• şənbə, 20 Aprel, 14:10
  • Baku Bakı 23°C

Klinton, yoxsa Tramp?

30.07.16 10:36 1492
Klinton, yoxsa Tramp?
ABŞ-da baş tutacaq 45-ci prezident seçkiləri ilə bağlı gedişat ölkəmizdə də maraqla izlənilir. Dünya düzəninə birbaşa təsir edən hegemon dövlətin növbəti prezidentinin kimliyinin bu qədər müzakirə edilməsinin bir səbəbi də namizədlərdən birinin xanım olması ilə bağlıdır. Belə ki, bu məqam ABŞ tarixində bir ilkdir. Diqqət çəkən odur ki, sabiq dövlət katibi və Demokratlar Partiyasının namizədi Hillari Klintonun şansları xeyli yüksək qiymətləndirilir. Onu xeyli sayda nüfuzlu siyasətçilər dəstəkləyir ki, bu sırada prezident Barak Obama da var. Obama xanım Klintonu ağıllı siyasətçi adlandırıb və vətəndaşları ona səs verməyə çağırıb.
Onu da qeyd edək ki, digər namizəd Donald Trampın da prezident seçiləcəyi, çoxluğun onun səriştəsizliyinə əhəmiyyət verməyəcəyi barədə fikirlər dolaşır. Bildirilir ki, demokratlardan sonra idarəçilik respublikaçılara keçə, nəticədə Tramp ABŞ prezidenti ola bilər. Mövzu haqda ekspertlərlə danışıb hansı namizədin şansını yüksək qiymətləndirdiklərini və region üçün hansının seçilməsinin daha uyğun olduğunu müzakirə etdik.
Millət vəkili Hikmət Babaoğlu açıqlamasında bildirdi ki, ABŞ-ın 45-ci prezidentinin kim olmasının Azərbaycan üçün elə bir ciddi fərqi yoxdur. Çünki ölkəmizlə ABŞ arasında illərdir davam edən münasibətlər var və seçiləcək prezident əməkdaşlığı korlamayacaq: "ABŞ dünya siyasətinin, beynəlxalq münasibətlərin formalaşmasında, beynəlxalq münasibətlərə yeni keyfiyyət gətirilməsində mühüm rol oynayan ölkələrdən biridir. Ona görə də dünyanın əsas diktə edən tərəflərindən biri kimi tanınan dövlətin prezidentinin kim olacağı maraq doğurur, müzakirələrə səbəb olur. Məsələ ondadır ki, əsaslı dövlətçilik ənənələri olan ABŞ dövlət siyasətinin müəyyənləşməsində prezidentlərin rolu kifayət qədər ciddi olsa da, həlledici deyil. Çünki bu cür ölkələrdə prezidentlər daha çox dövlət institutunun diktəsi ilə və yaxud dövlət institutunun nüfuzu ilə siyasi qərarlar qəbul edirlər. Ona görə də istər Trampın, istərsə də Klintonun prezident seçilməsi ABŞ-ın xarici və daxili siyasətində ciddi dəyişikliklərə gətirib çıxarmayacaq. Bu dəyişikliyi kosmetik dəyişiklik adlandırmaq da mümkündür”.
Həmsöhbətimizin fikrincə, dəyişikliyi daha çox xarici siyasətdə müşahidə etmək mümkün olacaq. Daxili siyasətlə bağlı isə hər iki namizədin irəli sürdüyü özünəməxsus tezislər var və Amerika ictimaiyyəti buna müvafiq reaksiya verib: "Əsas odur ki, kimin seçilməsinin bizim üçün ciddi fərqi yoxdur. Çünki ABŞ-ın xarici siyasətini ayrı-ayrı prezidentlər deyil, artıq oturuşmuş xüsusi dövlət institutları müəyyənləşdirirlər. Azərbaycanın özünün müstəqil siyasəti var və ABŞ-la əlaqələr davam etdirilir. Bu günə qədər formalaşmış qarşılıqlı, ciddi siyasi əlaqələr mövcuddur. Düşünürəm ki, hər iki namizəd prezident seçiləcəyi təqdirdə, ölkəmizlə əlaqələri bu təməllər üzərində davam etdirəcək”.
Politoloq Natiq Miri isə ilk olaraq, Trampın səriştəsizliyini nəzərə alır: "Məlumdur ki, Tramp siyasət dünyası üçün yeni bir şəxsdir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, o, bir biznesmendir və bütün proseslərə mənfəət baxımından yanaşır. Onu da diqqətdən qaçırmaq lazım deyil ki, Tramp silah satışı ilə bağlı olan böyük bir maliyyə şəbəkəsinin adamı olaraq tanınır. Bu da, həm ABŞ üçün, həm də bütün dünya üçün heç də xoş gələcək vəd etmir. Ancaq Hillari Klinton siyasət adamıdır, sabiq dövlət katibidir. Demokrat Partiyasının ənənəsini davam etdirəcək bir siyasət yürüdəcəyi bəlli məsələdir. Həmçinin yeni kataklizmlərə gətirə biləcək fundamental işlər görməyi də planlaşdırmır. Qısaca, Demokrat Partiyasının yürütdüyü siyasətin davamçısı kimi tanınır. O baxımdan düşünürəm ki, həm regional, həm də qlobal siyasət üçün xanım Klintonun seçilməsi daha sərfəlidir və ümumilikdə dünya üçün daha doğru bir seçimdir. Açığı, başqa seçim də yoxdur. Mübarizə iki əsas namizəd arasında getdiyi üçün pisə nisbətən yaxşının seçilməsi dünya üçün daha doğru olardı. Ona görə də mən xanım Klintonun seçilməsini uyğun görürəm”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər