AZE | RUS | ENG |


Klassik irsimizin bənzərsiz tədqiqatçısı

Klassik irsimizin bənzərsiz tədqiqatçısı
O, bizə kimləri tanıtmadı?

Klassik Azərbaycan ədəbiyyatının dərin bilicisi, yorulmaz tədqiqatçı, tərcüməçi, pedaqoq, ədəbiyyatşünas alim, unudulmaz insan Əzizağa Məmmədov barəsində düşünəndə özümü pak  və saf bir dünyada hiss edirəm. Sevinirəm ki, bu böyük şəxsiyyəti tanıyırdım. Qürur duyuram ki, kitab rəfimdə onun mənə avtoqrafla bağışladığı kitablar var. Sovet dövründə klassik ədəbiyyatın tədqiqi ilə məşğul olmaq, başladığın çətin araşdırmanı axıracan davan etdirməyi bacarmaq, repressiyaların qol-qanadını qırmasına rəğmən, geri çəkilməmək, millətin dərin qatlardakı, bəzən də gizlədilmiş, qəsdən başqalarının adlarına çıxarılmış bədiilik tarixinə - həqiqətə güzgü tutmaq əsil fədakarlıq, vətənsevərlik deyilmi? 
 
Repressiyaların qarşısına şah babamızın söz qılıncını çıxardıb
 
Əzizağa Məmmədovun adı çəkiləndə gözlərimin önündə onun nurlu sifəti, düşüncəli baxışları canlansa da, qulaqlarıma qılınc səsi, döyüş meydanlarındakı at kişnərtiləri və bir də şah babamız Xətainin harayı gəlir:
 
Şah Xətai, sənin dərdin deşilməz,
Dərdi olmayanlar dərdə tuş gəlməz,
Mürşidsiz, rəhbərsiz yollar açılmaz,
Mürşid ətəyində əlin varmıdır?

Niyə məhz Xətainin misralarını yada saldım? Çünki Əzizağa müəllim ömrünü məhz Xətaini damcı-damcı araşdırmağa həsr edərək, nəhəng tədqiqatlara imza atıb. Repressiyaların xəncərinin qarşısına şah babamızın söz qılıncını məharətlə çıxarda bilib. Doğrudur, bu cür "döyüş” ona asan başa gəlməyib. Sıxıntı çəkdiyi, maneələrlə üzləşdiyi günlər də olub. Bütün bunlar da yavaş-yavaş onun ömrünü mişarlasa da, qazanan ədəbiyyatımız, tariximiz, bir də fədailərini heç zaman unutmayan xalqımız olub. Milli təəssübkeşlik, haqqsevərlik həmişə bulanıq fikirlərin, saxta münasibətlərin buzlaşmış qatlarını yarıb keçməyə qadirdir. Maneələri adlamaq nə qədər çətin olsa da, həqiqətin üzə çıxdığı gün həmişə var. Bu səbəbdən də, "axı sənin klassik ədəbiyyatın tədqiqi ilə nə işin var ki, özünü cəncələ salırsan” deyən həmkarlarından fərqli olaraq, Əzizağa Məmmədovun cavabı və məramı bəlli idi: " Nə qədər çətinliklə üzləşsəm də, yalnız klassikləri araşdıracağam. Şah İsmayıl Xətai mütləqdir”. Məqsəd aydınlığı onu çox yubanmağa qoymadı. Tərcümə ilə də məşğul oldu, müasirləri barəsində də yazdı, amma qətiyyətindən yayınmadı. Neçə-neçə əlyazmanı müqayisə etdi, araşdırdı, müxtəlif nüsxələr üzərində tədqiqatlar apardı . Məharət və böyük dəyanətlə çətinlikləri dəf edərək istəyinə nail oldu.
 
Xətainin bayatısı və əməyə verilən qiymət 
 
Əzizağa Məmmədov 1918-ci ilin yazında Lənkəranda dünyaya göz açıb. Amma orta məktəbi də, texnikumu da, institutu da Bakıda bitirib. İlk əmək fəaliyyətinə müəllimliklə başlayıb. Tarix və ədəbiyyat muzeylərində müxtəlif vəzifələrdə çalışıb. İkinci Dünya müharibəsindən sonra Bakı Dövlət Universitetinin aspiranturasında oxuyub.  Onun mətbuatda dərc edilən ilk məqaləsi Şah İsmayıl Xətai haqqında olub. 1949-cu ildə başa çatdırdığı elmi əsəri də "Şah İsmayıl Xətainin həyat və yaradıcılığı adlanırdı. Təsəvvür edin, Əzizağa müəllimin  15-dən artıq kitabı nəşr edilib. Yarıdan çoxu - doqquzu Şah İsmayıl Xətai ilə bağlıdır. 1970-ci ildə  müvəffəqiyyətlə müdafiə etdiyi doktorluq dissertasiyasının da mövzusu məhz sevdiyi şəxsiyyətlə əlaqədar olub: "Şah İsmayıl Xətai əsərləri mətnlərinin tədqiqi və elmi-tənqidi mətni”. Bu məqamda filologiya elmləri doktoru  Möhsün Nağısoylunun bir fikrini söyləmək yerinə düşür: " Əzizağa Məmmədovu xoşbəxt taleli alimlərdən saymaq olar, çünki V.F. Minorski, S.N. Ergün, Ə. Gölpinarlı, Y.V. Çəmənzəminli, S. Mümtaz, H. Araslı, T. Gəncəyi, M.Abbaslı kimi tanınmış alimlərin Xətai əlyazmalarının nəşri sayəsində başladıqları işi tamamlamaq məhz ona nəsib olmuşdur”. Çox dəqiq və dürüst fikirdir. Yola çıxmaq bəlkə də asandır, amma mənzil başına çatmaq məsələsində  müşküllərin mövcudluğu qaçılmazdır. Bəzən də müqavimətlərin bolluğu yolçunu elə yorub əldən salır ki, dayanmaqdan, yaxud da geriyə çəkilməkdən başqa çarə tapa bilmirsən. Mənzilə çatmaq zirvəyə yetməkdir!  Mütəxəssislərin də təsdiq etdiyi kimi Əzizağa Məmmədov xətaişünaslıqda ilk dəfə olaraq böyük şairin divanının səkkiz əlyazması əsasında onun əsərlərinin tam elmi-tənqidi mətnini hazırlamışdır. Bu prosesdə Xətai divanının 1535-ci il tarixli ən qədim nüsxəsindən istifadə olunmuşdur. Əzizağa Məmmədov Şah İsmayıl Xətainin əsərlərini II cilddə tərtib etdi, lüğət və izahlar hazırladı, müqəddimə yazaraq Azərbaycan oxucularına əvvəlcə 1966-1973, sonra isə 1975-1976-cı illərdə çatdırdı. Böyük alım sonuncu müqəddiməsində yazırdı: " Bu kitaba Xətainin indiyə qədər heç yerdə çap olunmamış 61 qəzəli ilk dəfə daxil edilmişdir.”  Xətinin bir bayatısı  sanki bu gərgin və dəyərli əməyin uzaqgörənliklə verilən qiyməti kimi dilimə gəldi:
 
Xətai can arxına,
Əhli ürfan arxına,
Mərifətdən su gəlib,
Tökülür can arxına.
 
Həbibini öz millətinə qaytardı 
 
Əzizağa Məmmədovun elmi araşdırmalarında əsas yerlərdən biri də XV əsrin sonlarında yaşayıb yaratmış Azərbaycan şair Həbibi ilə bağlı apardığı tədqiqatlardır. Rəhmətlik yazıçımız Əzizə Cəfərzadə böyük məhəbbət və ehtiramla deyərdi ki, Həbibini yenidən bizə - öz millətinə qaytaran məhz Əzizağa müəllimin apardığı tədqiqatlar və üzə çıxardığı faktlar oldu. Nəsimi məktəbinin davamçısı olan, şeirləri ilə böyük Füzulini belə heyran edən Həbibinin divanı və külliyatı bizə gəlib çatmamışdır.  Məlumat üçün deyək ki, Həbibi Göyçayın Bərgüşad kəndində anadan olub.

XX əsrdə - 1921-ci ildə Həbib haqqında ilk dəfə ədəbiyyatşünas Salman Mümtaz yazmış və fars dilində yazdığı qəzəlini tərcümə edərək, oxuculara çatdırıb. İllər ötdükcə, nəsillər dəyişdikcə hər şey unudulub. Oxucuların bu istedadlı şairin yaradıcılığından xəbəri olmayıb. Həbibini geniş şəkildə araşdıran, naməlum qəzəllərini tapan, onun barəsində ətraflı məlumat verən Əzizağa Məmmədovdur.  Həbibinin Salman Mümtazın fondunda 4, Əlabbas Müznibin şəxsi fondunda 3 qəzəli olub. Əzizağa müəllim müxtəlif mənbələrdən şairin qəzəllərini taparaq, 1980-ci ildə kitab halında oxuculara təqdim edib. Tədqiqatçı cəfakeşliklə əldə etdiyi qəzəllərini bədii cəhətlərini, müasirlərindən üstünlüyünü belə şərh edirdi: " Həbibinin dili xalq ifadə tərzinə yaxın, sadə və bədii, əksəriyyətin anlaya  biləcəyi poeziya dilidir. Burada çətin anlaşılan ərəb və fars tərkibləri azdır”. Aşağıdakı nümunəyə diqqət edək:
 
Aşığın yanmaqdan özgə dərdinə dərmanı yox,
Can verib bir can üçün yansa Həbibi, qəm deyil.

Bu məqamda Həbibinin könül pərişanlığına bir həlimlik gətirən düşündürücü mesajına fikir verin: "Mən deməzmiydim ki, bir  gün ağlayasıdır gülən...”

Əzizağa müəllim Həbibini "Füzulini heyran edən şairimiz” adlandıraraq, ona Nəsimi poeziyasının güclü ədəbi təsiri olduğunu  da təhlilə çəkib. Məlum olur ki, Həbibi orta əsr elmlərini - astronomiyanı, Şərq ədəbiyyatının böyük nümunələrini və eləcə də şahmat oyununu gözəl bilirmiş. Həbibini yalnız Azərbaycanda deyil, İranda, İraqda yaxşı tanıyırmışlar. Onun bu ölkələrdə yaranan poeziyaya, osmanlı-türk ədəbiyyatına da güclü təsiri olmuşdur. Maraqlıdır ki, onun həyatının ilk dövrü haqqında məlumatı verən şəxs Şah İsmayıl Xətainin oğlu Sam Mirzədir. O, 1550-ci ildə yazdığı "Töhfeyi-Cami” əsərində bu barədə yazıb. Əzizağa müəllimin bu izə necə düşməsi, yəni Həbibini belə ətraflı araşdırması, məncə yenə də Xətai məhəbbəti ilə bağlıdır Çünki Həbibinin şair kimi yetişməsində  bu mühitin  rolu danılmazdır.
 
Bir elmi kollektivin işini təkbaşına görüb

Maraqlı bir faktı da demək yerinə düşür. XV əsrdə yaşamış şair Hidayətin (Hidayətullahın) adı nəinki oxuculara, hətta ədəbiyyatşünaslara da  bəlli olmayıb . Onun barəsində də ilk dəfə məlumat verən, xarici ölkə kitabxanalarından qəzəllərinin fotosurətini çəkərək  oxuculara təqdim edən yenə də Əzizağa müəllim olub. Bu cəfakeş alim hansı klassikdən yazıbsa, fərq etməz mütləq onun məlum olmayan bir əsərindən, məktubundan söz açıb. 1957-ci ildən ömrünün sonuna kimi -1986-cı ilə qədər Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda  müxtəlif vəzifələrdə çalışıb. Vəfatından 30 il sonra -2008-ci ildə onun "Əski çap kitabları kataloqu” nəşr edilib. Bir elmi kollektivin işini təkbaşına yerinə yetirən Əzizağa müəllim bu mühüm xidməti ilə əlyazma abidələrimizin taleyinə yaşıl işıq yandırdı. Bu kitab çox qiymətli bir mənbədir. Əzizağa Məmmədov uzun müddət türkdilli  Azərbaycan çap kitablarının sistemə salınması və elmi-paleoqrafik təsviri ilə məşğul olub. Türk, ərəb, fars, rus və Avropa dillərində nəşr olunmuş bu kitabların əksər hissəsi hazırda nadir nəşrlər səviyyəsindədir. Bu kataloqda təkcə bədii əsərlər deyil, səyahətnamələr, dərsliklər, məqalələr və digər sahələrin nümunələri var. Əslində, Əzizağa Məmmədov azömürlü, çoxəsərli alimlərdən biri olub. Kimlərdən yazmayıb? Həsənoğlu, Füzuli, Zakir, Vazeh, Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi, Mirzə Cəlil,  Nəriman Nərimanov, Üzeyir Hacıbəyli, Mirzə İsmayıl Qasir, Böyükağa Qasımlı, Mədinə Gülgün, Mir Cəlal və onlarca digərləri... Sovet dövründə-rejimin diktəsi altında yaşayıb, yaradasan, amma öz ürəyinin, ağlının, istedadının dediyini həyata keçirəsən, bununla da ədəbiyyat tarixinə adını əbədi həkk etdirəsən. Bu şərəfli missiyanı ustalıq və cəfakeşliklə bacarıb bizim qəhrəmanımız. Təəssüf ki, dövlət müstəqilliyimizin bərpasını görmədi bu böyük tədqiqatçı. Necə çətinliklə qapısını döydüyü arxivlərin üzərindəki qalın pərdələrin çəkildiyini bilmədi. Amma qısa ömrünə sığışdırdığı tapıntıları, araşdırmaları elə dəyərli və əhəmiyyətlidir ki, onun biri bəs edər  ki, insan öyünsün. Bu gün minnətdarlıq duyğuları və ehtiramla xatırladığımız Əzizağa Məmmədov  bizə elə tədqiqatlar yadigar qoyub  ki, özünün də əbədiliyini təmin edib. 
 
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist
 
 
 


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.7026
GBP 1 İngilis funt sterlinqi 2.1922
TRY 1 Türk lirəsi 0.4768
KWD 1 Küveyt dinarı 5.6088
SEK 1 İsveç kronu 0.1957
EUR 1 Avro 1.9062
CHF 1 İsveçrə frankı 1.7478
USD 1 ABŞ dolları 1.7020