• çərşənbə axşamı, 19 mart, 10:32
  • Baku Bakı 8°C

Kitabı çarpayıya çırpdım

15.01.18 14:50 1188
Kitabı çarpayıya çırpdım
Artkaspi.az "Eyni suallar” layihəsinə davam edir. Bu dəfə 2017-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş Kazuo İşiquranın müsahibəsində cavablandırdığı sualları yazar Alpay Azərə ünvanladıq. Hər iki müəllifin cavablarını təqdim edirik:
– Kitablarınıza bukinistlərdə rast gəlmisiniz?
Kazuo İşiqura: Bəli, belə hadisələrlə qarşılaşmışam. İstər İngiltərədə, istərsə də, başqa yerdə bukinistlərdə kitablarıma rast gələndə ürəyim ağrıyır. İnsanların mənim kitabımı öz kitab rəflərində saxlamamaq səbəbləri barədə düşüncələrə dalıram (gülür). Maraqlısı budur ki, kitablarıma rast gəlməsəm, yenə ürək ağrısı yaşayaram. Fikirləşərəm ki, niyə mənim kitabım bukinistlərdə yoxdur? Niyə adamlar onu başqaları ilə paylaşmaq istəmirlər?
Alpay Azər: Hələ yox. Əgər elektron kitablar kağız kitabların ömrünə son qoymasa, məşhur olsam, rast gələcəm yəqin.
– Kitabı bitirməyin həzzi nədədir?
Kazuo İşiqura: Bu bir az gülməli səslənir. Amma heç vaxt "Vəssalam, bu da son” hissini keçirməmişəm. Futbol oyununa baxıram, futbolçular əllərindən gələni edirlər. Fit səsi eşidilir, oyunun sonunda bilinir ki, kim udub, kim uduzub və nəticədə oyun bitir. Amma bu, müəllif üçün xarakterik xüsusiyyət deyil. Onun üçün nəticəni bidirən fit səsi yoxdur. Olsa, heç bir əsər möhtəşəmlik duyğusu yaşatmaz.
Alpay Azər: Beynin doymaq hissində. Hətta faciəli əsəri oxuyanda belə bu hissi duyuram. Mən Sankt-Peteburqda tələbə olanda Dostoyevskinin "İdiot” romanını bitirənə yaxın Roqojkinin Natalyanı öldürmək səhnəsini knyaz Mışkinə danışdığı epizodu oxuyanda dəli olmuşdum. Hirsimdən kitabı götürüb çarpayıya çırpmışdım. Sonra əsəri bitirib, qonşu otaqdakı tələbə dostlarıma görüşüb keçirdiyim hissləri onlara danışanda, indi də feysdə dostluq etdiyim İqor Alekseyev, mənə dedi ki, Alpay, bəsdi, belə ağır əsərlər oxudun. Amma yadımdadır ki, (bu, bir az mazoxist səslənəcək) o cür faciəvi sonluqlu əsər belə mənə həzz vermişdi.
"Daha məhsuldar işləməliyəm təzyiqi”valtında olmusunuz?
Kazuo İşiqura: Bu qərarı yazıçılıq karyerama başlamamışdan qabaq vermişəm. Məncə, dünyada kitab çoxluğu problemi var. "Faber və Faber” nəşriyyatında işləyən, məni ilk dəfə kəşf edən redaktorum Robert Makrumla bu barədə söhbətimiz olub. İlk romanım çap olunduqdan sonra "İkinci romanımı çap etmək üçün nə qədər zaman keçməlidir?” sualını verdim. O da mənə "Yaxşı yazıçı ən azı iki ildə bir roman yazmalıdır” cavabını verdi. Uzun müddət keçməsinə baxmayaraq, biz yaxşı dost münasibəti saxlayırıq və həmişə söhbətimizi xatırladıram, axmaq məsləhət verdiyini boynuna alır. O vaxt bu məsləhəti alanda "Mənim üçün mümkünsüzdür” fikirləşmişdim.
Alpay Azər: Yox, məndə belə bir təzyiq yoxdur. Çünki yazmaq enerjim hədsiz çoxdur. Mənə "daha məhsuldar yazmaq məsuliyyəti yox”, libido özü sözün yaxşı mənasında təzyiq edir.
– Siz birinci hekayəni yoxsa onun dünyasını yaradırsız?
Kazuo İşiqura: Hadisənin gedişatına uyğun dünya modeli qururam. Düzünü desəm, bu mənə böyük çətinliklər yaşadır. Bəzən bir hekayə uydururam, lakin onun hansı zaman kəsimində, hansı məkanda baş verəcəyini uzun müddət fikirləşirəm. Özümü filmlərdə şəhər kənarında gəzən skautlara bənzədirəm. Əhvalatın hansı zamanda baş verməsi, coğrafi məkanı mənim hekayətlərimin əsas atributlarıdır. Bu kiçik dünyanı yaratmaq, həqiqətən də, çox maraqlıdır. Hekayə uydurmaçılığımda musiqi də çox önəmli faktor daşıyır.
Alpay Azər: Detalı. Detal toxumdur. İçimə düşən və sürətlə inkişaf edən toxum. Əksər hallarda hekayəni "dünya” kimi beynimdə qururam. Yazmaq isə sonrakı prosesdir.
- Sizcə, söz olmadan nələrlə ünsiyyət qurmaq olar?
Kazuo İşiqura: Bu yaxınlarda səyahətdəydim. Yadıma pianoçu Kit Caretin bir musiqi parçası düşdü. Bu instrumental musiqi yaşlı adamın gəncliyini xatırlaması ilə bağlı qarışıq hisslər yaşatdı. Özündə belə hiss ehtiva edən hekayə yazmaq fikrinə gəldim. Bu, yəqin ki, növbəti romanımın başlanğıcı ola bilər. Bu cür təəssüflə qürür hissinin qarışığından ibarət atmosfer yaratmaq istəyirəm.
Alpay Azər: Baxışlarla. Bəzən baxış bir cümləni izah edir. Bir də musiqi. Düşünürəm ki, musiqi iki insan arasındakı ünsiyyəti əvəz edə bilər.
Zəruri qeyd: Kazuo İşiqura müsahibəsi simsim.az saytından götürülüb, tərcümə Günel Eminlinindir.
Hazırladı: Aytac Quliyeva
banner

Oxşar Xəbərlər