• cümə axşamı, 28 mart, 17:06
  • Baku Bakı 16°C

Kiyev və Kişinyov Dnestryanı bölgəyə qarşı birləşir

17.10.19 17:07 1646
Kiyev və Kişinyov Dnestryanı bölgəyə qarşı birləşir
Moldova hakimiyyət orqanlarının tanınmamış Dnestryanı bölgəyə qarşı sərt addımları davam edir. Beynəlxalq hüquq normalarına uyğun olaraq, separatçı bölgəni ətraf aləmdən təcrid etmək siyasətini davam etdirən rəsmi Kişinyov, ciddi addımlar atmaq üzrədir. Bu istiqamətdə isə ona dəstəyi separatizmdən əziyyət çəkən qonşu Ukrayna göstərir. Tanınmamış Dnestryanı bölgə ilə sərhəd ərazidə Moldova Ukrayna ilə birlikdə 13 əlavə nəzarət-buraxılış məntəqəsini quraşdırmaq barədə razılıq əldə edib. Kişinyov və Kiyevin bununla bağlı saziş imzalayacağını Moldovanın baş naziri Mayya Sandu bildirib. Moldova kütləvi informasiya vasitələrinin yaydıqları məlumata görə, xanım Sandu bu addımın qaçaqmalçılığa qarşı mübarizə məqsədilə edildiyini vurğulayıb. Separatçı bölgənin mərkəzi hesab edilən Tiraspolda hesab edirlər ki, Moldova bununla Dnestryanı bölgəyə təzyiq göstərməyə cəhd göstərir. Bu addımın bölgənin dərmanla təchizatına ciddi təsir göstərəcəyi vurğulanıb. Tanınmamış bölgənin rəhbəri Vadim Krasilnikov Moldovanı razılığa gəlmək qabiliyyətində olmayan dövlət adlandırıb. Bu qərar ərəfəsində Kişinyovda baş nazirin reinteqrasiya məsələləri üzrə müavini Vasili Şova və Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya bölümünün rəhbəri Mixael Zibert arasında görüş də olub. Tərəflər Dnestryanı münaqişənin nizamlanması ilə bağlı məsələləri müzakirə ediblər. Məsələ ondadır ki, 5+2 (Moldova və Dnestryanı bölgə - tərəflər, Rusiya, Ukrayna, ATƏT - vasitəçilər, Avropa İttifaqı və Birləşmiş Ştatlar isə müşahidəçilər) formatı üzrə son danışıqlarda tərəflər hər hansı bir məsələ ilə bağlı razılıq əldə etməyə müvəffəq olmayıblar. Dnestryanı bölgə ümid edirdi ki, vasitəçilər və müşahidəçilər regionun, Kişinyov tərəfindən maliyyə blokadasını aradan qaldırmağa müvəffəq olacaqlar. Moldovanın kommersiya bankları da Dnestryanı bölgənin iqtisadi agentlərinin dondurulmuş hesablarını açacaqlar. Lakin bu, baş verməyib. Qondarma qurumun "prezidenti” Vadim Krasilnokov bu səbəbdən də Moldovanı sərt tənqid edib. Beləliklə, Moldova və Dnestryanı bölgənin münasibətləri gərginləşib və artıq Dnestryanı mövzuya almanlar da cəlb edilib. Onlar noyabrda Dnestryanı nizamlanma prosesində qarşılıqlı etimadın möhkəmləndirilməsi ilə bağlı Bavariyada konfrans keçirilməsini təklif ediblər. Nəzərdə tutulub ki, tədbir çərçivəsində Kişinyov və Tiraspol nümayəndələri "5+2” formatında keçirilən danışıqların davam etdirilməsinə razılaşacaqlar. Artıq tanınmamış qurumun "xarici işlər naziri” Vitali İqnatyev Bavariya konfransında iştirak etməyə razılıq verib. Tiraspolda Mixael Zibert ilə keçirilən danışıqlar zamanı o, "5+2” formatında daha tez-tez görüşlər keçirilməsini təklif edib: "Son iclas bir il bundan əvvəl keçirilib. Eləcə də, Moldovanın öz üzərinə götürdüyü öhdəliklərə vicdanla əməl etməsini, yersiz, tam işlənməmiş məsələlər irəli sürməkdən imtina etməyə çağırıram”. Əlavə edib ki, yaxın vaxtlarda aktual problemlərlə, yekun protokollarla bağlı işlər davam etdiriləcək: "Bu, birləşdirilmiş sənəddir – belə ki, biz konsensusa gələ bilməmişik. Dnestryanı bölgə ATƏT-in təklif etdiyi protokolu imzalamağa hazır olduğunu bəyan etsə də, Kişinyovun mövqeyi ucbatından, danışıqlarda pauza verməyə məcbur olmuşuq”. Onun sözlərinə görə, diskussiyalar çox mürəkkəb keçib. "Dnestryanı bölgə Moldova-Ukrayna gömrük-nəzarət buraxılış məntəqələri kontekstində Kuçurqan postunda dərmanların, ərzaq məhsulları və digər vacib tələbat mallarının, eyni zamanda dəmir yollarının şimal hissəsi ilə yanacaq-sürtgü məhsullarının idxalı məsələsi qaldırılıb”, - deyə qondarma qurumun funksioneri bildirib.
Moldova tərəfinin mövqeyinə gəldikdə, baş nazir Mayya Sandu bir daha bildirib ki, onlar ölkənin milli maraqlarına zidd olan hər hansı bir sənədə imza atmayacaqlar. "İnfotaq” agentliyinin yaydığı xəbərə görə, o bildirib ki, bir dövlətin tərkibində iki ayrı hüquqi vahidin yaradılması sənədinə heç bir halda qol çəkməyəcək. Sandu vurğulayıb ki, dəfələrlə Vasili Şovo, avropalı məmurlarla Dnestryanı bölgə məsələsini müzakirə edib: "Siyasi qərar yalnız və yalnız Moldovanın ərazi bütövlüyünün qorunmasına əməl olunmaqla mümkündür. Təəssüf ki, hazırda dərhal və tez bir zamanda həll üçün daxili və xarici şərtlər mövcud deyil. Biz yalnız onu edə bilərik ki, Dnestryanı regiona gələn qaçaqmal və korrupsiyaya qarşı mübarizəni gücləndirərik. Ümid edirəm ki, yaxın günlərdə Ukrayna ilə müvafiq protokol imzalayacağıq. Bununla da sərhəd ərazidə nəzarəti gücləndirməyə müvəffəq olacağıq”. Baş nazir onu da deyib ki, Moldovanın federallaşmasının əleyhinə çıxış edir.
Yeri gəlmişkən, Dnestryanı bölgənin Moldova-Ukrayna sərhəd məntəqələrində əlavə postların quraşdırılması mövzusu Kişinyov və Tiraspolda geniş müzakirə olunur. Separatçı qurumda hesab edirlər ki, Moldova regiona təzyiqlərini artırıb. "Oliqarx Vlad Plaxotnyukun Kişinyovdan qaçmasından sonra Moldova hakimiyyət orqanları Ukraynadan qaçaqmalçılığın (xüsusən də siqaret) qarşısını almağa cəhd göstərir. Bu kanal da Petro Poroşenkonun kanalı hesab edilir. Dnestryanı bölgədə isə buna oliqarx Viktor Quşan, Moldovada isə Plaxotnyuk rəhbərlik edir. Oradan Avropaya axın gedir”, - deyə "mybusiness.md” internet portalı "ukraina.ru”ya istinadən yazır. Vurğulanır ki, hər şey iyulda baş verən qansız inqilabdan və Plaxotnyukun ölkədən getməsindən sonra baş verib. O zaman Sandu Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb. Qaçaqmalçı kanal isə Poroşenko və Plaxotnyuk hakimiyyətdə olmasa da, öz işində idi. İki ölkənin nümayəndələri də bu səbəbdən tez bir zamanda buna son qoyulması barədə razılığa gəlib, sərhəd buraxılış məntəqəsində nəzarəti gücləndiriblər.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər