AZE | RUS | ENG |

Kitab yandırmaq qisasçılığı

Kitab yandırmaq qisasçılığı
“Bu, faşistlərin xislətindən irəli gələn bir əməl olub”

Azərbaycan Yazıçılar Birliyinin rəhbəri, Xalq yazıçısı Anarın 11 apreldə ölkədə keçiriləcək növbədənkənar prezident seçkilərində YAP-ın namizədi, hazırkı prezident İlham Əliyevi dəstəkləyəcəyini bəyan etməsi bir qrup müxalifətçinin iç üzünü ortaya qoydu. Belə ki, radikallar AYB sədri, yazıçı Anarın və AYB katibi Çingiz Abdullayevin kitablarını yandırmaq təşəbbüsü ilə çıxış etdilər. Onların çağırışı ictimaiyyət arasında narazılığa səbəb oldu.  Ayrı vaxt demokratiya deyib dad edən bu qəbil insanların Anarın və Çingiz Abdullayevin seçim hüququna qarışması, üstəlik onlara qarşı təhqir və təzyiqlərə çağırış, həm də böyük ədəbiyyata, ümumilikdə Azərbaycan mədəniyyətinə və tarixinə hörmətsizlik kimi qarşılandı.
"Müzakirə”mizdə iştirak edənlər bu qəbil çağırışları pisləməklə yanaşı, radikalları düzgün yola dəvət etdilər.
 
Yanlış yanaşma
Yazıçı Əlabbas Bağırov yazıçıların əsərlərinin, xüsusən də Anar, Çingiz Abdullayev kimi yazıçı və ziyalıların  əsərlərini yandırmağa çağırışı vandalizm adlandırır: "Bu çağırışı edənlər papaqlarını qarşılarına qoyub nə etdiklərini düşünsünlər. Bizim üzdə olan 5-10 ziyalımız var. Onların əsərlərini yandırandan sonra ədəbiyyatımızda nə qalacaq? Onlar heç olmasa bu barədə düşünməlidirlər. Bu çağırışı edənlərin, 19-20-ci əsrin əvvəllərində olan qaragüruh adamlardan bir fərqi varmı? Əgər onlar mübarizə aparırlarsa, mübarizənin sivil formaları var. Digər tərəfdən, Anar kimi bir yazıçı simvoldur. O, bütövlükdə Azərbaycan mədəniyyətidir. Onun əsərlərini yandırmağa çağırış mədəniyyətimizi məhv etməyə çağırışdır. Ümumiyyətlə, hansısa yazıçının əsərini yandırmağa çağırış düzgün yanaşma deyil. Çünki   ədəbiyyata, yazılan əsərlərə toxunmaq olmaz. 
 
Qorxulu çağırış
Ədəbiyyatşünas alim Rüstəm Kamal əsər yandırmağı 21-ci əsrin əxlaqına zidd hesab edir: "Keçmiş dövrlərdə bu cür yanaşmalar olub. Bu, Almaniyada faşistlərin, nasistlərin xislətindən irəli gələn bir əməl olub. Əgər bu çağırışı edənlər özlərini həmin nasistlərin yerinə qoyurlarsa, bu hərəkəti etsinlər.  Ancaq Anar kimi yazıçıya qarşı belə hərəkətlər yolverilməzdir. Bu, çox qorxulu çağırışdır. Anar kimi bir ziyalını yetirmək üçün bizim xalqa bundan sonra 100 il vaxt lazımdır. Ümumiyyətlə, kitabların yandırılmasına çağırış cəmiyyətin həyatında qorxulu bir hadisədir. Nəyəsə qarşı mövqeyini sərgiləməyin sivil yolları var. Kitabların yandırılması ilə bağlı çağırış bizim mədəniyyət tariximizə, əxlaqımıza yaraşmayan çağırışdır. 
 
İnsanları yandırmağa çağırış
Şair-tərcüməsi Vaqif Bəhmənli də yazıçıların kitablarını yandırmaq çağırışını tamamilə yolverilməz hesab edir: " Mən bir əsərimdə «Əgər bir gün desələr ki, dünyanın sonudur, sən oradan nə götürərdin? Hər şeyi bir kənara qoyub kitabxanaları götürərdim ki, onları mühafizə edim» yazmışam. Anarın, Çingiz Abdullayevin yaradıcılığı bizim ədəbiyyatımızda bir mərhələdir. Onların kitablarını yandırmaq istəyi, əslində «Yel qayadan nə aparar» fikrini xatırladır. Mən bu çağırışı əsassız və mənasız sayıram. Çünki o əsərlərdə insan surətləri, Azərbaycan xalqının taleyi və tarixi var. Bu kitabları yandırmaq elə insanları yandırmaq kimi bir çağırışdır.  
 
Ya bekarçılıqdandı, ya da cəhalətdən  
Yazıçı-tərçüməçi Kamran Nəzirli də kitab yandırmaqla bağlı çağırışları qüsurlu sayır: "Mən bu çağırışları oxumamışam, görməmişəm. Kimlərdir? Hansı "dinamik”, ya da "relikt” dəstəyə aiddirlər? Bütün hallarda belə çağırışları qüsurlu sayıram. Hətta mən Əkrəm Əylislinin kitablarını yandıran dəstənin hərəkətlərini də başıpozuqluq adlandırmışdım. Anarın, yaxud Çingiz Abdullayevin kitablarını yandırmağa səsləmək o deməkdir ki, cəmiyyətdə bir qrup insanın psixoloji problemi var. Əlbəttə, onlar kütlə deyil, sadəcə, onların çılğın və ehtiraslı hərəkətləri özünüqoruma, ya da özünütanıtma (əgər bu varsa!) instinktinə də qalib gəlir. Lev Qumilyov buna passionarlıq deyirdi. Bu bir daxili impulsdur ki, hamıda müəyyən dərəcədə olur (şöhrətpərəstlik, hərislik, təkəbbür, qürur, paxıllıq, qısqanclıq, özgə uğuruna, nüfuzuna, yaxud mövqeyinə sevinməmək və s...), amma o tipli adamlarda daha dinamik, daha çılğın formada özünü göstərir. Bu halda insan yalnız özünü məhv edir, özünü yandırır, özünü gözdən salır. Onun nə istədiyi, nəyə can atdığı da axıradək məlum olmur, param-param parçalanıb məhv olur. Əgər buna etiraz forması deyirlərsə, bunu da düzgün forma hesab etmirəm. Yazıçının əsərini, kitabını yandırmaq, Cordano Brunonu elmi baxışlarına görə tonqalda yandırmaq kimi bir şeydir. Biz hansı dövrdə yaşayırıq? Biz hansı formalaşmış, inkişaf etmiş, sonra da məhv olmuş etnosun varisləriyik? Şumerlərinmi? Hunların, ya da göy türklərinmi? Ya bəlkə etruskların, bizanslıların, hə? Heç onlar bu qələti etməyiblər! Heç kim döşünə döyüb "mən göydən düşmüşəm” deyə bilməz. Hər kəsin, hər millətin kökü var, əsli var, babası, ulu babası, əcdadı var. Sən istəsən də əcdadlarınla bağlı olduğun telləri kəsib ata bilməzsən, çünki ölərsən, məhv olarsan. Bu bir ənənədir, yenilik də istəsən, ya da yaratsan, yenə onun üstündə yaradacaqsan. Sən suyu kağız kimi doğraya bilməzsən, heç vaxt! Ənənə, özül, təməl, klassik irs, ya da lap loru dillə desək, özündən əvvəlki nəsillərin yaratdıqları (yaxşı-pis nə varsa, hamısı) birgəyaşayış üçün müəyyən olunmuş münasibətlərin yeganə məqbul ölçüləri, normativləridir; sən bu normativləri təkmilləşdirə bilərsən, ölçüləri genişləndirə bilərsən, korrektələr, yaxud yeni naxışlar, bəzəklər vura bilərsən, amma onları kəsib ata bilməzsən, onları yandıra bilməzsən. Çünki onlar təkcə sənin üçün deyil, onlar millətindir, ona görə ənənədir ki, birgəyaşayış, birgəanlayış vasitəsidir. Bu əziyyətsiz ənənədir, ziyansız təməldir - sənin atan da, anan da, baban da, nənən də o təməl üstündə gəlib, yaşayıb, yaradıb, öz bucağını, daxmasını, yarpağını, imzasını, xəttini...... qoyub gedib. Və beləcə də davam edəcək hər şey. Sən də oturduğun budağı kəsmə, yıxılarsan. Ayağının altındakı torpağı qazma - özün düşərsən ora, çıxa bilməzsən. Göylə də getmə, Allahın xoşuna gəlməzsən, yer də səni qəbul eləməz. 
Mənim nəslimdən olan yazıçı və şairlərin bir neçəsi (hər halda, tanıdığım və hörmət etdiyim imzalardır) dəfələrlə mənə deyib ki, Yazıçılar Birliyində islahatlar aparmaq lazımdır. Soruşmuşam: hansı islahatlar?  Susurlar, hıqqana-hıqqana da olsa, deyə bilmirlər. Belədə əsəbiləşirəm. Məgər Anarı dəyişmək islahatdırmı? Bilirsiniz, fundamental təklifləri yoxdur, proqramları yoxdur, konkret layihə, konkret həll yolu yoxdur. Ora iddialı olan şəxs qoysun ortalığa platformasını, ya da proqramını, baxaq görək, nələri, hansı islahatları, yenilikləri, struktur dəyişikliklərini etmək istəyir və nə kimi gözləntiləri var və s. Hanı o islahatçı adam? Yoxdur! Bəs nədəndir bu hay-küy, bu qədər mənasız səs-küyün yaranması? Ya bekarçılıqdandı, ya da cəhalətdən. 
 
Müəllif qatı cinayət etmiş olsa belə...
Yazar Qılman İman kitabların yandırılması çağırışına "yox”deyir: "Demokratiya dövründə yaşadığımız üçün hər kəsin öz müstəqil fikri var. Ancaq kitab yandırmaq təkcə xoşagəlməz deyil, həm də yolverilməz haldır. Hətta Əkrəm Əylisli «Daş yuxular»ı yazanda onun kitablarını yandırmaqla bağlı çağırışlara mən «yox» demişdim. Yəni Anarın, Çingizin və ya başqa yazıçıların sərbəst seçim azadlığı var. Onların bu hüquqlarına qarışmaq olmaz. Həm Anar, həm də Çingiz Abdullayev bizim ədəbiyyatımıza töhfə vermiş yazıçılardır.  Bəs onların indiyə qədərki fəaliyyətinə hansı qiyməti veririk? Əgər demokratiya davası ediriksə, bu demokratiyadır – hər kəsin sərbəst seçim azadlığı var. Yəni onlar lap nədəsə səhv etsələr belə, onların kitablarının yandırılmasına çağırış yolverilməzdir. Bu, heç bir etik çərçivəyə sığası hal deyil. Vaxtilə dissident yazıçıların əsərlərini yandırıblar, ancaq onların adı tarixdə qalıb. Ümumiyyətlə, müəllif qatı bir cinayət etmiş olsa belə, kitabını yandırmaq olmaz.  
 
Hər kəsin öz seçimi
Professor Şahlar Əsgərov insanları yazılan əsərlərə hörmət etməyə çağırır: "Anar, Çingiz Abdullayev və digər ziyalılarımız ömürlərinin müdrik çağını yaşayırlar. Onlar hər bir Azərbaycan vətəndaşı kimi müstəqil qərarlar qəbul etmək hüququna sahibdirlər. Onların qərarını bu cür süngü və tüfənglə qarşılamaq düzgün deyil. Mən bu yanaşmanı tamamilə yanlış hesab edirəm. Düzdür, tarixdə kitab yandırma halları var, ancaq o hadisələr heç də tarixin şərəfli səhifələrinə düşməyib. Ziyalı xalqla hakimiyyət arasında bir körpüdür. O daşıdığı funksiyanı bilir və qərarlar qəbul edir».  
 
Faşist təfəkkürü
Gənc yazar Cavid Zeynallı "Kitab yandırmaq istəyən adamlar haqqında yalnız kədərlə, təəssüflə, ağrı və iztirabla düşünmək olar” deyir: "Kitabı yandırmazlar, kitaba ibadət edərlər, kitabı sevərlər, müqəddəs bilərlər, kitabla tək qalarlar. Adam özünü, evini yandırarmı, yandırmaz. Kitab adamın evidir, onun qanadı altına sığınıb yaşamaq olar ancaq. Səbəbindən asılı olmayaraq, kitab yandırmaq istəyən adam ibtidai düşüncənin, mağara qanunlarının gen daşıyıcısıdır. Yəni onun təkamülü, inkişafı hələ başa çatmayıb. Və görünür hələ uzun illər lazımdır ki, bu inkişaf yerini alsın. Qaragüruh həmişə qorxulu, təhlükəli olub. Tarixə, ədəbiyyata ən böyük zərbəni də məhz qaragüruhçular vurub. Kitab yandırmaq adəti faşistlərə məxsusdur. Kim bu faşist düşüncəsini qəbul edirsə, yolu açıqdır.
 
Təranə Məhərrəmova

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6545
GBP 1 İngilis funt sterlinqi 2.1703
TRY 1 Türk lirəsi 0.2459
KWD 1 Küveyt dinarı 5.6031
SEK 1 İsveç kronu 0.1864
EUR 1 Avro 1.9383
CHF 1 İsveçrə frankı 1.7097
USD 1 ABŞ dolları 1.7000