• cümə, 29 Mart, 03:15
  • Baku Bakı 7°C

Kitabların qəm fəryadı

14.05.15 15:44 1334
Kitabların qəm fəryadı
Son zamanlar kitaba olan marağın azalmasını görməmək üçün gərək ya kor olasan, ya da özünü korluğa vurasan. Danılmaz faktdır ki,insanlar getdikcə mütaliədən uzaqlaşırlar. Rəsmi statistikaya görə, Azərbaycanda kitab oxuyanların sayı ölkə əhalisinin 11 faizini təşkil edir. Bu da təxminən hər 10 nəfərdən birinin kitabla maraqlandığı anlamına gəlir. Ölkəmizi Avropa ilə müqayisə edəndə aradakı uçurum göz qamaşdırır. Qeyd edim ki, Avropa ölkələrinin vətəndaşlarının orta hesabla 60-70 faizi kitab oxumağı özünə faydalı hesab edir.
Bəs problemin kökündə nə durur?

Düşünürəm ki, internetin həyatımıza daxil olması ilə kitaba olan marağın azalması arasında bir bağlılıq var. İnternet insanların əvvəllər əsas maraq sahəsi olan mütaliəni sözün həqiqi mənasında üstələdi və beləcə, kitabla rəqabətdə qalib gəldi. Belə olan halda insanlar kitab, jurnal, qəzet oxumaqdansa, orada yazılan məlumatları internetdən oxumağa başladılar. Bu, elə geniş vüsət aldı ki, həyatımızın ayrılmaz hissəsinə çevrildi.
Yeni Sabirlər, Mirzə Cəlillər…

Hər dövr öz görkəmli insanlarını yetişdirir. Həmişə ehtiyac duyulan anlarda mütəfəkkir insanlar digərlərini öz arxasınca aparıb. Kitabın dəyərdən düşdüyü bir dövrdə, internetin at oynatdığı bir çağda belə insanlar yetişdirə bilirikmi? Əfsuslar olsun ki,zamanın tələbi ilə gələcəyin Mirzə Cəlillərini, Sabirlərini, Hüseyn Cavidlərini sosial şəbəkələrdə yetişdiririk. Bəs necə olur ki, öz ucuz dəyərlərini bizə sırıyan avropalı özü bu sosial şəbəkələrin yaradıcısı ola-ola kitaba bizdən çox maraq göstərir? Əgər insanlarımızın internetdən hansı məqsədlər üçün istifadə etdiyinə nəzər salsaq, böyük çoxluğun internetdəki fəaliyyəti əsasən sosial şəbəkələrlə məhdudlaşır. Bu sosial şəbəkələrdən ən çox istifdə edənlər gənclərdir. Bakı şəhərində 100 nəfər gənc arasında apardığım sorğudan məlum oldu ki, gənclər asudə vaxtlarında ən çox sosial şəbəkələrdə vaxt keçirməyə üstünlük verirlər. Sorğunun nəticəsindən aydın oldu ki, kitabsevər gənclərin sayı barmaqla sayılası qədərdir.
“Dostoyevskilər”

Tələbənin ən yaxın dostu kitab olmalıdır. Bu ifadə zaman-zaman bir çox şəxslər tərəfindən işlədilib, amma indi buna əməl edən tələbələrin sayı yetərincə deyil. “İmtahanları birtəhər yola verim” prinsipini əlində bayraq edən əksər “tələbələrimiz” çöldə-bayırda özlərini elə aparırlar ki, guya “Cinayət və Cəza”nı Dostoyevski yox, məhz bunlar yazıb. Bu qəbildən olan tələbələr arada həqiqət güzgüsünə baxsalar, yaxşı olar. 3-5 nəfəri aldatmaqla əslində özünü aldadan belə tələbələr cəmiyyətin inkişafında hərtərəfli sədd rolunu oynayır.
Həsrət nə vaxt bitəcək?

Kitabxanalarımızdakı oxucu azlığı yaralı yerlərimizdən biridir. Minlərlə kitab illərdir ki, həsrətlə öz oxucularını gözləyir. Bu toz bağlamış kitabların naləsinə səs verən insanlar heç olmasa kitabları az da olsa sevindirir. Məsələnin ən maraqlı tərəfi budur ki, kitab həvəskarlarını, obrazlı desəm, kitabların qəm fəryadına cavab verən insanları bəzən gülüb ələ salırıq. Onlara gülməkdənsə, öz acınacaqlı vəziyyətimizə ağlasaq, daha yaxşı olar.
Həmidağa Məcidov
Bakı Slavyan Universitetinin jurnalistika ixtisası üzrə 2-ci kurs tələbəsi
banner

Oxşar Xəbərlər