• cümə, 29 Mart, 19:21
  • Baku Bakı 14°C

"Könüllü” Tələbə Təqaüd Proqramının qalibləri açıqlandı

08.02.18 18:00 1393
"Könüllü” Tələbə Təqaüd Proqramının qalibləri açıqlandı
"Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına müvafiq olaraq gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə ictimai dəstək verilməsi məqsədi ilə keçirilən "Könüllü” Tələbə təqaüd proqramı müsabiqəsi başa çatdı.

Bu gün YARAT Müasir İncəsənət Məkanında təqaüdlərin tələbə könüllülərə təqdim olunması ilə bağlı tədbir keçirildi. Qeyd olundu ki, "Könüllü” Tələbə Təqaüd Proqramının büdcəsi, dosent Nadir Adilov tərəfindən yazılan,Azərbaycan Universiteti Elmi Şurasının rəyi ilə nəşr edilən "Gəncsən? Başla!” gənclər üçün şəxsi inkişaf kitabının satışından əldə edilən vəsait hesabına və müəllifin şəxsi təşəbbüsü ilə formalaşıb.

Tədbirdə bildirildi ki, ötən ilin oktyabr ayından start verilən müsabiqəyə 58 müraciət daxil olub. Təqaüd fondunun ümumi miqdarı 3000 manat təşkil edir. Müsabiqəyə daxil olan müraciətlər komissiya tərəfindən dəyərləndirilib.

Tədbirdə çıxış edən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev bildirdi ki, "ASAN xidmət”də könüllü olaraq fəaliyyətə başlayanların hər birinin ideyaları dəstəklənir və bu ideyaların həyata keçirilməsi üçün şərait yaradılır: "Bununla bağlı bizdə "İdeya bankı” da mövcuddur. Ora həm "ASAN xidmət”in əməkdaşları, həm də istənilən şəxs ideya göndərə bilir. Həmin ideyalardan gerçəkləşməsi mümkün olanları seçilir. Onlardan hətta bir neçəsi "ASAN xidmət”in xidməti fəaliyyətində də tətbiq olunur. Bildiyim qədər 60-a yaxın müraciət olub, onların da arasında 20 ideya müəllifi seçilib. Həmin şəxsləri təbrik edirəm. Hər birinizi "İdeya bankı”nda təşəbbüskar olmağa, ideyalarınızı təqdim etməyə dəvət edirəm”.

Gənclər və idman nazirinin müaviniİntiqamBabayev dedi ki, ötən ilin noyabrında təqdimatı edilən kitab özlüyündə uğurlu bir layihə oldu: "Qısa bir müddət öncə biz kitabın təqdimatına toplaşmışdıq. Sonra kitabın imza günləri müxtəlif yerlərdə təşkil olundu, şirkətlərimiz kitabların gənclərə pulsuz təqdim etməsi üçün maliyyə ayırdılar. Bunlar göstərdi ki, bu kitab uğurlu bir ideya, layihədir. Mükafatı təsis edənləri və alanları təbrik edirəm”.

Millət vəkili Fuad Muradov çıxışında bildirdi ki, ölkənin inkişafında gənclərin rolu əvəzsizdir, bunun üçün isə gənc kadrlar özlərini daim inkişaf etdirməlidirlər: "Biz burda hamımız kitabı təbliğ edirik və gənclərə dəstək olmaq üçün gəlmişik. Kitabı dəstəkləyən çox böyük şirkətlərimizin adını burda gördüm. İnanıram ki bu dəstək gələcəkdə də davam edəcək. Bu gün Azərbaycanda bir çox işlər görülür və gənclər olaraq biz bu ənənəni davam etdirməliyik. Bunun üçün də bilik və bacarıq ilk sırada gedir. Bu kitab da gənclər üçündür. Bu kitabın hazırlamasında əməyi keçən hər kəsi təbrik edirəm”.

"AzərTürk Bank”ın Srateji planlaşdırma və marketinq departamentinin direktoruLeyla Məmmədova bu gün gənclərə özlərini inkişaf etdirmək üçün yaradılan imkanlardan danışdı: "Öncəki illərlə müqayisə edəndə indi gənclər üçün olan imkanlar çox fərqlidir. Əvvəllər şərtlər daha çətin idi, biz şirkətlərə yalvarırdıq ki, təcrübə imkanları yaratsınlar. Amma indi ölkədə könüllülük proqramları genişlənir, bu da gənclərimiz üçün böyük imkandır. Mən artıq o cür bütün mərhələləri keçmişəm. Universitet həyatında yaxşı oxumaqla yanaşı, təcrübə qazanmaq, dostluqlar qurmaq da önəmlidir”.

"AsanRadio”nun direktoru Emin Musəvi gənclərimizi öyrənməyə, özlərini inkişaf etdirməyə çağırdı: "İstedadlı, müasir gənclərimizə motivasiya vermək, onları bir qədər də ruhlandırmaq çox önəmlidir. Müəyyən qaydalar var ki, onlardan yararlanıb hətta gənc yaşda da müdrik olmaq olar. Hər işə məsuliyyətlə yanaşmaq, gözəl insan olmaq, bilikləri inkişaf etdirmək və rəqabətə dözümlü olmaq sözsüz ki, sizi uğurlu edəcək. Müəllifi təbrik edirəm, gənclərimizə uğurlar arzulayıram”.

Sonda çıxış üçün söz kitabın müəllifi Nadir Adilova verildi. O bildirdi ki, tədbirin təşkilatçılığını könüllülər ediblər. Onların burda iştirak etməsinin başqa bir səbəbi də var: "Yaxın günlərdə çapa gedəcək növbəti kitabımın filmində də bu könüllülər çəkiləcək. Onlar özləri də yəqin ki, bunu bilmirdilər, amma ümid edirəm ki, alınacaq. Gənclər üçün əhəmiyyətli bir film olacaq. Fürsətdən istifadə edib bütün dostlara təşəkkür edirəm ki, dəvətimizi qəbul edib gəliblər. Korporativ Sosial Məsuliyyət çərçivəsində kitabı alıb tələbələrə pulsuz paylayan şirkətlərə, "Yarat” Müasir İncəsənət məkanına da minnətdaram”.

Çıxışlardan sonra müsabiqənin qalibləri mükafatlandırıldı. 2 tələbə könüllüyə 500 manat məbləğində birdəfəlik təqaüd verildi. Həmçinin, könüllüllük fəaliyyətinə stimullaşdırılmasına dəstək məqsədi ilə 20 tələbə-könüllünün hər birinə 100 manat pul mükafatı təqdim olundu.

Aygün







banner

Oxşar Xəbərlər