• cümə axşamı, 28 mart, 15:10
  • Baku Bakı 16°C

Kölgəyə çəkilən istedad - Portret

28.10.14 12:17 3185
Kölgəyə çəkilən istedad - Portret
Azərbaycan futbol ölkəsidir. Bəli, biz, bu idman növündə böyük uğurlar qazana bilmirik, adətən, milli komandamız bizi üzür. Amma klublarımız bu baxımdan xeyli irəli gedərək beynəlxalq turnirlərdə Azərbaycanı layiqincə təmsil etməyə başlayıb. Bu matçlardakı abı-hava da onu göstərir ki, futbol çox sevilir. Ölkənin digər idman növlərindəki ən böyük yarışlar belə bunun yarısı qədər tamaşaçı toplaya bilmir. Bu qədər azarkeş qarşısında oynamaq, qələbələr qazanmaq isə futbolçuların üzərinə düşən məsuliyyətdir. Bu yazımızda son günlərdə əsas müzakirə mövzusu olan idman növünün ən istedadlı azərbaycanlılarından olan, ancaq son vaxtlarda kölgədə qalan biri haqda danışacağıq. Hazırda “İnter”in şərəfini qoruyan Elvin Məmmədovun uşaqlıq arzularının yerinə yetmə hekayəsi çox maraqlıdır.
Futboldan qaçması mümkün deyildi
1988-ci ildə iyulun 18-də Tovuzda kasıb ailədə doğulub. Atası aşpaz, anası isə evdar qadın olub. Yaşadığı şəhər onun gələcəyini müəyyənləşdirmək üçün yetərli idi. Azərbaycan futbolunun “beşiyi” sayılan Tovuzun hər küçəsində bir, hətta bir neçə böyük istedada malik futbolçu tapmaq olar. Burada futbol idman növündən çox həyat tərzi, özünüifadə formasıdır. Elvin də bu böyük ənənənin davamçısı olmaya bilməzdi. Evləri məktəbin meydançasının yaxınlığında yerləşdiyi üçün idman dərslərini keçən şagirdlərin səs-küyünü çox eşidər, onlarla birgə olmaq istəyərdi. Uşaqlarla meydançaya gedər, torpağın üstündə sinif şagirdlərinin bir-biriləri ilə oyunlarına baxardı. Toz-torpağın içində, demək olar, hər gün şagirdləri izləyərdi. Nəhayət, 6 yaşında böyük qardaşı onu - dörd qardaşın ən kiçiyini futbola gətirir.
“Turan” sevgisi
İlk gündən məşqçilərinin rəğbətini qazanan “vunderkind”in böyük gələcəyinin olduğu dəqiq idi. Bəstəboy yarımmüdafiəçi rəqiblərini rahatlıqla arxada qoyar, dəqiq ötürmələr verib qol imkanları yaradardı. Valideynlərinin futbolla məşğul olmasına qarşı olması da onu dayandırmırdı. Bir dəfə yoldaşlıq görüşlərinin birində evdən qaçaraq “Turan”ın aşağı yaş qrupunun komandasında oyuna çıxır. O vaxtlar U-17-nin baş məşqçisi olan Azərbaycanın əməkdar məşqçisi İslam Kərimov Məmmədovdakı istedadı sezir və onu yanına dəvət edir (Sonradan o bütün yaş qrupları üzrə millimizdə oynamış, 2008-ci ildə isə əsas komandamızda debüt etmişdi. İndi onun aktivində 31 oyunda vurulan 7 qol var). “Turan”ın əsas heyətinə gəlişi də məhz bundan sonra baş tutur. Bir müddət I divizionda oynayandan sonra Tovuzun simvolu olan klubun şərəfini qorumaq ona qismət olur.
İlklərini “İnter”də yaşayır
Doğma şəhərdəki iki mövsümdən (2005-07-ci illər mövsümləri, 47 oyuna 3 qol) sonra paytaxt “İnter”i onu sıralarında görmək istəyir. Burada yad abı-havaya düşən Elvin bir müddət uyğunlaşma prosesi keçərək böyük futbolçu olmaq istiqamətində irəliləyir. “Bankirlər”in heyətində ilk matçdan möhkəmlənən yarımmüdafiəçinin gözəl futbolu onu diqqət mərkəzinə gətirir. Təbii ki, ölkə ictimaiyyəti onu məhz “Turan”dakı oyunu ilə bəyənmişdi. Ancaq həm bir şəxsiyyət, həm də bir futbolçu kimi formalaşması paytaxt klubunda mümkün oldu. Əsas milli komandaya da burada top qovduğu zaman çağırıldı, karyerasındakı ən böyük titulu – Azərbaycan Premyer-Liqasının qalibi adını qazandı, bu komandanın heyətində ilk dəfə Çempionlar Liqasında oynadı. Burada keçirdiyi iki mövsümdə Elvin 27 dəfə meydana çıxaraq, 5 dəfə rəqib qapıçılarını məyus edə bildi.
Zədələrə qalib gələn futbolçu
Qurban Qurbanovun dəvəti ilə 2009-cu ildə “Qarabağ”a gələn Elvin burada çox sevincli günlər yaşayır. Azərbaycan futbolu tarixinə öz damğasını vurmuş, ona inamı qaytarmış Ağdam klubunun bir neçə il ardıcıl Avropa Liqasının pley-offuna vəsiqə qazanmasında Məmmədovun da rolu az deyildi. Hələ 2009-cu ildə bu yolun başlanğıcında olan “köhlən atlar”ın düşünən beyinlərindən biri idi Elvin. Norveçin dünyaca məşhur “Rusenborq”u üzərindəki qələbədən tutmuş “Tvente” və Dortmund “Borussiya”sı matçlarına qədər meydanda tər tökən, istedadını nümayiş etdirən gənc yarımmüdafiəçinin əməyi danılmazdır. Buradakı 57 oyunda iki qol vuran futbolçunun sonralar aldığı ciddi zədə ona yaxşı oynamağa, bacarığını ortaya tam qoymağa imkan vermədi. 2011-ci ildə “Bakı”ya (73 oyuna 3 qol) keçərək bir müddət yaxşı oynasa da, yenidən ağrılar onu zirvədən uzaq saldı. Artıq xroniki hal almaqda olan zədələr Elvinin karyerasının ən pis dövrünə gətirib çıxartdı. Ancaq bu problemlərdən sınmayan yarımmüdafiəçi bərpa olunaraq 2014-cü ildə “İnter”ə qayıtdı. Burada yenə də ona olan ümidlər böyükdür. Təbii ki, istənilən mütəxəssisdən soruşsanız, onlar Məmmədovun bu etimadı doğrultacağına əminliyini ifadə edəcək. Çünki bu futbolçunun istedad və çalışqanlığı həmişə ona kömək olub.
Zidan kimi yarımmüdafiəçi və vacib qollar müəllifi
Elvin Məmmədov klassik hücumameylli yarımmüdafiəçilərdəndir. Kumiri olan Zinəddin Zidan kimi oynamağı sevir. Futbola gözəllik gətirən driblinqlər və qol ötürmələri onun əsas üstünlüklərindəndir. Elvin çox texnikalı olmaqla yanaşı, meydançanı yaxşı görmə qabiliyyətinə malikdir. Uzun məsafələrə dəqiq ötürmələr vermək, komanda yoldaşlarının boş mövqelərə açılışını hiss edərək onları topla təmin etmək, rəqib futbolçuları arxada qoyaraq təhlükəli vəziyyətlər yaratmaq da Məmmədova xas xüsusiyyətlərdir. Onun meydandakı faydalı iş əmsalı çox böyükdür. Universal olaraq orta xəttin həm ortasında, həm də cinahlarında oynamaq bacarığı onu məşqçilərin sevimlisinə çevirib. Kəskin ara ötürmələri ilə xeyli sayda qol imkanları yaratsa da, özü az-az fərqlənir. Ancaq bu fərqlənmələr də həm gözəlliyi, həm də vacibliyi ilə seçilib. 2009-cu ilin yayında “Qarabağ”ın heyətində Finlandiyanın “Honka” klubu ilə səfər matçında imza atdığı möhtəşəm qol bütün futbolsevərlərin yadındadır. Topu mərkəz xətdə qəbul edən Elvin bir müdafiəçini keçərək sürətlə cərimə meydançasının sol küncünə çatdı. Bir anlıq dayanaraq ona tərəf şığıyan rəqib oyunçunu bir daha aldadaraq topu sağ ayağına keçirdi və… Ayağının içi ilə uzaq doqquzluğu dəqiq nişan alan Elvinin bu qolu sadəcə, fantastik idi. Minimal hesablı qələbə “Qarabağ”a cavab matçında böyük üstünlük yaratdı və ağdamlılar iki oyunun nəticəsində növbəti mərhələyə adlaya bildilər. Karyerası ərzində cəmi 20 top civarında qol vurmasını Elvinin daha çox məhsuldar ötürmələrə üstünlük verməsi əlaqələndirmək olar. Premyer-Liqanın ötən mövsümünün XIV turunda vurduğu qol da tarixə keçdi. Formasını geyindiyi “Bakı”nın “Neftçi” ilə qarşılaşmasında 1992-ci ildən bəri ölkə çempionatları tarixindəki 10000-ci qol vurulur. Yubiley topunun müəllifi isə Elvin Məmmədov olur. 24 yaşlı yarımmüdafiəçi matçın 60-cı dəqiqəsində “ağ-qaralar”ın qapısına yol taparaq adını tarixə yazdırmışdı.
Portreti
Elvin öz oyunu ilə azarkeşlərə xoş anlar, sevinc bəxş etmiş, etməkdə davam edən birisidir. Onu izləmək üçün tribunada yerini tutanların sayı yetərincədir. Oynadığı hər klubda sevimli futbolçuya çevrilməsi təkcə meydandakı yox, ondan kənardakı hərəkətləri ilə də mümkün olub. Ən kiçik yaşlarından tərbiyəli, sakit birisi olması, intizamı pozmaması, komanda yoldaşları və azarkeşlərlə ünsiyyətəmeylli olması, karyerası ərzində çox problemlər yaşasa da, səmimiliyini qoruması onu digərlərindən fərqləndirib. Hələ cəmi 26 yaşı var. Onun üçün hər şey elə bil yeni başlayıb. Elvin portretində həmişə olduğu kimi gülərüzdür. Simasındakı təbəssüm də sanki məsum təbəssümdür. O, hələ də Tovuzdakı balaca uşaqdır, arzularının arxasınca qaçır, hər yeni günü özü üçün yeni sevinc mənbəyi hesab edir. Qələbələri hələ qabaqdadır, çünki o bunu həmişə istəyib, bunun üçün çox çalışıb. İstək isə işin yarısıdır.
Kənan Məstəliyev

banner

Oxşar Xəbərlər