Klassik əsərlərin monopoliyasında olan teatrlar
Hər bir teatrın tamaşaçı cəlb etməsi üçün zəngin repertuar seçiminə
malik olması çox vacibdir. Xüsusən də texnologiyanın sürətlə inkişaf etdiyi
indiki zamanda yeni əsərlərə ehtiyac var. Müasir tamaşaçının zövqü 30-40 il
bundan əvvəlki tamaşaçının zövqü ilə eyni ola bilməz. Deməli, teatrlar mütləq
yeni nəslin düşüncə tərzini, zövqünü nəzərə almalıdırlar. Amma bunun üçün həm
də o zövqü, düşüncəni təmin edə biləcək əsərlər də yazılmalıdır axı. Lakin hiss
olunur ki, teatrlarımızın repertuarlarında bu yöndə qıtlıq yaşanır.
Bu gün teatrların repertuar seçiminə nəzər yetirsək, görərik ki, daha
çox klassik və xarici əsərlərin səhnələşdirilməsinə
üstünlük verilir. Belə olan halda insanların fikrində bir çox suallar yaranır. Nəyə
görə teatr səhnələrində çox zaman klassik əsərlər tamaşaya qoyulur? Hansı
səbəblərə görə müasir dövrümüzü əks etdirən yeni dram əsərləri yazılmır? Digər
qonşu ölkələrin də teatr səhnələrində bu
hal mövcuddurmu, yoxsa təkcə Azərbaycan teatrlarında bu problemlə qarşılaşırıq?
Ümumiyyətlə, belə halın yaranmasına görə məsuliyyət kimin üzərinə düşür?
Rejissorlar yeni əsərlərə müraciət etməkdə maraqlı deyillər, yoxsa belə
əsərlər, ümumiyyətlə, yazılmır?Bu sualların cavablarını mütəxəssislərdən öyrənməyə çalışdıq.
Sumqayıt Dövlət Dram
Teatrının baş rejissoru Firudin Məhərrəmovla söhbətimdə aydın oldu ki, yaxın
gələcəkdə teatrda yeni səhnə əsərləri tamaşaya qoyulacaq: "Biz klassik əsər
deyəndə, çox vaxt tarixi əsərləri nəzərdə tuturuq. Bu da hər zaman teatr
səhnələrində oynanılır. Bu əsərlər bizim tarixdən gələn keçmişimizi, bu
günümüzü və gələcəyimizi əks etdirir. Bu günə qədər bizim teatrın repertuarında
görkəmli dramaturqlar - Cəfər Cabbarlının, Mirzə Fətəli Axundzadənin və digər
dahi yazarların əsərləri yer alıb. Mən düşünürəm ki, yaxın gələcəkdə yeni səhnə
əsərləri tamaşaya qoyulacaq. Düzünü deyə bilərəm ki, teatr səhnəsi üçün əsər
seçimi etmək bir qədər çətin və problemli bir məsələdir. Qeyd edim ki, əsər
seçərkən tamaşaçının da zövqünü nəzərə almaq lazımdır. Məsələn, qonşu dövlətlər
olan Rusiyanın, Gürcüstanın özündə müxtəlif janrlarda tamaşalar səhnəyə
qoyulur. Düşünürəm ki, həmin ölkələrdə insanlar daha savadlı olduqları, teatrın,
tamaşaya qoyulan əsərlərin mahiyyətini
daha dərindən başa düşdüklərinə görə, onlar üçün teatra gəlib bu cür tamaşaları
izləmək daha maraqlıdır. O ölkələrdə teatra gələn tamaşaçıların mədəni səviyyələri də qat-qat yüksəkdir. Bir
insanın savadı, düşüncə tərzi, mədəniyyəti nə qədər ali səviyyədə olarsa, izlədiyi
teatr tamaşasından da zövq alar.Hazırda bizdə əhali teatra əvvəlki kimi maraq göstərmir. Bu da ondan
irəli gəlir ki, tamaşaçı əsəri oxumayıb. Ona görə də səhnələşdirilən əsəri teatrda
izləyəndə, bu, ona maraqsız görünür. Tamaşaçı tamaşadan zövq ala bilmir”.
Gənc tamaşaçılar teatrının
baş rejissoru Bəhram Osmanov isə bildirdi ki, teatrın səhnəsində klassik
əsərlərlə yanaşı müasir əsərlər də oynanılır. Rejissor eyni zamanda gənc yazarların
da qələmə aldığı əsərlərin teatrın repertuarında yer aldığını qeyd etdi: "Gənc
Tamaşaçılar Teatrında klassik əsərlərdən başqa, yeni, müasir dövrümüzün
tələblərinə cavab verən əsərlər də oynanılır. Yaxın günlərdə teatrımızın
səhnəsində istedadlı yazarlarımızdan olan İlqar Fəhminin qələmə aldığı
pyes əsasında bir tamaşa səhnəyə qoyulacaq. Qeyd etmək istəyirəm ki, kifayət
qədər yeni əsərlərimiz var və yaxın vaxtlarda
bu tamaşaları teatrımızın səhnəsində görə biləcəksiniz”.
Bakı Uşaq Teatrının
rejissoru İlhamə Əhmədovamövzu ilə bağlı açıqlamasında bildirdi ki,
müasir dövrümüzdə tetar səhnələrində daha çox bayağı mövzular yer alır: "Bu da
gənclərimizin düşüncə tərzinin formalaşmasına öz mənfi təsirlərini göstərir. Belə
əsərlər tamaşaçı zövqünü korlayır. Mən düşünürəm ki, bu cür xoşagəlməz hallara
yol verməmək üçün elə klassik əsərlərimizə müraciət etməyimiz daha məqsədəuyğun olardı. Çünki bu əsərlər
zamanın sınağından keçmiş əsərlərdir”
Teatrşünas Məryəm Əlizadə isə bildirdi
ki, teatrların repertuarında klassik əsərlərlə yanaşı, müasir əsərlər də
tamaşaya qoyulur: "Teatr səhnəmizdə tarazlığın hər zaman qorunub saxlanılmasına
önəm verilir. Yeni əsərlərə gəlincə isə demək istərdim ki, bu əsərlər sifarişlə
yazılmır. Yazıçı istənilən mövzuda hər hansı bir əsəri yazır və teatrlara
təqdim edir. Əgər rejissor bu əsəri bəyənərsə və tamaşaçı kütləsi üçün uyğun
görərsə, əsər tamaşaya qoyulur. Dramaturgiya
bütün janrlara nisbətən ən çətin janrdır. Azərbaycan dramaturgiyası çox
zəngin və geniş çeşidə malikdir. Bizim çox görkəmli dramaturqlarımız olub. Hal-hazırda
da istedadlı gənclərimiz var ki, yeni dram əsərləri qələmə alırlar. Və mən
inanıram ki, onlar da dram sahəsində öz layiqli yerlərini tutacaqlar. Bu, təbii
ki, mürəkkəb bir prosesdir. Zaman keçdikcə bu cür gənclərimiz inkişaf edəcək və
onların qələmə aldıqları dram əsərləri sayəsində teatrlarımız da öz inkişaf
səviyyəsinə çatacaq”.
Teatrşünas Vidadi Səfərov da mövzu ilə
bağlı açıqlamasında maraqlı fikirlər bildirdi: "Bunun başlıca səbəbi odur ki, klassik
əsərlər müxtəlif dövrlərin sınağından çıxan əsərlərdir. Klassika heç vaxt
ölmür, hər zaman öz müasirliyini qoruyub
saxlayır. İkinci bir səbəbi də odur ki, dram janrı ən çətin janrlardan biri
hesab edildiyi üçün bu sahədə hər zaman çatışmazlıqlar özünü büruzə verir. Yazıçılarımız
arasında dramaturqlar barmaqla sayılacaq qədərdir. Əsərləri səhnədə yer almağa
layiq olan dramaturqlarımız da var. Əsərləri səviyyə baxımından aşağı olan
dramaturqlarımız da var ki, onların yazdıqlarının teatrlarda səhnəyə
qoyulmasını düzgün hesab etmirəm. Hər dram əsərini də səhnələşdirmək düzgün
deyil. Teatrlarımızda bədii şuralar fəaliyyət göstərir. Onlarla yanaşı,
rejissorlarımız da yazılan əsərləri qiymətləndirib teatr səhnələrində
oynanılmasına icazə verirlər. Bununla yanaşı, əsər öz aktuallığını qoruyub
saxlamalıdır, bədii cəhətdən yüksək səviyyəyə malik olmalı və səhnədə əsərdəki
qəhrəmanları canlandırmağı bacaran, bu rolların yetəri qədər öhdəsindən gələn
aktyor və aktrisa heyəti olmalıdır. Bu səbəbdən də dramaturgiyamızın inkişafına
çalışmaq lazımdır ki, yeni yazılan dram əsərləri də teatrların repertuarında öz
əksini tapa bilsin. Onu da qeyd edim ki, klassik əsərlərdə də bizləri müasirliyə səsləyən fikirlər tapmaq o qədər
də çətin deyil. Buna görə də həmin əsərlərə daha çox müraciət olunur”.
Fidan Salmanova