• cümə, 19 Aprel, 00:12
  • Baku Bakı 18°C

Kölə siyasətinin qurbanı

01.08.15 10:33 1351
Kölə siyasətinin qurbanı
Ekspertlər hesab edirlər ki, qohumlarının Emin Millidən imtina etməsinin əsas səbəbi onun Azərbaycanı sevməyən xarici qüvvələrin əlində alət olmasıdır

Neftçala şəhər sakini Abdullayev Ağabəy Yusif oğlu yaxın qohumları və ailə üzvlərinin adından Prezident İlham Əliyevə müraciət edib. A.Abdullayev müraciətində bildirib ki, qohum-əqrəbası “Meydan” TV-nin direktoru Emin Millinin anti-Azərbaycan siyasətini dəstəkləmir və onu Azərbaycana xəyanət etdiyinə görə qohumluqdan çıxardıqlarını bəyan edirlər. E.Millinin əmisi oğlu yaydığı müraciətində onu da qeyd edib ki, qohumları ölkə rəhbərinin siyasətini birmənalı dəstəkləyir və qanunların doğru-düzgün tətbiq edildiyi bir cəmiyyətdə yaşamaq üçün ölkənin daxili, xarici siyasət kursunu bundan sonra da birmənalı olaraq dəstəkləməkdə davam edəcəklər.
23 nəfərin imza atdığı müraciətdə bildirilib ki, E.Milli bu gün güclü sosial siyasətə və iqtisadiyyata malik olan Azərbaycanın böyük uğurlarına, inkişaf və tərəqqisinə, xarici ölkələrə inteqrasiyasına şübhə ilə yanaşaraq, kənar xarici təsirlərə düşüb, mənfur fikirlərə malik olmaqla öz çirkin yazıları və çıxışları ilə özünü “qəhrəman” kimi qələmə vermək istəyir. Müraciət müəllifləri bu çirkin əməl sahibinə pis işlərdən uzaq olması üçün dəfələrlə xəbərdarlıq etdiklərini diqqətə çatdıraraq, iradəsindən asılı olmayaraq əqidəsini dəyişən E.Millinin onlara əhəmiyyət vermədiyini, “Məni birdəfəlik unudun” kimi mesajlar çatdırdığını qeyd ediblər. Müraciətdə qohumlar adından bu kimi bir çox məsələlər əsas gətirilib və sonda E.Millidən imtina edildiyi vurğulanıb.
E.Millinin qohumlarının ondan imtina etməsi məsələsi ilə bağlı “Kaspi”yə fikirlərini bölüşən Demokratik Maarifçilik Partiyasının (DMP) sədri, siyasi şərhçi Elşən Musayev deyib ki, insan hər hansı bir ideya uğrunda mübarizəyə qoşularkən çox şeyi nəzərə almalıdır. Onun sözlərinə görə, hər kəs elə bir əmələ qulluq etməlidir ki, sabah həmin şəxsin ətrafındakılar, o cümlədən dostlar, qohumlar, öz qanından olanlar ona görə utanıb xəcalət çəkməsinlər, yaxud da hansısa addım atmaq məcburiyyətində qalmasınlar. E.Musayev deyib ki, E.Millinin qohumları tərəfindən Azərbaycan Prezidentinə ünvanlanan bəyanat (müraciət) da təxminən eyni qəbildən olan mənzərənin bariz təcəssümüdür: “Adam bütün həyatı və fəaliyyəti boyunca bir müsbət, bir xoş, bir başucaldan işə əl qoymadı. Və bu da nəticə: ailə, qohum - əqrəba üsyan edir. Emin Millinin Azərbaycan əleyhinə fəaliyyətinə, nadan, antimilli çıxışlarına üsyan edir. Allah gerçəkdən kimsəyə bu cür urvatsız əqrəba qismət eləməsin! Mənimsə diqqətimi Prezidentə ünvanlanan müraciətdə bir cümlə çəkdi: “Ən yaxşı fərd özündən çox mənsub olduğu cəmiyyəti düşünən, onun varlığı və xoşbəxtliyi üçün həyatını verən insandır. Emin Millinin fəaliyyətində isə bütün bunların daim əksini gördük”. Bax bunu artıq biz demirik. Bunu Emininin onlarla qohumu adından Abdullayev Ağabəy Yusif oğlu deyir. Artıq öz doğmaları belə fərqindədir ki, Emin bir başqa dövlətin (ya da dövlətlərin) kölə siyasətinin qurbanıdır, öz millətinin mənafeyini çoxdan şəxsi mənafeyinin güdazına verib, 3-5 manat dilənçi payı müqabilində Azərbaycan adını, Azərbaycan marağını, Azərbaycan haqqını yad ellərin hərracına çıxarmağa hər an cidd-cəhdlə hazırdır. Məncə, rəzalətin pik həddidir bu. Bundan ötəsi isə yerin dibinə girib elə oradaca qalmaqdır”.
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri, Əməkdar jurnalist Azər Həsrət hesab edir ki, E.Millinin başına bu cür utancverici bir hadisənin gələcəyini əvvəlcədən də təxmin etmək mümkün idi. Onun fikrincə, xeyli müddətdir ki, Azərbaycanın ictimai-siyasi həyatında kifayət qədər tanınan adamlar E.Milliyə media üzərindən müraciət edərək, onu tutduğu yanlış yoldan daşınmağa səsləyiblər. Lakin E.Milli öz dövlətinə, xalqına, ölkəsinə qarşı çıxışlarını, fəaliyyətini dayandırmayıb. Hadisələrin bu cür gedişi, hətta ətrafındakı insanlara da əhəmiyyət verməmək sonda yaxın qohumların ondan imtina etməsi ilə nəticələnib: “Emin Milli davamlı olaraq Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı əsassız, qeyri-obyektiv çıxışlarını dayandırmırdı. Hətta öz nüfuzunu artırmaq, gündəmdə qalmaq üçün Azərbaycan Prezidentinə şər atmaqdan belə çəkinmirdi. Xatırlayırsınızsa, I Avropa Oyunlarının gedişi zamanı ermənipərəst dairələrin təsiri altında olan bəzi media qurumları, o cümlədən Almaniya mediası da Azərbaycan əleyhinə qarayaxma kampaniyası aparırdı. Həmin vaxt ölkəmizə qarşı səsləndirilən fikirlərin heç birinin əsası olmadığından məkrli qüvvələrin Azərbaycanın beynəlxalq nüfuzuna xələl gətirmək, Avropa məkanında ilk dəfə Bakıda keçirilən dünya miqyaslı idman tədbirinin əhəmiyyətini azaltmaq cəhdləri baş tutmadı. Bu zaman Emin Milli Almaniya mətbuatına geniş müsahibə verərək, Azərbaycan reallıqları barədə yanlış təsəvvür formalaşdırmağa cəhd etdi. O, hətta Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun onu öldürməklə hədələməsi barədə yalan və şər-böhtanı ictimailəşdirməyə başladı. Emin Milli o zaman iddia edirdi ki, guya bu sifarişin arxasında Azərbaycan Prezidenti dayanır. Təbii ki, bu, çox absurd iddia idi. Belə bir iddiada bulunan adamın dövlətə və dövlətçiliyə münasibəti açıq-aşkar özünü büruzə verirdi. Bu baxımdan qohumlarının Emin Millidən imtina etməsi başadüşüləndir. Şəxsən mənim də belə bir qohumum olsaydı, heç tərəddüd etmədən ondan imtina edərdim. Öz dövlətinə, millətinə, xalqına, ölkəsinə, Vətəninə arxa çevirən bir adamın qohumluğumda olmasına dözə bilməzdim. Ona görə də Emin Millinin qohumlarının atdığı addımı düzgün hesab edirəm. Belə bir addımı Emin Milli tipində olan digərlərinin qohumlarının da atmasını lazım bilirəm. Onun kimi bir neçə nəfər var ki, Azərbaycandan kənarda oturub ermənilərlə ortaq mövqedən çıxış edərək, ölkəmizi, dövlətimizi baltalamaqla məşğuldurlar. Bizim əsgərlərimizi şəhid edən, torpaqlarımızı işğal altında saxlayan ermənilərlə işbirliyi içərisində olanlarla qohumluq heç kimə şərəf gətirmir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər