• cümə, 29 Mart, 20:00
  • Baku Bakı 14°C

Kişinyovdakı proseslər Avropada növbəti müharibəyə səbəb ola bilər?

13.06.19 19:04 443
Kişinyovdakı proseslər Avropada növbəti müharibəyə səbəb ola bilər?
Postsovet məkanın siyasi cəhətdən ən gərgin dövlətlərindən birinə çevrilən Moldovada hakimiyyətsizlik hökm sürməkdədir. Siyasi gərginliyin hər an kütləvi etirazlara, hətta qarşıdurmaya çevriləcəyi istisna edilmir. Maraqlı olan odur ki, ölkədə Qərb və Rusiyanın mövqeyi üst-üstə düşür. Proseslərə nəhayət ki, Rusiya prezidenti Vladimir Putin də reaksiya verib. "Moskva Moldova prezidenti İqor Dodona ölkəsindəki indiki mürəkkəb vəziyyətdə dəstək verməkdən imtina etməyəcək”.
TASS xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bəyan edib. V.Putin Moldovada hakimiyyətin oliqarx strukturlar tərəfindən qəsb edildiyini bildirib. Rusiya lideri həmin qüvvələrin Moldovada qazandıqları pulları öz durumlarını və dövlətə təsir vasitələrini möhkəmləndirməyə xərclədiklərini deyib. Məlumat üçün bildirək ki, Moldovada hazırda ikitirəlik, ikihakimiyyətlilik hökm sürür. Ölkənin keçmiş hakim partiyası - Demokratik Partiya yeni hökumət, parlament və Dodonun hakimiyyətini tanımaqdan imtina edir. Partiya Konstitusiya Məhkəməsi vasitəsilə prezident səlahiyyətlərinin keçmiş baş nazir Pavel Filipə keçidinə nail olub. Dodon isə Moldovada rusiyayönlü siyasətçi kimi tanınır. O, ölkəsinin Avrasiya İttifaqına üzvlüyünün tərəfdarıdır. Demokratik Partiya isə qərbyönlü siyasi kursun tərəfdarı hesab edilir.
Yeri gəlmişkən, Qərb mediasında, siyasi dairələrində Moldovadakı proseslərin Avropada növbəti müharibəyə səbəb olacağı barədə iddialar səslənir.
Belə bir iddia ilə Xorvatiyanın "Advance” nəşri çıxış edib. Moldovanı Avropanın ən yoxsul ölkələrindən biri kimi xarakterizə edən müəllif yazır ki, gərginlik sürətlə artmağa doğru gedir. İddia edilir ki, indiki böhranın pik həddi o qədər dolaşıb ki, Kişinyov küçələrində qısa zamanda zorakılıq və münaqişəyə gətirib çıxara bilər. 2016-cı ildən prezident vəzifəsini tutan İqor Dodon və onun lideri olduğu Sosialist Partiyası Rusiyaya bağlılığını təkzib etmir. Tək-tük liderlərdəndir ki, Krımın Rusiyanın bir hissəsi olduğunu deyir. Düzdür, sonradan etiraf edib ki, rəsmən Krımın Rusiyanın ərazisi olduğunu qəbul etmir. Səbəb kimi də, Moldovanın Ukrayna ilə mehriban dostluq münasibətlərinin qorunub saxlanmasında maraqlı olduğunu göstərir. Müəllif yazır ki, Moldovada rusiyapərəst və avropayönümlü partiyalar arasında münaqişə artıq uzun illərdir ki, davam edir. Bu da heç kimdə təəccüb doğurmur. Belə ki, əhalinin böyük bir hissəsi ölkənin Rumıniyaya birləşməsinin (çoxları özlərini rumın hesab edirlər) tərəfdarıdır. Bir qisim isə özlərini rus hesab edir və (əsasən də, Dnestryanı bölgədəki ruslar) Rusiyaya birləşmək istəyir. Qəribə olsa da, adətən, post-sovet məkanlarında bir çox hallarda fikirləri üst-üstə düşməyən Rusiya ilə Qərbin mövqeləri burada yaxındır. Moskva, Avropa İttifaqı və ABŞ koalisiya hökuməti barədə razılaşmanı dəstəkləyiblər. Koalisiyaya qarşı çıxan, ölkənin ən nüfuzlu oliqarxlarından biri, Demokrat Partiyasının rəhbəri Vladimir Plaxotnyukdur. Onun tərəfdarları hesab edir ki, yeni hökumət ölkənin qərbyönlü siyasətinə son qoya bilər. Qarşı tərəf bu iddiaları rədd edir.
Geosiyasi nöqteyi-nəzərindən bizim gözümüzün qarşısında Ukraynada yaşanan hadisələrin təkrarı dayanır. Proseslər bir-birini sanki təkrarlayır. Moldovada əsas aparıcı şəxs bunlardır: İqor Dodon (Rusiya), Mayya Sandu (Avropa İttifaqı) və Vladimir Plaxotnyuk (ABŞ). Ümid edək ki, fövqəlqurumların "üçlüyü” Moldovada haqq-hesab çürütməyə çalışmayacaqlar. Əks təqdirdə indiki gərginlik zəncirvari halqa doğura və Avropada yeni müharibəyə gətirib çıxara bilər.
"Foreign Policy” nəşri də yazır ki, problemin qısa zaman kəsiyində həlli mümkünsüz görünür və bu gərginlik Avropanın onsuz da yoxsul olan bur dövlətini daha da silkələyə bilər. Ölkənin oliqarxların cəngində çabaladığını, rüşvətxorluğun çiçəkləndiyini vurğulayan müəllif yazır ki, ötən il Avropa Parlamenti hətta bununla bağlı narahatlığını ifadə edib. Açıq şəkildə bəyan edilib ki, dövlət institutları oliqarxların mühasirəsindədir.
Nəşr də xüsusi vurğulayır ki, Rusiya və Qərbin Moldova məsələsində fikirlərinin üst-üstə düşməsi nadir haldır: "Bu, Şərqi Avropada görünməmiş nadir bir hadisədir. İkiyə bölünmüş ölkə müəyyən edə bilmir ki, Qərbə və yaxud Şərqə tərəf baxsın”. Kişinyov strateji təşəbbüslər institutunun direktoru Vladislav Kulminski nəşrə açıqlamasında bildirib ki, Moldovanı bir sıra xarakteristikasına görə, baş tutmayan dövlət adlandırmaq olar. "Korrupsiya pik həddə, ölkə əhalisinin üçdə biri yeni imkanlar və işləmək üçün ölkəni tərk edib. "Korrupsiya və yarıtmaz hakimiyyətdən xalq cana doyub. Rusiya ilə mübarizə naminə ona göz yumurlar”. Bu fikirləri isə Karnegi Fondundan olan ekspert Balaş Yarabik deyib.
Azər NURİYEV

banner

Oxşar Xəbərlər