• şənbə, 20 Aprel, 17:37
  • Baku Bakı 23°C

Koçaryan çirkli pulların yuyulmasında ittiham olunur

12.09.18 20:31 611
Koçaryan çirkli pulların yuyulmasında ittiham olunur
Ermənistanın keçmiş rəhbərliyində təmsil olunanlara qarşı təzyiq və repressiyanın gücləndirən hazırkı rəhbərlik ciddi qalmaqalla üzləşib. Söhbət təhlükəsizlik xidməti və hüquq-mühafizə orqanlarının rəhbərləri arasında aparılan danışıqların ictimaiyyətə açıqlanmasından gedir. Başqa sözlə desək, erməni cəmiyyəti "ermənigeyt” qalmaqalının şokunu yaşayır. Artıq dünən Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın ofisi Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan və Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryanın Koçaryan, sabiq müdafiə naziri Mikael Arutyunyan və KTMT-nın hazırkı icraçı katibi Yuri Xaçaturovun cinayət işi ilə bağlı müzakirə apardıqları telefon danışığına görə bəyanat yayıb. Bəyanatda R.Koçaryana qarşı birbaşa olaraq Nikol Paşinyanın idarə etdiyi siyasi təqib həyata keçirildiyi bildirilib:
"Milli Təhlükəsizlik Xidmətinin direktoru və Xüsusi İstintaq Xidmətinin rəhbərinin telefon danışığı bu məsələdə şübhə yeri qoymur. Söhbətdən göründüyü kimi lap əvvəldən qarşıya 1 mart hadisələrini aydınlatmaq və günahkarları yaxalamaq tapşırığı deyil, sadəcə, siyasi vendettanın klassik nümunəsi olaraq Koçaryanı həbs etmək tapşırığı qoyulub. Qərarı qəbul edən ilk instansiya hakimi hökumətin kəskin təzyiqi altında olub və qanunsuz qərar qəbul edib”, - deyə bəyanatda bildirilib. Koçaryan baş verənləri yüksəkçinli məmurların iştirakı ilə törədilən cinayət adlandırıb. "Bu telefon söhbətlərinin yalnız müəyyən bir vəziyyətlə əlaqəli bəzi epizodları deyil, mövcud rejimin bütün mahiyyətini, hakimiyyət orqanlarının gerçək üzünü də açmağa kömək etdiyini söyləmək lazımdır. Səhərdən axşama qədər sevgi və tolerantlıqdan dəm vuran, məhkəmənin toxunulmazlığını bəyan edən şəxslər cəmiyyəti aldadaraq bunun tam əksini edirlər. Demokratiyadan danışan şəxslər özləri ən kobud formada demokratik azadlıqlar və insan hüquqlarını pozurlar”.
Koçaryan hakimiyyətin ona qarşı apardığı siyasi təqibin yeni mərhələyə qədəm qoyduğunu xüsusi vurğulayıb: "Biz bütün həmvətənlərimizi və dostlarımızı vəziyyəti, hökumətin iş tərzini ayıq başla qiymətləndirməyə, təbliğat pərdəsini yarmağa və Ermənistanı demokratik ölkədən diletantların bolşevizm prinsipləri əsasında idarə etdiyi və siyasi repressiyaların aparıldığı ölkəyə çevrilməsinə izn verməməyə dəvət edirik”.
Belə bir fikir də var ki, Koçaryan yaxın zamanda yenidən həbs oluna bilər. Bunu onun 1 mart hadisələrində dinc əhaliyə qarşı odlu silahdan istifadə haqqında Yuri Xaçaturova verdiyi əmrin birmənalı qaydada sübuta yetirilməsi ilə izah edirlər. Qeyd edilir ki, bu həbs Paşinyana xalqa verdiyi vədləri yerinə yetirmək üçün hava-su kimi lazımdır. Çünki yerli ermənilərlə Dağlıq Qarabağdan gəlmə ermənilər arasında psixoloji düşmənçilik var. Ermənistan əhalisi isə bunun əsas səbəbkarı kimi məhz Koçaryanı görür. Çünki Ermənistan əhalisinin qeyri-bərabər vəziyyətə düşməsi, Dağlıq Qarabağdan gələnlərin qısa müddətdə iri oliqarxlara çevrilməsi və ölkə büdcəsinin talan edilməsi məhz onun prezidentliyi dövründə həyata keçirilib. Bu səbəbdən də Koçaryanın həbsi artıq prinsipial məsələdir, əks təqdirdə Paşinyan sosial bazasını itirə bilər.
Koçaryandan fərqli olaraq KTMT-in baş katibi Yuri Xaçaturovun həbsinin təxirə salınacağı düşünülür. Çünki onun həbsi Moskva ilə ciddi problemlər yarada bilər. Bu fonda Paşinyanın Moskvada daha çox Koçaryan və Sarkisyanın həbsi üzərində dayandığını düşünülür.
N.Paşinyan isə öz ampluasındadır. O, "Mənim addımım” mitinqində R.Koçaryan və S.Sakisyanın hakimiyyətdə olduqları zaman topladıqları pulları könüllü olaraq dövlətə qaytarmalarını təklif edib. Hökumət başçısı deyib ki,onların hər ikisi böyük var-dövlətə sahibidirlər:"Onların həmin pulları dövlətə qaytarmalarını təklif edirəm. O zaman biz meydana toplaşıb, həmin var-dövlətin taleyini həll edərik”.
N.Paşinyan Ermənistan polisinin və Milli Təhlükəsizlik Xidmətinin rəislərinə məmur və oliqarxlarla bağlı reyd keçirməyi tapşırıb: "Polisə və Milli Təhlükəsizlik Xidmətinə yüksək rütbəli məmurlar və oliqarxlarla bağlı reyd keçirməyi, onların cangüdənlərini asfalta uzadıb, tərksilah etməyi tapşırıram. İki saatdan sonra nəticəni məruzə edin. Bütün bu xüsusi xidməti və qanunsuz silahlı qrupları aşkarlayıb, məhv edin. Əks halda, yenidən əynimə kamuflyaj geyinib, küçələrdə səliqə-sahman yaradacağam. Bütün həbslərin məsuliyyətini üzərimə götürürəm. Serj Sarkisyan və Robert Koçaryan, siz xalqa qarşı çıxış etdiniz. Baxın, xalqın cavabı necə olacaq!”.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyan da bildirib ki, Koçaryan və Sarkisyanın, eləcə də onların ailə üzvlərinin böyük var-dövləti var: "Bunların siyahısını yaxın zamanda açıqlayacağıq. O, (Roberti nəzərdə tutur)televiziyada çıxışı zamanı heç nəyi olmadığını deyir. Ancaq bizdə onun var-dövləti və aldığı rüşvətə dair faktlar var. Məsələn, "Konqres” mehmanxanasında 6 milyon dollar məbləğində rüşvəti necə alıb. Bütün bunlar barədə əlimizdə əsaslı dəlil-sübutlar var. Robert Koçaryanın ailəsinin "Konqres” mehmanxanasına yiyələnmələrini təsdiqləyən sənədlər mövcuddur. Onun və ailəsinin necə varlanmasını, pullanmasını təsdiqləyən mənbələr var”. O, R.Koçaryan və S.Sarkisyanın 100 milyon dollar məbləğində çirkli pulları necə yumasından da danışıb: "Bu məbləğin 50 faizi Saşikə, 50 faizi isə Robertə çatıb. Həmin məbləğlərin hansı banklarda olduğunu bilirik”.

Azər
banner

Oxşar Xəbərlər