu qadın insanların qorxusunu deyil, hörmətini qazanmağa çalışır.

- Yaş ötdükcə insan o hörməti hamıdan gözləyir, elə deyilmi?
- Əvvəllər bayramlarda ailəmizin böyüklərinin ziyarətinə gedərdik, onların əlini öpərdik, hal-əhvalını soruşardıq. Bizi belə yetişdiriblər. İndiki gənclər bayramlarda heç böyüklərinə zəng etmirlər, kiçik bir mesaj yazırlar. Əvvəllər açıqcalar vardı. Biz açıqcaları poçtlardan alırdıq. Ailəmizin böyüklərinə məktublar yazırdıq. O açıqcalar və məktublar üçün çox darıxıram.

- "Çukur” serialında bir ailənin xarakteristikası və xüsusiyyətləri öz əksini tapır. Görəsən yeniyetmələr uşaqlar böyüklərdən çəkinməyin, onlara hörmət etməyin nə demək olduğunu anlayırıqmı?
- İndiki gənclər evdə böyüklərə fikirlərini bildirir və nə etmək istədiklərini deyirlər. Bunu deyib, böyüklərdən icazə almırlar. Hörmət əlaməti olaraq, böyükləri xəbərdar edirlər. Ancaq "Çukur”da isə övladlar atadan icazə alır. Əsas qəhrəman atadır. Bizdə də belə ailələr çoxdur.
- Seriala "koçovalı qadın” - deyə bir anlam çıxdı. Nədir bu koçovalı qadınların sirri?
- Hər kəs Sultanın güclü bir xarakter olduğunu bilir. O, evdə və digər koçovalı qadınlara, nəvələrinə və gəlinlərinə örnək bir qadındır. Gəlinlər ondan xoşlanmasalar belə, zaman keçdikcə Sultanın düz hərəkət etdiyini anlayacaqlar. Hamımızın anası evdə bir sultandır və onun sözü keçərlidir. Zaman-zaman anam da mənə bəzi sözlər deyəndə "yaxşı” deyib, qulaqardına vurmuşam. Müəyyən yaşa çatdıqdan sonra anamın nə qədər haqlı olduğunu anlamışam.

- Bəs siz Sultanın gəlini olsaydınız, onun hökmranlığından qıcıqlanardınızmı?
- Yəqin ki, olardım. Amma sonradan onun haqlı çıxdığını görəndə, Sultana haqq verərdim.

- Bu serialın əsas məğzi nədir, sizcə?
- İndiki gənclərə məhəllə qavramını aşılamaq, ailənin, dostluğun, eşqin bir-birinə necə bağlı olduğunu göstərmək. Bundan başqa, məhəllə mədəniyyətini və Çukur məhəlləsini insanlara tanıtmaq.

- Sizin canlandırdığınız Sultan xanım İdrisə aşiqdirmi?
- Bəli. Həm də dəli kimi.

- Bəs İdris?
- Məncə İdris də ona aşiqdir. O da sevir, amma bəlli etməməyə çalışır. Etdiyi hərəkətlərə görə peşman olsa da, bunu öz aralarında danışmayıblar. Sultan heç vaxt İdrisə qarşı gəlməyib. İdris şorgözlüyündən Sultanın xəbərdar olduğunu da bilir. Ancaq mövzu ora gəlib çatanda, sadəcə, baxışırlar.
- Məhəllədə ənənəvi adətlərin yaşaması da bir mesajdır. Modernləşdiyimizi düşünsək də, sanki daha yalnız bir həyat yaşayırıq.
- Mən modernləşməyi sevən insanam. Uşaqları evdən çıxarmamaq kimi adətim yoxdur, amma Koçovalı ailəsinin fərqli bir vəziyyəti var. Düşmənləri olduğu üçün bunu etmək məcburiyyətindədir. Sultan nəvələrinə və digərlərinə zərər gəlməmək üçün onları evdə nəzarət altında tutur. Normalda isə əlbəttə ki, Sultan da istəyər ki, ailə üzvləri öz həyatlarını yaşasınlar. Ancaq biz modern olacağıq deyə, bəzi şeyləri bir-birinə qarışdırmışıq. Rahat ana və ata olacağıq deyə düşünərkən, uşaqlarımızın ipini çox boş buraxmışıq. Son dövrlər yetişən gənclərə baxanda, buna bir daha əmin oluram.

- Yeni nəsil analar da uşaqların üzərində həddindən artıq titrəyirlər. Təbii ki, bu da bizə sağlam təsir bağışlamır.
- Təbii ki, bunu da bir nizama qoymaq lazımdır. Nə çox, nə də az. Uşaqların da bir fərd olduğunu unutmamaq lazımdır. Onların da öz şəxsiyyətini tapmağa başladıqları zaman, alçaltmamaq və sərbəst buraxmaq şərtdir.

- Çox müdafiə eləmək də zərərlidir.
- Övladları həddən artıq müdafiə etmək təbii ki, səhv addımdır. Düzdür, diqqətli olacaqsınız, amma ona hiss etdirməyəcəksiniz. Hiss etdirdiyinizdə, o uşaq daha sonra həyatın gerçəkləri ilə qarşılaşdığı zaman, çox çabalayacaq və çətinliklərlə üzləşəcək.

- Əslində, qadınlardan da hər zaman, hər yerdə güclü olmalarını tələb edirlər.
- Qadın onsuz da güclüdür. Təəssüf ki, bəzi qadınlarımız "Mən bir şey bilmirəm, heç nə edə bilmərəm” düşüncəsinə sahibdirlər. Mən buna etiraz edirəm. Sən qadınsansa, hər şeyi edə bilərsən. Bu gün boşanma ərizələrinə nəzər yetirsək, görərik ki, qadınlar öz həyat yoldaşlarını məhkəməyə verirlər. Çünki kişilər buna cəsarət edə bilmirlər. Qadın hər şeyi bilir və hər zaman güclüdür. Yetər ki, ondan istifadə etməyin yollarını bilsin.

- Siz ayaqlarınızın üzərində durmağa çalışarkən, yaşadığınız çətinliklər nələrdən ibarət olub?
- Bizim sahə tamamilə fərqlidir. Bu sektorda işə başlayanda mütləq qarşınıza sizi sevməyənlər, əzmək istəyənlər çıxır. Bunun acısını yaşayırsınız və bu sizi hətta qamçılayır da. Üzərinizdə nə qədər təzyiq hiss etsəniz də "mən bunu bacaracağam” dedikdə, siz ona qalib gəlirsiniz. Təbii ki, mən də bir çox çətinliklərlə qarşılaşdım. Sevilmədiyim zamanlar da oldu. Baş rola çəkilməyim deyə, digər aktyorların təzyiqinə məruz qalmışam. Buna baxmayaraq, heç zaman məğlub olmadım və özümü təsdiqləyərək, bunu bacardım.

- Gücsüz olduğunuzu hiss etdikdə həyatınıza davam edə bilmək üçün nələrdən güc aldınız?
- Övladlarımdan. Mən dəmir ledi deyiləm. Həqiqətən çox üzüldüyüm, çökdüyüm zamanlar oldu, amma ehtiyac duyduğumda, övladlarımdan enerji aldım. Ehtiyac olanda uşaqlarımın varlığı ilə qalib gəldim. Əgər yaşayır, nəfəs alıramsa, bu həyatı davam etdirməliyəm. Əvvəlcə özümə, sonra uşaqlarıma faydalı olmaq üçün.

- Həyatda örnək aldığınız biri oldumu?
- Anam çox güclü qadındır, ondan örnək almışam. Məktəb müəllimlərinin də uşaqların həyatında önəmli olduğunu düşünürəm. Mənim müəlliməm güclü bir qadın idi. Pis bir xəstəliyə düçar oldu. Çox əziyyət çəkdi, amma bizi oxutdu. Onun evində çəkdiyi əziyyəti görmüşdüm, amma sinfə daxil olanda bambaşqa bir qadın olurdu. O qadın mənim üçün çox özəldir.

- Ən çox nəyə ağlayırsınız?
- Mən hər şeyə ağlayıram. Gözüsulu biriyəm, tez məyus oluram, gözlərim dolur. Son dönəmlər isə heyvanların vəziyyətinə ağlayıram. Onlara təcavüz edən, öldürən, yaralayan insanların sərbəst buraxılmasına dözə bilmirəm. Heyvan deyib onları bir kənara ata bilmirik, çünki onlar da bir can daşıyırlar. Heyvanlara şiddət göstərənlərin ağır şəkildə cəzalanmasını istəyirəm.

- Ən böyük qorxunuz nədir?
- Ən böyük qorxum təyyarə ilə bağlı idi. 30 il təyyarəyə minmədim. Sonra özümü müalicə etdirdim. İndi rahatlıqla təyyarəyə minə bilirəm. Təbii ki, həyata qarşı qorxularım var. Zaman-zaman "hara gedirik və nə olacağıq” deyə düşündüm. Artıq bizdən keçib. Uşaqlarım, nəvələrim üçün çox narahatam.

- Ölümdən qorxursunuz?
- Yox. Hər gün yuxudan durduğum zaman aldığım nəfəsə şükür edirəm. Yaşamaq duyğusunu sevirəm və əgər qismətimə bu gün ölmək yazılıbsa, onda ediləcək bir şey yoxdur.

Tərcümə etdi: Xəyalə Rəis

banner

Oxşar Xəbərlər