• çərşənbə axşamı, 23 aprel, 13:57
  • Baku Bakı 24°C

Koçaryan separatçıları Paşinyana qarşı çıxmağa çağırır

31.07.19 16:47 9991
Koçaryan separatçıları Paşinyana qarşı çıxmağa çağırır
"Ermənistanın indiki hakimiyyəti uzun müddət idarəçilikdə qala bilməyəcək. Onların təkrarən seçilmək şansları yoxdur”. Bu sözləri həbsdə olan keçmiş prezident Robert Koçaryan "Qolos Armenii” nəşrinə müsahibəsində bəyan edib. Onun sözlərinə görə, seçicilər populist bəyanatlardan təngə gəldiklərindən, öz seçimlərində bir daha yanılmayacaqlar: "Adətən uğursuz populistləri, təcrübəli, təhsilli və ağıllı praqmatiklər əvəz edir - siyasi proseslərin məntiqi belədir. Yeni bir misal - Yunanıstanda keçirilən parlament seçkilərinin nəticələri”. Eks-prezident əmindir ki, ölkənin müxalifət cəbhəsində konsolidasiya üçün əlverişli mühit formalaşıb. Lakin Koçaryan hesab etmir ki, dərhal da baş nazir Nikol Paşinyanın idarəçiliyinə qarşı çıxa biləcək müxalifət düşərgəsi formalaşacaq. Onun qənaətincə, müxalifət cəbhəsində müxtəlif yerə bölünmələr olsa da, onlar arasında aktiv münasibətlər yaranacaq. "Mən bu proseslərdə yeganə olmasam da, hər halda, aktiv halqa kimi iştirak edəcəyəm. Ölkədə sağlam qüvvələrin geniş konsolidasiyası gərəkdir. Bu, sözsüz ki, parlament müxalifətinin radikallaşmasına gətirib çıxaracaq. Əks təqdirdə onlar öz elektoratını itirə bilərlər”, - deyə məhbus siyasətçi bildirib.
Daha sonra eks-prezident ölkənin xarici siyasət çağırışları ilə bağlı danışıb. Bildirib ki, Ermənistan dörd ölkə tərəfindən sıxılmış vəziyyətdədir. "Türkiyə ilə Azərbaycan arasında yumşaq ifadə etsək, münasibətlərimiz alınmayıb. İran ABŞ-ın "qara siyahısı”ndadır və daim sanksiya təzyiqi ilə üzləşir. Gürcüstan aktiv şəkildə geosiyasi alyanslara can atır. Günbəgün pisləşən demoqrafik vəziyyət yaranıb. Bu da miqyaslı iqtisadiyyat qurmağa mane olur. Dörd ölkədən ikisi ilə problemli münasibətlər bizim, dövləti liberal meydançaya çevrilməyimizə imkan vermir. Bizi iri transmilli şirkətlər üçün cəlbedici dövlətə çevirə biləcək hər hansı bir təbii resurslara malik deyilik. Kiçik əraziyə malikik və bu səbəbdən də asanlıqla yeni kommunikasiyalar bizdən yan keçə bilir. Mövcud nəqliyyat problemləri sənayedə inkişaf etmiş ölkə olmağımıza mane olur”, - deyə Koçaryan bildirib. Onun qənaətincə, diasporanın da Ermənistanın iqtisadi inkişafında rolu getdikcə azalmağa doğru gedir. "Diaspora sürətlə assimilyasiya olunur və milli ideya qloballaşmanın təsiri altında eroziyaya məruz qalır. Bu və digər səbəblər üzündən ənənəvi milli institutlar zəifləyir. Bura Dağlıq Qarabağ münaqişəsini də əlavə edin”, - deyə eks-prezident vurğulayıb. Onun sözlərinə görə, bu gün hakimiyyətin, ölkə qarşısında duran vəzifələri başa düşəcəyini göstərən hər hansı bir əlamət görünmür: "Populizm və yaxud şüarçılığa əsaslanaraq onları həll etmək olarmı? Təbii ki, yox. Onları həll etmək üçün həddən artıq səy, yüksək təşkilatçılıq və diqqətlilik gərəkdir. Biz bütün məsələlərdə effektiv olmalıyıq”.
Koçaryanın ən maraqlı fikri separatçılarla bağlı olub. O, ümidvardır ki, Paşinyanın separatçı Dağlıq Qarabağa inqilab ixracı planı baş verməyəcək. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti buna çox səy göstərir: "Adətən növbədənkənar seçkilər daxili siyasi böhranın nəticəsində baş verir. Belə bir hal isə Qarabağda baş vermir. Orada süni böhran yaratmaq məsuliyyətsizlikdir. Bu, milli maraqların satılması olacaq. Qarabağlılar qətiyyət nümayiş etdirməli və istənilən destruktiv müdaxilənin qarşısını almalıdırlar”.
Yeri gəlmişkən, Nikol Paşinyan hakimiyyətinə qarşı hücuma keçən erməni mediası onu səriştəsizlikdə, populizmdə ittiham etməkdədir. Məsələn, "Yerkamas” nəşri yazır ki, "məxməri inqilab”dan sonra bir il keçsə də, köklü heç bir dəyişiklik baş verməyib: "Səbəblər də ən müxtəlifdir. Şüar və bəyannamələr baxmayaraq, de-fakto siyasi-iqtisadi sistem dəyişməyib. İqtisadiyyatın bazisi də dəyişməyib. Uzun illər iqtisadiyyatın bazisi monopol-oliqarxik sistem olub”.
Bu arada, demokratik dəyərlərdən dəm vuran Nikol Paşinyan ona qarşı müxalif olan, qərarlarına qarşı çıxanlara yönələn repressiv addımlarını genişləndirir. Məsələn, erməni mediası yazır ki, Ermənistan Xüsusi İstintaq Xidməti hakim David Qriqoryana qarşı saxtalaşdırma ittihamı ilə cinayət işi açıb. Baş Prokurorluq bu hakimə qarşı cinayət işinin niyə açıldığına dair izahat verib. Baş Prokurorluğun məlumatında deyilir ki, təcrübəli hakim kimi tanınan Qriqoryan eyni gündə və eyni saatda iki məhkəmə iclası keçirildiyinə dair saxta protokollar tərtib edib. Baş Prokurorluq hakimin guya keçmiş prezident Robert Koçaryanı azadlığa buraxdığına görə hədəfləndiyi barədə iddiaları qətiyyətlə rədd edib. David Qriqoryanın vəkili Yervand Varosyan "Azatutyun”a deyib ki, onun müştərisi özünü təqsirli bilmir. Onun sözlərinə görə, hakim istintaq xidmətinə bildirib ki, böyük bir ehtimalla, burada söhbət başqa iş üzrə iki qərardan gedir. "Azatutyun”un "o bu sözlərlə Robert Koçaryan işi üzrə qərarınımı nəzərdə tutub” sualına vəkil belə cavab verib: "Əgər məndən soruşursunuzsa, mənim üçün burada söhbətin məhz bu iş üzrə qərarlardan getdiyi aşkardır”. Vəkil daha sonra bildirib ki, hakim Qriqoryan heç bir xidməti saxtalaşdırmaya yol verməyib. Onun fikrincə, buna görə hakimə qarşı heç inzibati tədbir də görülməməlidir. Varosyan bildirib ki, hazırda prokurorluq bu iş üzrə obyektiv araşdırma aparmaq niyyətində deyil və bunu yalnız "təqib” adlandırmaq olar. Vəkilin sözlərinə görə, Qriqoryanın Robert Koçaryanın işi üzrə qəbul etdiyi iki qərarda heç bir saxtalaşdırma olmasa da, bu qərarlardan üç gün sonra hakimə qarşı cinayət işinin açılması ideyası yaranıb.
Xatırladaq ki, Koçaryan 2008-ci il martın 1-də Ermənistanda konstitusiya quruluşunu devirməkdə ittiham olunur. Həmin hakim mayın 20-də Koçaryanın cinayət işinə xitam vermiş və işin konstitusiya baxımından legitimliyinə qiymət verilməsi üçün onu Konstitusiya Məhkəməsinə göndərmişdi. Başqa sözlərlə, hakim Qriqoryan keçmiş prezidentə qarşı konstitusiya quruluşuna qəsd ittihamının qanuniliyini şübhə altına almışdı. Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, iyunun 25-də Apellyasiya Məhkəməsi onun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsinə dair aşağı instansiya məhkəməsinin, yəni sözü gedən hakim Qriqoryanın qərarını ləğv etdikdən az sonra Yerevan həbsxanasına qaytarılıb.

Azər NURİYEV

banner

Oxşar Xəbərlər