AZE | RUS | ENG |

Koçaryan məsələsi Ermənistanı siyasi böhrana aparır

Koçaryan məsələsi Ermənistanı siyasi böhrana aparır
Yerli siyasətçilər bununla bağlı həyəcan təbili çalırlar

Rusiyaya qarşı əks-hücuma keçən erməni mediası Kremli ölkənin daxili işlərinə qarışmaqda, suverenliyinə hörmət etməməkdə ittiham edir. Məsələn, Rusiyaya qarşı sərt mövqeyi ilə seçilən "1in.am” (Birinci erməni) portalı bu sırada xüsusi fəallığı ilə seçilir. Saytın hər nömrəsində silsilə anti-Rusiya yazıları dərc edilir. Bu dəfə də Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin hədəfə alınıb. Müəllif yazır ki, səfirin həbsxanadan çıxan eks-prezident Robert Koçaryanla görüşdən sonra Konstitusiya Məhkəməsinin sədri Qrayr Tovmasyanla fövqəladə görüşü təsadüfi deyil. Müəllifin qənaətincə, "fövqəladə o mənada sayıla bilər ki, Moskva bu dəfə açıq şəkildə səfir səviyyəsində görüşə üstünlük verib. Ermənistanda onun təsiri altında olan xadimlərin, eləcə də emissarlarının arxasında gizlənməyib açıq müstəvidə görüşlər keçirməyə üstünlük verib”. Bu şəraitdən asılı olmayaraq Koçaryanın məsələsi Moskvanın Ermənistanda daxili siyasi vəziyyəti gərginləşdirməsi istiqamətində əsas səbəb kimi göstərilir. Müəllif əlavə edir ki, Rusiya səfirinin Qrayr Tovmasyanla görüşündən sonra maraqlı bir hadisə baş verib. Konstitusiya Məhkəməsinin işçi iclasından sonra Ermənistanın sabiq prezidentinin iki iddiasına baxılması barədə qərar qəbul edilib. Qərara alınıb ki, R.Koçaryanın iddiaları ilə bağlı avqustun 29-da xüsusi iclas çağırılsın və məhkəmə araşdırmasına başlanılsın. "Beləliklə, Moskva hər vəchlə Koçaryana kömək etmək və onun cinayət məsuliyyətindən yaxa qurtarmasına nail olmaq istəyir. Ya da ki, böyük ehtimalla bu məsələdən Ermənistanda daxili siyasi vəziyyəti gərginləşdirmək, eləcə də ölkədə hüquqi böhran yaratmaq üçün yararlanmağa çalışır. Konstitusiya Məhkəməsinin qərarı həm də o kontekstdə maraq kəsb edir ki, Q.Tovmosyan və başqaları inqilabi komandanın atdıqları addımlara cavab vermək niyyətində olduqlarını bəyan ediblər. Bununla anlatmağa çalışırlar ki, təslim olmaq niyyətində deyillər. Konstitusiya Məhkəməsinin üzvü Vaqe Qriqoryanın bəyanatı da məhz hazırkı Konstitusiya Məhkəməsinin "təslim” olması anlamına gəlirdi. Belə bir durumda da Rusiya səfiri Q.Tovmosyanla görüşür. Və çox maraqlı bir durum yaranır. Mahiyyət etibarilə Konstitusiya Məhkəməsinin bu tərkibi Robert Koçaryanın tam bəraət almasınaa çalışır. Ən əsası, işlər  Koçaryanın gələcəkdə cinayət məsuliyyətindən birdəfəlik sığortalanmasına hesablanıb. Konstitusiya Məhkəməsi Koçaryanın tələblərini yerinə yetirməkdə hüquqi əsasa malik deyil. Əgər məhkəmə belə bir qərar qəbul edərsə, vaxtilə Koçaryanın qəbul etdiyi qanunsuzluğu təkrarlaya bilər. Söhbət 2008-ci ildə Koçaryanın konstitusiya quruluşunun əksinə gedərək ölkədə fövqəladə vəziyyət elan etməsindən və Müdafiə Nazirliyinin qoşun birləşmələrindən istifadə etməsindən gedir. Digər tərəfdən aydındır ki, Konstitusiya Məhkəməsinin indiki tərkibi özünüqorumaq instinktindən çıxış edərək əks-inqilab düşərgədə mövqe tutmağa çalışacaq. Özü də