AZE | RUS | ENG |

Kölgə iqtisadiyyatına qarşı mübarizə metodları

Kölgə iqtisadiyyatına qarşı mübarizə metodları
Bakıda keçiriləcək beynəlxalq konfransda bu barədə müzakirələr aparılacaq

Bu il sentyabrın 13-də Bakıda Azərbaycan Respublikasının Vergilər Nazirliyi, İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə "Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Konfransda 10-a yaxın ölkənin nümayəndələrinin - kölgə iqtisadiyyatı üzrə görkəmli alimlərin, vergi, audit, hesabatlılıq və mühasibatlıq üzrə mütəxəssislərin, beynəlxalq peşəkar qurumların, ölkəmizin dövlət və qeyri-hökumət təşkilatlarını, özəl sektoru, elmi-tədqiqat institutlarını təmsil edən 60-dan çox qurumdan 150-dək nümayəndənin iştirakı gözlənilir. Konfransda 30-a yaxın məruzə dinlənilib müzakirə olunacaq. AZƏRTAC-ın müxbiri konfransın Təşkilat Komitəsinin üzvü, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzovdan kölgə iqtisadiyyatının mahiyyəti, konfransın əhəmiyyəti və müzakirə olunacaq məsələlər barədə fikirlərini bölüşməyi xahiş edib.

- Vahid müəllim, ilk növbədə kölgə iqtisadiyyatının mahiyyəti barədə fikirlərinizi bildirməyi xahiş edirik.
- Kölgə iqtisadiyyatının mahiyyətinə dair çoxsaylı anlayışlar və fikirlər mövcuddur. Geniş anlamda kölgə iqtisadiyyatı milli iqtisadiyyatın rəsmi statistika tərəfindən uçota alınmayan qeyri-formal bölməsinin bir hissəsini təşkil edir. Kölgə iqtisadiyyatının fundamental öyrənilməsinə XX əsrin 80-ci illərinin sonu-90-cı illərinin əvvəlində başlanılıb. İlk dəfə kölgə iqtisadiyyatı özünü 1930-cu illərdə İtaliya mafiyasının Amerika iqtisadiyyatına daxil olması ilə büruzə verib. Həmin vaxtdan kölgə iqtisadiyyatı hüquq mühafizə orqanlarının problemindən iqtisadi və ümumdövlət probleminə çevrildi. 1980-ci illərdən başlayaraq kölgə iqtisadiyyatı problemlərinin müxtəlif aspektləri müntəzəm keçirilən konfranslarda müzakirə edilməyə başlanıldı. Bununla yanaşı, müxtəlif ölkələrin parlamentləri və hökumətləri tərəfindən kölgə iqtisadiyyatının öyrənilməsi üzrə işçi qruplar yaradıldı. Bu cür qruplar hazırda Avstriyada, Fransada, İngiltərədə, Portuqaliyada, Hollandiyada, İtaliyada və digər bir sıra ölkələrdə mövcuddur.

- Kölgə iqtisadiyyatının hansı mənfi tərəfləri mütəxəssisləri daha çox narahat edir?
- Bu problem hər bir ölkənin iqtisadi təhlükəsizliyinin təminatı baxımından neqativ amil kimi dəyərləndirilir. Kölgə iqtisadiyyatının genişlənməsi ölkələrin beynəlxalq iqtisadi münasibətlərdə mövqeyinin zəifləməsi ilə yanaşı, hərbi və siyasi xarakterli təhlükələrin güclənməsi meylinin də artmasına səbəb olur. Heç də təsadüfi deyildir ki, məhz kölgə iqtisadiyyatının ümumdaxili məhsulda payının yüksək olması iqtisadi təhlükəsizliyin əsas mənfi təzahürlərindən biri kimi qiymətləndirilir. Kölgə iqtisadiyyatının mahiyyəti onun prinsipcə leqal maliyyə təsərrüfat əməliyyatları toplusu kimi qəbul edilməsinə baxmayaraq, bu əməliyyatların çətin aşkarlanması qanunvericilikdə nəzərdə tutulmuş vergilərdən bilərəkdən yayınması və ya vergi ödəməmələri faktlarının gizlədilməsi ilə xarakterizə olunur. Bir sıra hesablamalara görə, dünyada işçilərin üçdəiki hissəsi qeyri-formal iqtisadiyyatla bu və ya digər dərəcədə əlaqədardır və ya əlaqədə olubr. Kölgə iqtisadiyyatının mənfi tərəflərindən danışarkən həm də onun rəsmi iqtisadiyyatda istehsal prosesinə pozucu təsirinin mövcudluğunu, qanunun tələbləri çərçivəsində fəaliyyət göstərən təşkilatlara müxtəlif növ maneçilik törədilməsini və onların bu səbəbdən iqtisadi-maliyyə vəziyyətinin pisləşdirilməsini, işçilərin əməyə motivasiyanın azalmasını, innovasiyaların tətbiqinin çətinləşdirilməsini və müəssisələrdə kollektivlərin dezinteqrasiyasına gətirib çıxarmasını göstərmək olar. Eyni zamanda, kölgə iqtisadiyyatının mənfi nəticələri sırasına aşağıdakılar da aid edilir:

• Beynəlxalq iqtisadi münasibətlərdə xarici investorların ölkə iqtisadiyyatına etimadının aşağı düşməsi;
• Həyata keçirilən makroiqtisadi siyasətin səmərəliliyinin azalması;
• Bazar iqtisadiyyatı üçün ən vacib şərtlərdən olan rəqabətin inkişafına maneçilik törədilməsi;
• Leqal iqtisadiyyatın ayrı-ayrı bölmələrinin inkişafının deformasiyası;
• Leqal iqtisadiyyatda investisiya proseslərinin zəifləməsi.

Kölgə iqtisadiyyatı cəmiyyətdə sosial-etik normaların pozulmasına ciddi risklər yaradır. ACCA–in yeni hazırladığı "Kölgədən çıxış: 2025-ci ilə qədər kölgə iqtisadiyyatı" adlı hesabatında göstərilir ki, dünya üzrə kölgə iqtisadiyyatının həcminin ümumdaxili məhsula nisbətinin 2011-2025-ci illər ərzində 23 faizdən 21 faizədək azalması gözlənilir. Təbii ki, bu dinamika müxtəlif inkişaf səviyyəsinə malik ölkələrdə özünü fərqli səviyyələrdə büruzə verəcək. Hesablamalara görə, ən yüksək ümumdaxili məhsul həcminə malik olan ABŞ-ın Kaliforniya ştatında işçi qüvvəsinin 15-17 faizi gizli iqtisadiyyatda çalışır. Kaliforniyanın kölgə iqtisadiyyatı ildə 60-140 milyard dollar həcmində məhsul istehsal edir. Əgər mövcud kölgə iqtisadiyyatı digər müəssisələr kimi öz vergilərini ödəsəydi, Kaliforniya 8,5-28 milyard dollar əlavə gəlir əldə etmiş olardı. Hazırda bütün ölkələrdə, o cümlədən inkişaf etmiş ölkələrdə kölgə iqtisadiyyatı mövcuddur və burada fərq yalnız onun səviyyəsinin nə dərəcədə geniş olmasındadır. Məsələn, Dünya Bankının 2017-ci il üzrə araşdırmalarına əsasən, kölgə iqtisadiyyatının həcminə görə MDB dövlətlərində orta göstərici 39 faiz, Şərqi Avropada 23 faiz, Türkiyədə 28 faizdir. Halbuki bu göstəricilər 2012-ci ildə müvafiq olaraq 43, 28 və 31,5 faiz olub. Son illər Avropada aparılan tədqiqatların nəticələri göstərir ki, kölgə iqtisadiyyatının ümumi həcmi 2,15 trilyon avro təşkil etmişdir ki, bunun da üçdəiki hissəsi bəyan edilməmiş işlərin, üşdəbir hissəsi isə keyfiyyətsiz hesabatlılığın payına düşür. Bütün dünyada isə kölgə iqtisadiyyatının həcmi 10 trilyon dollar həcmində qiymətləndirilir. Əgər kölgə iqtisadiyyatı ayrıca bir milli dövlət kimi təsəvvür edilərsə, onun iqtisadiyyatının ölçüsü dünyada ikinci, əhalisinin sayı isə 1,8 milyard nəfər olardı. Qeyd etmək lazımdır ki, bəzi iqtisadi fəaliyyət növlərinin xüsusiyyətləri onlarda uçotun aparılmasını çətinləşdirir. Bu baxımdan kənd təsərrüfatı sahəsi xüsusi qeyd olunmalıdır. Başqa sözlə, kənd təsərrüfatında uçot hesabatlılığın olmaması bu sahənin xammalından istifadə edən emal istehsal və satış sahələrində qeyd edilməmiş və kölgəli iqtisadiyyatın mövcud olması riskini daha yüksək şərtləndirilir.

- Kölgə iqtisadiyyatına qarşı mübarizənin zəruriliyini məhz bu səbəblərin doğurduğunu desək, yəqin ki, səhv etmərik.
- Mütəxəssislərin yekdil fikirləri bundan ibarətdir ki, dünya iqtisadiyyatında baş verən təlatümlər iqtisadiyyatın tənzimlənməsində və idarə edilməsində bir sıra problemlərin aktuallığını daha da artırıb. Onların arasında şəffaflığın yüksəldilməsi, hesabatlılığın, uçot və nəzarət sisteminin təkmilləşdirilməsi, vergi siyasəti və kölgə iqtisadiyyatına qarşı mübarizə müstəsna əhəmiyyət daşıyır. Kölgə iqtisadiyyatına qarşı mübarizənin xarakteri iqtisadi qanunvericiliyin daha da təkmilləşdirilməsini və normativ hüquqi aktların yerinə yetirilməsi üzərində nəzarətin gücləndirilməsini, audit institutunun əhəmiyyətliyinin artırılmasını, vergiqoyma və gömrük sahəsində sağlam rəqabət münasibətlərinin yaradılmasını, hesabatlılığın və uçotun beynəlxalq standartlar nəzərə alınmaqla səmərəli təşkilini, nağdsız ödənişlərin səviyyəsinin ciddi surətdə artırılmasını, korrupsiyaya qarşı mübarizənin daha da dərinləşdirilməsini tələb edir. Məhz bu istiqamətlərdə təsadüf olunan çatışmazlıqlar kölgə iqtisadiyyatını qidalandırır və genişlənməsinə zəmin yaradır. Göstərilənlərlə yanaşı, kölgə iqtisadiyyatına qarşı mübarizə və iqtisadi inkişafın davamlı olması dövlət xərclərinin daha düzgün planlaşdırılmasına və istifadəsinə nail olmağı, büdcə vəsaitlərindən şəffaf istifadə sahəsində mövcud problemləri qətiyyətlə aradan qaldırmağı zəruri edir. Ümumi iqtisadi vəziyyət nə qədər yaxşı olsa da, biz problemlərimizin mövcud olduğunu da gizlətmir və onların həlli yolları üzərində səylə çalışırıq. Belə problemlərdən biri də digər ölkələrdə olduğu kimi, bizdə də kölgə iqtisadiyyatının mövcudluğudur. Son vaxtlar Azərbaycanda kölgə iqtisadiyyatına qarşı mübarizə getdikcə daha geniş vüsət almaqdadır ki, bunun da əsasında Prezident İlham Əliyevin siyasi iradəsi dayanır. Məncə, Azərbaycan Prezidentinin kölgə iqtisadiyyatına dair fikirlərini xatırlatmaq yerinə düşərdi: "Kölgə iqtisadiyyatı böyük bəladır və biz bu bəla ilə bağlı çox ciddi mübarizə aparırıq. Biz kölgə iqtisadiyyatına qarşı həm inzibati, həm də institusional yollarla, o cümlədən islahat yolu ilə mübarizə aparırıq və aparacağıq... Kölgə iqtisadiyyatına qarşı mübarizə metodları kifayət qədər çoxşaxəlidir. Biz onların hamısından istifadə edirik və edəcəyik. Hər kəs başa, düşməlidir ki, Azərbaycanda bütün işlər qanun çərçivəsində aparılmalıdır”. Dövlətimizin başçısı, həmçinin qətiyyətlə bəyan edir ki, bizim əsas vəzifəmiz kölgə iqtisadiyyatının aradan qaldırılmasıdır, kölgə iqtisadiyyatı ilə mübarizə bizim üçün indi əsas məsələlərdən biridir. Son vaxtlar ölkənin vergi və gömrük sistemində şəffaflıq nəzərəçarpacaq dərəcədə yüksəlib və bu da öz növbədində mövcud sahibkarlıq mühitinin yaxşılaşdırılmasına gətirib çıxarıb. İcazələr verilməsi və yoxlamalar sahəsində xeyli yüngülləşmə hiss olunmaqdadır. İlkin uçotun və hesabatlılığın təkmilləşdirilməsi və sadələşdirilməsi də diqqət mərkəzinə gəlməkdədir. İşçilərin sayının azaldılması və maaşların gizlədilməsi kimi kölgə iqtisadiyyatını qidalandıran hallara qarşı və bank maliyyə sferasına nəzarətin yaxşılaşdırılmasına dair sistemli tədbirlər həyata keçirilməkdədir.

- Bəs kölgə iqtisadiyyatına qarşı mübarizənin beynəlxalq aləmdə hansı əsas istiqamətləri məqbul hesab edilir?
- Mövcud iqtisadi münasibətlərin yeni dövrün çağırışları baxımından nəzərdən keçirilməsi kölgə iqtisadiyyatının azaldılmasında ən mühüm məsələ kimi öz həllini gözləməkdədir. Kölgə iqtisadiyyatına qarşı mübarizə üç əsas yolla aparılmalıdır: icazəvermə, nəzarət və qadağaqoyma. Birincici yol dedikdə, kölgə iqtisadiyyatına məxsus olan müəssisə və fəaliyyət sahələrinin leqallaşdırılması istiqamətində tədbirlərin keçirilməsi nəzərdə tutulur. Buna isə, ilk növbədə, xüsusi mülkiyyət institutunun möhkəmləndirilməsi, onun dövlət müdafiəsi mexanizminin yaradılması, xüsusi mülkiyyət subyektlərinin hüquqi stimullaşdırılması aid edilə bilər. İkinci istiqamət inzibati, hüquqi, müstəqil və ictimai nəzarət sistemlərinin sahibkarlıq fəaliyyətinə keyfiyyətli və stimullaşdırıcı nəzarətinin təmin edilməsidir. Üçüncü istiqamət isə haqsız rəqabət hallarının və sosial təhlükəli sahibkarlıq növlərinin (iqtisadi dələduzluq, çirkli pulların yayılması, korrupsiya, digər iqtisadi cinayətkarlıq və s.) üzrə institusional bazanın təkmilləşdirilməsi və tətbiqinə nail olunmasıdır. Eyni zamanda, daha konkret mübarizə yollarını da yaddan çıxarmaq olmaz. O cümlədən vergi və gömrük ödəmələrindən yayınmaya qarşı mübarizə, nağdsız hesablamaların inkişafı, dövlətin maliyyə resurslarından səmərəli istifadə, biznes mühitinin, kölgə iqtisadiyyatının masştabının müəyyənləşdirilməsinin təkmilləşdirilməsi və digərlərini göstərmək olar. Başqa bir mühüm məsələ qəbul edilən və mövcud qanunvericilik aktlarının kölgə iqtisadiyyatının stimullaşdırılması predmetində səriştəli və obyektiv ekspertizasının aparılmasıdır. Biznes strukturlarının öz fəaliyyətlərini dayandırılması səbəbləri də təhlil predmeti olmaqla, onların sonradan kölgə iqtisadiyyatı sferasına keçib-keçməmələrinin müəyyənləşdirilməsi də məqsədəuyğundur. Vergi yükünün azaldılması kölgə iqtisadiyyatının cəlbediciliyinin iş adamları tərəfindən dəyərləndirilməsinin qarşısının alınmasının əsas yollarından biri sayıla bilər. Maliyyə hesabatlılığı sahəsində dələduzluğun aradan qaldırılması və ikili mühasibat uçotu aparılmasına yol verilməməsi daxili və kənar nəzarət qurumlarının diqqət mərkəzində olmalıdır. Əlverişli investisiya mühitinin yaradılması, qeydiyyat və hesabatlılıq formalarının sadələşdirilməsi, sosial sığorta ödəmələrinin təkmilləşdirilməsi, müvafiq sosioloji sorğuların aparılması və kütləvi informasiya vasitələrindən geniş istifadə edilməsi və digər amillər də kölgə iqtisadiyyatına qarşı mübarizədə beynəlxalq təcrübədə istifadə olunur.

- Kölgə iqtisadiyyatına qarşı mübarizə mövzusunda keçirilməsi nəzərdə tutulan beynəlxalq elmi-praktik konfransın əhəmiyyətini nədə görürsünüz?
- Konfransın keçirilməsində əsas məqsəd kölgə iqtisadiyyatına qarşı mübarizənin forma və metodları, şəffaflığın artırılması və hesabatlılığın yüksək səviyyədə qurulması, qanunvericiliyin təkmilləşdirilməsi, qabaqcıl xarici təcrübənin tətbiqi istiqamətləri, maarifləndirmə və əməkdaşlıq sahəsində xarici mütəxəssislərin iştirakı ilə müzakirələr aparmaqdan və kölgə iqtisadiyyatının azaldılmasına dair tövsiyələr işləyib hazırlamaqdan ibarətdir. Kölgə iqtisadiyyatına qarşı mübarizənin xarakteri iqtisadi qanunvericiliyin daha da təkmilləşdirilməsini və normativ hüquqi aktların yerinə yetirilməsi üzərində nəzarətin gücləndirilməsini, vergiqoyma və gömrük sahəsində sağlam rəqabət münasibətlərinin yaradılmasını, hesabatlılığın və uçotun beynəlxalq standartlar nəzərə alınmaqla səmərəli təşkilini, nağdsız ödənişlərin səviyyəsinin kəskin surətdə artırılmasını, korrupsiyaya qarşı mübarizənin daha da dərinləşdirilməsini tələb edir. Artıq qeyd etdiyimiz kimi, məhz bu istiqamətlərdə mövcud olan çatışmazlıqlar kölgə iqtisadiyyatını qidalandırır və genişlənməsinə zəmin yaradır. Bu baxımdan, fikrimizcə, Azərbaycanın paytaxtı Bakı şəhərində yüksək səviyyədə təşkil ediləcək "Kölgə iqtisadiyyatına qarşı mübarizə - iqtisadi inkişafın mühüm amili kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans çərçivəsində aparılan müzakirə və təhlillər kölgə iqtisadiyyatına qarşı mübarizənin səmərəliyini artırmaq baxımından faydalı olacaq, iqtisadi inkişafın davamlılığının və şəffaflığın təmin edilməsində mütərəqqi dünya təcrübəsinin öyrənilməsi və tətbiqi üçün yeni imkanlar yaradacaq. Əminik ki, konfrans müasir dünyamızın ən aktual problemlərindən olan kölgə iqtisadiyyatının azaldılmasına öz töhfəsini verəcək və bu istiqamətdə Azərbaycan Prezidentinin müəyyən etdiyi tövsiyə və tapşırıqların həyata keçirilməsi iqtisadi inkişaf sahəsində qarşıya qoyulmuş məqsədlərin reallaşdırılmasında mühüm rol oynayacaq. Konfransa təqdim edilmiş çox dəyərli məruzələr əsasında Təşkilat Komitəsi tərəfindən beynəlxalq tədbirin tövsiyələri işlənib hazırlanacaq.

- Bildiyimizə görə, rəhbərlik etdiyiniz qurum tərəfindən ölkəmizdə kölgə iqtisadiyyatının azaldılmasına qarşı Yol Xəritəsinin hazırlanması üzərində iş aparılır. Bu barədə nə deyə bilərsiniz?
- Kölgə iqtisadiyyatına qarşı mübarizənin zəruriliyi müasir qloballaşma və onunla əlaqədar olan və transmilli mütəşəkkil cinayətkarlığa münbit şərait yaradan dövlətlərarası sərhədlərin daha asan keçilməsi amili ilə əlaqədar daha da güclənməkdədir. Bütün bunlar isə kölgə iqtisadiyyatı probleminə qarşı mükəmməl konsepsiyanın hazırlanması zərurətini doğurur. Kölgə iqtisadiyyatı probleminə qarşı tədbirlər görülməsi dərin elmi araşdırmaların aparılmasını və qabaqcıl dünya təcrübəsinin tətbiqini zəruri edir. Bunu nəzərə alaraq və kölgə iqtisadiyyatının mövcudluğunun audit institutunun normal fəaliyyəti üçün ciddi təhlükə mənbəyi olduğunu əsas götürərək Azərbaycan Respublikası Auditorlar Palatası ölkədə kölgə iqtisadiyyatinin azaldilmasina dair yol xəritəsinin hazırlanmasını qarşıya məqsəd qoyub və bu istiqamətdə iş başa çatdırılmaq üzrədir.





Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8811
GEL 1 1 Gürcüstan larisi 0.5753
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1227
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.595
TRY 1 1 Türkiyə lirəsi 0.2982