Kömür

Kömür

27 İyul 2019, 12:30 51918
- Şakir, bu küçüyü hardan tapıb gətirdin!? O, qapıya gələndən bəri Natiq bir dəri, bir sümük qalıb. Apar onu azdır. Uşaq gözümdən yayınan kimi yeməyini paralayıb  küçüyə verir. Nə qədər  tənbeh etsəm də öhdə eləmir...
- Nərgiz, küçükdür də, qapıda həyandır, nə ziyanı var ki!?
- Daha nə ziyanı olacaq ki, uşağın heç bir işi-gücü yoxdur. Səhərdən axşama kimi küçüklə oynayır. Özünün  də bir əli küçüyün boğazındadır.
Axır ki, Nərgiz həyat yoldaşının saqqızını oğurlaya bildi. Günlərin birində anası Natiqin başını qatdı və Şakir  küçüyü maşının yük yerinə basıb apardı...
O, xeyli yol getdikdən sonra maşını bir yeməkxananın yanında saxladı. Düşündü ki, küçük yazıqdır, heç olmasa, yeməkxananın böyür-başında sür-sümükdən tapıb gəmirər...
Şakir, maşının yük yerini açıb: "Kömür, yerə düş!" – dedi. Sanki küçük dil bilirdi. Sahibinin niyyətini anlamasa da, cəld atılıb yerə düşdü. O üz-bu üzə boylandı... Elə bu zaman Şakir cəld maşının sükanı arxasına əyləşib mühərriki hərəkətə gətirdi. Maşın sürətlə yerindən tərpəndi... Küçük onun arxasınca düşdü. Şakir maşının sürətini daha da artırdı... Bir az keçəndən sonra güzgüdən arxaya baxdı ki, daha küçükdən bir əsər-əlamət yoxdur...
Namiq bir vaxt duyuq düşdü ki, küçük qapıda görünmür... Həyəti ələk-vələk elədi. Küçükdən bir səs-səmir çıxmadı... Həmin gecə oğlan çox narahat yatdı. Hətta hərarəti də qalxdı... Səhərə kimi sayıqladı. Nərgiz hiss etdi ki, oğlu xəstələnib. Düşündü ki, buna  səbəb küçüyün azdırılmasıdır. O, hərəkətindən peşmanlıq hissi keçirdi. Səhər-səhər ərini bir kənara çəkib soruşdu:
-         Küçüyün başını hara  əkdin? Gedib tapmazsan?..
Şakir əsəbi bir görkəm aldı:
- Yoxsa indi peşman oldun, yerini dar eləyirdi? Küçüyü  qapıya  gətirdiyim gün sığal-tumar da çəkdin, qara olduğuna görə hələ adını   da özün qoydun. Kömürüm, Kömürüm deyirdin... Sonra nə oldu, pişik asqırdı?.. Tasa-pasan uşağın başında idi, xəstələndirib qoydun ora...
- Demədim ki, daha məhkəmə qur... Gör gedib tapa bilirsənsə, qaytar gətir...
Şakir bir xeyli-var gəl elədi. Axır maşına əyləşib küçüyün arxasınca yollandı... Yol boyu Allaha yalvarırdı ki, küçüyü azdırdığı yerdə tapa... O, həmin yerə gəlib çatdı. Küçüyü yeməkxananın həyətində hərlənən görüb  çox sevindi. Maşından düşüb: "Kömür, Kömür!" - deyə  küçüyü səslədi. Küçük isə  sahibinin ona tərəf gəldiyini görüb qaçmağa başladı... Şakir küçüyün arxasınca düşüb onu nə qədər qovsa da tuta bilmədi. Daha tər dabanından çıxırdı... Taqətdən düşüb yerə çömbəldi. Küçüyü  azdırdığı anlar gəlib gözləri önündən keçdi... Dünən maşının arxasınca ona çatmaq üçün ləhləyə-ləhləyə qaçan küçüyün nələr çəkdiyini sanki indi hiss etdi... Kor-peşman şəkildə evə döndü...
Şakir küçüyün arxasınca yola düşəndən sonra Nərgiz oğlunun başını sığallaya-sığallaya onu sevindirdi:
-         Atan küçüyünü tapıb gətirməyə getdi. Yəqin ki, indi tapıb gətirəcək. Yatağından qalx, gəl yeməyini ye.
Natiq sevincək halda yatağından qalxdı. Bu xəbərdən  sanki bütün ağrı-acıları bircə anda ötüb keçdi. O, səhər yeməyini də iştahayla yedi...
Maşın qapıda dayananda Natiq özünü sevincək halda bayıra atdı. Ancaq  sevinci uzun sürmədi... Atasını küçüksüz görüb kövrəldi:
- Küçüyü tapmadın, ata?
- Tapdım, Natiq, ancaq  gəlmədi...
- Ata, məni apar, Kömür mənim sözümdən çıxmaz, gələr!..
Natiq atasının yaxasından yapışıb əl çəkmədi. Yalvarıb-yaxardı, axır ki, onu yola gətirdi. Şakir könülsüz də olsa, oğlunu maşına mindirib yenidən küçüyü azdırdığı yerə gətirdi... Maşını yeməkxanadan bir qədər kənarda saxladı. Natiq yeməkxananın həyətində aşağı-yuxarı hərlənən küçüyü görüb cəld "Kömür, Kömür" deyə ona sarı qaçdı. Küçük də Natiqi görüb özünü onun üstə atdı...
Natiq Kömürü sığallaya-sığallaya: "Burada neyləyirsən, gedək evə!.. - deyirdi... Küçük oğlanın   üst-başını yalamaqla sanki onun təklifinə öz  razılığını bildirirdi... Şakir isə sükanın arxasında əyləşib bu mənzərəni  dərin düşüncələr  içində seyr edirdi...

Ələsgər ƏLİOĞLU