AZE | RUS | ENG |

Kölgə arxasınca

Kölgə arxasınca
T.S.Artur

– Arti, Arti! – günəşli bir iyun səhəri xanım Meyflover pəncərədən çölə boylanıb baxdı, sonra ərini çağırıb dedi: – Cənab Meyflover, əzizim, gör bu uşaq nəyin arxasınca gedir? Gəl bir uşağa bax! 
Mən onun yanına gəlib pəncərədən baxdım ki, görüm mənim sevincim, bir yaşlı oğlum yenə nə "performans” göstərir. Oğlum dayəsinin əlindən çıxmış, günəş şüaları altında ora-bura qaçırdı. Günəşin şölələri onun qabağında uzun bir kölgə yaratmışdı. 
– Arti, əzizim! – arvadım onu bir də çağırdı.
 Arvadımın səsi oğlumun yanından keçəndə onun qulaqlarını öpdü. Oğlum nəyinsə arxasınca gedirdi, deyəsən, heç anasının səsinə əhəmiyyət vermirdi. 
Oğlum gözlərini geniş açıb dünyaya baxırdı. Bizim diqqət vermədiyimiz adi şeylər onun nəzərindən qaçmırdı. O gördüyü hər şeyə təəccüblənir, sevinirdi. İndi də nəsə onu dayəsinin qucağından çıxıb qaçmağa məcbur etmişdi.
– Meyflover, tez ol, onun arxasınca get, – arvadım həyəcanla dedi. – O, bu dəqiqə yerə yıxılıb əl-qolunu əzəcək.
Arvadımın eyni sözü ikinci dəfə deməyinə ehtiyac olmadı, mən tez evdən çıxdım və iri addımlarla oğluma tərəf getdim. 
– Nə olub, əzizim? Mənim balaca Artim nəyin arxasınca qaçır belə? – mən onun qolundan tutub dedim. Oğlum əlimdən çıxmağa çalışdı, sonra azca irəli əyilib yerdə nəyisə göstərdi. 
– Ata, bir bax! – oğlum dedi.
O başını qaldırıb üzümə baxanda onun gözlərində çaşqınlıq hiss etdim. 
– O nədir, şirin balam? – dedim və aşağı baxdım.
Oğlum yenə də aşağı əyildi, yerdə nəyisə tutmağa çalışdı, sonra təəccüb dolu baxışlarını mənə dikdi. 
– Arti, – onun qucağıma alıb dedim. – O sənin kölgəndir! Ah, axmaq uşaq! – dedim və körpə oğlum da qucağımda evə girdim.
– Kölgə arxasınca qaçırmış, – Artini anasına verəndə başımı bulayıb dedim. – Həyat belə başlayır və belə də qurtarır! Yazaq Arti!
Xanım Meyflover sözümü eşidib güldü.
– Kölgə arxasınca! Ah, əziz oğlum! – arvadım onu bağrına basıb öpdü.
– Həyat belə başlayır və belə də qurtarır, – evdən çıxanda mən öz-özümə təkrar etdim və mağazaya tərəf getdim. – Həmişə kölgəni təqib edirik! Bu günün gözəlliklərini diqqətdən qaçırıb irəlidəki fantomların arxasınca gedirik. Ayaqlarımız həmişə qabağa getməyə tələsir. İndiki anın gözəlliyini hiss etmədən, indiki anın gözəlliyini duymadan. Ah, aldanmış, çaşmış ürək! Həmişə kölgəyə aldanır! 
Mağazaya çatana qədər oğlumun kölgə arxasınca qaçdığını unutmuşdum, işə çatan kimi fikrimi işə yönəltdim. Məktubların, qaimələrin, rəqəmlərin içində itib-batdım. Gəlirləri hesablamağa başladım. Mən hesablamaları tez-tez edirdim, istədiyim rəqəmi əldə etməyə can atırdım. Günün çox hissəsini gəlirlərimi necə artırmaq üçün plan qurmağa sərf etdim, ancaq istədiyim nəticəni əldə edə bilmirdim.
Mən öz planlarımla baş-başa qalanda işçilərimdən biri mənim stoluma yaxınlaşıb dedi:
– Cənab Meyflover, bizim mağazaya qərbdən, Altondan B. adlı bir müştəri gəlib. O min dollarlıq nisyə mal götürmək istəyir. Siz o adam haqda bir şey bilirsiniz? 
Başım öz işimə elə qarışmışdı ki, işçinin mənə mane olmağı məni əsəbiləşdirdi. İşimin bu vaxtında yeni müştəri haqda danışmağın yeri deyildi. Mən mağazamızdan min dollarlıq yox, on min dollardan çox mal alınmağını düşünürdüm. 
– Altondan B. adlı müştəri? – mən kimisə yadıma salmağa çalışdım. – O ədalətli adama oxşayır? Mən onu xatırlamıram. Cənab B? Altondan? Edvard, deyəsən, o müştəri səndə yaxşı təəssürat oyadıb. 
– Bəli, cənab! Ancaq hər halda, yenə də sizinlə məsləhətləşmək istədim.
– Edvard, o müştəriyə istədiyi malı ver. Mənim şübhəm yoxdur. 
– O istəyir ki, mallarını qablaşdırıb istədiyi ünvana göndərək, – Edvard dedi. 
– O nə istəyirsə yerinə yetir, Edvard! İstədiyi malı ver! 
Yenidən başımı aşağı salıb iş stolumun üstündəki qaimələri götürdüm, haqq-hesab apardım. Mən işimlə məşğul olanda cənab B.-nı tamam unutmuşdum. Onun malı alandan sonra ödəyəcəyi min dollar mənim üçün kiçik məbləğ idi. Mən planlaşdırdığım nəticələri indidən əldə etmək istəyirdim, gələcəyə tələsirdim. Bir gün mənə bir həftə, bir ay kimi uzun görünürdü.
Saat 6-ya qədər hesablama apardım. Ancaq istədiyimə çata bilmirdim, arzularımın yolunda qara buludlar görünürdü. Buna baxmayaraq mən xəyallar aləmində qanad açıb uçurdum, hərdən də göyün yeddinci qatından toz-torpaqlı yerə yıxılırdım. 
Qəzetləri əlimə alanda da gözlərim bizneslə və pulla bağlı başlıqları axtarırdı.
Qəzetdə bir paraqrafı oxuyanda mənim gələcək xəyallarım yox oldu. 
– Altondan olan o yeni müştərinin malları dediyi ünvana çatdırıldı? – bütün günü boş yerə plan qurub heç nəyə nail olmadığımı görüb o müştəriylə maraqlandım. 
– Bəli, cənab, – Edvard cavab verdi. – Malları dərhal göndərdik.
– Deyəsən, o etibarlı insandır, – mən dedim, çalışdım ki, səsimdəki şübhə hiss olunmasın.
– O biri mağazalar ona malları nağd pula satırlar, – Edvard dedi. – Mən bu gün onun işçilərindən birini gördüm, cənab B. barədə soruşdum, onun haqda heç nə bilmədi. Dedi ki, o təzə rəhbərdir, onun pulu az idi, ancaq çoxlu malları qablaşdırıb. 
İşçimin sözləri məni boş-boş xəyallardan ayırdı. Bayaqdan xəyalən kölgə dalınca qaçırdım.
– Doğru deyirsən? – soruşdum.
– Onun işçisi belə dedi, – işçim cavab verdi. 
– Bunun pis nəticəsi ola bilər, – mən dedim. – O bizdən neçə manatlıq mal götürdü?
– Haqq-hesab kitabında "min yedi yüz dolar " yazılıb. 
– Nə? Mən elə bilirdim o min dollarlıq mal alıb? – təlaşla soruşdum.
– Cənab, sizə onun mal almaq istədiyini deyəndə çox sakit cavab verdiniz. Mən də onu daha çox mal almağa həvəsləndirdim. 
Mən qol saatıma baxdım. Saat 7-nin yarısı idi.
– Edvard, istəyirəm ki, sən təcili yükləmə yerinə gedəsən. Əgər malları göndərməyiblərsə malların göndərilməyini sabaha kimi təxirə sal. Sabah hər şeyi araşdırarıq. Əgər cənab B. fırıldaqçıdırsa biz malları göndərməyək.
– Artıq gecdir, – Edvard dedi. – Cənab B. bir saat bundan qabaq zəng etdi, malların çatdığını bildirdi. Saat 5-də o Bostona yola düşməliydi. 
Çox həyəcanlandım, üzümü yana çevirdim ki, Edvard bunu hiss etməsin. İşdən evə qayıdanda Artini qucağıma alanda arvadım üzümə baxıb dedi:
– Çox narahat görünürsən. Lap bu səhər Arti kölgə dalınca qaçanda olduğu kimi.
– Mən də elə eyni səbəbdən çox narahatam, – sakitcə dedim.
– Nə olub? – arvadım narahatlıqla soruşdu. 
– Hə, mən də eyni səbəbdən narahatam. Mən bütün günü kölgə arxasınca qaçmışam. Xəyal etdiyim rəqəmlərin arxasınca "qaçıb” bu günü unutmuşam. Bu səhər Arti kölgə arxasınca qaçanda ona "axmaq uşaq” dedim. Onun səhvinə güldüm. Amma bundan dərs almaq əvəzinə mən daha da irəli getdim və bütün günü kölgə "ovlamışam”. 
Xanım Meyflover yüngülcə ah çəkdi. O baxışlarını üzümdən çəkdi, gözlərini döşəməyə zillədi. Az sonra dedi:
– Mən deyərdim ki, biz hamımız az, ya çox dərəcədə kölgə arxasınca qaçırıq. Qeyri-real, beynimizdə çox bacarıqla yaratdığımız kölgələrin. Mən də eləyəm, kölgəni təqib edirəm. Hər gün neçə dəfə kölgə arxasınca qaçıb sonda dərindən köks ötürürəm. Çox hallarda həm kölgəni, həm də bu günümü itirirəm. Axşam düşəndə xəyal dünyamız dağılanda başa düşürük ki, xəyala qapılmasaydıq nə qədər yaxşı şeylərdən həzz ala bilərdik. 
– Bəs görəsən, biz heç vaxt ağıllanmayacağıq? – soruşdum.
– Biz bu vərdişdən əl çəkməsək xoşbəxt olmayacağıq, – xanım Meyflover dedi. 
– Xoşbəxt? – soruşdum. Xoşbəxtlik arxasınca qaçdığımız deyil? Sürətlə arxasına düşüb getdiyimiz xoşbəxtlik deyil?
– Xoşbəxtlik kölgə deyil, o realdır, – xanım Meyflover cavab verdi. – O, bizim özümüzdən qabağa qaçmır. O, bu günümüzün içindədir. Ən azı o mövcuddur. Biz onun arxasına düşməklə ona çata bilmərik. Belə etmək öz-özümüzü aldatmaq olardı. Xoşbəxtlik mövcuddur. Kimlər ki, gündəlik işi ilə məşğul olur, Tanrının bəxş etdiyi anların qədrini bilir, onlara nəsib olur. 
– Kim belə edir ki? Kim sabahkı günü düşünmür ki? – soruşdum.
– Çox az adam, – arvadım dedi. – Az adam da xoşbəxtdir. Bizim gündəlik işlərimiz bizə o qədər adi görünür ki, biz fikrimizi başqa şeyə yönəldirik. Xəyal dünyamızda başqa gözəl dünya qururuq. Halbuki biz heç vaxt o xəyal dünyamıza ayaq basa bilmərik. Biz həmişə bizə bəxş edilən xoşbəxtliyi itiririk, sabahkı günün xoşbəxtliyi isə heç vaxt gəlmir.
Ona cavab verməyib dərindən ah çəkdim, bir müddət sakitcə oturdum. Nahar üçün zəng çalınanda xəyaldan ayrıldım. Arti qucağımda yuxuya getmişdi. 
Mən oğlumu öpüb onu anasına verəndə dedim:
– Yazıq uşaq! Kaş sənin bu gün kölgə arxanca qaçmağın sonuncu olaydı!
– Yox, yox, elə demə, – arvadım uşağı bağrına basıb dedi. – Hələ yox. Oğlum, biz səni kölgələr dünyamızdan kənara qoya bilmərik.
 
İngilis dilindən tərcümə edən: Sevil Gültən

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0037
GEL 1 Gürcü larisi 0.6951
GBP 1 İngilis funt sterlinqi 2.3826
TRY 1 Türk lirəsi 0.4183
KWD 1 Küveyt dinarı 5.6623
SEK 1 İsveç kronu 0.2011
EUR 1 Avro 2.0862
CHF 1 İsveçrə frankı 1.7424
USD 1 ABŞ dolları 1.7000