• çərşənbə axşamı, 19 mart, 11:18
  • Baku Bakı 8°C

“Klaviatura qəhrəmanları”nın Türkiyə “sevgisi”

25.06.18 19:15 848
“Klaviatura qəhrəmanları”nın Türkiyə “sevgisi”
Siyasi mübarizə aparan, seçkilərdə iştirak edən tərəflərdən biri qalib, digəri məğlub olur. Bu, qaçılmaz bir sonluqdur. Ona görə də qaliblər qalibiyyəti qeyd edərkən, seçkidə uduzanlar da məğlubiyyətlərini qəbul etməlidirlər. Əgər xalq öz iradəsini nümayiş etdiribsə, ona hörmətlə yanaşmaq hər kəsin, o cümlədən seçkidə məğlub olan tərəfin də borcudur. Lakin əfsuslar olsun ki, Azərbaycanda demokratiya libasına bürünən radikal müxalifət bu reallıqları görməzdən gəlir, sözün əsl mənasında demokrat kimi davranmırlar. Onlar ölkəmizdə indiyə qədər keçirilən bütün seçkilərdə məğlub olsalar da bunu qəbul etmir, seçkinin nəticəsini şübhə altına salmağa çalışır, bir növ cığal uşaqlar kimi davranırlar.
Bəla burasındadır ki, bu cür neqativ yanaşma, özlərinə sərf etməyəni qaralamaq cəhdi onlarda yalnız Azərbaycana münasibətdə deyil, qonşu Türkiyəyə münasibətdə də özünü büruzə verir. Misal üçün, iyunun 24-də qardaş ölkədə növbədənkənar parlament və prezident seçkiləri keçirilib. Seçkinin ilkin və yekun nəticələri elan edildikdən az sonra məğlub tərəf qalibləri təbrik etdi, Vətən və dövlətçilik naminə hər kəs tərəfindən təqdir olunacaq addım atdılar. Müxalif mövqeyi ilə seçilən tərəflər – rəqiblər tam demokratiya nümunəsi sərgiləyərək, seçkinin qalibinin ünvanına hər hansı xoşagəlməz ifadə səsləndirmədi, ümumən seçkinin nəticələrini şübhə altına salacaq hərəkətə yol vermədilər. Bununla onlar Türkiyə xalqının iradəsinə hörmət etdilər, demokratik dəyərləri üstün tutduqlarını göstərdilər.
Amma bizim radikal müxalifət təmsilçiləri, eləcə də heç bir siyasi mənsubiyyəti olmayan vətəndaşlar, o cümlədən bəzi media nümayəndələri öz "biləndərliklərindən” əl çəkmədilər. Baxmayaraq ki, Türkiyədəki seçkilərlə bağlı qardaş xalqdan sonra ən axırıncı söz deyəcək şəxs bunlardır, yenə də əməllərindən qalmadılar. Bu seçkilərə "saxtakarlıq” damğası vurmaq üçün sosial şəbəkədə dəridən-qabıqdan çıxan belə adamlar – "klaviatura qəhrəmanları” Türkiyə xalqının iradəsinə açıq-aşkar hörmətsizlik nümayiş etdirdilər. Özlərini "demokratiya fədaisi” hesab edənlərin belə qərəzli yanaşması sosial mediada təəssüf ki, indi də özünü göstərməkdədir.
Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, qeyd olunanlarla yanaşı, Azərbaycanda seçki mədəniyyəti formalaşmış siyasi partiyalar da var. Onun sözlərinə görə, belə partiyalar seçkilərin nəticələrinə uyğun olaraq kifayət qədər yüksək mədəniyyət nümayiş etdirirlər: "Belə partiyalar seçkidə məğlubiyyətlərini etiraf edir, qalibləri təbrik edirlər. O ki, qaldı Azərbaycanda baş verən siyasi prosesləri ənənəvi qaydada neqativ fonda görməyə adət etmiş şəxslərə, belələrinin davranışından təəccüblənməyə dəyməz. Çünki onların məqsədi heç də Azərbaycan xalqının səsini əldə etmək deyil. Onlar müəyyən zaman kəsiyində Azərbaycana qarşı hücuma keçən xarici dairələrin maraqların, həmçinin öz korporativ maraqlarını təmin etməklə məşğuldurlar. Əgər belə olmasaydı, bu günə qədər onlar ortalığa ciddi siyasi platforma qoyar, öz ideoloji prinsiplərindən dəfələrlə imtina etdiklərini nümayiş etdirməzdilər. Son 20 il ərzində sözügedən qrupların tamamilə bir-birinə zidd olan, fərqli geostrateji maraqlar güdən güc mərkəzlərinin mövqelərini necə müdafiə etdiklərini görmüşük. Onlar hətta Azərbaycanda konstitusion dövlət quruluşunu devirməyə cəhd edən radikal ekstremist qüvvələrin mövqeyini də müdafiə ediblər. Bu prinsipsiz, mövqesiz adamlar yalnız sifarişlə davranır, ayrı-ayrı dairələrin maraqlarını ifadə edir, qoruyurlar. Bu baxımdan, onların Türkiyədə keçirilən seçkilərə də bu kontekstdən yanaşmaları təəccüblü deyil. Türkiyədə keçirilən seçkilərin nəticələri belələrinin maraqlarını ifadə etmir. Heç kimə sirr deyil ki, bu seçkilərin nəticəsi Türkiyənin bir dövlət olaraq möhkəmlənməsinə xidmət edir, bu ölkəni bölməyə, parçalamağa çalışan qüvvələri siyasi proseslərdən kənarda saxlayır. Bu isə Türkiyə xalqının, dövlətinin həmin qüvvələrə verdiyi ən tutarlı cavabdır”.
E.Mirzəbəyli qeyd edib ki, radikal mövqeli bəzi şəxslərdən fərqli olaraq, Azərbaycan xalqı və dövləti Türkiyə dövlətinə, xalqına, onun milli maraqlarının qorunmasına hər zaman dəstək nümayiş etdirib. Onun fikrincə, "güclü Türkiyə güclü Azərbaycan deməkdir” prinsipinə hər zaman riayət olunub: "Eyni yanaşma Azərbaycanla da bağlıdır. Azərbaycan xalqı da güclü Azərbaycan dövlətinə dəstək verir. Azərbaycanı güclü görmək istəməyən qüvvələr isə korporativ maraqlardan çıxış edərək, həm bizim ölkədə, həm də Türkiyədə baş verən ictimai-siyasi proseslər barədə yanlış təsəvvür formalaşdırmağa çalışır. Çünki, güclü dövlət, güclü dövlət strukturları həmin qüvvələrin Türkiyə və Azərbaycandakı proseslərə müdaxiləsinin qarşısını alır. Beləliklə də bu qüvvələr öz geosiyasi və geoiqtisadi maraqlarını regionda formalaşdıra, təmin edə bilmirlər”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər