• şənbə, 20 Aprel, 19:51
  • Baku Bakı 24°C

Kiyev Krımı tatarlara verir

12.04.17 10:00 949
Kiyev Krımı tatarlara verir
Ukrayna Ali Radasının gündəliyinə "Krım-tatar xalqının statusu haqqında” qanun layihəsi salınıb. Söhbət Krım ərazisində Krım tatarlarının milli-ərazi muxtariyyətinin yaradılmasından gedir. Deputatlar qeyd edir ki, bu cür muxtariyyət unitar Ukraynanın tərkibində mümkündür. Sənəd deklorativ xarakter daşıyır və daha çox Krım tatarlarının deportasiyasının gələn ay qeyd ediləcək ildönümünə həsr olunub. 2014-cü ilə kimi Rusiyada fəaliyyəti qadağan edilən Məclis hər il mayın 18-19-da 1943-1944-cü ildə baş verən deportasiyanın ildönümünü keçirir. Krım Rusiya tərəfindən işğal olunduqdan sonra "yerli hakimiyyət” bu cür aksiyaların keçirilməsinə qadağa tətbiq edib.
Krımın işğalından sonra Ukrayna Ali Radası 2015-ci ildə ölkədə Yaddaş və Xatirə günü elan edib. Prezident Petro Poroşenko ötən il keçirilən ilk anım günündə bildirmişdi ki, Ukrayna müstəqillik qazandıqdan sonra Krım tatarlarına muxtariyyət verilməsi əsas tələb kimi ortaya qoyulmalı idi. Bu tələb isə uzun illər nəticəsiz başa çatıb. O, vəd edib ki, Krım tatarlarına Ukraynanın tərkibində milli muxtariyyət verilməsinə nail olacaq. "Biz gec də olsa, Krım tatarlarına milli muxtariyyət verilməsinin zəruriliyini anladıq. Onlara yarımadanın digər sakinləri – ukraynalılar, ruslar və digər etnoslar kimi bərabər hüquqların verilməsinin zəruriliyini elan etdik. Biz Ukrayna parlamentində ölkə Konstitusiyasının 101-ci maddəsinə dəyişiklik edilməsi və Krım tatarlarının Ukrayna daxilində suveren hüquqları barədə məsələ qaldırmalıyıq”, - deyə prezident bildirib. İyul ayında isə prezident təkrarən bildirmişdi ki, "Krım tatarlarına Ukrayna dövləti tərkibində öz müqəddəratını təyin etmə hüququ verməliyik. Biz bunu çoxdan etməli idik. Ukrayna hökuməti ən azı, 20 il qabaq bunu həyata keçirməli idi. İndi isə vəziyyət tamam fərqlidir”.
Ali Radanın deputatları və politoloqlar qeyd edirlər ki, parlamentdə bu məsələ ilə bağlı birlik yoxdur. Bu səbəbdən də 300 səs toplamaq və Konstitusiyaya dəyişiklik etmək praktik cəhətdən mümkün deyil. Qanunu qəbul etmək isə bir qədər asandır. Bunun üçün 226 deputatın səsi gərəkdir. Buna isə hakim koalisiyanın (Petro Poroşenko bloku və Arseni Yatsenyukun "Xalq Cəbhəsi”, eləcə də Yuliya Timoşenkonun Batıkivşina, Oleq Lyaşko və fraksiyadan kənar deputatlar) deputat sayı bəs edir. Lakin bir nüans var: Poroşenko Konstitusiyaya dəyişiklik dedikdə, Krım tatarlarına milli-mədəni muxtariyyət verilməsinin zəruriliyini qeyd edir. Ali Radanın deputatları isə özlərinin qanun layihəsində milli-ərazi muxtariyyətindən bəhs edirlər. Düzdür, prezident və Ali Rada muxtariyyət məsələsini dövlət quruluşunun unitar sisteminə salınmasını irəli sürürlər. 20-dən artıq deputatın hazırladığı qanun layihəsində bildirilir ki, bu sənədin məqsədi 1991-ci ildə qəbul edilən və Krımın ərazi prinsipləri üzərində yaradılmasını nəzərdə tutan sənədin bərpasıdır. Qanun layihəsində Krım Məclisinin ali səlahiyyətli icra nümayəndəliyi kimi qeydiyyata alınması da nəzərdə tutulur. Bundan əlavə, Krım Qurultayına Krım-tatar xalqının milli qurultayı statusunun verilməsi nəzərdə tutulur. Qeyd edilir ki, Qurultay Məclisi formalaşdıracaq. Lakin hər iki orqan öz qərarlarında Ukraynanın mövcud qanunvericiliyinə uyğun fəaliyyət göstərməli, ona istinad etməlidirlər. Ən əsası, Ali Radada Krım-tatar xalqının nümayəndəliyinin olması ayrıca bəndlə əks olunmalıdır. Sənədə görə, Krım muxtar qurum kimi yarandıqdan sonra Ali Radada bir neçə deputatla təmsil olunacaq. Krım tatarlarının diplomatik missiyaları və beynəlxalq təşkilatlarda (Ukrayna hökumətinin tərkibində) təmsil olunması da nəzərdə tutulur. Ukrayna hökumətinin Krım tatarları qarşısında daha bir öhdəliyi beynəlxalq məhkəmələrdə proseslərdə təmsil olunması hüququdur. Onlara qarşı yol verilən zorakılıqlar, maddi və mənəvi ziyanın ödənilməsinə şərait yaradılması da nəzərdə tutulur. Söhbət tək ötən əsrin ortalarında həyata keçirilən total deportasiyadan deyil, həm də Rusiya işğalı nəticəsində dəyən zərərin ödənilməsindən gedir.
