• cümə, 29 Mart, 14:51
  • Baku Bakı 14°C

“Kömək edən azdır, danışan çox”

12.09.17 10:30 3761
“Kömək edən azdır, danışan çox”
"Bilik, savad və intellektual səviyyə ən böyük göstəricidir” - deyir müsahibimiz. Onun həm pedaqoq, həm mətbuat xidməti nümayəndəsi, həm də dünyanı gəzib-dolaşan bir səyyah kimi bizimlə bölüşəcəyi çox şey var. Müsahibimiz Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının mətbuat xidmətinin rəhbəri, İtaliyanın "Yuventus fan klubu”nun Azərbaycandakı rəsmi rəhbərlərindən biri Fuad Sədrəddin oğlu Sadıqovdur.O, 1979-cu ilin 27 iyununda Bakıda ziyalı ailəsində anadan olub. 1996-cı ildə Bakı Dövlət Universitetinin "Beynəlxalq münasibətlər” ixtisasına daxil olub. 4 il orada bakalavr pilləsini oxuduqdan sonra öz ixtisası üzrə yenidən 2 il magistratura təhsili alıb. Daha sonra İtaliyada təhsilini davam etdirib. 2005-ci ildən Rəssamlıq Akademiyasında "Beynəlxalq münasibətlər” şöbəsinin müdiri olaraq işləməyə başlayıb. Ötən ilin avqustundan isə akademiyanın mətbuat katibi vəzifəsini icra etməyə başlayıb.Onunla ali təhsil ocaqlarının yeni mövsümə başlamasına bir neçə gün qalmış görüşüb, təhsil sistemindəki yeniliklərdən, səyahət etmək hobbisindən də xüsusilə çox sevdiyi idmandan danışdıq. Səbirli, təmkinli və bir o qədər də həyat dolu bir insan təsiri bağışlayan Fuad müəllimlə söhbətimizi ixtisarla təqdim edirik.

- Fuad bəy, bildiyimizə görə, bir çox universitetlərdə pedaqoq kimi fəaliyyət göstərmisiniz. Nə üçün İtaliyada, Rusiyada əldə etdiyiniz təcrübələrinizi hazırda tələbələrlə bölüşmürsünüz?
– Mənim üçün pedaqoq kimi fəaliyyət göstərməyin yeri bir başqadır. Təbii ki, müəllimlik sənəti çox müqəddəs və hörmətli bir sənətdir. Müəllim kimi çalışdığım illərdə təhsilimi daha da artırmaq və səyahətlərə getmək üçün yaradıcılığıma fasilə verməli oldum. Gələcəyimizin yetirmələri olan tələbələrlə bir auditoriyada olmaq, biliklərini onlarla bölüşmək gözəl hissdir. Rəssamlıq Akademiyasında da iki il əcnəbi tələbələrə "Azərbaycan tarixi”ndən dərs demişəm. Bilmək olmaz, bəlkə yaxın zamanlarda akademiyada yenidən dərs saatı aldım. İnanın, işlərimiz o qədər çoxdur ki, yaradıcılığımın bu tərəfinə zaman ayırmaqda çətinlik çəkirəm.
- Bəs, maraqlıdır, bu günün tələbələri sizi nə dərəcədə qane edir?
– Bu sizin düşdüyünüz universitetdən və auditoriyadan asılıdır. Bilirsiniz ki, mən bir çox universitetlərdə dərs demişəm. Hər birində də ayrı-ayrı yaradıcı mühit var idi. Tələbələrlə diskussiya zamanı hiss edirsən ki, onların bilik və təhsil səviyyəsi hansı dərəcədədir. Bizim dövrlə müqayisədə indi onların bilik səviyyəsi bir o qədər də qənaətbəxş deyil. Düzdür, tələbələrin arasında intellektual səviyyəsi yüksək olanlar da az deyil. Ancaq elə ali təhsil müəssisəsi də var ki, orada bir semestr dərs dedikdən sonra tələbələrlə işləməkdən imtina etmişəm.
- Sizi qane etməyən konkret olaraq nələrdir?
– ...Bu günün əksər tələbələri öz ölkələri haqqında çox az məlumatlıdırlar. Onların bir çoxu işğal olunmuş torpaqlarımızın tarixini, ərazisini... çox adi şeyləri belə bilmirlər. Çox universitet deyə bilər ki, bizdə təhsilin səviyyəsi mükəmməldir. Biz deyirik ki, indi müasir dövrdür, kompyuter əsridir. Zəmanə uşaqları hər şeyi internetdən öyrənir. Amma mən belə görürəm ki, onların öyrəndikləri şey öz ölkələrinin tarixi deyil. Bu günün gəncləri internetdə tamam başqa şeylərə maraq salırlar. Bu gün dövr də, zəmanə də başqadır. Dövlətimiz öz gənclərinə istənilən şəraiti yaradır. Bizim dövrümüzdə belə deyildi, o vaxt internet yox idi. Mirzə Fətəli Axundov adına kitabxanaya gedir, saatlarla orada kitablar oxuyurduq. Kitabların üzünü köçürürdük. Demək olar ki, bizim bütün tələbəlik həyatımız o kitabxanada keçib. İndi isə zəmanə bir az başqadır.
- Bu baxımdan, Rəssamlıq Akademiyasında vəziyyət necədir?
- Rəssamlıq Akademiyasında vəziyyət bir az başqa cürdür. Bizdə il ötdükcə tələbələrin bilik və bacarıq səviyyələri artır. Bu da özbaşına ərsəyə gəlmir, bunun da öz səbəbləri var. Bizdə təlim-tərbiyə məsələsi çox önəmlidir. Nizam-intizam ciddi nəzarət altındadır. Tələbələrimizə ixtisas fənləri ilə bərabər digər fənlər də tədris olunur. Bu da onların bilik səviyyələrinin artmasına yardımçı olur. Onların bilikləri, intellektual səviyyələri bizim üçün çox önəmlidir. Burada onlara yol göstərən müəllimlər, peşəkar, tanınmış pedaqoqlar var. Təbii haldır ki, rəssamların müsbət aurası tələbələrə də təsir edir.Tələbə özü öz üzərində işləməlidir, bilik, təcrübə toplamalıdır. Bizim Akademiyada təhsil sistemi Avropa standartlarına uyğun şəkildə aparılır. Təhsil sistemimiz beynəlxalq sistemlə haradasa eynilik təşkil edir. Beynəlxalq əlaqələr üzrə prorektorumuz Səlhab Məmmədovun gördüyü işlər nəticəsində biz beynəlxalq aləmdə də kifayət qədər tanınırıq. Akademiyamıza müxtəlif ölkələrdən mütəxəssislər gəlir, yaradıcı sahədə mübadilələr aparırıq. Berlin-Bakı qalereyası üçün silsilə sərgilər keçirmişik. Sərgilərin qalibləri Almaniyaya səyahət qazanıb. Almaniyada Xocalı soyqırımına aid Berlin-Bakı qalereyasında sərgi təşkil etmişik. Bu kimi sərgilərimiz saymaqla bitmir. O ki qaldı sualınıza, cavab olaraq demək istəyirəm ki, biz bu səviyyəyə gəlib çıxmaq üçün bir çox layihələrə imza atmışıq. 2005-ci ildən həyata keçirdiyimiz layihələr məhz akademiyanın tələbələrinin dünyagörüşünün artması, dünya muzeylərinə yol tapması və tələbələrimizin xarici ölkələrdə tanınmasından ibarət olub. Biz bu layihələri həyata keçirəndə Akademiyanın büdcəsindən istifadə etməmişik. Diaspora təşkilatları bizə bir çox məsələlərdə yardımçı olurdu, yerdə qalan məsələləri – biletlərin alınması, tələbələrin yerləşdirilməsi, tədbirlərdə iştirakı və sair məsələləri özümüz həll edirdik. Bundan başqa, Almaniya səfirliyi ilə bir çox tədbirlər, eləcə də "Almaniya tələbələrin gözü ilə” layihəsini həyata keçirdik. Elə tələbələr vardı ki, maddi durumları bu səfərlərdə iştirak etməyə imkan vermirdi. Onlara da kömək etdik. Tələbələrimiz bu layihələr çərçivəsində intellektual səviyyələrini artırdılar. Bundan başqa, akademiyamıza xarici qonaqlar, səfirlər, ziyalılar, dünyaca məşhur rəssamlar gəlir, onlar burada akademik sənətin yüksək olduğunu deyirlər. Rektorumuz, xalq rəssamı, məşhur heykəltəraş, akademik Ömər Eldarov bu yöndə bir çox işlər görür və görməkdə davam edir.
- Fuad bəy, bilirik ki, səyahət etməyi də çox sevirsiniz. Bu səyahətlər nə ilə bağlıdır?
– Bəli, indiyə qədər bir çox ölkələrdə olmuşam. Müxtəlif ölkələri gəzdikcə, istəklərim daha da artıb. Səyahət edərkən getdiyim ölkələrin təhsil sistemi ilə maraqlanır, oradakı dərs proseslərini izləməyə çalışıram. İndi gör-götür dünyasıdır. Dünya təhsil sistemində nələrin baş verməsini yaxından izləmək üçün səyahət mütləqdir.Bu yaxınlarda Malayziyada, Sinqapurda oldum. Oranın təhsil sistemi ilə yaxından tanış oldum. Mənə elə gəlir ki, Sinqapur vətəndaşları artıq XXII əsri yaşayırlar...

- Artıq akademiyaya qəbul başa çatıb. Bu il tələbələr hansı ixtisasa daha çox müraciət edib.
– Rəssamlıq Akademiyasına maraq ildən-ilə artmaqdadır. Bu il bizim akademiyaya müraciət həddən ziyadə oldu. Həmişəki kimi, "dizaynerlik” ixtisasına abituriyentlər tərəfindən böyük maraq var idi.
- Bildiyimiz qədəri ilə, Rəssamlıq Akademiyasına əcnəbi tələbələrin də ciddi marağı var.
- Elədir. Bizim Akademiyaya Şərq ölkələrindən, Avropadan, Pakistandan, Ərəb ölkələrindən, Türkiyədən, Rusiyadan, Ukraynadan, Orta Asiya ölkələrindən və digər ölkələrdən tələbələr gəlir. Nə üçün buranı seçirlər? Çünki bizim akademiyada peşəkar müəllimlər dərs keçir və bununla bərabər, təhsilin səviyyəsi yüksəkdir. Ödəniş haqqı da normaldır.
- Fuad bəy, İtaliyanın "Yuventus fan klubu”nun Azərbaycandakı rəsmi rəhbərlərindən birisiniz. İdmana olan sevginiz haradan qaynaqlanır?
– İdmana sevgim uşaqlıqdan yaranıb. 5-6 yaşımdan futbola baxmaq üçün evdə valideynlərim mənə hər cür şərait yaradırdı. Futbola ilk sevgim 1985-ci ildə "Neftçi”nin oyunları ilə başladı. 1986-cı ildə Meksikada keçirilən Dünya Çempionatı futbolu mənə daha da sevdirdi. Oyunlar gecə yarısında başlayırdı. Gecə maraqla oturub həmin oyunları izləyirdim. O vaxtdan İtaliya futbolu ilə maraqlanmağa başladım. Ondan sonra İtaliyaya, "Yuventus”a sevgim başladı. Biri var adi bir sevgi, evdə oturub maraq üçün futbola baxasan, biri də var ki, mən bunun yolunda maliyyəmi, zamanımı xərcləyirəm. Elə oldu ki, "Yuventus” klubu ilə münasibət qurduq və onun Azərbaycanda fan klubunu açdıq. Ona "Ağ-qara cigidləri” adı qoydular.
- Bu klubda hansı işləri görürsünüz?
– Azarkeşlər, media nümayəndələri və boleggerlərlə birlikdə futbolu izləyirik. İşlər çoxdur. Bir çox azarkeş sözdə azarkeşdir. Konkret köməklik etməyə gələndə hərə bir kənara çəkilir. İnsanlarda bir az da gözü götürməzlik var. Deyirlər ki, görəsən filankəs bunu niyə elədi, nəyinə lazımdır ki, bu işlə məşğul olur? İnsanlar başa düşmürlər ki, idman sevgisi insanı nəyəsə vadar edə bilər. Hər bir işdə insaniyyət əsas amildir. Kömək edən azdır, danışan isə çox. Bizə sadəcə mənəvi dəstək lazımdır. Biz klub olaraq imkanı az olan, kasıb uşaqları oyunlara dəvət edirik. İtaliyadan real maykalar, şərflər alıb paylayırıq. Biz konkret iş görürük. Rəsmi olaraq "Yuventus” futbol klubunun Azərbaycandakı nümayəndələriyik.İşimizin məqsədi odur ki, Avropada Azərbaycanı tanısınlar. Reklam rolikləri çəkirik. Futbol artıq bir industriya yaradıb.
- Azərbaycan futbolu ilə bağlı nə düşünürsünüz?
– Azərbaycan futbolunda inkişaf var. Bizim Qurban Qurbanov kimi məşqçimiz olmayıb. Futbol sahəsində çox dahi korifeylərimiz olub, ancaq Qurban kimisi olmayıb. "Qarabağ” futbol klubunun qazandığı uğurları heç "Neftçi” də qazanmayıb. Özüm "Neftçi” klubunun azarkeşiyəm, amma "Qarabağ”ın uğurlarına da sevinirəm. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bizim bəzi azarkeşlərdə mədəniyyət çatışmazlığı var. Kopenhagenlə oyun zamanı klubun rəsmi internet səhifəsində söyüşlər yazırdılar. Ancaq düşünmürdülər ki, bu Azərbaycanın imicini aşağı salır. Belə neqativ elementlər olmasa, indiki "Qarabağ”ı Azərbaycan futbolunun flaqmanı hesab etmək olar. Bu gün uşaq futbolunda bir qədər durğunluq var. Ümid edirəm ki, o da zamanla düzələcək.
- "Qarabağ”ın "Kopenhagen” komandası ilə qalibiyyət oyununa münasibətiniz necədir?
– Bu, bir hadisədir. Bu qələbənin əsas meyarı komandanın baş məşqçisi Qurban Qurbanovdadır, onun taktiki gedişlərindədir, güclü strategiya seçimindədir. Ümidvarıq ki, belə qələbələr davamlı olacaq. Düzdür, Çempionlar liqasında oyunlar bir az çətin olacaq. Amma yenə də komandamızın ilk dəfə olaraq bu liqada çıxış etməsi Azərbaycan futbolu üçün çox böyük nailiyyətdir. Bir məsələ də var ki, böyük beynəlxalq arenada "Qarabağ”ın adının səslənməsinin özü elə böyük bir mesajdır.
- Bu axşam "Qarabağ” İngiltərənin "Çelsi” komandası ilə oyunu var. Sizin bu oyunla bağlı proqnozunuz necədir?
- Çətin deyil, proqnoz demək. "Çelsi” keçən ilin İngiltərə çempionudur. "Çelsi”ni Londonda udmaq çox müşkül məsələdir. "Qarabağ”da o dərəcədə güclü oyunçu yoxdur ki, bunu bacarsın. Fikrimcə, onlar "Qarabağ” üzərində qələbə qazanacaq.

Xəyalə Rəis



banner

Oxşar Xəbərlər