KİV DF-nin Müşahidə Şurasının üzvlüyünə namizədlər müəyyənləşdirilib
Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin
növbəti iclası keçirilib. İclasda Şuranın Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun
Müşahidə Şurasının üzvlüyünə namizədlərinin müəyyənləşdirilməsi məsələsi
müzakirə edilib.
MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov
gündəlikdə duran məsələ ilə bağlı məlumat verib. O bildirib ki, Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının
hazırkı tərkibi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
tərəfindən 2013-cü ildə təsdiqlənib. Həmin tərkibin səlahiyyət müddəti başa
çatmaqdadır. Eyni zamanda Fondun Nizamnamə tələbinə görə eyni şəxs iki dəfədən
artıq Müşahidə Şurasında təmsil oluna bilməz. Buna görə də tərkibdə əsaslı
dəyişikliklər nəzərdə tutulub. Ölkə rəhbərliyi tərəfindən Azərbaycan Mətbuat
Şurasına KİVDF-nin Müşahidə Şurasına kütləvi informasiya vasitələrindən və
jurnalist təşkilatlarından namizədləri müəyyənləşdirmək tapşırılıb. Şura hər
zaman olduğu kimi, yenə də bu missiyanı yerinə yetirməlidir.
Ə.Amaşov həmçinin Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə KİVDF kimi vacib qurumun yaradılmasına həssas yanaşdığına
görə təşəkkürünü bildirib. O deyib ki, Prezidentin şəxsində ölkə rəhbərliyi hər
zaman mediaya diqqət və qayğı göstərməkdədir. «Azərbaycan Respublikasında
Kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası»nın
qəbulu və sənədə əsasən KİVDF-nin formalaşdırılması jurnalistikanın
problemlərinin həllinə konseptual yanaşmanın bariz göstəricisidir.
MŞ sədri onu da bildirib ki, rəhbərlik etdiyi qurum
tərəfindən 9-u kütləvi informasiya vasitələrindən, 9-u isə jurnalist
təşkilatlarından olmaqla ümumilikdə 18 nəfərin adı KİVDF-nin Müşahidə Şurasına
namizəd kimi irəli sürüləcəkdir. Fondun Nizamnaməsinə əsasən onun tərkibi
ümumilikdə 9 nəfərdən ibarət olur ki, bunun da 3-nü KİV-lərdən, 3-nü jurnalist
təşkilatlarından, 3-nü isə dövlət orqanlarından olan nümayəndələr təşkil edir.
Bu isə o deməkdir ki, Mətbuat Şurasının 18 nəmizədindən yalnız 6-ı Müşahidə
Şurasının üzvü olaraq təsdiqlənəcəkdir. Şura öz namizədlərini ölkə rəhbərliyinə
təqdim edəcək. Fondun Müşahidə Şurasının tərkibi Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiqlənəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru
Vüqar Səfərli rəhbərlik etdiyi qurumun ötən müddətdəki fəaliyyət istiqamətləri
barədə geniş məlumat verib. O bildirib ki, Fond yarananda onun iş
prinsiplərinin müəyyənləşdirilməsi ilə bağlı hər hansı təcrübə yox idi. Qurum
paralel olaraq həm bu vəzifəni həyata keçirdi, həm də beynəlxalq təcrübəni
öyrəndi. V.Səfərli də öz növbəsində ötən 8 il müddətində Müşahidə Şurasında
təmsil olunan hər kəsə təşəkkürünü bildirib, yeni tərkibin də məhsuldar
fəaliyyət göstərəcəyinə inandığını deyib, namizədlərə uğurlar arzulayıb.
MŞ İdarə Heyətinin üzvü, «İki sahil» qəzetinin baş
redaktoru Vüqar Rəhimzadə çıxışında 8 il ərzində KİVDF-nin Müşahidə Şurasında
təmsil olunduğunu diqqətə çatdırıb. O, ötən müddəti Azərbaycan mediasının
inkişafı baxımından vacib mərhələ kimi dəyərləndirib.
Eyni fikri bölüşən MŞ İdarə Heyətinin üzvü, «525-ci
qəzet»in baş redaktoru Rəşad Məcid vurğulayıb ki, KİVDF-nin 8 illik fəaliyyəti
nəticəsində xeyli işlər həyata keçirildi. Eyni kursun davam etdirilməsinə
ehtiyac var. Buna görə də layiqli namizəd seçimi zəruridir.
MŞ İdarə Heyətinin üzvü, «Bakı xəbər» qəzetinin baş
redaktoru Aydın Quliyev bildirib ki, Fondun Müşahidə Şurasının tərkibinin
formalaşdırılmasında Azərbaycan Mətbuat Şurasının mövqeyinin nəzərə alınması
quruma olan etimaddır və şübhəsiz irəli sürülən namizədlər bu etimadı
doğruldacaqlar.
MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun
rəhbəri Umud Rəhimoğlu da 8 ildə Fondun Müşahidə Şurasının sədri kimi fəaliyyət
göstərdiyini diqqətə çatdırıb. U.Rəhimoğlu ötən müddətin həm çoxsaylı
qayğılarla, həm də mediamız adına gözəl yaşantılarla yadda qaldığını
xatırladıb. Mətbuat Şurasının yeni namizədlərinin başlanılmış yolu ləyaqətlə
davam etdirəcəyinə əminliyini bildirən U.Rəhimoğlu İdarə Heyətinin üzvlərini
onları dəstəkləməyə çağırıb. Təklif səsə qoyularaq qəbul edilib.
Müzakirələrdən sonra adları aşağıda qeyd edilən şəxslərin
Azərbaycan Mətbuat Şurasının Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə
Şurasının üzvlüyünə namizəd kimi müəyyənləşdirilməsi qərara alınıb:
Jurnalist
təşkilatlarından:
Əsgərov Ramiz Baxşəli
oğlu, Azərbaycan Jurnalistlər Birliyinin baş katibi;
Verdizadə Seymur Vaqif
oğlu, «Jurnalist Araşdırmaları Mərkəzi» İctimai Birliyinin sədri;
Musayev Ceyhun Musa oğlu, «Jurnalist
Ekspert Mərkəzi» ictimai birliyinin sədri;
Mirzəyev Ayaz Nizami oğlu, «Azərbaycan
Jurnalistlər Şəbəkəsi» ictimai birliyinin sədri,
Rüstəmov Əvəz Cahangir oğlu, «Ruh»
Jurnalistlərin Müdafiəsi ictimai birliyinin sədri;
Məmmədli Yadigar Tarix oğlu, Demokratik
Jurnalistlər Liqasının sədri;
Mehdiyev Qafar Qələndər oğlu, Araşdırmaçı
Jurnalistlər Liqasının sədri;
Eyvazov Elşad Səməndər
oğlu, Tərəfsiz Jurnalistlər İctimai Birliyinin sədri;
Əhmədov Xanoğlan Əlüseyn
oğlu, «Media və mülki cəmiyyət» İctimai Birliyinin sədri.
Kütləvi
informasiya vasitələrindən:
Həsənov Həsən Zal oğlu,
«Xalq qəzeti»nin baş redaktoru;
Oğuz Yunus İsaxan oğlu,
«Olaylar» İnformasiya Agentliyinin baş direktoru, «Olaylar» qəzetinin baş
redaktoru;
Quliyev Bəhruz Vaqif oğlu,
«Səs» qəzetinin baş redaktoru;
Mirzəbəyli Elçin
Əbdülrəhim oğlu, «Xalq cəbhəsi» qəzetinin baş redaktoru;
Quliyev Aydın Alıqulu
oğlu, «Bakı xəbər» qəzetinin baş redaktoru;
Vəliyev Akif Abduləzim
oğlu, «Şərq» qəzetinin baş redaktoru;
Əliyev Namiq Həsən oğlu, «Palitra» qəzetinin
baş redaktoru;
Hüseynov İlqar Məmməd
oğlu, «Trend» İnformasiya Agentliyinin baş direktoru;
Seyidova Sevinc Məmməd
qızı, «Həftə içi» qəzetinin baş redaktoru.