Hazırda Krımın statusu beynəlxalq səviyyədə tanınmayıb. Lakin yarımadanın Ukraynanın tərkibinə daxil edilməsi ilə bağlı danışıqlar getmir. Hətta xüsusi bir format da mövcud deyil. Rusiyanın iştirakı olmadan hər hansı bir formatdan söhbət gedə bilməz. Rusiya tərəfi isə qəti şəkildə bildirib ki, Krım məsələsi həll olunub. Və müzakirə oluna bilməz. Bu səbəbdən də Ukrayna hökumətinin yarımada ilə bağlı hər hansı qərarı sırf siyasi bəyannamədən başqa bir şey deyil. Bununla yanaşı, Krım tatarlarının Məclisi aktiv hərəkətlərin və qərarların qəbulunu tələb edir. Qeyd edək ki, bir il bundan əvvəl milli fəallar Krıma ərzaq və ticarət mallarının buraxılmasına qarşı çıxıblar. Onlar elektrik xətlərini sıradan çıxarmış və nəticədə yarımada bir müddət ətraf aləmdən təcrid olunmuşdu. Payızda isə Krım yarımadası ilə sərhəd Xerson vilayətində Krım tatarlarından ibarət könüllülərin batalyonu formalaşdırılmışdı. Həmin batalyon bu ilin fevralında Ukrayna Müdafiə Nazirliyinin balansına keçib. Bu yaxınlarda Krım Məclisinin üzvü Rza Şevkiyev bildirib ki, 2014-cü ildən bəri 30 min tatar Ukrayna ərazisinə köçüb: "Bu gün yerli xalqın 10 faizi öz doğma vətəni Krımı tərk edib. Krımın 300 minlik əhalisinin 30 mini buranı tərk edib. Və bu tək son 3 ildə baş verib. Əgər vəziyyət dəyişməzsə və belə davam edərsə, onda Krımı tərk edənlərin sayı artmaqda davam edəcək”, - deyə deputat bildirib.
Öz növbəsində Krım-tatar Məclisinin sədri Refat Çubarov isə bu qənaətdədir ki, Ukrayna hakimiyyəti Krımın Rusiya tərəfindən işğalı ilə barışıb. "Krım nə vaxtdır işğal olunub. Krım Muxtar Respublikası və Sevastopol şəhəri üzrə Dövlət Xidməti yaradılıb, amma bu orqanın nə rəhbəri var, nə də konkret işi”, - Çubarov bildirib. Məclis sədri bildirib ki, Kiyev hökuməti üçün Donetsk və Luqansk Krımdan daha prioritet məsələyə çevrilib. Bəziləri isə hesab edirlər ki, Rusiya Krımı qazanıbsa, əvəzində Ukraynanı itirib və bu, aşkar geostrateji məğlubiyyətdir. Belə ki, ideoloji məkanda ifrat şişirdilmiş balaca Krım və onun Ukraynadan 20 dəfə az olan iki milyonluq əhalisi əldə olunub. Rusiya Krımla beynəlxalq təcridolunma, iki dəfə ucuzlaşmış rubl, federal büdcə hesabına ödənilmiş Krım büdcəsinin illər uzunu yığılıb qalmış kəsirini əldə edib. Odur ki, bir tərəfdən virtual təntənə, digər tərəfdən isə haqqında danışılması məqbul sayılmayan son dərəcə real maddi problemlər əldə olunub.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər