• cümə axşamı, 25 aprel, 17:26
  • Baku Bakı 23°C

Kitab oxumaq üçün böyük imkan

09.04.18 10:30 1283
Kitab oxumaq üçün böyük imkan
Türkiyənin kitabı və kitabxanaları sevdirmək məqsədilə iştirakçıları və oxucuları heyrətləndirən bir-birindən yaradıcı layihələri ilə seçilən Zeytinburnu Bələdiyyəsi iki böyük kitabxanasında ziyarətçilərə möhtəşəm mütaliə mühiti yaradıb. Belə ki, Mərkəzəfəndi Şəhər Kitabxanası və Seyidnizam Kitabxanasında mütaliə, araşdırma aparmaq, dərs hazırlamaq üçün gələn hamıya pulsuz çay, qəhvə, su, şorba və surətçıxarma xidmətləri təklif olunur.
Mütaliə vərdişlərini genişlətmək, kitaba marağı artırmaq, kitabxanaları daha gediş-gəlişli yerlərə çevirməklə diqqət çəkmək, insanların kitablardan daha çox faydalanmasını təmin etmək məqsədilə illərdir nümunəvi layihələrilə seçilən bələdiyyə bu iki kitabxananı 24 saat açıq mərkəzə çevirib. Üstəlik təklif olunan bütün pulsuz xidmətlər də 24 saatlıqdır. Bu iki kitabxana ilə birgə Zeytinburnunda 24 saat işləyən kitabxanaların sayı 10 olub. Kitabxanalara ən çox ali məktəb imtahanlarına hazırlaşanlar, yüksək ali təhsil pilləsində araşdırmalara çox ehtiyac duyanlar daha çox maraq göstərir. Bələdiyyədən verilən açıqlamada deyilir: "Araşdırma məqsədilə gələn elmi işçilər, tələbələr yemək, çay arası fasilə üçün işini yarımçıq qoyub, kitabxanadan çıxmalı olur. Bəzən isə onlar qayıdanda ya lazımı materialları kimsə götürmüş olur, ya da kitabxanada nahar sonrası olduğu üçün boş yer qalmır. Odur ki, kitabxanaları ev və məktəbdən sonra üçüncü evə çevirmək istədik”.
Bələdiyyənin sürprizləri bununla da bitmir. Daimi üzvlük kartı alan bütün istifadəçilər bələdiyyənin təşkilatçılığı ilə adıçəkilən kitabxanaların oxu zalında tanınmış elm və ədəbiyyat adamlarının mühazirə və seminarlarında da pulsuz iştirak imkanı əldə edəcəklər. Bununla yanaşı, şəxsi kitabxana hesabı vasitəsiylə axtarış aparıb, internet üzərindən müəyyən alış-veriş etmiş, elektron kataloqlardan yararlı bölmələri yükləyərək kitabxana bazasını zənginləşdirmiş üzvlər hər ay kitabxananın "yeni gələnlər” bölməsində hədiyyəlik iki kitab da seçə biləcəklər.
banner

Oxşar Xəbərlər