“Könüllü Qəhrəmanların Toplantısı” baş tutub
Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) fəaliyyətinə qoşulan
könüllülərin, AKƏM katibliyinin, təsisçi könüllülər təşkilat və hərəkatlarının
nümayəndələrinin iştirakı ilə video-konfrans formatında "Könüllü qəhrəmanların
toplantısı” adlı görüş keçirilib. Görüşdə respublikanın şəhər və rayonlarında fəaliyyətdə
olan 300-ə yaxın könüllü iştirak edib.
Görüş zamanı könüllülər
gördükləri işlər barədə məlumat verib, fəaliyyətin səmərəsinin daha da
artırılması üzrə, habelə post-pandemiya dövründə fəaliyyətlə bağlı təkliflərini
bildiriblər. Aprel ayı ərzində xüsusi fəallığı ilə seçilən və "Ayın könüllüsü”
nominasiyasında mükafata layiq görülən 21 nəfər könüllünün adları elan
edilib.
Bu formatlı görüşlərin
davamlı olaraq keçirilməsi və könüllülərlə daimi ünsiyyət platforması olaraq
istifadə olunması nəzərdə tutulur.
Azərbaycan Könüllülərinin
Əlaqələndirmə Mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab
olaraq, könüllü təşkilatları və hərəkatları
tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə dövlətimizin
həyata keçirdiyi tədbirlərə dəstək olmaq məqsədilə yaradılmışdır. Mərkəzin fəaliyyətə
başladığı 27 mart 2020-ci il tarixindən keçən dövr ərzində müxtəlif tədbirlər və
aksiyalar, o cümlədən "Böyüklərimizi qoruyaq!”, "Könüllü Qonşu” və "Könüllü
Donor” aksiyaları həyata keçirilib. AKƏM-in çətiri altında keçirilən aksiyalarda
57 şəhər və rayonda 201 nəfər könüllü koordinator və 1 545 nəfər daimi fəaliyyətdə
olan könüllü 11 000-dən artıq ahıl yaşlı
şəxslərə və az təminatlı ailəyə sosial xidmət göstərib.
Qeyd
edək ki, Katiblik funksiyası Azərbaycan Respublikasının Gənclər Fonduna həvalə
edilmiş Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin idarə olunması onun
üzvləri olan "ASAN Könüllüləri” Gənclər Təşkilatı, "Regional İnkişaf” İctimai
Birliyi, "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyi, "Könüllü DOST” Proqramı, "Aqrar İnkişaf Könüllüləri”
İctimai Birliyi, "Nəqliyyat Könüllüləri” Proqramı, Bakı Şəhər Halqası Könüllüləri,
"Miqrasiya Könüllüsü” İctimai Birliyi, "Könüllü gömrükçü” Dəstəsi, "Turizm
Könüllüləri” İctimai Birliyi, "Diplomatiya Könüllüləri” Qrupu, "Ekokönüllüləri”
Qrupu, "Azərbaycan Diaspor Könüllüləri” Proqramı, "SƏLİS Könüllüləri” İctimai
Birliyi, "Azərbaycan İdman Könüllüləri” İctimai Birliyi, "AFFA və Avro-2020”
Könüllülər Proqramı və "Gənc Könüllülər” Hərəkatı tərəfindən həyata keçirilir.