• cümə, 29 Mart, 13:50
  • Baku Bakı 14°C

Kitaba aid hər şey bir mərkəzdə- Reportaj

03.06.17 11:30 7203
Kitaba aid hər şey bir mərkəzdə- Reportaj
Ötən ay Bakı şəhərində sahəsinə görə Azərbaycanda ən böyük kitab mağazasının – Kitab Təbliğatı Mərkəzinin açılışı gerçəkləşdi. Mağazanın açılışında deputatlar, rəsmi şəxslər, ədəbiyyat, eləcə də incəsənət aləminin nüfuzlu, tanınmış nümayəndələri də iştirak edirdi. Açılışdan bir neçə həftə sonra biz də mərkəzə baş çəkib, gənclərin yol saldığı bu kitab evinə qonaq olduq.
Bizi mehribanlıqla qarşılayan Kitab Təbliğatı Mərkəzinin direktoru Misirxan Həsənovla bina ilə tanışlığa başladıq. Kitab Təbliğat Mərkəzinin tarixindən danışan M.Həsənov bildirdi ki, atası Sabir Həsənov sovetlər dövründə çoxsaylı kitab mağazaları olan Azərkitab Kitab Palatasının nəzdində bir mağazada satıcı və daha sonra isə müdir kimi fəaliyyət göstərib. Bu tədris məkanını açmaq da məhz buradan qaynaqlanıb. Tarixin amansız tələbləri nəticəsində Azərkitab bağlandıqdan sonra Sabir müəllimin daxilində bir boşluq yaranıb. Misirxan bəy də atasının bu arzusunu həyata keçirmək istəyib.
Mərkəzin direktoru ilə binanın açılışından və bu bir ay ərzində buraya müraciət edən kitabsevərlərdən danışdıq: "Mayın 9-da Kitab Təbliğatı Mərkəzinin açılışı oldu. Bu mərkəzi açanda, bizə şübhə ilə yanaşırdılar ki, indi kitab oxuyan azdır, mərkəzə gələn olmayacaq və sair. Amma elə deyil. Mərkəzimizə kifayət qədər müraciətlər olur, müştərilərimiz haqqımızda xoş sözlər deyirlər. Onlar nə yaxşı ki, belə bir məkanın açıldığını və buna qədər Azərbaycanda belə bir yerin olmadığını deyirlər. Artıq gənclərin və digər kitabsevər təbəqənin kitab oxumaq üçün daimi bir məkanı var. Bilirsiniz ki, paytaxtımızda kitab mağazaları azdır. Ancaq bir mərkəz yaratmaqla nəinki kitab mağazası, kitab oxumaq üçün məkan, uşaqları maariflədnirmək üçün ekskursiyalar, yazarlarla görüşlər keçirmək üçün əlverişli şərait yaradırıq. Kitab deyəndə ağla nə gəlirsə, hamısını bir mərkəzdə toplamışıq. Bunu da vətəndaşlarımızın rahat şəkildə kitabdan yararlanması və istifadəsi üçün etmişik. Biz elə bir mərkəz yaratmışıq ki, burada bütün sahələrə aid kitablar yer alıb. Kim hər hansı kitabı və ya kitab oxumaq üçün əlverişli şərait axtarırsa, onu məhz bizim mərkəzimizdə tapa bilir”.
M.Həsənov deyir ki, dünyada elektronika, sosial şəbəkələr üstünlük təşkil etsə də, kitabların yerini heç nə vermir: "100 il də keçsə, kitab kitabdır. İnsanların kitaba kifayət qədər marağı var. Xalqımız köhnə adət-ənənəni davam etdirir, kitabı sevir və oxuyur. Bundan da güclü bir dövlət istəyiriksə, elmə söykənməliyik, bunun üçün isə kitab oxumalıyıq. Dövlət bundan ötrü insanlara hər bir şəraiti yaradıb. Bu gün belə bir mərkəzi açmışıq, əvvəl niyə aça bilmirdik. İmkan yox idi. Amma indi başqa vəziyyətdir. Həm də kitab oxumaq üçün yerlər də yox idi”.
Azərbaycanda fəaliyyət göstərən əksər nəşriyyatlarla çalışan Kitab Təbliğatı Mərkəzində Türkiyədən, Rusiyadan və digər xarici ölkələrdən gətirilən kitablar da mövcuddur. Yazarlar da öz kitablarını bu mərkəzə təqdim edirlər. Qonaq olduğumuz mərkəz, eyni zamanda, müqavilə ilə kitabları alır və satışını həyata keçirir.
İlk sifarişlərinin Türkiyədən gətirildiyini deyən Misirxan bəy yeni sifarişlər qəbul etdiklərini bildirdi: "İstəyirik ki, Kitab Təbliğatı Mərkəzinə daxil olan insan "yoxdur” sözü eşitməsin”.
Müsahibimiz təbliğat mərkəzini açarkən məqsədlərinin "kitaba dönmək” olduğunu vurğuladı: "İşə başlayarkən oturub əsaslı şəkildə düşündük. Belə qərara gəldik ki, biz təlimlərə məhz uşaqlardan başlamalıyıq. İnvestisiyanı gənclərə qoymaq lazımdır. Əgər gələcəyimizi gözəl görmək istəyiksə, işə uşaqlarımızdan başlamalıyıq. Çünki gələcəyimiz məhz onların əlindədir. Biz də bunun üçün mərkəzi açar-açmaz, Bakı Təhsil İdarəsi və Təhsil Nazirliyi ilə müqavilə bağladıq. Məktəblilər bizim mərkəzə gəlir və biz onlarla kitab oxumaq barəsində terninqlər keçirik”.
Diqqətinizə çatdıraq ki, 4 mərtəbəli mərkəz 1200 kvadratmetr sahəni əhatə edir. Qapıdan içəri daxil olar-olmaz. "Hədiyyələr” otağı ilə qarşılaşırıq. Bu bölüm maraqlı hədiyyəlik kitablarla bəzədilib. Misirxan bəyin sözlərinə görə, onlar hədiyyə almaq prinsipini dəyişmək istəyirlər. Ən gözəl hədiyyənin məhz kitab olduğunu düşünürlər.
Buradakı kitablar öz görünüşünə görə digər kitablardan seçilir. Onlar çox bəzədilmiş və məlumat xarakteri daşıyır. Eyni zamanda, mərkəzdə Book–cafe bölməsi fəaliyyət göstərir ki, buraya müraciət edən hər bir oxucu bu kafeteriyadan istifadə edə bilər. Mağazanın 1-ci mərtəbəsində Ziyalılar Evi də fəaliyyət göstərir.
Hədiyəlik kitablardan sonra "Dünya ədəbiyyatı”, "Tarixi ədəbiyyat”, "Tərcümə ədəbiyyatı” və "Qan yaddaşımız” sərlövhələrinə göz gəzdirdim. Mərkəzin ikinci mərtəbəsində "Uşaq aləmi” mövcuddur. Bura uşaqlar üçün əsil nağıllar aləmini xatırladır. Müxtəlif fiqurlar üzərində asılan kitablarda Azərbaycan, rus, ingilis, türk dillərində nağıllara rast gəlmək mümkündür. Dünya klassiklərinin uşaqlar üçün tərcümə olunmuş kitabları da burada yer alır. İkinci mərtəbədə, həmçinin "Uşaq aləmi” zalı da var. Mərkəzin bu guşəsində uşaqlar sanki nağıllar aləminə səyahət edirlər. Burada nağıllardan tanıdığımız personajlara rast
gəlmək mümkündür. Bununla yanaşı, burada canlı ünsiyyətə də yer verilir. Bu güşənin yaradılmasında məqsəd uşaqlarda hələ uşaq vaxtından ədəbiyyata, milli dəyərlərimizə, qəhrəmanlarımıza sevgi və maraq oyatmaqdır.
Mərkəzin rəhbəri nəinki uşaqların kitab oxuduğunu, hətta burada kiçik ekskursiyalar keçirildiyini də deyir. Belə ki, buraya müraciət edən uşaqlarla birlikdə nəşriyyatlara ekskursiyalar edilir. Uşaqlara kitabın necə ərsəyə gəlməsi mərhələlərlə göstərilir.
Rəhbərliklə söhbət zamanı aydın olur ki, gənclərimiz daha çox bədii ədəbiyyata üstünlük versələr də, rus, ingilis, türk dillərində də kitab oxuyurlar.
Binanın ikinci mərtəbəsinin girişində "Hüquq ədəbiyyatı” bölümü də fəaliyyət göstərir. Bu bölməyə də böyük maraq olduğu bildirilir.
Mərkəzin 2-ci və 3-cü mərtəbəsi kitab satışı üçün nəzərdə tutulub. 4–cü mərtəbəsində isə qalereya və konfrans zalı yerləşir ki, burada oxucuların yazarlarla, şairlərlə görüşləri keçirilir. Böyük konfrans otağında isə əsasən imza günləri təşkil edilir.
Bina ilə tanış olduqdan sonra digər bölmələrdəki kitabları nəzərdən keçiririk. M.Həsənov deyir ki, bir şirkət burada satılan kitabların məsuliyyətini daşıyır. Bu mərkəzdə satılan bütün kitablar orijinallığı ilə seçilir. Çünki saxta kitabların onların imicinə zərər gətirdiyini əsas tuturlar.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər