• cümə axşamı, 28 mart, 16:44
  • Baku Bakı 16°C

Kitab təqdimatı, yoxsa dost-tanış məclisi?

18.07.16 10:49 2080
Kitab təqdimatı, yoxsa dost-tanış məclisi?

Kitab təqdimatlarının keçirilməsi tez-tez müzakirə mövzusuna çevrilir. Standart, qohum-əqrəbanın, dost-tanışın və yalnız həmkarların əhatəsində təşkil olunan bu tip təqdimatlar indi daha çox "İmza günü” adı ilə tanınır. Bəzən təqdimatların yeni forması haqqında düşünənlər də qəlibdən çıxa bilmirlər. Oxucular isə çox vaxt bu tip təqdimatlardan xəbərsiz olurlar.

Kitab təqdimatlarını artıq "ənənəyə” çevrilən formadan uzaqlaşdırmaq üçün nə etmək lazımdır?

"Müzakirə”də sualımıza cavab axtararkən maraqlı nüanslarla qarşılaşdıq.

Təkcə forma deyil, məzmun da dəyişməlidir

Kitab təqdimatına doğmaların, yaxınların qatılmasına təbii yanaşan şair Elçin Mirzəbəyli bu cür təqdimatları müəllif üçün özəl gün hesab edir: "Özəl günlərdə isə insanın ətrafında ilk növbədə doğmaları və yaxınları olur. Amma məsələnin başqa tərəfləri də var. Təəssüf ki, Azərbaycanda bədii yaradıcılıqla məşğul olanların sayı gerçək ədəbiyyat adamlarının sayını dəfələrlə üstələyir. Bəziləri kitab nəşrinə "mənim də kitabım çıxdı” kontekstindən yanaşır, kitabı ədəbi cameəyə daxil olmaq üçün təqdimat vəsiqəsi kimi qəbul edirlər. Belələri üçün nə yazdıqları önəmli deyil. Kitab önlar üçün tərcümeyi-hallarında yer alacaq istinad mənbələrindən biridir. Təxminən Azərbaycan Yazıçılar Birliyinin üzvlüyü, yaxud üzvlük vəsiqəsi kimi...” E.Mirzəbəyli hesab edir ki, kitab təqdimatlarına əsasən qohum-qardaş və həmkarların yığışmasının başqa bir səbəbi Azərbaycanda kitabın populyar olmaması, kitab yazmağın və yaxud oxumağın yüksək mədəniyyət göstəricisi kimi qəbul edilməməsi ilə bağlıdır: "Təəssüf ki, biz zahiri görünüşə, ad-sana, vəzifəyə, var-dövlətə daha çox dəyər verən millətik. Bu baxımdan da bir çox hallarda kitab təqdimatlarına məhz bu müstəvidən yanaşırıq. Yəni doğmalarımızın, yaxınlarımızın, dost-tanışlarımızın kitab təqdimatlarına onları incitməmək üçün qatılırıq. Tanınmış adamların, imkan sahiblərinin təqdimatlarında isə özümüzü gözə soxmaq, "mən də gəlmişəm” demək, yaxud onlarla şəkil çəkdirib paylaşmaq üçün iştirak edirik. Amma istisnalar da az deyil. İştirak etdiyim kitab təqdimatlarında ölkənin müxtəlif bölgələrindən gələn insanların iştirak etdiyinin şahidi də olmuşam”. Yazarın fikrincə, kitab təqdimatlarına oxucuların gəlməsi üçün ilk növbədə kitaba, yaradıcılığa, ktab marketinqinə olan münasibət dəyişməlidir. Belə ki, kitab mədəni həyatın əsas komponentlərindən birinə çevrilməlidir: "Yüksək mədəniyyət göstəricisi brend geyimlər, bahalı avtomobillər deyil, intellekt, dərin zəka, daxili mədəniyyət olmalıdır. Bu isə təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün problem olaraq qalır. Amma bizdə daha qabarıq görünür və bunun da səbəbi da maddiyyata olan ifrat bağlılığımızdır. İmza günlərinin nəşrin bayramına çevrilməsi üçün kitab marketinqi anlayışı bütün dünyada olduğu kimi Azərbaycanda da eynilə tətbiq olunmalıdır. Nəşriyyatlar müəlliflərin vəsaiti hesabına kitab buraxmaqla kifayətlənməməli, kitabın çapından satışına qədər olan bütün prosesi ardıcıl şəkildə həyata keçirməlidirlər. Kitabın, müəllifin təbliğinə pul xərcləməlidirlər. Yaradıcılığa münasibətdə yaradıcı olmalıdırlar”. Təqdimatların təkcə formasının deyil, məzmununun da dəyişməsini önəmli hesab edən yazar hesab edir ki, ədəbi tənqid kitabın təbliği prosesinin aparıcı komponentlərindən birinə çevrilməlidir. İndiki halda isə bunların heç biri yoxdur: "Azərbaycanda naşirlik "pulunu ver, kitabını burax” missiyasından, bəsit istehsalçılıqdan o yana keçə bilmir, qazancın ən asan və 100 faiz sığortalanmış yolunu seçir. İndiki halda bizim naşirlər üçün qaimə, mühasibat sənədləri nəşr etməklə kitab nəşr etməyin arasında heç bir fərq yoxdur. Bu münasibət, xüsusilə də cəmiyyətin kitaba olan yanaşması dəyişməyincə imza günləri də indiki şəklini dəyişməyəcək”.

"Əsas məsələ kütlə toplamaq deyil ki!

"Kitab təqdimatlarının neçə keçməsi öncə yazarın kim olmasından, onun nə dərəcədə tanınmasından, eləcə də sevilməsindən asılıdır, sonra isə harada keçirilməsindən, kim tərəfindən təşkil olunmasından və buna nə qədər zaman ayrılmasından...” - deyən Moskvada yaşayan şairə, publisist Afaq Şıxlı hesab edir ki, əgər həmin tədbirin hazırlanması ilə bir-iki gün ərzində yalnız müəllifin özü məşğul olursa, o zaman təbii ki, yalnız onun tanışları və dostları iştirak edəcək. Son zamanlar kitab təqdimatlarına əyləncə kimi baxılmasına təəssüfünü bildirən A.Şıxlı hesab edir ki, bu cür təqdimatlar əslində çox mürəkkəb məsələdir. Belə ki, yazar özünün kimliyini, sözünü, düşüncələrinin və hisslərinin məhsulunu ortaya çıxarır. Yazdığı əsərə özlüyündə, öz vicdanı qarşısında həqiqətən də ciddi yanaşan, ədəbiyyatı həyatının ən vacib hissəsi hesab edən müəllif heç zaman başdansovdu təqdimat etməz: "Heyiflər olsun ki, yüksək səviyyəli təqdimat dedikdə çoxları kafe və restoranlarda təntənəli yığıncaq başa düşür. Xeyr! Qətiyyən elə deyil. Kitab təqdimatı – təhsil ocaqlarını, kitaba, ədəbiyyata, incəsənətə, mədəniyyətə aidiyyatı olan salonları sevir. Yalnız orada ədəbiyyatın səmimi, amma möhtəşəm ab-havasına köklənə bilərsən, təbii ki, yenə də qeyd edirəm, həmin kitab doğrudan da Kitab adını daşımağa və ciddi oxucu diqqətinə layiqdirsə!” Şairə müəllifi zəif, redaktoru ondan da zəif, naşiri isə yalnız pulla maraqlanan kitabların taleyinin onu narahat etdiyini deyir: "Azərbaycana gəldiyimdə hər cəhətdən zəif kitabların nümayiş olunmasının və bu tədbirlərdə bayağı təriflərin deyilməsinin az şahidi olmamışam, necə deyərlər, "üz üzdən utanar” prinsipi... Məncə, belə halların qarşısı alınmalıdır, çünki bu bizim Ədəbiyyatımızdır, hamımızın! Və biz onu açıq alın, ağ üzlə miras qoyub getməliyik gələcəyimizə!”

Yazar hesab edir ki, təqdimatlardan oxucuların xəbər tutması üçün indi heç bir çətinlik yoxdur. Belə ki, telefonlar, sosial şəbəkələr anons vermək, xəbərdar etmək kimi çətinlikləri aradan qaldırır: "Lakin əsas məsələ kütlə toplamaq deyil ki! Tutaq ki, oxuduğu şeirin mahiyyətini, oaradakı səhvləri-düzləri anlamadan bəyəndim edən, bəh-bəhlər yazan internet dostlarını qeyri-mütəşəkkil kütlə kimi topla tədbirinə. Nə olsun? Azmı rast gəlirik belə hallara? Bir şair kimi dəyərini bildiyin, şeir deməyə belə layiq görmədiyin söz yığımının altında onlarla tərif oxuyursan. Və həmin adamlar tədbirə gəlir. Buna kitab təqdimatı demək də düz deyil. Bu, məsxərədir”. A.Şıxlının sözlərinə görə, imza günlərinin maraqlı və dolğun keçməsi üçün universitet tələbələrinin, orta məktəblərin yuxarı sinif şagirdlərinin, elm adamlarının, ədəbiyyatçıların iştirakı gərəkdir: "Yalnız o zaman kitab həqiqi dəyərini almış olar. Bu, müəllif üçün də baş ucalığıdır, oxucular üçün də maraqlıdır”.

Kitab təqdimatı ilə məşğul olanların qeyri-peşəkarlığı

"Kitab təqdimatı ənənəsi bizdə olmayıb”- deyən yazıçı Eyvaz Zeynalov hesab edir ki, bu tip təqdimatlar ordan-burdan eşidib gördüklərimizdən quraşdırdığımız, uyğunlaşdırdığımızdır. Yəni hələ formalaşmayıb: "Deyirlər, bizim kitab təqdimatları xeyir-şər məclislərimizi xatırladır. Yaxud yazarların kitab təqdimatında yalnız dost-tanışları iştirak edir. Mən sənin kitab təqdimatına gəlmişəm, gərək sən də mənim kitab təqdimatıma gələsən və s.” Yazarın fikrincə, təqdimatlarda dost-tanışların iştirakı da təbiidir: "Ən sadiq oxucularımız olmasalar da, əlimiz çatan ən sadiq izləyicilərimizdir. Oxucu bolluğunun olması hər bir müəllifin arzusudur. Amma bu, istəkdən, təkcə yazardan asılı bir məsələ deyil”. E.Zeynalov hesab edir ki, kitab təqdimatı ölkədə kitaba münasibətin ümumi göstəricisi, əks-sədası, nəticədir. Belə ki, kitab təqdimatlarının normal, səviyyəli keçməsindən ötrü ölkədə kitaba münasibəti yaxşılaşdırmaq, kitab təbliğatını genişləndirmək, gücləndirmək lazımdır: "Məncə, kitab təqdimatının təşkilində ən az məsuliyyət kitab müəlliflərinin üzərinə düşür. Çünki onlar bu işin peşəkarı deyillər. Bizdə kitab təqdimatı ilə məşğul olanların məhz peşəkarlığı çatmır. Bu da ilk növbədə həmin işi görməli olanların məsələyə qeyri-ciddi yanaşmasından qaynaqlanır.

Müəllif yaratdığı əsərini kitab şəklində görmək üçün naşir axtarır, ona müraciət edir. Kitab naşirin yetirməsidir, həm də onun ortaya qoyduğu məhsuldur. Xarici ölkələrdə kitabın təkrar çapına ilk növbədə onun naşirindən icazə alınması heç də təsadüfi deyil. Bizim ölkəmizdə naşir - müəllif əməkdaşlığı hüquqi əsaslardan məhrumdur. Onların arasında müqavilə bağlanmır, öhdəlik olmur. Bu, müəllifin yox, naşirin xeyrinədir, o, müəlliflə istədiyi kimi davranır”. Yazıçının fikrincə, nəşriyyatlar çap etdikləri xarici müəlliflərin əsərlərinin reklamı, təbliği ilə həmişə, daha geniş şəkildə məşğul olurlar. Belə ki, kitab mağazaları kitabların oxucuya çatdırılması ilə bərabər həm də təqdimat mərkəzləri rolunu oynayır: "Son vaxtlar təzə çap olunan kitabların təqdimatının çoxu kitab mağazalarında keçirilir. Təəssüf ki, onların bu işi də qənaətbəxş deyil. Kitab mağazalarının özlərinin məxsusi oxucu balansı aşağıdır. Kitab təqdimatı keçirən mağazalar tanınmayan bir saytda elan verməklə kifayətlənirlər. Ona görə də kitabların təqdimatına əksər hallarda yalnız müəllifin dost-tanışları gəlirlər”. E.Zeynalov bidirir ki, naşirlər kimi satış mağazaları da müəlliflərlə işləməkdə az maraqlıdırlar: "Kitabları müəlliflərdən könülsüz, az sayda götürür, yaxud heç götürmürlər. Kitablarının satılıb-satılmadığı haqqında müəlliflərə vaxtında məlumat vermirlər. Mağazanın işçiləri, satıcıları kitaba həvəsi olmayan təsadüfi adamlardır. Məşhur yazarları belə tanımırlar. Nə yazdıqlarından xəbərsizdirlər. Kitab mağazalarında da xarici yazarların kitablarına diqqət və qayğı daha böyükdür. Mağazada ən gözəgəlimli, tez nəzərə çarpan yerlər həmin kitablara ayrılır. Yerli müəlliflərin kitabları künc-bucaqda, basırıqda tozlanır. İstəyəndə satıcılar özləri belə onları güc-bəla ilə axtarıb tapırlar”.

Yazar hesab edir ki, televiziya kanalları kitabın təbliğində, təqdimatında naşirlərdən, kitab mağazalarından da böyük rol oynaya bilərlər: "Kanalların əsas vəzifələrindən biri maarifləndirmə ilə məşğul olmaqdır. Kitabın təbliği ən böyük maarifləndirmədir. Hər kanal həftədə heç olmasa bir saatını təzə çap olunan kitabların təqdimatına, təbliğinə ayırsa, gör nə qədər böyük iş görmüş olar. Televiziyaya nəzarət edən dövlət qurumları var. Onlar bunu kanallara məsləhət görməlidirlər. Yoxsa kanallarda təsadüfdən-təsadüfə təqdim, təbliğ edilən kitablar da xarici yazarlarınkılardır. Kanalların kitab təqdimatından, yazıçılarla görüşlərdən hazırladıqları süjetlər efirdə bir dəqiqə belə çəkmir, amma başqa sahələrdən hazırlanan mənasız, səviyyəsiz süjetlər 5 dəqiqə və daha artıq uzanır”.

Kitabın təbliğində mətbuatın, kitabxanaların, təhsil ocaqlarının, ədəbiyyat qurumlarının rolunu danılmaz hesab edən yazar bu sahədə tənqidçilərin də rolunu faydalı hesab edir: "Amma onlar da ən yaxın dost-tanışın, ya da gələcəkdə işi düşə biləcək müəlliflərin kitabları haqqında yazırlar. Həm də tərif yazırlar. Çoxu da klassiklərlə, yəni təsdiqi təsdiqlə məşğuldur. Ölkədə tez-tez kitabların təbliğinə xidmət edən ədəbiyyat müsabiqələri də keçirilməlidir. Kitabın təqdimatı, təbliği sahəsində görüləsi işlər çoxdur. Amma bütün bunlar dövlət səviyyəsində, dövlət qurumları tərəfindən əlaqələndirilsə, daha yaxşı effekt verər”.

Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər