• cümə axşamı, 25 aprel, 06:24
  • Baku Bakı 14°C

Koçaryan-Paşinyan qarşıdurması yeni müstəvidə

18.10.18 19:00 587
Koçaryan-Paşinyan qarşıdurması yeni müstəvidə
Nikol Paşinyana qarşı mübarizəyə start verən Ermənistanın sabiq prezidenti Robert Koçaryan partiya yaratmaq və müxalifətə keçmək fikrində olduğunu deyib. RİA Novosti-yə müsahibəsində eks-prezident bildirib ki, hazırda Ermənistanın müxalifət düşərgəsində boşluq hiss etdiyi üçün siyasətə qayıtmağı qərara alıb: "Əgər siyasətə qayıdırsansa, o zaman partiya yaratmaq barədə də düşünmək lazımdır. Partiyanın necə adlandırılacağı prinsipial deyil. Prinsipial olan adaptasiya olacağın yanaşmalardır. Mən hazırda müxalifət meydanında ciddi boşluq görürəm və güman edirəm ki, onu ölkənin maraqlarına uyğun doldurmaq lazımdır”.
Sabiq prezident Ermənistanda hansısa yüksək vəzifə tutmaq niyyətində olmadığını deyib: "Əgər belə bir niyyətim olsaydı, mən 10 il özəl həyatımı yaşamazdım. Situasiya elə inkişaf edir ki, şərait özü səni prosesin içinə cəlb edir”. Bununla belə, R.Koçaryan qarşıdan gələn parlament seçkilərində iştirak edə bilməyəcəyini də deyib: "Mən partiyasız idim. Bu o deməkdir ki, partiyanı sıfırdan yaratmalıyam. Buna görə də seçkiyə yeni komanda ilə getmək istərdim. Yeni situasiya ilə əlaqədar yeni, dərrakəli, gənc və enerjili insanları partiyaya cəlb etmək lazımdır. Bəzilərini isə sənin tanıdığın, səninlə işləyən köhnə komandadan cəlb etmək lazımdır”.
Dərhal da nəşrlər onun bu addımının arxasında Kremlin durduğu, yəni onun siyasi hərəkat yaratmaq barədə tapşırığı məhz Moskvadan aldığı qənaətinə gəliblər. Məsələ ondadır ki, əksəriyyət hesab edir ki, qısa müddətdən sonra Paşinyan reytinq problemi ilə üzləşəcək. Belə mürəkkəb və çətin durumda isə ölkəyə kimin rəhbərlik etməsi Moskvanı indidən ciddi şəkildə narahat edir. Bu səbəbdən də Koçaryan qarşısında bu tələb qoyulub.
O ki qaldı Paşinyana, baş nazirin başı ölkənin iqtisadi, siyasi problemlərini həll etməkdən çox qisas almağa yönəlib. Bu dəfə Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyanın ölkəni tərk etməsinə qadağa qoyulub. Bu barədə məlumatı "Joxovurd” qəzeti yayıb. Məlumata görə, Oskanyan həbs edilmiş biznesmen Samvel Mayrapetyanla əlaqələrdə ittiham edilir: "Oskanyan hüquq-mühafizə orqanlarının diqqət mərkəzinə düşüb. Mayrapetyanın həbsindən bir neçə gün sonra Oskanyan Ermənistandan getməyə cəhd etsə də, ona maneə yaradılıb. Belə ki, 2008-ci ildə erməni sahibkar Silva Ambartsumyan Mayrapetyana böyük məbləğdə pul verib. Bu pulun bir hissəsinə bina tikilib, digər hissəsi isə Ermənistana Oskanyanın dəvətiylə gələn ərəblərə verilib. Oskanyana ərəblərin gəlişi qarşılığında Yerevanın mərkəzində bir neçə mənzil bağışlanıb”. Qeyd edək ki, Mayrapetyan Ermənistanın "H2” kanalının rəhbəridir. O, oktyabrın 7-də həbs edilib. Həm Mayrapetyan, həm də Oskanyan Robert Koçaryanın yaxın adamları hesab edilir.
Oskanyan 2016-cı il parlament seçkisinə Koçaryanın dəstəyi ilə qatılmışdı, amma heç bir uğur qazana bilməmişdi. Bundan əlavə, Paşinyanın göstərişi ilə baş nazirin keçmiş müavini Armen Gevorkyanın evində hüquq-mühafizə orqanları axtarış aparıb. Bu barədə "Jamanak” ("Zaman”) qəzeti yazıb. Bildirilib ki, axtarış oktyabrın 7-də tanınmış iş adamı Samvel Mayrapetyanın saxlanıldığı gün aparılsa da, məlumat oktyabrın 18-də üzə çıxıb. Qəzetin yazdığına görə, onun evində müxtəlif müqavilələr, mülkiyyət haqqında şəhadətnamə və başqa sənədlərlə bağlı axtarış nəticəsiz başa çatıb. Məlumata əsasən, Mayrapetyanla Gevorkyan arasında yaşayış binalarının alqı-satqısı üzrə bir neçə milyon dollarlıq şübhəli sövdələşmələrin olduğu aşkar edilib. Bundan başqa, Gevorkyanın və yaxınlarının adına qeydiyyata alınan mülkiyyətin bir hissəsinin keçmiş prezident Robert Koçaryana məxsus olması ilə bağlı şübhəli məqamlar var.
Bildirilib ki, Gevorkyan mülkiyyətinin bir hissəsini təqaüddə olan atasının adına qeydiyyata aldırıb. Onun atası 2008-ci ildə Samvel Mayrapetyanın "Toyota Yerevan” şirkətinə bir neçə milyon dollar sərmayə qoyub. Armen Gevorkyan hazırda Yerevanın Şimal prospektində qiyməti milyon dollara olan təmtəraqlı mənzildə yaşayır.
Paşinyanın başqa bir göstərişi ilə baş prokurorun keçmiş müavini Armen Danielyan ölkənin sabiq prezidenti və baş naziri Serj Sarkisyanı məhkəməyə verib. Sabiq müavin işdən azad edilməsi barədə o vaxtkı prezident Serj Sarkisyanın sərəncamını qanunsuz sayır. O iddia edib ki, 2008-ci il martın 1-də prezident seçkilərinin nəticələrinə qarşı keçirilən etiraz aksiyası ilə bağlı qəbul olunan qərarlara, habelə parlamentdə bu siyasi kampaniyanın nəticələrinin təsdiqlənməsinə müxalif olub. Baş prokurorun keçmiş müavini ölkədəki korrupsiyaya qarşı olduğunu da müraciətində vurğulayıb. Nəşrlər yazır ki, sifarişin arxasında Paşinyan durur.
Yeri gəlmişkən, erməni nəşrləri qeyd edir ki, Nikol Paşinyanın Ermənistan baş nazirliyindən istefa verdikdən sonra parlamentin rəyi olmadan baş nazir vəzifəsini icra etməsi bu ölkəni bir sıraproblemlərlə üz-üzə qoya bilər. Bu barədə "Joxovurd”("Xalq2) qəzeti yazıb. Qəzet yazır ki, Avropa qurumları dekabrda gözlənilənparlament seçkilərinin nəticələrini qeyri-legitim saya bilər. Qəzetin fikrincə, buna səbəb Paşinyana müxalif qüvvələrin şikayətləri ola bilər. "Hər halda, məntiq aydındır. Paşinyan gözdən pərdə asmaq üçün guya istefa verib, amma hakimiyyəti əlində saxlayır. Yəni yenə də hökumətə rəhbərlik edəcək və seçkinin nəticələrini özü bildiyi kimi saxtalaşdıracaq. Yerevan merinin seçkiləri göstərdi ki, Nikol Paşinyan Ermənistanın siyasi səhnəsində öz partiyasından başqa siyasi qüvvə görmək istəmir. Sadəcə, diasporu nəzərə alıb, daşnakları 10-15 faiz səslə içəri buraxa bilər”, - deyə qəzet yazır.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər