Kloun
Hava küləkli idi. Həmişə küləkli günlərdə qəmgin olurdu. Başqa
günlərdə də qəmgin olurdu, amma külək onda nəsə qəribə bir hüzn oyadırdı.n Restoranın
qarşısında həmişəki kimi çoxlu maşın və adam vardı. Bu gün işə tez gəlmişdi. Adətən
işə düz vaxtında gələrdi, nə gec, nə də tez. Darısqal, yarımqaranlıq, nəm bir
evin zirzəmisində kirayə qalırdı. Bura otaq deməyə adamın dili dönmürdü. Camaat
arasında xruşşovka adlanan sovet dönəmindən qalma beşmərtəbəli evin zirzəmisini
hansısa diribaş sakin suvayıb otaqfason bir şey təşkil etmişdi. Hərdən ona elə
gəlirdi ki, yaşadığı ömür də ona bir növ kirayə verilib. Avtomobil, mənzil və
başqa şeylər kimi. Yox, o Allahın ona əmanət ömür verməsi barədə uzun-uzadı
dini mülahizələr yürüdəcək hövsələyə malik deyildi. Eləcə ən loru şəkildə
ömrünü kirayə yaşadığını düşünürdü. İndi yadına düşdü ki, deyəsən heç zaman
geniş, işıqlı ,təmirli ev arzulamayıb. Arzular, əslində, ümidlərdən doğulur.
Yəni əvvəlcə adam nəyəsə ümid edir və başlayır arzulamağa. Düzdür zamanla insan
arsızlaşır və arzular da başlayır böyüyüb hüdudunu aşmağa. Lap keçəlin padşah
qızını almaq arzusuna dönür. Onun ümidi olmamışdı deyə arzusu da yox idi..
Həyətdə iki yekəpər kişi durmuşdu. Restoranın müdiri ilə nəsə danışırdılar.
Görünür toy gününün vaxtını təyin edirdilər, çünki müdir telefonunun ekranında
təqvimə baxıb nəsə hesablayırdı. Sakitcə onların yanından sivişib içəri girdi.
Şəlalə dönüb təəccüblə ona baxdı.
- Bıy, Camal, nə tez gəlmisən?
Şəlalə arıq, qara arvad idi. Qabyuyan işləyirdi. Pis adam deyildi. Bir
az çoxdanışan idi, vəssalam. Şəlalənin öz keçmişi haqqında danışdıqlarına bəlkə
üst-üstə iyirmi dəfə eşitmişdi. Şəlalə vaxtı ilə çox gözəl olduğunu, yaxşı
vəzifədə işlədiyini, hətta evində qulluqçu saxladığını da deyirdi. O inanırdı.
Çünki, həyatda daha betər hadisələr görmüşdü. Keçib masanın arxasında oturdu.
Saat beşə on beş dəqiqə işləyirdi. Saat beşdə Sünnət toyu başlayacaqdı. Demək
onun işinin başlamasına hələ qırx beş dəqiqə vardı. Başını masanın üstünə
qoydu. Axşam yenə Nərgizlə dalaşmışdılar. Gecə yaxşı yatmamışdı. Evdəki
gərginlik həmişə birtərəfli olurdu. Çünki Nərgiz heç vaxt ona cavab
qaytarmırdı. Adətən, o evə içkili gəlir və Nərgizi sıxışdırmağa başlayırdı. Söyürdü,
acılayırdı, bəzən də yumruqlarını işə salırdı. Bir iki dəfə qadını buz kimi
havada çölə də atmışdı. Nərgiz heç yerə getmirdi. O yaxşı başa düşürdü ki,
Nərgizin getməməsinə səbəb getməyə yerinin olmaması deyil. Hər halda bu gen
dünyada bir qadın üçün yer tapılardı. Bu qadına qarşı hiss etdiklərini təsvir
edə bilmirdi. Bu qadını sevirdisə, o zaman niyə gününü qara edirdi, yox
sevmirdisə niyə onunla bərabər idi.
Acmışdı. Stola göz gəzdirdi. Bir tərəfdə bir-iki boşqab pendir, göyərti
və süfrədən qayıtmış bildirçin kababı vardı. Ürəyi sancdı. Həmişə bildirçinlərə
yazığı gəlmişdi. Başa düşə bilmirdi ki, dünyada yeməli bu qədər heyvan. bitki
və quş olduğu halda niyə insanın gözü bu balaca, çəlimsiz, yazıq quşcuğaclara
düşür. Ömründə bircə dəfə də yeməmişdi bu fağır quşun ətini. Bir də bu toy
məntiqi ona çatmırdı. Əşi bir qız bir oğlanı sevirsə bu boyda həngaməyə nə
lüzum var? Eləcə gedib evlənsinlər və yaşasınlar da. O yaxşı bilirdi ki, toya
çağırılan üç yüz, beş yüz adamın içərisində vur-tut beş-on adam səbəbkarların
xoş gününə həqiqətən sevinir. Gözləri yol çəkdi. Dəhşətli dərəcədə içmək
istəyirdi. Amma özünü saxladı. Bir azdan onun növbəsi gələcəkdi.
Evlərində həmişə, demək olar ki, anadan olandan içki və içkili adam
görmüşdü. Atası içən idi. Nəinki içird,i necə deyərlər lap küpünə girirdi.
Tez-tez dava-dalaş olurdu evdə. Anasını həmişə atasından çox istəmişdi. Sonra
bir gün anası öldü. Qohum-əqrəba indi də atasının evlənmədiyini, həyatını ona
həsr etdiyini danışırdı. Amma bircə o bilirdi ki, evdə atasının varlığıyla
yoxluğu bilinmir.
Qız ondan bir kurs aşağıda oxuyurdu. Qaragöz, şən, diribaş bir qız
idi. Adı da Gülşən idi. Heç özü də bilmirdi ki, Gülşənlə harda, nə zaman
yaxınlaşıblar. Gülşənin bir rəfiqəsi vardı. Sonaxanım idi qızın adı. Sonaxanımı
yetişmiş qovuna bənzədirdi həmişə. Qızın qabarıq sinəsi, dolu bədəni, gözəl üzü
vardı. Əlbəttə ki. Gülşəndən çox fərqli və gözəl idi. Amma o Gülşəni sevirdi. Sonaxanım
Bakılı idi. Gülşən isə Sabirabaddan gəlmişdi oxumağa. Rəfiqə olsalar da qızlar
kəskin fərqlənirdilər. Əslində Sonaxanım Gülşənə nə qədər yaxın görünsə də, bütün
hərəkətləri və davranışları ilə fərqli olduğunu göstərməyə çalışırdı. Üstünlüyünü,
şəhər qızı olmasını vurğulayır və hətta Gülşəni hər mümkün fürsətdə əzirdi. O
kişi intuisiyası ilə başa düşürdü ki, Sonaxanımın ona diqqət yetirit. Bəlkə də
Sonaxanım sadəcə Gülşənin acığına ona maraq göstərirdi. Bir bazar günü Sona ona
zəng vurub onu atasıgilin Novxanıdakı bağ evinə dəvət etdi. Sonanın dediyinə
görə uşaqlar da bağa yığışacaqdılar. Özü də bilmədi niyə ürəyinin dərinliyində
Sonanın bu uşaqlar haqda dediklərinə inanmadı. Sürücülük vəsiqəsi vardı, amma
maşını yox idi. Məhlə uşaqlarından birinin maşınını götürdü. Köhnə jiquli
markalı avtomobil bağ massivində irəlilədikcə sanki bədənində qarışqa gəzirdi.
Bu aralar Gülşəni də, keçmişdə baş verənləri də, gələcəkdə baş verəcəkləri də
unutmuşdu. Eləcə uçurdu, Sonaxanıma sarı uçurdu. Gündüzdən uşaqlarla kafedə bir
az içmişdi. Beynində Sonanın kaman qaşları, çoxmənalı baxışları və sinəsi
dolanırdı. Gülşənin məsum üzü də bu xəyalın arxasından arabir görünüb itirdi.
Bağ evini gec tapa bildi. Gəlib çatanda saat doqquza işləyirdi. Günəş
yavaş-yavaş əyilirdi. Dəniz dən əsən sərin külək adamı ətri və təravəti ilə
bihuş edirdi. Biri-birinə sıxılmış bağlar, meynəliklər, sahil qumları batmaqda
olan günəşin şəfəqlərində çimirdi. Bağı birtəhər tapdı. Darvazadan içəri
girəndə həyətdə hökm sürən sakitlikdən zənnində yanılmadığını anladı. Sonaxanım
içəridən qaça-qaça çıxıb ona yanaşdı. Əynində qarışıq rəngli, göy qurşağını
xatırladan sarafan vardı. Sarafan nazik idi və qızın bütün bədəni demək olar
ki, kölgə şəklində hiss olunurdu. Uzun, qıvrım saçları başının ortasında
sancaqlanmışdı. Camal soruşdu:
- Uşaqlar hanı bəs?
- Uşaqlar gəlib çıxmadılar. Zəfərə demişdim, Narıngülə də. Gülşən
heç. Xazyayksı onun keşiyini bərk çəkir. Bu vaxt çölə-bayıra buraxmaz. Maması
bərk-bərk tapşırıb.
Yenə də Gülşəni əzmək həvəsi vardı qızın danışığında. Sonra sanki
səhvini anladı. Bu anda Camalın Gülşənə olan hisslərini yada salmaq lazım deyildi.
Qız süzgün gözlərini oğlanın enli sinəsinə dikib gülümsündü.
- Əşş, uşaqlar nəyinə lazımdır ey sənin. Mən varam da. Otur çörək
yeyək, acından ölürəm.
Sonaxanımla yedikləri katlet, qarpız yadında idi. Bir də şərab
içdilər. Qızın belə sərbəst, rahat şərab içməsi ona hətta xoş da gəldi. Beyni
dumanlı idi. Bir də Sonanın dəniz qumu və fransız ətri verən saçlarını, yumşaq
bədənini xatırlayırdı. Yaddaqalan bir gün keçirmişdilər...
Telefonunu açdı ki, saata baxsın Saat dördə on beş dəqiqə işləyirdi.
Axşamdan bəri səssizə qoyduğu telefona on səkkiz mesaj, otuz iki zəng gəlmişdi.
Zənglər də, mesajlar da Gülşəndən idi. İçini gəmirən peşmanlıq hissi içərisində
sabah sevdiyi qıza nə deyəcəyini. Bu işlərin nəylə bitəcəyini, Sonaxanımın
bundan sonra onun həyatında hansı rolu oynayacağını düşünməyə başladı. Qalxıb
vanna otağına keçdi. Su şırnağı başından aşağı süzüldükcə yüngülləşirdi.
Gülşəndən hər şeyi gizlətməyə qərar verdi. Hamamdan çıxanda telefonu yenidən
zəng çalırdı. Özünü telefona çatdırana qədər Sonaxanım artıq telefonu açmışdı.
Yəqin ki, gecənin bu vaxtı sevgilisinin telefonuna nə üçün rəfiqəsinin cavab
verdiyini anlamağa çalışırdı. Bir anlıq çaşqın halda otağın ortasında dayanmış
Gülşəni görürmüş kimi oldu. Sonaxanımın son cümləsi ox kimi beyninə sancıldı.
- Gecənin bu vaxtı neyləyirlər, Gülşən, yatmışdıq.
Özünü otağa atdı, telefonu Sonanın əlindən qapıb qulağına apardı. Son
eşitdiyi Gülşənin hıçqırıqları oldu. Tələsik geyinin bayıra qaçdı, Sona da onun
ardınca yüyürüb son anda maşının arxa oturacağına otura bildi. Elə həyəcanlı
idi ki, Sonanın maşında olub olmamasına da fikir vermədi. Bircə şey düşünürdü,
şəhərə tez çatamaq. Ancaq indi etdiyinin necə mənasız, neçə axmaq bir şey
olduğunu və bəlkə də bu gün bütün həyatını dəyişdiyini başa düşürdü. Yol bitmək
bilmirdi. Yalnız döngələrdən birini dönəndə ona elə gəldi ki, yol qəfil
qurtardı. Nə olduğunu anlamadan uçduğunu hiss etdi. Sonanın qışqırığı, sınan
şüşələrin cingiltisi və eniş...
Xəstəxanada qəzadan bir həftə sonra özünə gəldi. Sol ayağının baldır
sümüyü xıncım-xıncım olmuşdu. Boynu sınmışdı, beyni silkələnmiş, daxili
orqanları zədələnmişdi. Sona qəzada ölmüşdü. Yarım ilə yaxın xəstəxanalarda
qaldı, atası bir dəfə də yanına gəlmədi. Qohum əqrəbalar da eləcə. Xəstəxanadan
yarımcan çıxdı. Qara ciyəri zədəli, sol ayağı qüsurlu, üzündə dərin bir yara
izi vardı. Axırıncı kursda imtahanları vermədi, ümumiyyətlə universitetin
həndəvərinə də hərlənmədi. Bir-iki dəfə Gülşənin nömrəsini yığdı. Amma görünür
qız nömrəni dəyişmişdi. Bu vəziyyətdə yəni işsiz, evsiz, iş qabiliyyəti olmayan
bir adam hansısa sevgidən necə danışa bilərdi?
Bu işi ona dostlarından biri tapmışdı. Kloun işləyirdi. Saathesabı
sünnət toylarında, ad günlərində təlxəklik edirdi. Atası evi satıb pulunu
tapdığı küçə qadınlarından biri ilə yemişdi. İndi onun harda olduğunu bilmirdi.
Özü isə kirayə tutduğu zirzəmidə onunla yaşayırdı. Təsadüfən tanış olduğu,
keçmişi ilə əlaqədar heç nə bilmədiyi o qadınla. Nərgizin keçmişindən heç zaman
arxayın olmamışdı. Xüsusən başına gələnlərdən sonra bütün qadınlardan zəhləsi
gedirdi. İnanmırdı, etibar etmirdi. Amma Nərgiz deyəsən, doğrudan da onu
sevirdi. Demək olar ki. hər gün evə sərxoş gəlir, içəri girən kimi də ağlına
gələn ilk fikir Nərgizin ona xəyanət edə biləcəyi ehtimalı olurdu. Qapıdan
girən kimi günahı oldu, olmadı ona sığınmış, bəlkə də həqiqətən onu sevən bu qadını
döyürdü. Üç il idi bir yerdə idilər. Nərgiz bu üç ildə bir dəfə də şikayət
eləməmişdi həyatından. Acıq eləməmişdi. onu qınamamışdı. Əksinə, həmişə
döyüləndən sonra ona qısılır, Camal sənin qızıl kimi ürəyin var, içmə də nolar,
deyirdi. Ona elə gəlirdi ki, Gülşən onun bütün həyatını, uğurlarını və
gələcəyini özü ilə aparıb. Gülşəndən başqa qadın sevə bilməz, yaşadıqları da
elə belə ötəri hisslərdir. Nərgizi isə sevmək üçün yox sadəcə sahibsiz, yazıq
olduğu üçün yanında saxladığını düşünürdü. Kim idi Nərgiz? Onun sevgisinin
tör-töküntüsü ilə doyan, kifayətlənməyə məcbur olan biri. Ərdən boşanmış, tək
yaşamış biri. Gülşənlə müqayisəyə belə gəlməyən bir qadın. Niyə sevirdi onu bu
gözəl və yazıq qadın. Nəyini sevirdi? Ona həmişə elə gəlirdi ki, göstərdiyi
qayğı Nərgizə çoxdur. Nərgizi tumarlamaq olmaz, onu tərifləmək olmaz ayağı yer
alar.
Banket zalına girəndə həmişəki kimi səntirlədi. Adətən, təlxək gərək
girəcəkdə səntirləyəydi və hətta yıxılaydı da. Qırmızı ağzı, ağappaq sifəti ilə
kontrast təşkil edirdi. Uşaqlar bir anda onu dövrəyə aldılar. Əzbərlədiyi mətni
mikrofonla oxumağa başladı. Toyu olan uşaq stolda oturmuşdu. Məzəli səslə
uşağın valideynlərini çağırdı. Rayon adamına bənzəyən kişi və uzun, tünd mavi
paltar geyinmiş qadın ona yaxınlaşdı. İkinci dəfə səntirlədi, amma bu dəfə
ssenaridən kənar. Uşağın anası Gülşən idi. Gülşən dəyişilmişdi, gözləri çuxura
düşmüş, üzü uzanmışdı. İllərlə xəyalında yaşatdığı məsum qız, yorğun, üzgün bir
kənd qadınına çevrilmişdi. Özündə güc tapıb köhnə hisslərinin üstündəki qalın
tox təbəqəsini üfürmək, hisslərini alovlandırmaq istədi. Başa düşürdü ki,
bundan sonra onun hissləri heç kimə gərək deyi.l Bu qadın ölsə də yanındakı
qara, bığlı kişini tərk etməz. Sadəcə sevə bilmək qabiliyyətini yoxlayırdı.
Amma alınmadı. Təəccüb içində kəşf etdi ki, qadın haqqında düşünən kimi
xəyalına Nərgizin fağır, cazibədar, əsmər çöhrəsi gəlir. Bu arıq, qayğılı kənd
qadınını sevə bilməzdi. Doğma heç nə qalmamışdı Gülşənin simasında. İçində nəsə
qırıldı. O gecə Sonaxanımla özünü bir yataqda gördüyü gecə də belə olmuşdu. Qrimlənmiş
üzündəki iri gözlərindən yaş axmağa başladı. Göz yaşları yanaqları ilə üzü
aşağı axdıqca balaca bəy təəccüblə ona baxırdı. Tamaşa sona çatmaq üzrə idi.
Reqlamentə uyğun işini görmüşdü. Zaldan çıxdı. Ürəyi sancırdı. Fikirli
addımlarla restorandan çıxdı. Yolu yarılayanda yadına düşdü ki, üzündəki qrimi
yumayıb. Yanaqlarında göz yaşlarından qalan kirli izlər, dodaqlarında isə
təbəssüm. Yolun ortası ilə bir kloun addımlayırdı, ovcunda bu axşam qazandığı
pulu vardı. Yorğun gözlərini bir anlığa yumdu. Gülşənlə vidalaşmaq istədi. Çox
illər əvvəlki simanı, hər gecə yuxusuna girən, hər səhər xatırladığı simanı
onca dəqiqədə unutmuşdu. Gözlərini yuman kimi ağlına Gülşənin əvəzinə bayaqkı
yad qadın gəlirdi. Birdən birə Nərgiz üçün darıxdığını hiss etdi. Üç ildə ilk
dəfə Nərgizi sevdiyini dərk elədi. İçində bir ümid pöhrələnirdi. Hiss edirdi
ki, hər şey yaxşı olacaq. Yalnız indi yadına düşdü ki, Nərgizlə nişan üzükləri
yoxdur.
Qaranlıq döngədən keçib üzündəki qrimə, əcaib görünüşünə məhəl
qoymadan sahildəki dükanlardan birinə girdi. Ovcunda tutduğu əlli manatı satıcı
qıza verib gümüş üzüklərdən birini aldı.
Vəfa Mürsəlqızı(Qafarova)