böyük ehtimalla Rusiya səfiri Tovmosyana məhz belə bir mesaj göndərib. Bu mənada avqustun 29-u tarixi çox böyük bir günə çevrilə bilər. Buna qədər Ermənistan hakimiyyət orqanları Konstitusiya Məhkəməsinin indiki tərkibini "təslim” etməyə məcbur etməlidir” - deyə müəllif yazır. Əlavə edir ki, rəsmi Yerevan bununla da minimum olaraq ali məhkəmə orqanını Rusiyanın sui-qəsdçi "hibrid müharibəsi”ndən çıxarmağa müvəffəq olmalı, Ermənistan-Rusiya münasibətlərini Koçaryan faktorundan çıxarmağa çalışmalıdır. Əks təqdirdə Koçaryan faktoru ilə əlaqəli olan lokal böhran öz miqyasını genişləndirə, ölkədə siyasi və konstitusion böhrana səbəb ola bilər”.- deyə müəllif fikrini tamamlayıb.
Başqa bir məqalədə isə nəşr etibarlı mənbələrinə istinadən yazır ki, keçmiş iqtidar partiyası - Ermənistan Respublika Partiyası Konstitusiya Məhkəməsi önündə Tovmosyanın müdafiəsinə həsr olunan aksiya keçirəcək. Aksiyaya keçmiş sistemin tanınmış simaları çıxacqaq. Təşkilati işlərə şəxsən Serj Sarkisyan rəhbərlik edir. Faktiki olaraq əvvəlki rejim Rusiyanın dəstəyi ilə hakimiyyətə qarşı açıq çıxış edir. 1in.am saytı yazır ki, aksiyanın sabah keçirilməsi nəzərdə tutulur.
Yeri gəlmişkən, Rusiya ilə Gürcüstan arasında növbəti gərginlik Ermənistan üçün də əlavə problemlərə yol açır. Bəlli olduğu kimi, Paşinyan hakimiyyəti "Gürcü arzusu”nun Gürcüstan ərazisindən ölkəsinə avtomobil və dəmir yolunun açılmasına çalışır. Növbəti gərginlik isə bunun üstündən xətt çəkir. Rusiya-Gürcüstan və ABŞ-İran münasibətləri ətrafında vəziyyət Ermənistan üçün ciddi problemlər yaradır. Bu barədə Ermənistanın Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov danışıb. "Rusiya-Gürcüstan münasibətlərində gərginlik Ermənistanın maraqlarına uyğun deyil. Biz çox narahatıq. Rusiya bizim müttəfiqimiz və qardaş ölkəmizdir. Gürcüstan bizim qonşumuz və həmçinin qardaş ölkəmizdir”, - Şarmazanov bildirib. Onun sözlərinə görə, sözügedən vəziyyətdən Ermənistan heç bir divident əldə edə bilməz. Hazırkı proseslər həm iqtisadi, həm də siyasi planda mənfi təsirlərlə müşahidə edilə bilər. Moskva ilə Tiflis arasında yaranmış gərginlik barədə danışan Şarmazanov Rusiya tərəfində heç bir səhv görmədiyini qeyd edib. "İstənilən təşkilatçı ölkə öz ərazisindəki tədbir zamanı təhlükəsizliyi təmin etməlidir”, - Şarmazanov söyləyib. O bildirib ki, Yerevanda Azərbaycan nümayəndələrinin iştirakı ilə dəfələrlə tədbir keçirilib və bənzər proseslər yaşanmayıb. Öz növbəsində erməni deputatlar da Bakıya səfər edib və burada da ciddi insidentlər qeydə alınmayıb. "Gürcüstandakı vəziyyətə ABŞ-İran münasibətlərindəki gərginliyi də əlavə etsək, belə çıxır ki, Ermənistanın şimal və cənub sərhədlərində ciddi problemlər yaranıb. Hazırkı hakimiyyət çox çətin geosiyasi vəziyyətdədir”, - Şarmazanov bildirib.
Azər NURİYEV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9142
GEL 1 1 Gürcüstan larisi 0.5927
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1315
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1824
CHF 1 1 İsveçrə frankı 1.7288
KWD 1 1 Küveyt dinarı 5.5896
TRY 1 1 Türkiyə lirəsi 0.3019