• cümə, 29 Mart, 16:01
  • Baku Bakı 14°C

Kitab yazmaq xəstəlik kimidir

10.03.15 05:57 2082
Kitab yazmaq xəstəlik kimidir
Ədəbiyyatın klassiklərindən sayılan filosof-yazar Erik Artur Bleyr, ədəbiyyatsevərlərin tanıdığı adı ilə təqdim edəsi olsaq, Corc Oruel... o, bir çox unudulmaz əsərin müəllifi olsa da, daha çox “Heyvanıstan” və “1984” kimi iki nəhəng əsərlə xatırlanır. Ancaq o, eyni zamanda, Avropa ədəbiyyatı tarixində həm də sınaq yazıları üzrə usta hesab olunur. Bu dəfə sizə müəllifin 1946-cı ildə qələmə aldığı, bu yaxınlarda “HuffingtonPost”da dərc olunmuş yazısını təqdim edirik. “Niyə yazıram” sərlövhəli məqaləsinə müəllif çox da rahat, qayğısız, xoşbəxt keçməyən uşaqlıq illərini xatırlamaqla başlayır. Atasızlıq, məktəbdə tənqid və gülüş hədəfinə çevrilməsi, zorba insanların təzyiqləri, fiziki şiddət, gündən-günə güclənən yalnızlıq hissi və bütün bunların onu bir yazıçı kimi necə formalaşdırdığı, onun ədəbi karyerasında necə rol oynadığını təsvir etməyə çalışan yazıçının bu işi onun ən uğurlu “sınaq yazısı” hesab olunur. Məqalədə kiçik yaşdakı mənəvi zədələrin gələcək həyatımızda necə rol oynadığına aydınlıq gətirilir.
Saf eqoizm. Ağıllı görünmək, hər yerdə sənin haqqında danışılması, öləndən sonra xatırlanmaq, uşaqlıqda sizi xor görənlərdən üstün mövqeyə sahib olmaq, onlara meydan oxuya biləcəyiniz yerdə durmaq arzusu və s. Bunları güclü duyğular hesab etmirsinizsə, yanılırsınız. Yazarlar duyğularını elm adamları, sənətçilər, siyasətçilər, vəkillər, hərbçilər, uğurlu insanlar, bir sözlə, yuxarı sinfə aid olanlarla paylaşır. Əslində insanların çoxu eqoist deyil. Hətta böyük əksəriyyəti 30 yaşdan sonra özündən çox başqaları, ona ehtiyacı olanlar üçün yaşayır. Ancaq xüsusi bir qrup var, yəni azlıq da demək olar onlara, bu qrup istedadlı, əzmli insanlardan ibarətdir. Bu insanlar sonuna qədər öz həyatlarını yaşamaqda qərarlıdırlar. Bax bu insanlarda saf eqoizm var. Hətta ciddi yazıçılar jurnalistlərdən də eqoist və mənmərkəzçidirlər, pulla o qədər də maraqlanmazlar.
Estetik coşğu. Xarici dünyadakı gözəlliyin dərki və ya onu sözlərdə, sözlərin mükəmməl sıralanmasında əks etdirə bilmək. Bir səsin digərinə toxunuşundakı, mütəmadi yazdığını hiss etdirən müəllifin əlindən çıxan formadakı və ya mükəmməl bir hekayənin ritmindəki həzz. Vacib olduğuna, insanların oxumalı olduğuna inandığın təcrübəni paylaşmaq arzusu. Estetik coşğu yazarların digər yaradıcı insanlardan daha həssaslıqla yanaşdığı məsələdir. Yazmağa sövq edən vacib nüans. Çünki uzunömürlü heç bir əsər bu coşğudan məhrum deyil.
Tarixi itkilər. Əşyaları, hadisələri olduğu kimi görmək, onlar haqqında həqiqətin nə olduğunu araşdırmaq, növbəti nəsil üçün müəllifi özünün olduğu nəsə yenilik, kəşf ötürmək. Tarixin itirdiklərini tapıb, gələcəyə ötürən olmaq hissi inanılmazdır.
Siyasi məqsəd. Burada “siyasi” sözünü təsəvvür edə biləcəyiniz ən geniş mənada işlədirəm. Dünyanı müəyyən bir istiqamətə çəkmək üçün hiss olunan güclü istək. Yenə heç bir kitab siyasi baxımdan tamamilə tərəfsiz deyil. “Sənətin siyasətlə işi olmamalıdır” fikrinin özündə belə siyasi bir düşüncə yatır.
Yazmaq üçün əslində bir-birinə tamamilə əks duyğular insanın içində daimi savaş vəziyyətində olmalıdır. Amma əlbəttə ki, bu ziddiyyətdən nə kimi nəticənin doğacağı insandan-insana dəyişir. Məni yazmağa vadar edən duyğular arasında ən güclüsü, deyəsən, vətənpərvərlik idi, daha doğrusu, yurdsevərlik, ən azından, belə görünür. Amma mən belə xatırlanmaq istəmirəm. Çünki bütün yazarlar eqoistdir, onların yazmaq həvəslərinin arxasında maraqlı, sirlərlə dolu, başqa dünyadan gəlmiş kimi fərqlənən adam olmaq arzusu durur. Amma bu işin sonrası var. Məsələn, kitab yazmaq. Bir kitab yazmaq qorxunc, əziyyətli işdir, uzun müddət davam edən xəstəlik kimidir. Buna baxmayaraq, yazmağı gözə alır, yazar olmağı seçir bəziləri. Hamının kitab yazmaq üçün səbəbləri fərqli ola bilər, amma ortaq bir cəhət var ki, heç kim özünü gizləmədən, oxucunu hekayəyə bağlayacaq əsər yaza bilmir. Yaxşı yazı təmiz pəncərə kimidir, içərisində nə olduğunu az-çox görmək mümkündür. Məni yazmağa vadar edən duyğulardan hansının daha qüvvətli olduğunu deyə bilmərəm, amma hansı hekayələrin arxasında sürünmək lazım olduğunu yaxşı bilirəm və bu məni yazmağa həvəsləndirir.
banner

Oxşar Xəbərlər