• cümə, 19 Aprel, 16:08
  • Baku Bakı 25°C

Kiyev üçün Bessarabiya bombası

11.04.15 07:57 1412
Kiyev üçün Bessarabiya bombası
İşğal etdiyi Krımı faktiki olaraq öz quberniyasına çevirən Kreml, deyəsən, Ukraynanı tam şəkildə parçalamağı qarşıya məqsəd qoyub. Ukraynanın şərqində minlərlə insanın ölümünə səbəb olmuş döyüşlərdən sonra yaranan sakitlikdən sonra Rusiya növbəti bir separatçı addıma əl atıb. Belə ki, Odessada Rusiyayönümlü qüvvələrin iştirakı ilə “Bessarabiya Xalq Radası” yaradılıb. Forumun işində 100-dək nümayəndə, o cümlədən deputatlar, jurnalistlər və ictimai xadimlər iştirak ediblər. Tədbirdə “Bessarabiya Xalq Radası”nın manifesti də hazırlanıb. Orada göstərilib ki, yaradılan ictimai struktur bessarabiyalıların yeni təşkilat formasıdır.
Beləliklə də, Ukrayna üçün yeni bir problemli zona yaradılır. Məlumata görə, “Bessarabiya Xalq Radası”nı Bessarabiya üçün milli-ərazi muxtariyyət almaq istəyən milli azlıqlar yaradıblar. “Xalq Radası”nın lideri Dmitri Zatuliveterin sözlərinə görə, Odessada baş verənləri həyəcanla izləyirlər. Moldovanın Qaqauz muxtar vilayətində də Odessada baş qaldıran separatçı addım dəstəklənib. Qurumun lideri Mixail Formuzal bildirib ki, onlar bu ideyanı müdafiə edirlər. Kiyevdə isə Odessada baş verənlər hələ ki sakit tərzdə müşahidə edilir. Ukrayna mülki cəmiyyətin tədqiqi İnstitutunun direktoru Vitali Kulik bildirib ki, Ali Radanın kuluarlarında Odessada baş verənlər müzakirə edilib: “Lakin bu işin sonuna kimi gedilməsi istənilmədi. Çünki bu, qanun çərçivəsindən kənara çıxmır”.
Separatçılar bolqar, qaqauz, moldovan, polyak və s. milli azlıqların milli məktəblərini maliyyələşdirməyin zəruriliyini bildiriblər. Transsərhəd əməkdaşlığı məsələsi də müzakirə mövzusu olub. Yəni hələlik gündəmdə humanitar məsələlərdir. Sonradan bunların siyasi məsələlərə çevriləcəyini isə heç kim istisna etmir. Diqqətçəkən məqam tədbirdə Bolqarıstan və Qaqauz siyasi partiyalarının təmsil olunmalarıdır. Belə ki, tədbirdə Bolqarıstanın Rusiyanı dəstəkləyən “Ataka” partiyasının üzvü Svyatoslav Proynov, Qaqauzun isə “Moldovanın vətənpərvərləri” partiyasının lideri Mixail Qarbuz iştirak ediblər. Anti-Ukrayna mövqeyi ilə seçilən “Ataka” təmsilçisinin tədbirdə iştirakı bir sıra mətləblərdən xəbər verir. Qaqauzlar isə Moldovanın parçalanması siyasətinin fəal dəstəkçiləri kimi tanınırlar. Düzdür, Odessada keçirilən tədbirin təşkilatçıları separatçı əhval- ruhiyyəli çıxış etməsələr də, hər halda bu, bir sıra mətləblərdən xəbər verir - onların bir mərkəzdən idarə olunmasından. Vitali Kulik də bildirib ki, gələcəkdə bu məsələ ekstremist forma ala bilər. Nəzərə alsaq ki, Odessa vilayəti Moldova ilə sərhəd ərazidə yerləşir, Kişinyov da bundan sonra proseslərin necə baş verəcəyini diqqətlə izləyir. Həmin forumda Qaqauzdan da nümayəndələrin iştirakı bu məsələnin onlar üçün da əhəmiyyətini artırır. Bunu M.Formuzal da təsdiqləyib. O bildirib ki, Moldovadan olan qaqauzlar milli azlıqların Ukrayna ərazisində keçirilən toplantısına getmək istəyiblər. Lakin Çadır-Lunqsk vilayətinin rəhbəri Sergey Buzadjinin həbsindən sonra bu səfər ləğv edilib. S.Buzadji sonradan azad edilsə də, səfər reallaşmayıb. Qaqauzlar sadəcə olaraq forum iştirakçılarına məktubla müraciət ediblər: “Biz Bessarabiya Xalq Radasının yaradılmasını alqışlayırıq. Xüsusən də nəzərə alaq ki, Bessarabiya mədəniyyətlərin çulğaşdığı bir yerdir. Orada hər zaman almanlar, polyaklar və digər millətlər yaşayıblar. Odessa vilayəti də çoxmillətlidir. Məsələn, orada 150 min bolqar yaşayır. Moldovadan iki dəfə çox. Bundan əlavə, 50 min qaqauz”. M.Formuzal əlavə edib ki, özü də Odessaya getmək istərdi. Lakin onun Ukrayna ərazisinə girişinə qadağa qoyublar. “Bilmirəm niyə”- deyə o əlavə edib.
Kişinyovda fəaliyyət göstərən “Politicon” Strateji tədqiqatlar və siyasi konsaltinq Mərkəzinin rəhbəri Anatol Çaranu bildirib ki, Bessarabiya tarixən Moldova Respublikasına aiddir. Regionda baş verənlər Kişinyovu da maraqlandırır və bu səbəbdən də rəsmi Kiyevlə məsləhətləşmələr aparılacaq. Moldovalı politoloq hesab edir ki, Kişinyov Kiyevlə birgə separatçı əhval-ruhiyyəyə qarşı hər zaman mübarizə aparıb və bu dəfə də yəqin belə olacaq: “Ukraynadakı vəziyyət, eləcə də Bessarabiya Respublikasının yaradılması ilə bağlı şaiyələrin, ora separatçı qüvvələrin daxil olmasının qarşısını almaq üçün tədbirlər görülməlidir. Narahatçılıq üçün əsas var. Lakin Odessa vilayətində anneksiya halı yaşanarsa, bu cəhdlərin qarşısı alınacaq. Kişinyov Kiyevlə birlikdə başlayan prosesin qarşısını alacaq”.
Separatçı hərəkatın rəhbəri, D.Zatuliveter isə hesab edir ki, keçirdikləri forum heç də separatçı bir qurum yaratmağa xidmət etmir. Sadəcə, onlar Ukrayna dövləti tərkibində milli-mədəni muxtariyyət yaratmaq istəyirlər.
Son məlumatlara görə, rəsmi Kiyev prosesə çox ciddi reaksiya verib. Ölkə rəhbərliyi bunu Ukraynanın ərazi bütövlüyünə qəsd kimi qiymətləndirib. Prezident Pyotr Poroşenko bəyan edib ki, separatçılığa qarşı mübarizəni gücləndirəcəklər. Hüquq-mühafizə orqanları divarlara vurulan vərəqələri yayan şəxslərin həbsinə başlayıblar. Yayılan xəbərlərə görə, hüquq-mühafizə orqanları qondarma “Bessarabiya Xalq Radası”nın fəallarını həbs ediblər. Onlar əhali arasında təşviqat materialları yaymaqda günahlandırılıblar. Onlara qarşı irəli sürülən ittihamda ölkənin ərazi bütövlüyünə təhlükə yaratdıqları göstərilib. Qondarma qurumun yaydığı bəyanata görə, Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşları onlara qarşı repressiyalara başlayıblar. Təxminən 20-ə yaxın şəxs həbs edilib. Tədbirin keçirildiyi yerdə və onların evlərində axtarış tədbirləri həyata keçirilir. Bundan əlavə, Bolqarıstandan gələn qonaq döyülüb. Tədbirdən sonra isə D.Zatuliveterin özü yoxa çıxıb.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər