“Kökəlmək ən böyük arzumdur“
"Kökəlmək ən böyük arzumdur. "Dünya”nı yesəm də, çəkim
artmır və bu, xarici görünüşümə də pis təsir edir. Rəfiqələrimin məsləhəti ilə
internetdən protein sifariş verdim və qəbul etdim. Tez bir zamanda kökəlsəm də,
dərmanı saxladıqdan sonra sürətli şəkildə arıqladım”.
Bizimlə arzusunu bölüşən Nuranə arıqlıqdan əziyyət çəkir. İdeal bədən quruluşuna sahib olmaq
üçün düzgün qidalanmaq əvəzinə, protein qəbul edib. Lakin bu da onu arzusuna
çatdıra bilməyib.Bu problemdən əziyyət çəkən təkcə Nuranə deyil.
Nuranə kimi bir çox insan, xüsusilə də gənclər qarşısına qoyduğu məqsədlərə tez
çatmaq üçün son zamanlar dəbdə olan protein, kreatin, veyder, amin turşuları, geyner
kimi idman qidalarından istifadə edirlər.İdmanla mütəmadi məşğul olan insanların əksəriyyəti
protein tozundan istifadə edir. Kişilər əzələ yığmaq üçün məşq etməklə yanaşı,
protein də qəbul edirlər.Bəs protein tozu orqanizmdə hansı fəsadlara yol aça
bilər? Həqiqətənmi insanın sağlam kökəlməsi və ya gözəl bədənə sahib olması bir
qutu dərmanla mümkündür?
Məlumat üçün bildirək ki, protein tozu zülalların
tozundan hazırlanmış qida əlavəsidir. Bunlar iki yerə bölünür: izolat növ
proteinlər sırf əzələ kütləsini artırmaq, əzələ formasına qabarıq görünüş vermək
məqsədilə, geyner növ isə əzələ kütləsinin həcmini böyütmək, çəkisini artırmaq
və insanın öz çəkisini də artırmaq üçün istifadə olunur.
"Heç bir ziyanı
yoxdur”
Məşqçi Rövşən Fətəliyev bizimlə söhbətində bildirdi ki, protein tozları əsasən
ət, süd, yumurta, toyuq, lobya və başqa yeyilən qida məhsullarından hazırlanan
zülaldır. Əsas fərqi qıraqdan əlavə edilən məhsul olmasıdır: "Əgər normasında və
məşqçinin təlimatlarına uyğun qəbul edilsə, heç bir ziyanı yoxdur. Protein tozu
hər səhər yeməyindən və məşqdən sonra qəbul edilməlidir. Proteində kifayət qədər
vitamin kompleksləri var və zərərli maddə deyil. Sadəcə, lazımi qədər qəbul etmək
lazımdır”.
"Orqanizmə qidanın
verdiyi effektlər yetərlidir”
Dietoloq Leyla
Zülfüqarlı qəzetimizə
açıqlamasında bildirdi ki, arıqlamaq və ya kökəlmək üçün insanların protein
tozu qəbul etməsi düzgün deyil. Mütəxəssisin sözlərinə görə, ağır atletika və ağırlıq
idmanı ilə məşğul olanlar protein tozundan yararlana bilərlər: "Hər hansı bir xəstəlik
dərman terapiyası və qidalarla müalicə edilir. Dərmanların xeyirli tərəfləri ilə
yanaşı, yan təsirləri də olur. Məsələn, dərmanların metabolizmi qaraciyərdə
getdiyi üçün toksiki təsir nəticəsində qara ciyər, böyrəklər artıq yüklənir.
Protein tozları da qida əlavəsidir. Qidadan fərqi budur ki, həddən artıq çox qəbul
etdikdə qaraciyəri, böyrəkləri yükləyir, bədənin su balansına təsir edir. Təmiz
süddən hazırlanan proteinlər nisbətən yaxşıdır. Lakin onlardan da yalnız xüsusi
kateqoriyalı idmançılar bəhrələnə bilər. Bunun xaricində arıqlamaq üçün və ya
sadəcə sağlam həyat tərzi məqsədilə idmanla məşğul olanların protein tozu qəbul
etmələri məsləhət deyil. İnsan orqanizminə qidanın verdiyi effektlər yetərlidir
və protein tozlarına ehtiyac yoxdur. Hər bir nemətin miqdarı var, artıq olanda
ziyanları ortaya çıxır. Protein tozlarına da bunu aid edə bilərik. Yalnız peşəkar
idmanla məşğul olanlar dəstəkləyici terapiya kimi istifadə edə bilirlər. Ən əsası,
protein məşqlər arasında qəbul edilməlidir. Davamlı olaraq protein tozundan
istifadə etmək alışqanlıq yaradır. Bir çox xəstəliklər zamanı və ya bir çox cərrahiyyə
əməliyyatlarından sonra ağızla qida qəbulu mümkün olmur və ya çətin olur. Bu
halda orqanizmin protein ehtiyacı xüsusi hazırlanmış protein tozu ilə ödənilir”.
Dietoloq bildirdi ki, proteindən həddindən artıq
istifadə cinsi zəifliyə də yol aça bilər: "Protein ağırlığı çox olduğu təqdirdə
cinsi aktivliyi meydana gətirən testesteron hormonunun səviyyəsinə də təsir
edir. Bizim gündəlik proteindən çox karbohidrata ehtiyacımız var.
Qidalanmamızda rasionumuzun dörddə birini protein tutmalıdır. Sadəcə, protein
yeganə qida inqrediyentidir ki, orqanizmdə enerjini depolamır, yəni qida
orqanizmə daxil olduğu təqdirdə enerjini depolamadan orqanizmdən xaric olunur.
Yağ və karbohidrat isə enerjini depolayır. Məhz bu baxımdan bəzi insanlar xırda
hiyləgərlik edərək kortəbii surətdə proteini qəbul edirlər. Çox qəbul etdikdə
isə zülal yüklənməsi baş verir. Sadəcə, insanlar məlumatsız olduqları üçün
zülal ilə orqanizmlərimi yükləyirlər. Amma sonradan çox ciddi problemlər ortaya
çıxır. İlk növbədə zülal mübadiləsi, su-elektrolit mübadiləsi pozulur, böyrək
patologiyaları üzə çıxır və orqanizm balanslaşmış qida nisbətini itirməyə
başlayır. Buna görə də protein tozlarının həddən artıq qəbulu kişilərdə zülal
mübadiləsinin pozulmasına gətirib çıxarır. Nəticədə mübadiləsi pozulan
orqanizmdə ən təhlükəli məqam olan bioloji pozuntular yarana bilər”.
"İnsan özü də bilmədən
orqanizmini alt-üst edə bilər”
Dietoloq Könül Məmmədovaisə protein tozu qəbulunun
əleyhinə deyil. Həmsöhbətimiz deyir ki, sadəcə, qəbul edərkən miqdarına diqqət
etmək lazımdır: "Çəki bədən parametrlərinə görə az olursa, narahatçılıq
doğurur. Bu, görünüşə də təsir etdiyi üçün kompleksə düşürlər və daha tez kökəlmək
üçün protein tozlarından istifadə edirlər. Bu dərmanları içməyin əleyhinə deyiləm.
Zəruri olduğu halda içmək olar. Amma bu zaman miqdarına və düzgün qəbuluna diqqət
etmək lazımdır. Düzdür, dərmanları qəbul edəndə kökəlmə olur. Amma dayandıran
kimi yenə əvvəlki çəki azlığı, narahatçılıq başlayır. Bu səbəbdən kökəlmək üçün
daha təbii yollardan istifadə etmək lazımdır”.
Dietoloq Nura Sadıqovaisə hesab edir ki, ətrafımızda
bu qədər bol vitaminli, proteinli qidalar olduğu halda necə hazırlandığı məlum
olmayan qida məhsullarından istifadə etmək məntiqli deyil: "Protein tozlarının xeyrindən çox, zərərləri var. İnsan özü də
bilmədən bütün orqanizmini alt-üst edə bilər. Qaraciyər, mədəaltı vəzi, böyrəkləri
sıradan çıxarmaq istəyirsinizsə, süni qidaları qəbul edin”.
"Kökəlməyə görə
protein qəbul etmək yolverilməzdir!”
Terapevt-qastroenteroloq
Mətanət Cəfərova qəzetimizə
açıqlamasında protein tozunun orqanizmdə yarada biləcəyi fəsadlardan danışdı.
Terapevt deyir ki, hər protein qatqısını istifadə etmək məsləhət deyil:
"Protein tozunu qəbul etməyə başlamazdan öncə mütləq qaraciyər sınaqları və
böyrək funksional testləri yoxlanılmalıdır. Əgər bu analizlərdə bir problem
yoxdursa və xəstənin hər hansı bir mədə- bağırsaq problemi (xora xəstəliyi, öd
daşı xəstəliyi, xoralı kolit və s. ), şəkərli diabet, arterial hipertenziya,
hormonal problemləri yoxdursa, protein qatqılarından istifadə edə bilər. Amma hər
protein qatqısını istifadə etmək məsləhət deyil. Daha yaxşı olar ki, bu protein
qatqılarının tərkibi həkim tərəfindən incələnsin və yalnız ondan sonra istifadə
olunsun. Bu qrup preparatlar daha çox böyrək və qaraciyəri yükləyir. İstifadənin
birinci ayında mütləq surətdə böyrək və qaraciyər sınaqları yoxlanılmalıdır. Müayinə
zamanı böyrək və qaraciyər sınaqlarında dəyişiklik olarsa, protein qəbulu mütləq
dayandırılmalıdır”.
Həkim vurğuladı ki, proteindən düzgün istifadə etməmək
eyni zamanda mübadilə proseslərini pozaraq gələcəkdə piylənməyə gətirib çıxara
bilər: "Kökəlməyə görə protein qəbul etmək yolverilməzdir! Proteinin yalnız ağır fiziki gərginliklə işləyən
idmançılara həkim məsləhəti ilə verilməsi məqsədəuyğundur. Çəki problemləri
olanlarda isə problemin səbəbi araşdırılmalı və həmin səbəb aradan
qaldırılıdıqdan sonra ehtiyac olduğu halda vitamin terapiyası və düzgün qidalanma
rejimi məsləhət görülməlidir”.
Aygün ƏZİZ