• cümə, 29 Mart, 04:58
  • Baku Bakı 7°C

Klassik irs həmişə gündəmdədir

07.11.13 08:17 2194
Klassik irs həmişə gündəmdədir
Səməd Vurğun adına Rus Dram Teatrında görkəmli rus şairi M.Lermontovun “Maskarad” dramı əsasında tamaşanın premyerasının keçiriləcəyi barədə mətbuatda gedən xəbərlər məni təəccübləndirmədi. Belə ki, Şekspir, Dostoyevski, Çexov, Mirzə Fətəli Axundov və başqa klassik sənətkarların əbədi əsərləri bu kollektivin repertuarında həmişə geniş yer tutub. İndi də “Rusdrama” XVIII əsr Rusiya toplumunun mənəvi əxlaqi mühitini ortaya çıxaran, hələ müəllifin sağlığında mübahisələr doğurmuş bir əsərə müraciət edir. Tamaşaya quruluş verən teatrın baş rejisoru, Xalq artisti Aleksandr Şarovski həm də baş qəhrəman Arbenin rolunu ifa edir. İstedadlı sənətkarda iyirmi illik fasilədən sonra belə artistlik tərəfinin önə çaxmasını tamaşaçılar yəqin ki, rəğbətlə qarşılayarlar. Hərçənd “Kaspi”nin əməkdaşı ilə söhbəti zamanı Aleksandr Şarovski bunda qəribə bir şey görmədiyini, əslinə qalsa, səhnədən heç vaxt uzaqlaşmadığını dilə gətirdi.
- Demək, iyirmi illik fasilədən sonra sənətə dönürsünüz. Aktor üçün bu fasilə həddindən artıq deyilmi?
- Dediklərinizlə yalnız həmin müddət ərzində aktyorun doğrudan da səhnədən uzaq düşdüyü təqdirdə razılaşa bilərəm. Amma mənim bircə günüm, bircə dəqiqəm belə teatrdan kənarda, səhnədən kənarda keçmədi, yaşanmadı.
- Vaxtilə elə bizim “Kaspi” qəzetinə müsahibənizdə demişdiniz ki, bütün bu müddət ərzində öz tamaşalarınızda başqa aktorların yolunu kəsməmək üçün oynamamsınız. O vaxtdan bir dəyişiklik varmı?
- Əslində yox. Elə Arbenin rolunu da bir çoxlarının israrı üzündən oynadım. Hərçənd əlbəttə ki, həmin surətin mürəkkəbliyi, dərinliyi, çoxqatlı tutumu da diqqətimi cəlb etməyə bilməzdi.
- Bəs ötən illərdə hansısa rolu oynamadığınıza heç heyifslənmisinizmi?
- Xeyr, qətiyyən.
- “Maskarad” tamaşası “Rusdrama” səhnəsində Lermontov yaradıcılığına dair ilk səhnə əsəridir?
- Vaxtilə teatrımızın səhnəsində həmin əsəri rəhmətlik Məhərrəm Haşımov tamaşaya qoymuşdu.
- O, tamam başqa dövrdü.
- Təbii ki. Əslində bu əsərdə məni cəlb edən də onun hər hansı konkret bir dövrə bağlı olmamasıdır. Lermontov həmin əsərində paxıllıq, kin-qüdurət, qısqanclıq, şər-şəbədə, dedi-qodu kimi cəhətlərin, bu naqisliklərdən uzaq insanları sakit qəbul etməyə qoymayan, onların həqiqi mənada xoşbəxt olmaq bacarığına qıcıq hisslərinin insan mənəviyyatına, şəxsiyyətinə dağıdıcı təsirini açıb göstərir. Həmin məsələnin əbədi olduğunu nəzərə alaraq, bu əsərin müasir tamaşaçı üçün maraqlı olacağı qənaətinə gəldim. Əsas məsələ mövzunu lazımi tərzdə təqdim etməkdir. Bunun üçün tamaşanı daha mütəhərrik quruluşda verməyi qərara aldım.
- Bildiyimiz kimi, rejisorların heç də hamısına klassik əsərləri müasir səpgidə təqdim etmək müyəssər olmur. Yəqin ki, sizin bu məsələdə xüsusi bir yanaşma tərziniz var, elə deyilmi?
- Əvvəla, klassik irsin həm aktyorlar, həm də rejissorlar, xüsusilə gənclər üçün gözəl bir məktəb olduğu çoxdan məlumdur. Burada müəllifin əsas fikrini olduğu kimi saxlayıb keçmişdə ərsəyə gəlmiş mövzunu dövrümüzə uyğunlaşdırmaq baxımdan geniş yaradıcılıq imkanları da açılır. Şəxsən mənim fikrimcə, klassik əsərlər hər bir teatrın repertuarında olmalıdır, bununla belə, klassik irsə sayğılı münasibətin də zəruri olduğunu unutmamalıyıq.
- “Maskarad” tamaşası üzərində sizinlə yanaşı kimlər çalışıb?
- Komandamız maraqlı və coğrafi baxımdan rəngarəngdir. Tamaşanın quruluşçu rejisoru rusiyalı Nikita Sazonov, geyim rəssamı amerikalı İrina Krujilina, işıq rəssamı Nikolay Rudıçev, xoreoqraf Raulə Türkan, musiqi tərtibatı Əməkdar mədəniyyət işçisi Vladimir Neverovundur. Mənimlə bərabər tamaşada Əməkdar artist Natalya Şarovskaya, teatrımızın aktorları Olqa Arsentyeva, Mariya Duboviskaya, Maqsud Məmmədov, Murad Məmmədov, Teymur Rəhimov, Yuri Omelçenko və b. da çıxış edəcəklər. Tamaşa heyətində gənclər daha çoxdur. Tamaşanın son premyerası noyabrın 24-də keçiriləcək.
Lalə Bağırzadə
banner

Oxşar Xəbərlər